Professor Mahirə Hüseynovanın “Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı monoqrafiyası türk dillərinin və dialektlərinin arasında inteqrasiya proseslərinin tədqiqini aktuallaşdıracaq


Azərbaycan dili dialektləri xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyasını və folklorunu ulu baba-nənələrimizin dilində yaşatmaqla yanaşı, dilimizin incəliklərini mühafizə edərək gələcək nəsillərə çatdırır. Qədim türk tayfa dillərinin - oğuz və qıpçaq üstünlüyü ilə formalaşan dialektlərimizin quruluşu qədim yazılı abidələrin materialları ilə səsləşən, fərqli coğrafiyalarda olan müasir türk ədəbi dilləri və dialektləri ilə ortaq xüsusiyyətlərə malikdir. Türk dillərində dialektlər eyni tarixi inkişaf yolu keçmişdir; hər bir dilin nüfuzlu dialektinin ictimai-siyası funksiyası və əhatə dairəsi genişlənmiş, tədricən digər dialektlərin faktları ilə zənginləşmiş və ədəbi dilin yaranması üçün zəmin yaranmışdır. Əsrlər boyu dialektlər ədəbi dili zənginləşdirən əsas mənbə olmuş, dialekt faktları ədəbi dilə keçmiş və norma statusu qazanmışdır. Dialektlərin təşəkkülü, tarixi inkişafı, türk dilləri ilə əlaqəsi barədə günümüzə qədər müxtəlif istiqamətlərdə yetərincə araşdırmalar aparılsa da bu proses tam başa çatmamışdır. Müasir dövrdə cəmiyyətdə baş verən dəyişikliklər, elm sahələrinin inteqrasiyasının güclənməsi yeni dialektoloji tədqiqatların aparılmasını zəruri edir. Bu baxımdan, görkəmli alim, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın yaxın zamanlarda çapdan çıxmış “Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” (elmi redaktorları: professor İ.Kazımov və professor İ.Bayramov; rəyçiləri: professor C.Cəfərov və professor M.İsmayılova) kitabını Azərbaycan dili dialektlərinin türk dilləri və dialektləri ilə müqayisəli tədqiqinə dair yazılmış ilk ensiklopedik əsər hesab etmək olar. Kitabda Azərbaycan dili dialektlərinin tədqiqi, eləcə də digər türk dillərinin öyrənilməsində mövcud yeniliklər, dialektlərin müqayisəli tədqiqi, ümumtürk dillərində etnoqrafizmlər, qarşılıqlı inteqrasiya məsələləri, türk dillərinin diferensiasiyası və inteqrasiyası, türk dillərinin və dialektlərinin təşəkkülü, təsnifi, ədəbi dillərin koyne dialektləri, türk dillərinin dialekt bölünməsi və s. mühüm problemlər ümumtürkoloji səviyyədə araşdırılmışdır.

 

Kitabın “Müəllifdən” bölməsində dialektoloji tədqiqatların xalqımızın və dilimizin tarixinin öyrənilməsində əhəmiyyəti qeyd olunur, şivələrə dair tədqiqatlar xronoloji ardıcıllıqla sadalanır, hər birinin yenilikləri və əhəmiyyəti yüksək dəyərləndirilir, məşhur türkoloqlar N.Baskakov, K.Qorşkov, V.Eqorov, A.Kaydarov, E.Nəcib, E.Tenişev, J.Amansarıyev və b. ümumtürk dialektlərinin öyrənilməsinə dair araşdırmaları istiqamətverici əsərlər kimi qiymətləndirilir.

