Bu dəyər xəzinəsi böyüyən nəsillər üçün milli mücadilə, milli özünüdərk məktəbi, Vətən, xalq, dövlət və dövlətçilik ruhunu aşılayan zəngin mənbədir


Hər bir xalqın, cəmiyyətin inkişafında onun təhsil ənənələrinin, maarifpərvər və maarifçilik mövqeyinin böyük rolu vardır. Çünki cəmiyyəti yaşadan, onun inkişafına təkan verən ideyalar ilk növbədə təhsil müəssisələrində aşılanır, müxtəlif sahələr, istiqamətlər üzrə mütəxəssis kadrlar burada yetişir və həmin kadrların fəaliyyəti təkcə yaşadıqları kiçik sosial mühitdə deyil, bütövlükdə cəmiyyət üçün hərəkətverici qüvvəyə çevrilir. Müxtəlif tarixi dövrlərdə fərqli ideologiyaların olmasına baxmayaraq qazanılmış biliklər cəmiyyətin həyatında təsir gücünə malik olmuş, insanları yaşamaq uğrunda mübarizəyə səsləmişdir. Bu baxımdan Azərbaycan təhsil tarixinin XIX yüzilliyin ikinci yarısı XX yüzilliyin əvvəllərinə aid olan dövrü bütövlükdə Vətən tarixində xüsusi mərhələ təşkil edir. Elmi ədəbiyyatlarda bu dövr həm də maarifçilik hərəkatının geniş vüsət aldığı, seminariyaların, gimnaziyaların, yeni tipli məktəblərin yarandığı dövr kimi səciyyələnir.  Tarixi mənbələr təsdiq edir ki, Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra burada yeni idarəçilik sistemi yarandı və bu sistem müstəmləkəçilik xarakteri daşıyırdı. Yaranan məktəblərdə təhsilin məzmunu da yeni sistemə uyğun formalaşdırılırdı. Çarizm öz siyasətini həyata keçirməyə qadir olan kadrların hazırlanması məqsədini qarşıya qoymuşdu. XIX yüzillikdə Cənubi Qafqazda baş verən hadisə və proseslərlə bağlı sənədlərdə, çara ünvanlanan məktublarda ifadə olunan fikirlər bunu təsdiqləyir. Məsələn, admiral Mordvinovun hələ 1816-cı il iyunun 19-da imperiyanın mərkəzi hökumətinə ünvanladığı  müraciətinə diqqət edək.

 

O yazırdı: “Belə xalqları silah gücü ilə həmişəlik ram etmək mümkün deyil. Təhsilli xalqa nisbətən, savadsız, dəliqanlı xalqı idarə etmək üçün ona ehtiyac hiss etdiyi şeyləri vermək gərəkdir. Bu xalqlarda yeni arzular, yeni ehtiyaclar, yeni adətlər yaratmaq, onları bizim təsəvvürümüzə, zövqümüzə, ehtiyacımıza yaxınlaşdırmaq vacibdir. İlk növbədə isə bizim məktəbləri Cənubi Qafqaz şəhərlərinə aparıb çıxarmaq lazımdır. O vaxt nəinki onlarla dostlaşacağıq, həm də daimi düşmənçiliyi artırmağa səbəb olan bizim süngü və mərmilərimizin heç bir vaxt çatmadığı sərvətli dağlarını təpələrinə qədər fəth edəcəyik”. Admiralın fikrincə, bu yerlərin maarifinə 100 min manat pul xərcləməklə, sərhədləri qorumaqda, böyük ordunu saxlamağa sərf olunan milyonlarla manata qənaət edilər.

 

