ABŞ iqtisadiyyatı üçün potensial problem yaranmaqdadır


ABŞ-da təhsil haqlarına görə tələbə borclarının ümumi həcmi artaraq rekord həddə - 1,5 trilyon dolları keçib.  Bu barədə  "Financial Times"  qəzeti məlumat yayıb.   Qeyd olunur ki,  2010-2011-ci tədris ilindən başlayaraq ölkədə tələbə borclarının ümumi göstəricisi 500 milyard dollar artıb. Baxmayaraq ki, "S&P Global" şirkətinin  məlumatına əsasən, bir neçə ildir ki, bu kateqoriya üzrə borcalanlara verilən kreditlərin faktik həcmi  müntəzəm surətdə azalmaqdadır. Tələbələr borclar üzrə ödəmələrin öhdəsindən gələ bilmirlər,  borc yükünün azaldılması üzrə proqramlar isə  vəziyyətə az təsir edir.


"S&P Global"ın təhlilçisi Con Enqlimanın  sözlərinə görə, məsələ ondadır ki, kredit ödəmələrinin korrektəsi üzrə  proqramlar  qısamüddətli perspektivdə tələbələrin borc yükünü azaltmağa imkan verir, uzunmüddətli perspektivdə isə,  əksinə, borcun həcmi artır, çünki faiz dərəcəsini aşağı salmadan yalnız minimal aylıq ödənişi azaltmağa imkan verir.  Ekspertin fikrincə, vəziyyətin dəyişilməsi üçün daha  genişmiqyaslı plan lazımdır.   
   

Mütəxəssislər tələbələrin artan borcunu  ABŞ-ın iqtisadiyyatı üçün potensial problem hesab edirlər, çünki gələcəkdə gənclərə mülk əldə etmək və ya öz biznesini  qurmaq çox çətin olacaq.  Nyu-York  Federal Ehtiyatlar Bankının məlumatlarına görə,  30 gündən artıq  müddətə gecikdirilmiş ödəmələrə görə  kreditlərin payı cari ilin ikinci rübündə son 12 il ərzində ən minimal həddə- 8,8 faizə enib.   Ekspertlərin sözlərinə görə, göstərici Amerika əmək bazarında yaranmış  sabitliyə görə enir. Buna baxmayaraq, tələbə borcu hələ ki istehlak kreditləri  arasında ən problemli kateqoriyadır.  " Brookings"in  proqnozuna görə, 2023-cü ildə Birləşmiş Ştatlarda tələbə kreditləri üzrə defoltun səviyyəsi 40%-ə çata bilər.

 

Oruc MUSTAFAYEV