“Hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini uğurla müəyyənləşdirmiş dahilər yetişmişdir. Azərbaycan xalqı da xoşbəxtdir ki, ona taleyinin ən ağır və çətin dövrlərində milli maraqları hər şeydən üstün tutan, zəkası, dühası və istedadı ilə tarix yazan, bütün ömrünü doğma xalqının firavan gələcəyi naminə mübarizəyə həsr edən Heydər Əliyev kimi dahi şəxsiyyət öndərlik etmişdir”.

 

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov bu sözləri ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə düşüncələrini paylaşarkən bildirib.  

 

Onun sözlərinə görə, müasir Azərbaycan dövlətinin qurucusu, xalqın, dövlətin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider taleyüklü problemləri həll edən xilaskar tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət idi.  

 

Rektor deyib ki, Ümummilli Lider bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və tərəqqisinə, müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə və davamlı inkişafına həsr edib. İstər sovet dönəmində, istərsə də müstəqillik illərində Heydər Əliyev uzaqgörən siyasəti, yüksək intellekti, güclü siyasi iradəsi, böyük əzmkarlığı və fədakarlığı ilə üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlib, çoxşaxəli titanik fəaliyyəti ilə adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb.

 

“Ötən əsrin 90-cı illərinin əvvəllərində, SSRİ-nin dağılmasından sonra Azərbaycanın qarşısında duran ən strateji vəzifə əldə edilən müstəqilliyin əsaslarını möhkəmləndirmək və suveren dövlət kimi mövcudluğunu qorumaq idi. Həmin dövrdə yaşanan hadisələri xatırlayıb müasir həyatımızla o məşəqqətli günləri müqayisə edərkən Ulu Öndərin ucalığını və dühasını daha dərindən dərk edirik. Məlum həqiqətdir ki, ölkəmizdə 1993-cü ilin iyun ayına qədər bir-birini əvəz edən bacarıqsız siyasi hakimiyyət nümayəndələrinin səriştəsiz idarəçiliyi ucbatından xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Həmin dövrdə ölkəmizdə mövcud olan xaos, anarxiya, talançılıq, özbaşınalıq, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması dövlət müstəqilliyinin taleyini sual altında qoymuşdu. İqtisadi tənəzzül getdikcə dərinləşir, dövlətin sütunları sarsılırdı. Belə bir şəraitdə Azərbaycan xalqı ən doğru qərarı qəbul edərək ölkəmizin xilaskarlıq missiyasını Heydər Əliyevə həvalə etdi. Ulu Öndər Azərbaycanın gələcək inkişafı ilə bağlı çox düzgün strateji addım ataraq demokratiya yolunu seçdi, köklü islahatlara başladı və dövlətçilik üçün möhkəm təməllər yaratdı”-deyə Ş.Bayramov vurğulayıb.

 

Rektor bildirib ki, böyük siyasi xadimin özünün ifadə etdiyi kimi "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və daimidir" fikrini böyük əminliklə və qürurla deyə biliriksə, buna görə Heydər Əliyev dühasına borcluyuq və minnətdarıq:”Əbədiyaşar liderin özündən sonra layiqli siyasi varis yetişdirməsi və zəngin idarəçilik məktəbini miras qoyması onun xalqımızın etibarlı və nurlu gələcəyini təmin edən müstəsna xidmətlərindən hesab edilir. Prezident İlham Əliyev Ulu Öndərin ideyalarına sadiq qalmaqla onun müəyyən etdiyi strateji inkişaf xəttini uğurla davam etdirir. Aparılan düşünülmüş, məqsədyönlü, ardıcıl və sistemli siyasətin nəticəsində hazırda Azərbaycan öz inkişafında müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoymuş və bölgədə yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrilmişdir. Məhz Heydər Əliyev siyasətinin təntənəsi olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması  ilə Ümummilli Liderin ən vacib vəsiyyəti həyata keçdi, 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Bu gün hər birimiz ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçiririk”.

 

Ş.Bayramov hesab edir ki, öz həyat və fəaliyyəti ilə ümummilli liderlik zirvəsinə yüksələn Heydər Əliyevin Azərbaycan tarixinin şərəfli səhifələrinə çevrilən ömür yolu hər birimiz üçün zəngin həyat məktəbidir. İllər keçdikcə nəhəngliyi daha aydın şəkildə görünən, zəngin idarəçilik irsinin öyrənilməsinə hər zaman ehtiyac duyulan dahi şəxsiyyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.