Göründüyü kimi, burada əslində işğala məruz qalmış xalqın - azərbaycanlıların heysiyyətinə toxunulur, xalqa qarşı alçaldıcı ifadələr işlədilir, onu məhv etmək yolları təklif olunur. Həmin məktəblərdə Azərbaycan dilində təhsil almaq imkanlarının olmaması, buna qarşı ciddi maneələrin yaradılması millətin inkişafına da mənfi təsir göstərirdi. Lakin bu çətinliklərə baxmayaraq Azərbaycan milli mədəniyyəti inkişaf edir, maarifçi ziyalılar yetişirdi. Ümumiyyətlə, tarixən İrəvanda elmə, təhsilə, ədəbiyyata böyük maraq olmuşdur. Hələ İrəvan Müəllimlər Seminariyasından əvvəlki dövrlərdə bu şəhər Şərq dünyasının böyük mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdı. İrəvanda gənclər ədəbiyyatla, poeziya ilə çox ciddi məşğul olurdular. Onlar Azərbaycan və bütövlükdə Şərq ədəbiyyatının, poetik fikrinin görkəmli nümayəndələrinin, o cümlədən Xaqani, Nizami və başqalarının əsərlərini əzbər bilir, onları təhlil etməyi yaxşı bacarırdılar. Əlbəttə, o zaman Azərbaycanın digər bölgələrində olduğu kimi İrəvanda da məscidlərin nəzdində mollaxanalar, mədrəsələr fəaliyyət göstərmiş və burada da mllli təfəkkürlü insanlar, müdrik şəxsiyyətlər yetişmişdir.

 

XIX yüzilliyin əvvəllərində  çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra bu bölgənin idarəçilik sistemi dəyişdi, o cümlədən təhsilin idarə olunması məsələləri ilə bağlı qərarlar qəbul edildi. Rusiya Maarif Nazirliyinin 1829-cu il 2 avqust tarixli qərarı ilə Cənubi Qafqazda qəza məktəblərinin yaradılmasına başlandı. İrəvanda qəza məktəblərinin yaranması 1831-ci ilin mart-oktyabr aylarında nəzərdə tutulmuşdu. Lakin bu proses bir qədər ləngidi və məktəb 1832-ci ilin 14 yanvarında açıldı. İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziya kimi fəaliyyət göstərməyə başladı. Bu progimnaziya əvvəl dördsinifli, sonra isə beşsinifli olmuşdur. Burada azərbaycanlılardan başqa ruslar, ermənilər, yəhudilər və almanlar da təhsil alırdılar.

 

Qeyd etməliyik ki, İrəvan maarifçilik mühiti ilə bağlı Azərbaycanda bir sıra elmi araşdırmalar aparılmış və bu tədqiqatlar pedaqogika və təhsil  tarixinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan H.M.Əhmədov, F.A.Rüstəmov, H.B.Bayramov, Ə.M.Zeynalov, R.L.Hüseynzadə, C.Ə.Cəfərov, C.V.Allahverdiyev və başqalarının araşdırmalarını qeyd edə bilərik. İlk dəfə olaraq akademik H.Əhmədov İrəvan təhsil mühitini araşdırarkən bu bölgəni Qərbi Azərbaycan kimi göstərmiş və bu anlayışın daha geniş bir ərazini əhatə etdiyini, İrəvan maarifçiliyinin geniş təsir dairəsini əsaslandırmışdır.

 

Elmi araşdırmalar göstərir ki, XIX yüzilliyin ikinci yarısında Cənubi Qafqazada yeni tipli məktəb şəbəkəsinin genişlənməsi, seminariya və gimnaziyaların yaradılması bölgədə maarifçilik mühitinin inkişafında mühüm rol oynadı. Bu dövrdə yaradılmış yeni tipli təhsil müəssisələrindən biri də İrəvan Müəllimlər Seminariyası idi. Bu Seminariya “Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” Rusiya imperiyasının Dövlət Şurasının 20 oktyabr 1880-ci il tarixli qərarı əsasında yaradılmışdı. 1881-ci il noyabrın 8-də İrəvan Müəllimlər Seminariyasının açılışı olmuş və fəaliyyətə başlamışdır. Bu Seminariya açılarkən təhsilalanların sayı 42 nəfər olmuşdur. Fəaliyyətə başladığı dövrdən 1914-cü ilədək olan müddətdə Seminariyanı 63 nəfər, 1915-ci ildə isə 22 nəfər azərbaycanlı bitirmişdir. Seminariyanın nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb fəaliyyət göstərirdi. Tələbələr pedaqoji təcrübəni burada keçirdilər. Mövcud əsasnaməyə görə, Seminariyada yalnız oğlanlar təhsil ala bilərdilər.

