ABŞ-da tələbə borclarının həcmi 1,5 trilyon dolları keçdi | |
ABŞ-da təhsil haqlarına görə tələbə borclarının ümumi həcmi artaraq rekord həddə - 1,5 trilyon dolları keçib. Bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Qeyd olunur ki, 2010-2011-ci tədris ilindən başlayaraq ölkədə tələbə borclarının ümumi göstəricisi 500 milyard dollar artıb. Baxmayaraq ki, "S&P Global" şirkətinin məlumatına əsasən, bir neçə ildir ki, bu kateqoriya üzrə borcalanlara verilən kreditlərin faktik həcmi müntəzəm surətdə azalmaqdadır. Tələbələr borclar üzrə ödəmələrin öhdəsindən gələ bilmirlər, borc yükünün azaldılması üzrə proqramlar isə vəziyyətə az təsir edir.
Mütəxəssislər tələbələrin artan borcunu ABŞ-ın iqtisadiyyatı üçün potensial problem hesab edirlər, çünki gələcəkdə gənclərə mülk əldə etmək və ya öz biznesini qurmaq çox çətin olacaq. Nyu-York Federal Ehtiyatlar Bankının məlumatlarına görə, 30 gündən artıq müddətə gecikdirilmiş ödəmələrə görə kreditlərin payı cari ilin ikinci rübündə son 12 il ərzində ən minimal həddə- 8,8 faizə enib. Ekspertlərin sözlərinə görə, göstərici Amerika əmək bazarında yaranmış sabitliyə görə enir. Buna baxmayaraq, tələbə borcu hələ ki istehlak kreditləri arasında ən problemli kateqoriyadır. " Brookings"in proqnozuna görə, 2023-cü ildə Birləşmiş Ştatlarda tələbə kreditləri üzrə defoltun səviyyəsi 40%-ə çata bilər.
Oruc MUSTAFAYEV
|
|
29.08.2018 | 10:47 | |
|
|
|