Rəqəmsal texnologiyalar erasında da fərdi və karyera yüksəlişi üçün əlavə imkanlar olacaq


Oksforddan olan araşdırmaçı-alimlərin fikrincə, yaxın 20 il ərzində hazırda mövcud olan peşələrin 47%-i sıradan çıxacaq. Dünyada olduqca sürətli və radikal dəyişikliklər baş verir. Hazırda yaşayan insanların əksəriyyəti ixtisaslarını dəyişməli, təkmilləşməli olacaq. Onlar hətta xarici görünüşlərinə belə, “korrektələr” etmək reallığı ilə üzləşəcəklər. Müasir texnologiyalar buna imkan verir. İnsanlar tək öz aralarında deyil, həmçinin robotlar və kompüterlərlə də rəqabətdə yaşayacaqlar. İş o yerə gəlib çıxacaq ki, insan yeni gerçəkliyə uyğunlaşmaq üçün həm zəkasını, həm məsuliyyət hissini, həm də ətrafda baş verənlərə reaksiyasını itiləşdirmək məcburiyyətində qalacaq. “Komsomolskaya pravda” qəzetinin yazdığına görə, gələcək peşələr əsasən bu sahələri əhatə edəcək: pilotsuz avtosənaye, 3D-çap, əlavə edilmiş reallıq, neyrointerfeys, robot texnikası, gen mühəndisliyi, bərpa olunan enerji mənbələri, havanın idarəedilməsi sistemləri.

 

Hər bir əsr bəşər tarixində yeni kəşflər və imkanlarla yadda qalıb. XXI əsr nəinki istisna deyil, güman ki, bu yüzillik özünün sürətli yenilikləri və amansız rəqabəti ilə bəşər tarixinin ən miqyaslı çevriliş dövrü olacaq. Bu əsrə qədəm qoyan kimi hər birimiz yeni texnologiyaların inkişafı, qlobal kompüterləşmə və tibbi kəşflərin şahidi olduq və oluruq. Paralel olaraq insanlar ciddi ekoloji kataklizmlər və psixoloji problemlərlə üz-üzə qalıblar. Bütün bunlardan irəli gələrək ehtimal etmək olar ki, gələcəyin peşələri əsas etibarilə məhz bu sahələri əhatə edəcək: gen mühəndisliyi, robot texnologiyası, psixologiya, ekologiya, kosmos. Hə, əsas sahəni də unutmayaq: nə qədər ki, insan yaşayır, ona qidalanmaq lazımdır. Deməli, aqrar sfera da aktual olaraq qalacaq.

Proqnozlara görə, hazırda aşağı siniflərdə təhsil alan şagirdlərin 50%-nin gələcəkdə yiyələnəcəyi peşələr bu gün bizlərə məlum deyil. Britaniya alimlərinin gələcəyin fəaliyyət sahələrinə dair öz proqnozları var. Onların fikrincə, aşağıdakı peşələr təqribən 2030-cu ildə reallığa çevrilə bilər:

 

- Süni orqanların yaradılması üzrə mütəxəssis;

- Kosmik memar;

- Təbiət dəyişiklikləri üzrə mütəxəssis;

- Alternativ nəqliyyat üzrə mütəxəssis;

- Sosial şəbəkələrdə sosial işçi və psixoloq;

- İnformasiyanın utilizasiyası üzrə mütəxəssis;

- Yaddaşın artırılması üzrə ixtisaslaşmış cərrah;

- Elmi etika üzrə mütəxəssis;

- Ahıl insanların problemləri üzrə məsləhətçi;

- Karantin mütəxəssisi;

- Zaman bankı brokeri.