 

Birinci fəsildə “Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” araşdırılır. Alim bu problemi iki istiqamətdə öyrənməyi məqsədəuyğun hesab edir. Birincisi, birbaşa dialektlərə aid tədqiqatlar. Bu istiqamətdə M.Şirəliyev, T.Hacıyev, H.Mirzəyev, E.Əzizov, B.Əhmədov, M.Məmmədli və b. tədqiqatları təhlil edilir. Hər bir tədqiqata həssaslıqla yanaşılır, dilçiliyimizə verdiyi töhfələr xüsusi mənalandırılır. Bu baxımdan, akademik M.Şirəliyevin fəaliyyətinin yüksək dəyərləndirilməsi olduqca təqdirəlayiq haldır. Alimin M.Şirəliyevi Azərbaycan dialektologiyasının banisi hesab etməsi fikri də real məntiqə söykənir. XX əsrin əvvəllərində dialektologiyaya dair müəyyən araşdırmalar aparılsa da, dilçiliyin bu sahəsinin elmi əsaslarla öyrənilməsi M.Şirəliyevin fəaliyyəti ilə başlanır. M.Şirəliyev hələ sağlığında dialektoloji məktəb yaratmış, onun rəhbərliyi ilə şivələrin əksəriyyəti monoqrafik üsulla öyrənilmiş, dialektoloji  lüğət və atlaslar tərtib olunmuşdur. Məhz onun sayəsində sovet dönəmində Azərbaycan dialektoloji mərkəzə çevrilmişdir. M.Hüseynova hər bir tədqiqatın mütərəqqi cəhətlərini oxucuların diqqətinə çatdırır. T.Hacıyevin Cəbrayıl şivəsini tədqiq etməklə dialektologiyaya yeni nəzəri fikirlər əlavə etməsini, H.Mirzəyevin Dərələyəz şivəsini öyrənməklə dialektlərin lüğət tərkibini zənginləşdirməsini, E.Əzizovun tarixi dialektologiyaya dair tədqiqlərini, B.Əhmədovun söz yaradıcılığına dair araşdırmalarını, M.Məmmədlinin dialektlərin qrammatik xüsusiyyətlərini Ural-Altay dilləri arealında öyrənməsini xüsusi vurğulamışdır. İkinci istiqamət isə dialektlərlə əlaqəli şəkildə tədqiqatların aparılmasıdır. Bu sahəni təmsil edən A.Axundov, F.Zeynalov, İ.Kazımov, H.Əsgərov, Ə.Tanrıverdi, B.Xəlilov, K.Bəşirovun və b. tədqiqatları geniş təhlil olunur və səciyyəvi cəhətləri oxucuların diqqətinə çatdırılır.

 

Dialektlər fərdi və kollektiv yolla öyrənilir. Azərbaycan dialektologiyasında fərdi yol aparıcı olsa da, kollektiv yolla da müəyyən nailiyyətlər əldə olunmuşdur. Bu problem alimin diqqətindən yayınmamış, “Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri” və “Naxçıvan MSSR-in dialekt və şivələri” monoqrafiyalarını təhlil obyekti seçmiş, fonetik, qrammatik və leksik xüsusiyyətlərini incəliklərinə qədər araşdırmışdır. Dialektlərin öyrənilməsində lüğətlərin əhəmiyyəti böyükdür. Bunun üçün alim Azərbaycan dilinin 1930, 1931, 1964, 1999, 2004, 2007-ci illərdə çap olunmuş dialektoloji lüğətlərini nəzərə çatdırmaqla, dialektlərin lüğət tərkibinin zənginliyi barədə tam təəssürat yaratmışdır.

 

İkinci fəsil “Ümumtürk dilləri dialektləri və şivələrinin qarşılıqlı inteqrasiyası” probleminin şərhinə həsr olunmuşdur. Burada dialektlərin təşəkkülü, türk dillərinin inteqrasiyası, türk dillərinin təsnifi, ədəbi dilin koyne əsası, ortaq türk dilinin yaradılması, ana kitabımız olan “Kitabi-Dədə Qorqud” abidəsinin dilimizin tarixinin oyrənilməsində rolu kimi problemlərin həlli qarşıya qoyulmuş və müvəffəqiyyətli həllinə nail olunmuşdur. Ortaq türk dili ilə bağlı alimin mülahizələri maraqlı və önəmlidir. M.Hüseynova türkoloji ədəbiyyata istinadən üç çıxış yolunun olmasını göstərir: 1)Müasir texnikanın - elektron hesablama maşınlarının köməyi ilə müxtəlif türk dillərində ən çox yayılmış sözlər, qrammatik formalar seçilir, komplektləşdirilir və ümumtürk ədəbi dili kimi istifadəyə təqdim edilir; 2)Müasir türk ədəbi dillərindən biri ümumtürk ədəbi dili olaraq qəbul edilir; 3)Müasir türk dillərindən biri seçilir, üzərində daha bir yüngül ümumiləşdirmə əməliyyatı aparılır və ümumtürk ədəbi dili olaraq işlədilir. Alim haqlı olaraq ikinci yola üstünlük verir və artıq Türkiyə türkcəsinin bu funksiyanı şərəflə yerinə yetirdiyini göstərir.