Tədqiqatlar göstərir ki, Yakob Stepanoviç Şuşevski ilk direktor təyin edilmiş, M.Q.Qambarov, M.B.Qazızadə, Mixail Klepov və başqaları isə müəllim kimi fəaliyyətə başlamışlar. Seminariya əvvəlcə əlverişli şəraiti olmayan və illik icarə haqqı 5 min  rubl olan birmərtəbəli binada yerləşirdi. 1905-ci ildə isə  Seminariyanın binası İrəvan şəhərindəki Daşlı küçədə yerləşən üçmərtəbəli binaya köçürülür. Həmin bina sonralar Xalq Təsərrüfatı İnstitutuna verildi.

 

Seminariyada digər millətlərin nümayəndələri ilə yanaşı azərbaycanlılar da təhsil alırdılar. Burada təhsil alan azərbaycanlılar sırasında İrəvandan başqa Bakıdan, Naxçıvandan, Dağıstandan, Tiflisdən və digər yerlərdən gələnlər də vardı.

 

Aparılmış tədqiqatlarda  Seminariya yaradılarkən burada Azərbaycan bölməsinin təşkili barədə məlumatlara rast gəlinməyib, lakin digər fənlərlə yanaşı (rus dili, hesab, həndəsə, tarix, coğrafiya, musiqi və s.) şəriət dərsləri və Azərbaycan dili fənni də tədris olunması, bu fənlərin ştat cədvəli ilə bağlı məlumatlar vardır. Araşdırmalar göstərir ki, 1883-cü ildən etibarən uzun müddət Axund Məmməd Bağır Qazızadə (Axund Molla Məhəmmədbağır Hacı Molla Mehdi oğlu Qazızadə) də burada Azərbaycan dili fənnindən və ilahiyyatdan (şəriətdən) dərs demişdir. XIX yüzilliyin sonu, XX yüzilliyin əvvəllərində A.M.Qazızadə Seminariyada Azərbaycan bölməsinə rəhbərlik etmişdir. O, Seminariyada təhsilalanlar üçün “Ana dili” dərsliyinin həmmüəlliflərindən biri olmuşdur. Bu dərslik İrəvan Müəllimlər Seminariyasının bir neçə əməkdaşı ilə birgə hazırlanmış və 1911-ci ildə Tiflisdə Azərbaycan dilində nəşr edilmişdir.

 

İrəvan Müəllimlər Seminariyası ibtidai məktəblər üçün azərbaycanlı müəllimlər hazırlasa da, həmin müəllimlərin əksər hallarda Azərbaycan dili müəllimi kimi işləmələrinə icazə verilmirdi. XX yüzilliyin əvvəllərində mədəni-maarif cəmiyyətlərinin açdıqları kurslarda, Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri müdirliyi kurslarında, Yelizavetpol mədrəsəsində və H.Z.Tağıyevin Qızlar məktəbində Azərbaycan dili müəllimləri hazırlanır və məhz bu kurs və məktəbləri bitirənlər Azərbaycan dili müəllimi kimi fəaliyyətə başlaya bilərdilər. Qeyd edək ki, 1915-ci ildə açılmış qadın pedaqoji kurslarında da Azərbaycan dili müəllimləri hazırlığı həyata keçirilirdi.

 

Tarixdən məlumdur ki, Zaqafqaziya Müəllimlər Seminariyası İrəvan Müəllimlər Seminariyasından əvvəl yaranmışdır. Rusiya imperatoru II Aleksandrın 08 aprel 1875-ci il tarixli fərmanı ilə təsis edilən və Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyası bütövlükdə Cənubi Qafqaz üzrə təşkil edilmişdi. Burada təhsilalanlar ibtidai məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilərdilər. Ümumiyyətlə, bu Seminariyanın məqsədi ibtidai məktəblər üçün pedaqoji kadr hazırlamaq idi. Seminariyanın Azərbaycan bölməsi isə 1879-cu ildə yaradılmışdır.