2030-cu ilədək əmək bazarının ciddi dəyişikliyə uğrayacağını tək britaniyalı alimlər demir. “İndependent” qəzetinin yazdığına görə, bir sıra peşələri robotlar “özününküləşdirəcək”, bəziləri tam sıradan çıxacaq, onları bizə hələ məlum olmayanlar əvəzləyəcək. Qəzet yeni peşələrə dair öz siyahısını dərc edib:

 

1. Virtual reallıq dizayneri. Futuroloqlar hesab edir ki, təqribən on ildən sonra işgüzar danışıqlar aparmaq, yaxud sərgilər təşkil etmək üçün digər ölkələrə və şəhərlərə ezamiyyətə getməyə ehtiyac qalmayacaq. Biz öz biznes-layihələrimizi internet vasitəsilə müzakirə və nümayiş etdirəcəyik. Bax, burada da bizə virtual reallıq dizaynerləri lazım olacaq. Başqa sözlə, uşaqlarımızı IT texnologiyalarına yönəltməkdə bir fayda var.

 

2. Tibbi robotların operatoru. Yaxın 10-15 ilə ağır cərrahi əməliyyatların keçirilməsi üçün cərraha köməkliyi robotlar edəcək. Yəni cərraha assistent, tibb bacısı və b. bu kimi tibb işçisi lazım olmayacaq. Robotlar bütün işləri görəcək, əməkhaqqı da tələb etməyəcəklər. Bu heç, bəs həmin o robotlara kim “qulluq” edəcək? Tibbi robotların operatorları!

 

3. Pilotsuz aviasiya interfeysinin layihələndiricisi. Biz artıq çoxdan eşitmişik ki, təyyarə və helikopterlərdə pilotları robotlar əvəzləyəcək. Həmin o robotların proqramlaşdırılması, təkmilləşdirilməsi və təhlükəsizliyinə cavabdeh şəxs pilotsuz aviasiya interfeysinin layihələndiricisi olacaq.

 

4. Robot etikası üzrə vəkil. Yaxın zamanlarda ofis və idarələrdə bir çox işin robotlar tərəfindən icra ediləcəyi gözlənilsə də, insan faktoruolmadan mümkün olmayacaq. Belə ki, robotlarla insanlar arasındakı münasibətləri tənzimləyən şəxs - robot etikası üzrə vəkil məhz bu sahəni koordinə edəcək. Mütəxəssislərə görə, robotlar xeyirli işlər görməklə yanaşı, “ziyanverici” əməllərlə də məşğul ola bilərlər. Bu nə deməkdir? Hüquq fakültəsi aktuallığını saxlamaqda davam edir.

 

5. Yaradıcılıq məşqçisi. Bu mütəxəssis gələcəkdə rəssamlar, heykəltəraşlar, bəstəkarlar, dizaynerlər və digər yaradıcı peşə sahiblərinə lazım olacaq. Onlar yaradıcı peşə sahiblərinə “mənəvi kreativ yaradıcı mühit” formalaşdıracaqlar. Görəsən, həmin dövrün incəsənəti necə olacaq?

 

6. Kollektiv yaradıcılıq kuratoru. 10-15 ildən sonra yaradıcı insanların hansısa art-layihəni həyata keçirmələri üçün komanda axtarmalarına ehtiyac olmayacaq. Bunu onların əvəzinə yaradıcılıq kuratoru edəcək.

 

7. Ətraf mühitin bərpası üzrə mühəndis. Heç kimə sirr deyil ki, ildən-ilə bizi əhatə edən ekoloji durum pisləşir. Ancaq qorxmayın, təlaşa ehtiyac yoxdur. Az sonra elə mütəxəssislər peyda olacaq ki, bu problemin həllinə çarə tapacaqlar. Özü də onlar nəinki ətraf mühitin çirklənməsinin qarşısını alacaqlar, hətta çirklənmiş sahələrin bərpası, nəsli kəsilmiş flora və faunanın yenidən dünyaya gətirilməsinə nail olacaqlar.