 

Kitabda dialektologiyanın aktual problemlərinə, o cümlədən də koyne dialekt məsələsinə aydınlıq gətirilir. Bu məsələ Azərbaycan dilçiliyində hələ də mübahisəlidir; ədəbi dilin koyne əsasında bir-iki və bütün dialektlərin dayanması barədə alimlər arasında fikir müxtəlifliyi davam etməkdədir. Alim, M.Şirəliyevin mövqeyini müdafiə edərək, ədəbi dilimizin koynesinin tarixən Şamaxı, Təbriz, Qarabağ, müasir dövrdə isə Şirvan və Təbriz dialektlərinin olması fikrini irəli sürür, bununla da ədəbi dilimizlə həmin dialektlər arasında oxşarlıqların üstünlüyünü təsdiqləyir.

 

Türk dillərinin dialekt bölünməsi bu dillərin tarixi və inteqrasiyası ilə birbaşa bağlıdır. Buna görə də kitabda bu problemə xüsusi önəm verilmişdir. Türk dilləri eyni mənşəyə malik qohum dillər olsa da, ayrı-ayrı dillərdə dialekt bölünməsi müxtəlif şəkildə baş vermişdir. M.Hüseynova bunu nəzərə alaraq, türkologiyada problemin tədqiqi ilə bağlı tədqiqatları təhlil edir və görkəmli türkoloq N.Baskakovun bölgüsünü diaxron və sinxron baxımdan məqbul hesab edir. Alimin son qənaətinə görə, Azərbaycan dilinin dialektləri qumuq, qaraçay-balkar, karaim, tatar, türk, çuvaş, yakut, yeni uyğur dillərində olduğu kimi, qəbilə-tayfa bölünməsinin izlərini tamamilə itirmiş və məhəlli əlamətlər əsasında formalaşmışdır. Bu fikrin sübutu üçün müəllif 30-a yaxın müasir türk dilinin ayrılıqda dialekt bölünməsini şərh edir, ümumi məsələlərin mövcudluğunu konkret faktlarla əsaslandırır, eyni zamanda türk dilləri və dialektləri arasında inteqrasiyanın tarixi səbəblərini aydınlaşdırır.

 