 

İrəvan Müəllimlər Seminariyasının direktoru olmuş Mixail Alekseyeviç Miropiyev (1898-1902) hər iki seminariyanın fəaliyyətini yüksək qiymətləndirirdi. O, İrəvan Müəllimlər Seminariyasını Zaqafqaziya Müəllimlər Seminariyasının kiçik bacısı adlandırmışdı. Lakin İrəvan Müəllimlər Seminariyası Zaqafqaziya Müəllimlər Seminariyasından 5 il sonra yaranmasına baxmayaraq qısa müddətdə böyük işlər gördü. Seminariyanın İrəvanda yaradılması, İrəvan bölgəsində yaşayan əhalinin böyük əksəriyyətinin azərbaycanlı olması, burada xalqın maariflənməsi, Azərbaycanın böyük ziyalılarının, maarifçilərinin yetişməsi üçün əlverişli zəmin yaratmışdı. Bu seminariyada ilk pedaqoji təhsillərini almış və sonradan görkəmli maarifçilər kimi tanınmış Həmid bəy Şahtaxtinski, Haşım bəy Nərimanbəyov, Haşım bəy Vəzirov, Tağı bəy Şəfiyev, Vahid Musabəyov, Fərrux Ağakişibəyov, İbadulla Muğanlinski və başqaları Azərbaycan pedaqoji fikir tarixinin görkəmli nümayəndələri sırasındadırlar.

 

Tədqiqatlar göstərir ki, İrəvan Müəllimlər Seminariyası böyük hazırlıq qrupu və birinci siniflə fəaliyyətə başlamışdı. Hər il müəllimlər seminariyasının hazırlıq qrupuna və birinci sinfinə qəbul elan edilirdi. İkinci və üçüncü siniflərə birbaşa qəbula icazə verilmirdi. Müxtəlif millətlərin nümayəndələrinin təhsil aldığı İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olmuşdur.

 

Bu seminariyanı 1884-1895-ci illərdə 123 tələbə bitirmişdir. Bunlardan 25-i azərbaycanlı,10-u gürcü, 8- i rus və digər xalqların nümayəndələri idi. XX yüzilliyin əvvəllərində (1905-1910-cu illərdə) seminariyada təhsil alan 20 azərbaycanlı üçün təqaüd ayrıldığı məlumdur. Bu, müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı idi.

 

Qeyd edək ki, seminariyada 1915-1918-ci illərdə 64 (1915-1916-cı tədris ilində 19, 1916-1917-ci tədris ilində 22, 1917-1918-ci tədris ilində 23 nəfər ) azərbaycanlı təhsil almışdır. Bütövlükdə seminariyanın fəaliyyəti dövründə 149 azərbaycanlı bu təhsil müəssisənin məzunu olmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, İrəvan Müəllimlər Seminariyası çar hakimiyyətinin bölgədəki maraqları naminə yaradılsa da, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları pedaqoji fikir salnaməsinə yaddaqalan səhifələr yazmışdır. Bu seminariya azərbaycanlıların üstünlük təşkil etdiyi İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyatın ənənəvi dolğunluğunun və canlılığının qorunub saxlanılmasında təqdirəlayiq xidmətlər göstərmişdir.

 

Araşdırmalar göstərir ki, çar Rusiyasının XIX yüzilliyin ikinci yarısı XX yüzilliyin əvvəllərində təhsil sahəsində islahat aparmaq niyyəti həqiqi mənada əhalinin maariflənməsinə istiqamətlənməmişdir. Ona görə ki, əhali maarifləndikcə, yeni təhsil müəssisələri yarandıqca ölkədə demokratik qüvvələrin formalaşması, yeni demokratik ideyaların meydana çıxması üçün əlverişli zəmin yaranırdı. Bu demokratik qüvvələr isə imperiyada  mütləq monarxiya idarəçilik sisteminə qarşı çıxır, ədalət, xalq azadlığı uğrunda mübarizə aparır, cəmiyyətdə humanist idealların bərqərar olmasına çalışırdılar. Bu mübarizədə qeyri-rusların, türklərin, müsəlmanların fəallaşması mütləqiyyəti daha çox narahat edirdi. Çünki türklərin, müsəlmanların sayca çoxluğu, onların milli özünüdərkə qayıdışı, soy-köklərinə, adət-ənənələrinə, torpağa, yurda bağlılıqları çarizmi təşvişə salırdı. Onların təhsil almaları, milli şüurunun oyanması imperiyanın hakim dairələrini qıcıqlandırır, mütləqiyyət monarxiyasının maraqlarına uyğun gəlmirdi.

