Ölkənin təhsil sistemində peşə təhsilinin yeri və rolu günbəgün artmaqdadır. Əmək bazarı dünənki deyildir. Sürətli texnoloji irəliləyiş onu çevik, daim dəyişən etmişdir. Bu gün əmək bazarı inkişafın lokomotivi, yeni trendlərin birbaşa ifadəçisidir. Günün trendləri isə belədir: səriştəli, rəqabətqabiliyyətli, müasir düşüncəli və ahəngdar inkişaf etmiş peşəkar kadrlar hazırlamaq. Bu cür istehsalat “komandirləri” qısa vaxt və zaman, çevik plan və proqramlar, tədris və təcrübənin vəhdəti, eləcə də mükəmməl metodika etibarı ilə peşə təhsil müəssisələrində hazırlanır.

 

Təsadüfi deyildir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin 27 iyul 2020-ci il tarixində təhsil nazirimizi yeni təyinatı ilə əlaqədar qəbul edərkən videoformatdakı çıxışında işlətdiyi ilk konseptual fikirlərdən biri bu olmuşdur: “...Bu gün peşə təhsilinin inkişafı xüsusi diqqət mərkəzində olmalıdır”.

 

Peşə təhsili və təlimi sisteminə olan belə tələblər burada, ilk növbədə, bu təhsil pilləsinin bütün səviyyələrində aparılan kadr hazırlığına yanaşmanı köklü surətdə təkmilləşdirməyi qaçılmaz edir.

 

Tədrisin keyfiyyəti isə peşə təhsil müəssisələrində mükəmməl metodikadan keçir. Metodik təminat, metodik rəhbərlik, mütərəqqi təlim metodologiyaları, mühəndis-pedaqoji heyətin istisnasız hər bir üzvünün kamil metodiki səviyyəsi olmadan bunlara nail olmaq mümkün deyildir.

 

Bu nöqteyi-nəzərdən hazırlıqlı ixtisas fənn müəllimi, praktik kompetensiyalı istehsalat təlimi ustası universal səriştə və dünyagörüşlü kadr hazırlığının keyfiyyət indikatoru kimi çıxış edir.

 

Təhsilverənlərin bu keyfiyyət göstəriciləri sırasında onların daim yenilənən metodik hazırlığı bu gün təlim prosesində qırmızı xətt kimi keçməkdədir.

 

Tanınmış təhsil mütəxəssisi Nadir İsrafilovun təbirincə desək, “Metodikanı bilməyən müəllim deyil, sıradan olan bir ixtisas sahibidir. Lakin müvafiq ixtisasa yiyələnmək hələ müəllimlik demək deyil. Müəllim öyrədəndir, tərbiyə edəndir. Öyrətmənin, tərbiyə etmənin isə ayrıca metodikası vardır”.

 

Müəllim və istehsalat təlimi ustalarının yaradıcı əməyi tədris olunan modullarda yeni məlumat və informasiyaların axtarışını tələb edir. Təhsilalanların kontingentinin kəmiyyət və keyfiyyət baxımından hər il dəyişməsi də buna ciddi məzmun gətirir. Bu gün peşə təhsil müəssisələrində tətbiq olunan tədris plan və proqramlarının, eləcə də dərsliklərin səriştə əsaslı, modul strukturlu, həm də inteqrativ təlimə söykənən nəticəyönümlülüyünün təmin olunması ilkin prioritetdir.

 

Bu baxımdan, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsin nümunəsində deyə bilərəm ki, peşə təhsil müəssisələrində mühəndis-pedaqoji heyətin əməkdaşlarının rolu köklü surətdə dəyişməkdədir. Qabaqcıl metodika və təlim texnologiyalarına yiyələnməklə onlar hazırda gündəlik tədris prosesində özlərini sırf təşkilatçı, əsl metodist-müəllim kimi göstərməkdədirlər.

 

Aydın həqiqətdir ki, metodiki işlər-ixtisas modullarının və peşə təliminin tədrisi metodikasının təkmilləşdirilməsinə istiqamətlənməlidir. Bu, ümumtəhsil fənn müəllimlərindən fərqli olaraq, ixtisas modullarını tədris edən müəllim və istehsalat təlimi ustaları üçün xüsusilə vacibdir.

 

Pedaqoji heyətin aparıcı simaları olan istehsalat təlimi ustaları təhsilalanların müstəqil fəaliyyətini təşkil, səriştə və kompetensiyalara söykənən nəzəri təlim materialını praktik dərslərdə səmərəli tətbiq, habelə təlim prosesində təhsilalanların tərbiyəsini təmin etməyi bacarmalıdırlar.

 

İstehsalat təlimi ustalarının və peşə ixtisas modullarını tədris edən müəllimlərin pedaqoji ustalıqlarının artırılması məhz, metodik işlərin yüksək səviyyədə bu cür qurulmasından keçir.

 

Hazırda peşə təhsil müəssisələrində tədrisin ana sənədi olan “İlk peşə-ixtisas təhsilinin dövlət standartları”nın da hər bir tələbi, demək olar ki, təhsilverənlərin metodik səriştə kamilliyi ilə vəhdətdə uğurlu təlim nəticələrinə hədəflənmişdir.

 

Lakin reallıqda necədir? Çoxillik peşə təhsili təcrübəsindən deyə bilərəm ki, yerlərdə metodik işlərin, onların qurulmasının, təşkilinin yaxşılaşdırılması üçün müəyyən problemlər də vardır.

 

Artıq bir neçə ildir ki, Peşə Təhsil mərkəzlərində bu təhsil pilləsinin ən yüksək səviyyəsi üzrə yüksək texniki peşə təhsili səviyyəsində kadr hazırlığına başlanılmışdır. Burada subbakalavr peşə-ixtisas dərəcəsinə bərabər tutulan kadr hazırlığı nəzərdə tutulur və tədris kredit sistemi ilə aparılır.

 

Tədris aparan müəllim və istehsalat təlimi ustalarının əksəriyyətinin pedaqoji təhsilli olmadığından, metodiki işlərin önəmi burada da daha çox nəzərə çarpır. Metodbirləşmələrinin təşkili, sillabusların, tədris jurnallarının, illik işçi tədris planlarının və bütövlükdə tədris-planlaşdırıcı və digər ciddi uçot sənədlərinin tələblərə uyğun tərtib edilməsi üçün pedaqoji heyətə metodiki köməklik göstərilməsi çox vacibdir.

 

Metodik işlər lazımi səviyyədə aparılmazsa mühəndis-pedaqoji heyətin pedaqoji bacarıqlarının, şəxsi təhsillərinin artırılması işlərinin, elmi-metodiki fəaliyyətlərinin qurulmasında, habelə metodiki tövsiyələrin hazırlanmasında özünü aşkar büruzə verəcək.

 

Camal RƏSULOV,

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsin Tədris və istehsalat işləri üzrə direktor müavini