Milli Olimpiya Komitəsi Azərbaycan Atletika Federasiyası ilə birgə ölkə üzrə istedadlı atletlərin seçilməsi layihəsinə başlayıb.
Atletika Federasiyasından verilən məlumatda görə, Milli Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Proqramının dəstəyi ilə reallaşan layihə çərçivəsində xüsusi ekspert qrupunun beş rayona səfəri planlaşdırılıb. Artıq ilkin olaraq İsmayıllı rayon 3 saylı məktəb-liseydə atletika üzrə üç müxtəlif növdə (30 metrəyə qaçış, top atma və uzunluğa tullanma) uşaqların bacarıqları uğurla sınaqdan keçirilib.
50 uşaq (25 qız, 25 oğlan) arasında keçirilən yarışda ümumi nəticələr üzrə üç növün cəminə görə 10 qız və 10 oğlan, həmçinin hər növ üzrə ayrı-ayrılıqda qalib və mükafatçılar müəyyən olunub. İştirakçılar sertifikatlarla təltif olunub və qaliblərə mükafatlar təqdim edilib.
Yarış başa çatdıqdan sonra ekspert qrupunun üzvləri İsmayıllı Rayon Olimpiya İdman Kompleksini ziyarət edib və rayonda atletika idman növü ilə məşğul olan yeniyetmə idmançıların məşq prosesi ilə yaxından tanış olublar.
Qeyd edək ki, növbəti səfər Şamaxı rayonuna planlaşdırılır.
Sifai Səfərova