 

Araşdırmalardan aydın olur ki, çar hökumətinin Cənubi Qafqazda təhsillə bağlı atdığı hər bir addımın, həyata keçirmək istədiyi islahatın mahiyyətində həm də zəmanənin tələbindən doğan məcburiyyət olmuşdur. Çünki Rusiya işğal etdiyi bölgələrdə öz mövqeyini möhkəmləndirmək üçün orada özünün dayaq məntəqələrini yaratmaq, yerli əhali içərisindən çıxmış kadrlar yetişdirmək, onların vasitəsilə öz siyasətini daha rahatlıqla yeritməkdə də maraqlı idi. Eyni zamanda yerli əhalini kənd təsərrüfatı peşələrinə yiyələndirmək adı altında  onları təhsilə cəlb etmək, yerli əhalinin milli ruhunu məhv etmək, onlardan yalnız işçi qüvvəsi kimi istifadə etməklə daha böyük planlarını həyata keçirməyə çalışırdı. Ona görə də Cənubi Qafqazda yaradılan yeni təhsil müəssisələrində, o cümlədən İrəvan Müəllimlər Seminariyasında ana dilinin- Azərbaycan dilinin tədrisinə razılıq verilməsi də uzunmüddətli mübarizənin nəticəsində mümkün olmuşdu. Çarizmin müstəmləkəçilik siyasətinə baxmayaraq, açılan təhsil müəssisələrində, o cümlədən İrəvan Müəllimlər Seminariyasında milli ruhlu şəxsiyyətlər formalaşırdı. Onlar öz fəaliyyətlərində milli maarifçilik ideyalarının yayılmasında, xalqın milli şüurunun oyanmasında, milli ayrı-seçkiliyə, milli ədavəti qızışdıranlara qarşı mübarizədə böyük rol oynadılar.

 

Elmi araşdırmalardan məlumdur ki, Azərbaycanın böyük ədibi, mütəfəkkiri, “Molla Nəsrəddin” jurnalının baş redaktoru Cəlil Məmmədquluzadə də İrəvanda olmuş (1906-cı il, iyun) və İrəvan Müəllimlər Seminariyasının müəllim və tələbə kollektivi ilə, burada yaşayan azərbaycanlı ziyalılarla görüşmüş və maarifçiliyin inkişafı məsələləri ilə bağlı müzakirələr aparmışlar. Bu görüş “Molla Nəsrəddin” jurnalının İrəvanda təbliği işində və nəticə etibarilə maarifçiliyin inkişafında əhəmiyyətli dərəcədə rol oynamışdır. 

 

Tədqiqatlar göstərir ki, 1915-ci ildə İrəvan Müəllimlər Seminariyası Armavirə köçürülmüş və Rusiya imperiyasının dağılmasından bir müddət sonra da (1918-ci ilin 6 avqustunadək) orada fəaliyyət göstərmişdi. Lakin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində bu seminariya fəaliyyətini dayandırmışdır. Hətta müəllimlərin və tələbələrin də bir qismi soyqırıma məruz qalmışlar. Onlardan sağ qalanlar isə doğma yurdlarını tərk etməyə, Türkiyə və Azərbaycana sığınmağa məcbur olmuşlar. Çox təəssüf ki, çar Rusiyasının xarabalıqlarında yeni yaranan Sovet Rusiyası da erməniləri dəstəkləmiş və azərbaycanlıların qədim ata-baba yurdlarında   yaradılmış erməni dövlətini hər zaman himayə etmişdir.

 

Qeyd etməliyik ki, seminariya sonralar öz adı ilə bərpa olunmasa da, 1924-cü ildə onun xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı.1925-ci ildə isə bu texnikuma Nəriman Nərimanovun adı verildi. Bu təhsil müəssisəsi də azərbaycanlı ziyalıların yetişməsində mühüm rol oynadı. Dünya şöhrətli Azərbaycan alimi, akademik Yusif Məmmədəliyev gənc yaşlarında (1928-1930-cu illər) burada müəllim işləmişdir.1949-cu ildə Qərbi Azərbaycanda - doğma yurdlarında yaşayan azərbaycanlılar öz dədə-baba torpaqlarından (indiki Ermənistandan) deportasiya olunarkən həmin texnikum da Azərbaycanın Xanlar rayonuna köçürüldü və burada 1972-ci ilə qədər fəaliyyət göstərdi.