Kitabın “Fonetik xüsusiyyətlər” bölməsi nəzəri fikirlərin və praktik materialın zənginliyi ilə diqqəti cəlb edir. Bu bölmədə qədim və müasir türk dillərinin və dialektlərinin fonetik quruluşu-saitlərin fonematik xüsusiyyətləri, saitlərin mənşəyi və kəmiyyəti, səs keçidləri, diftonqlaşma, ahəng qanunu, proteza, səslərin düşümü, assimilyasiya, dissimilyasiya, metateza, vurğu, qədim r~z səs keçidi, Azərbaycan və özbək dillərində şəxs adlarının fonetik cəhətdən müqayisəsi, Azərbaycan və qazax dilləri arasında ortaq xüsusiyyətlər ümumtürkoloji səviyyədə təhlil olunmuş, türk dilçiliyi üçün əhəmiyyətli fikir və mülahizələr irəli sürülmüşdür. Alimin sait və samit səslərin mənşəyi və kəmiyyəti, onlarla bağlı fonetik qanun və hadisələrin izahı ümumtürkoloji mənbələrə əsaslanır. Qədim və müasir türk dillərində 9 saitin, 15 samitin milli olması, səs keçidlərinin bütün türk dillərini əhatə etməsi, ilkin uzanmanın bəzi türk dillərində arxaikləşməsi, velyar ŋ səsinin qeyri-bərabər şəkildə yayılması və s. fərqlərin türk dillərinin inkişafı prosesində sonradan meydana çıxması göstərilir. Müəllif dialektologiyada işlək olan səs əvəzlənməsi, səs dəyişməsi və səs keçidləri əvəzinə səs uyğunluğu ifadəsinin işlənməsini məqbul hesab edir. Azərbaycan dili şivələrində ahəng qanununun pozulmasını səciyyələndirən səbəblər müəyyənləşdirilmiş (şərq qrupu şivələrində pozulur, qərb şivələrində dodaq ahəngi güclüdür, şimal qrupunda şəkilçilər ahəng qanununa tabe olmur, cənub qrupunda keçid mövqedədir), türk, türkmən, qazax, qırğız, çuvaş, özbək, qaraçay-balkar, qumuq, Altay və qaqauz dilləri ilə müqayisə edilmişdir. Alimin qədim r~z keçidini Azərbaycan dilinin materialları əsasında izah etməsi də təqdirəlayiq haldır. Bu problemlə bağlı türkologiyada mövcud fikirlərə Azərbaycan dilinin materialları (qısır-qısız, baldız-baltır, ekiz-ekir, yormaq-yozmaq, qabarıq (ədəbi dil) - qavazıq (dialekt), qaz (ədəbi dil) - qar/qarım (dialekt), boz-bor və s.) əlavə olunaraq r səsinin qədim, z səsinin isə inkişafin nəticəsi kimi sonradan meydana çıxması fikri müdafiə olunur.

 

Dilçilikdə oxşar qrammatik xüsusiyyətlər genetik qohumluğun, leksik xüsusiyyətlər isə tipoloji uyğunluğun əlaməti sayılır. Qrammatik quruluş cəmiyyətdəki ictimai-siyasi proseslərə, əcnəbi dillərin təsirlərinə qarşı həmişə davamlılıq nümayiş etdirir. Orxon-Yenisey abidələrindən günümüzə qədər uzun və mürəkkəb inkişaf yolu keçən türk dillərinin morfoloji quruluşunda bəzi fonetik fərqlənmələri nəzərə almasaq, ortaq morfoloji xüsusiyyətlər yetərincədir. Bu cəhət türk xalqları arasında ünsiyyəti anlaşıqlı edir, inteqrasiya proseslərini sürətləndirir. Kitabın “Morfoloji xüsusiyyətlər” bölməsində türk dilləri və dialektləri arasında inteqrasiya prosesləri nəzərdə saxlanmaqla hal, mənsubiyyət, kəmiyyət formaları, şəxs və işarə əvəzlikləri, feilin təsriflənən və təsriflənməyən formaları və zərflər qədim yazılı abidələr, müasir türk dilləri və dialektləri ilə müqayisəli şəkildə tədqiqata cəlb edilmişdir. Bir çox məsələlərin şərhində M.Kaşğarinin “Divanı”na əsaslanılmış, Nəsiminin dilində qayıdış əvəzlikləri (öz, kəndi) və görkəmli alim H.Mirzəyevin yaradıcılığında feili sifətin müqayisəli tədqiqindən geniş bəhs olunması mövzunun əhatə dairəsini genişləndirmişdir. Tədqiqatdan aydın olur ki, dialektlərimizdəki fərqli morfoloji xüsusiyyətlər, yəni hal və mənsubiyyət şəkilçiləri, kəmiyyət şəkilçisinin müxtəlif variantları, şəxs və işarə əvəzlikləri (men, sen, u, olar/ollar/onnar/ular, süzmaŋa, məyi, mənin,bizin, kəndi), arxaik feillər (varmaq, çığnamaq, çalmax, bulmax, basdalamax, qısdırmax) və s. qədim və müasir türk dilləri ilə eyniyyət təşkil edir. Bəzi sözlərin və şəkilçilərin etimoloji baxımdan təhlil edilməsi kitabın elmi əhəmiyyətini daha da artırmışdır. Müəllif mükəmməl mənbələrə istinad edərək, aşağı zərfinin ilkin formasının aş+ra, indi sözünün imdi, bütün/ bütöv sözünün bütün, yaxın sözünün yaqın, dünən sözünün dün+ün olmasını əsaslandırır.

