Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Parkında 14-cü “Məzun yarmarkası” keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
ADAU-nun rektoru, professor İbrahim Cəfərov hər il ənənəvi olaraq keçirilən “Məzun yarmarkası”nda özünə iş tapan məzunların ölkənin aparıcı aqrar şirkətlərində çalışdığını bildirib. Qeyd edib ki, yarmarkada 1700-ə yaxın tələbə 241 şirkət, idarə və müəssisə tərəfindən çıxarılan vakant yerlər üzrə çalışmaq üçün müraciət edəcək.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, başa vurmaqda olduğumuz tədris ilində Azərbaycan Dövlət Aqrar Universitetinin tarixində ilk dəfə olaraq tələbə qəbulu ən yüksək həddə - 1347 nəfərə çatıb: “Bu, aqrar təhsilə marağın artmasının göstəricisidir. Sevindirici haldır ki, məzun yarmarkasında 241 şirkət aqrar sahə üzrə 800-ə yaxın vakant yer təqdim edib. Yarmarkaya bu qədər çox sayda şirkətin vakansiya çıxarması, həmçinin təqdim olunan vakant yerlərin sayının çoxluğu ölkəmizdə aqrar sahənin sürətlə inkişaf etdiyinin daha bir göstəricisidir. Eyni zamanda, aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığı da ildən- ilə genişlənir, bu gün keçirilən məzun yarmarkası həm də dövlət-özəl sektor əməkdaşlığının bariz nümunəsidir”.
Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzunlara və qonaqlara məlumat veriblər.
Tədbir iştirakçıları “Məzun yarmarkası” çərçivəsində ADAU-nun nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin maddi-texniki bazası, həmçinin universitetdə fəaliyyət göstərən laboratoriyalar, simulyator otaqları, barama yetişdirmə məntəqəsi, müasir emalatxana və tədris otaqları ilə tanış olublar.
Tədbirin sonunda ali təhsil müəssisəsində çalışan gənc müəllimlərlə görüş keçirilib. Görüşdə kadr hazırlığı prosesi, gənclərin aqrar sahə üzrə biliklərinin artırılması, müasir texnologiyalar və innovasiyalara çıxış imkanları, ikili diplom proqramları və s. mövzular ətrafında fikir mübadiləsi aparılıb.