 

8. Kosmik turizm meneceri. Çox ciddi futuroloji proqnozlara görə, təqribən 20 ildən sonra kosmosa turlar satışa çıxarılacaq. Bu zaman bizim köməyimizə kosmik turizmin bilicisi - bələdçi gələcək. O, bizi məlumatlandırmaqla yanaşı, həm də hansı istiqamətə səyahət etməyimizə dair dəyərli məsləhətlər verəcək.

 

9. İnsan bədəninin dizayneri. Alimlərin öncəgörmələrinə əsasən, bu peşə sahibi 2025-ci ildən sonra aktual olacaq. Dizayner nəinki bizim zədələnmiş əzələlərimizi bərpa edəcək, həmçinin hər kəsin istəyinə uyğun olaraq onun xarici görünüşünü layihələndirəcək.

 

10.  Gələcək uşağın obrazı üzrə menecer. Yaxın zamanlarda insanlar övladlarını necə böyütmək, tərbiyə etmək üçün əziyyət çəkməyəcəklər, bunu onların əvəzinə obraz meneceri edəcək. Özü də söhbət sadəcə tərbiyə etmək və təhsil verməkdən getmir. Valideyn uşağını dahi etmək niyyətindədir. Həmin menecerin ata-ananın istəyinə uyğun öz proqramı olacaq: uşaq hansı dərnəklərə getməlidir, nəyi oxumalı və öyrənməlidir.

 

Texnoloqlar hesab edirlər ki, yaxın gələcəkdə ali məktəbi bitirən gənclərin əksəriyyəti əsasən kosmos və virtual reallıq sahələrinə maraq göstərəcəklər. Onlar əmindirlər ki, gözlənilənlərin əksinə olaraq robotlar insanları tam əvəzləyə bilməyəcəklər, əksinə, rəqəmsal texnologiyalar erasında fərdi və karyera yüksəlişi üçün əlavə imkanlar olacaq. “Microsoft”un “Windows” və “Surface” bölümünün rəhbəri Rayan Asdourian deyir: “Əmək bazarı əvvəlkindən daha sürətlə dəyişir və bunun da səbəbi süni intellektdən istifadənin geniş vüsət almasıdır. Biz görürük ki, tələbələrin əksəriyyəti gələcəkləri ilə bağlı narahatdılar. Onlar hiss edirlər ki, müasir texnologiyalar şəraitində özlərinə peşə tapmağa tam hazır deyillər”.

 

“The Future Laboratory” jurnalının redaktoru Stiv Toz isə hesab edir ki, gələcəkdə bir yox, bir neçə sahənin mütəxəssisi olmağa ehtiyac yaranacaq: “Məsələn, virtual yaşayış sahəsi dizayneri həm də psixoloq və memar olmalıdır. Çünki aktual suallara cavab verməli olacaq. Tutaq ki, insanların ağac altında oturmağı niyə sevdikləri barədə düşünmüsünüz? Bunu virtual reallığa keçirsək necə?”.

 

Qəliz oldu, elə deyilmi? Belə də olmalıdır, çünki zəmanə qəlizləşir, mürəkkəbləşir. Bu dəyişiklikləri asan yaşamaq və gələcəyin çağırışlarına hazır olmaq üçün gələcəyin peşə seçimini indidən etməyi bacarmalıyıq. Hətta ən asan peşə olan ticarət belə çətin olacaq: indidən bilməliyik ki, gələcəkdə nəyi satmalıyıq? Ümumdünya maliyyə böhranı Azərbaycanın diqqətini qeyri-neft sektoruna yönəltməyə səbəb oldu. Zəngin torpağımızda neftdən asılı olmayan iqtisadiyyatı inkişaf etdirmək üçün həm təbii, həm də insani potensialımız var. Ancaq bu, yetərli deyil. Təbiətdən hansı yöndə istifadə etməyi, potensialımızı hansı istiqamətə yönəltməyi araşdırmalı, bu sahədə dünyadakı yeniliklərdən yararlanmalıyıq.

 

(ardı var)

 

Rüstəm QARAXANLI