 

Türk dilləri daim inkişaf edir, cəmiyyətdə baş verən yeniliklərə uyğun lüğət tərkibi dəyişir, bir qisim sözlərin arealı məhdudlaşır, neologizmlərin və alınma sözlər hesabına zənginləşir. Bununla yanaşı, türk xalqlarının qonşu xalqlarla sıx iqtisadi-mədəni əlaqələri nəticəsində leksikada fərqlər meydana çıxmışdır. Bütün bunlara baxmayaraq, müasir türk dillərinin lüğət tərkibinin əsasını qədim türk leksikası təşkil edir. Hazırda qədim türk sözləri müasir dillərdə müxtəlif forma və mənada geniş yayılmışdır ki, bu da inteqrasiya proseslərinin reallaşmasına imkan yaradır. Kitabın “Leksik xüsusiyyətlər” bölməsində tədqiqatın istiqaməti nəzərə alınaraq, müxtəlif peşələrlə bağlı leksik vahidlər (məs, biz, balaq, daraq, börk), tayfa, nəsil bildirən sözlər (uruğ, tirə, coma, oymaq, tabun, coğa, ilig), qohumluq münasibətləri bildirən sözlər (elti, giyo/giyov, bacanaq, xala, mama, qayınata, ağabacı/ ağabajı, baba, nənə), təsərrüfatla bağlı sözlər (arxac, sığır), toy mərasim leksikası (başlıq, bumbul, toy, toydamı, nişan, bəlgə), yemək və içki adları (ülüş, tutmac, sücük, bal, kabab, yuxa, basdırma), xalq arasında yayılan coğrafi terminlər (qır, sırt, bazı/bezi), atçılığa aid sözlər (ayqır, qulan, dayça, baytul, kələ day, əmlik at, qara qul, qonur at, qatır at, çaparaq, bədöy at, kürən ağ, yal, dunan atı, qulan, səkil), söz-cümlə strukturlu onomastik vahidlər (selov/ silav/seloy və s.) tədqiqata cəlb edilmiş, hər birinin ayrılıqda işlənmə arealı, kəmiyyəti, mənşəyi, strukturu və leksik-semantik mənası digər müasir türk dilləri, xüsusilə Türkiyə türkcəsi ilə müqayisəli şəkildə araşdırılmışdır. Leksik vahidlərin işlənməsində mövcud forma və məna fərqləri bu dillərin tarixi inkişafı ilə əlaqələndirilir.

 

Bədii ədəbiyyatda işlənən dialektizmlər alimin diqqətindən yayınmamış, monoqrafiyada onlara ayrıca bölmə həsr etmiş, diaxron və sinxron istiqamətdə tədqiq etmişdir. Bu bölmədə Nəsiminin dilində dialektizmlər (dün, tün, kəpənək, sinək, yeg, yemiş), Ə.B.Haqverdiyevin əsərlərində dialektizmlər (av, mişavil, qavmaq, qır qavıl, lopuq, quyulamaq, avduq/ ovduq, alahı “başqa, özgə”, axta-xuruş), “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə qədim vergi adları (çift, yava, qaçqın, qışlaq, yaylaq, otlaq, meyvə ütrü, üzüm ütrü, bal ütrü, ot ütrü və s.) təhlil olunmuş, hər birinin tarixi inkişafı izlənilmişdir.

 

Sonda qeyd edə bilərik ki, M.Hüseynovanın “Ümumtütk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” adlı monoqrafiyası türk dillərinin və dialektlərinin arasında inteqrasiya proseslərinin tədqiqini aktuallaşdıracaq və bu istiqamətdə tədqiqatların genişlənməsinə zəmin yaradacaqdır.

        

Məhərrəm MƏMMƏDLİ,

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya elmləri doktoru