 

Ümumiyyətlə, seminariya öz adı ilə - İrəvan Müəllimlər Seminariyası adı ilə 37 il (1881-1918) fəaliyyət göstərmiş və Azərbaycan təhsil tarixində silinməz izlər qoymuşdur. İlk növbədə, İrəvanda azərbaycanlılardan ibarət maarifçi mühit formalaşmışdır. Görkəmli maarif xadimləri, ziyalılar  yetişmiş və onlar da maarifçilik missiyalarını ləyaqətlə davam etdirmişlər. Bu seminariyanın formalaşdırdığı maarifçi mühit əslində maarifçilik hərəkatında mühüm rol oynamışdır. Dünyəvi təhsil almış seminaristlər milli ənənələri qorumaqla yanaşı Azərbaycan mədəniyyətinin dünyaya çatdırılması, bəşəri dəyərlərə yiyələnməyin əsas yolunun milli dəyərlərdən keçdiyinin əsaslandırılmasında və bu baxımdan praktik işlər görməklə Azərbaycan mədəniyyətinə, təhsil tarixinə böyük töhfələr vermişlər.

 

Mənbələrdə seminariyanın müsəlman şöbəsinin müdiri vəzifəsində işləmiş Məhəmməd Bağır Qazızadə, Rəşid bəy Şahtaxtinski, Həmid bəy Şaxtaxtinski və Cəfər bəy Cəfərbəyovun adları qeyd edilir. Onlar Azərbaycan pedaqoji fikir tarixində, maarifçilik hərəkatının inkişafında, azərbaycanlı ziyalıların, maarifpərvərlərin yetişməsində böyük xidmətlər göstərmişlər. Mənbələrdə M.B.Qazızadənin həm də Azərbaycan dili müəllimi kimi fəaliyyətinə xüsusi diqqət yetirilmişdir. Məhz bu fəaliyyətin nəticəsi idi ki, İrəvan və Naxçıvan təhsil mühitində Əziz Əliyev, Mustafa Topçubaşov, Cabbar Məmmədzadə, Həmid bəy Xəlil oğlu Şahtaxtinski, İbadulla Muğanlinski və digər görkəmli ictimai, elm və mədəniyyət xadimləri, görkəmli ziyalılar yetişmiş və onların fəaliyyəti Azərbaycan tarixində, o cümlədən təhsil tarixində  xüsusi yer tutur. Onların bəziləri İrəvan Müəllimlər Seminariyasında təhsil almasalar da seminariya məzunlarının işlədikəri digər məktəblərdə onlardan dərs almışlar. Bu da bütövlükdə İrəvan təhsil mühitində Müəllimlər Seminariyasının oynadığı rolu diqqətə çatdırmağa əsas verən bir göstəricidir.

 

Mənbələrdən aydın olur ki, İrəvan Müəllimlər Seminariyasının məzunlarından Şəmdin bəy Mahmudbəyov İrəvan mahalının Uluxanlı kənd məktəbində müdir (1903-1917), Əhməd Həşimov Çobankərə kəndində, Şıxəlibəy Firudinbəyov, Mirzə Məhəmməd Axundov İrəvan məktəblərində, Tağı bəy Şəfiyev Naxçıvanın Nehrəm kəndində müəllim işləmişlər.Adlarını qeyd etdiyimiz görkəmli şəxsiyyətlərin hər birinin həyatı Azərbaycan gəncləri üçün örnəkdir. Xalqımızın milli ruhunun, mentalitetinin qorunması belə şəxsiyyətlərin həyat və fəaliyyəti, onların xidmətləri, cəmiyyətə verdikləri töhfələrlə sıx bağlıdır. Ona görə də İrəvan Müəllimlər Seminariyasında təhsil alan, işləyən və ümumiyyətlə, bu təhsil mühitinin təsirilə formalaşan görkəmli şəxsiyyətlərin tarixi irsi bir dəyər xəzinəsidir. Bu dəyər xəzinəsi böyüyən nəsillər üçün milli mücadilə, milli özünüdərk məktəbi, Vətən, xalq, dövlət və dövlətçilik ruhunu aşılayan zəngin mənbədir.

 

İntiqam CƏBRAYILOV,

ARTİ-nin Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor