Məktəb müəllimləri ilə tanınır
Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Etiraf etmək lazımdır ki, təhsil sistemində haqqında ən çox danışılan, barəsində müzakirələr aparılan, peşəkarlıq səviyyəsi daim diqqət mərkəzində olan, eyni zamanda, şəxsiyyəti gözəl və təsirli ifadələrlə qiymətləndirilən, təbii ki, müəllimdir. Müəllimlik bütün zamanlarda şərəfli peşə hesab olunub, müəllim isə ən hörmətli şəxs kimi qəbul edilib. Dövrünə görə, təhsilin prioritet sayılan hansı istiqamətindən danışırıqsa-danışaq, fikir və mülahizələrimizin son dayanacağında yenə də Əlahəzrət Müəllim amili dayanır.
Müəllimlik peşəsini, rəmzi mənada olsa da, incəsənət adlandıranlar, fikrimcə, tam haqlıdırlar. Bununla belə, daha ciddi yanaşsaq, “mövcudatın ən şərəflisi olan insanı kamillik səviyyəsinə çatdırmaq məqsədi güdən” (Nəsrəddin Tusi), “insanda insan oyadan” (Rəsul Rza), insana ədəb, mərifət, savad öyrətməklə onu formalaşdırıb cəmiyyətdə müstəqil həyata hazırlamaq, inkişaf yoluna yönəltmək, dəyərli və məhsuldar vətəndaşa çevirmək peşəsi, yəni müəllimlik, əslində, incəsənətdən daha çox, mübaliğəsiz desək, canlı möcüzə yaratmaq sənətidir. Bu fikri qəbul ediriksə, demək, cəmiyyətin, millətin tərəqqisi müəllimdən daha çox asılıdır.
Mahiyyət etibarı ilə “müəllim”, “müəllimlik” anlayışları daha geniş məna tutumuna, əhatə dairəsinə malikdir. Hər hansı bir peşə üzrə sənətkar öz sənətini fərdi və ya qrup halında digərlərinə öyrədirsə, təbii ki, onu müəllim adlandırmaq mümkündür. Bəzən ibrət, təcrübə, nəticə çıxartmaq anlamında deyirlər ki, həyat böyük məktəb, böyük müəllimdir. Məşhur yazıçı M.Qorki həyatı “mənim universitetlərim” adlandırmışdı.
Birmənalı qəbul olunmalıdır ki, həyatını öz millətinin müstəqilliyi, istiqlalı, azadlığı, işıqlı gələcəyi yolunda şam kimi əridən, xalqının rəmzi və fədakarlıq simvolu səviyyəsinə yüksələn dahi şəxsiyyətlər “Millətin Müəllimi” adını daşımaqla müəllim adını daha yüksək dərəcədə şərəfləndirmişlər.
Məlumdur ki, müasir yanaşmada müəllim və şagird təlim-tərbiyə prosesinin bərabərhüquqlu subyektləri kimi qəbul edilir. Bu hüquq bərabərliyi subyektlər arasındakı münasibətlərin pedaqoji əməkdaşlıq üzərində qurulması tələbində, həmçinin, onlar üçün təhsil qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələrin əlaqəliliyində, biri digərini tamamlamasında özünü büruzə verir. Məsələn, bir nümunəyə müraciət edək. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə, təhsilverənlərin vəzifəsi təhsil proqramlarının mənimsənilməsini təmin etməkdirsə, təhsilalanın da vəzifəsi dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnməkdir.
Bununla belə, təlim-tərbiyə prosesində müəllimin məsuliyyət yükü xeyli dərəcədə daha artıqdır, çünki uşağın yetişib-formalaşıb vətəndaş mövqeli, çağdaş dövrün rəqabət meydanında sərbəst hərəkət etməyi bacaran, savadlı, yetkin, ləyaqətli şəxsiyyətə çevrilməsinin təmin olunması cəmiyyətin, dövlətin əsas məqsədidir və bu məqsədin reallaşdırılmasının ağırlığı, heç şübhəsiz, müəllimlərin üzərindədir. Ulu öndər Heydər Əliyevin çox sadə ifadə olunmuş, lakin dərin məna kəsb edən və sanki bilavasitə mühüm vəzifə kimi məktəbə, müəllimə ünvanlanmış gözəl bir fikri vardır: “Hər bir insan həyatda öz yerini tapmalıdır”. Həqiqətən də, hər bir fərdin həyatda yer tutmasının əsas təməli məktəbdə müəllimlər tərəfindən qoyulur.
Əlbəttə, cəmiyyətdə inkişaf tempinin yüksəldiyi, elmi-texniki tərəqqinin vüsətinin artdığı, qlobal təfəkkürün təsiri ilə dəyərlərin inteqrasiyası prosesinin baş verdiyi, həyati məsələlərə müxtəlif mövqelərdən yanaşıldığı bir vaxtda təhsilə, müəllimə olan tələblər də dəyişir. İnformasiya bolluğunun mövcud olduğu indiki şərait şagirdlərin mütaliə həvəsinə, hətta təhsillərinə təsirsiz ötüşmədiyi üçün “səriştəli, peşəkar müəllim” amili daha real ehtiyac kimi meydana çıxır. “Elin gözü tərəzidir” deyirlər. Bu məntiqlə yanaşıldıqda, heç şübhəsiz, məktəbin səviyyəsi əhalinin nəzərində, hər şeydən əvvəl, müəllimləri ilə tanınır.
Lakin məktəbə yeni təyin olunmuş müəllimdən nəzərdə tutulan peşəkarlığı tələb etmək sağlam məntiqdən uzaq məsələdir. Gənc müəllimin yetkinləşməsi, təcrübələnməsi üçün illər lazımdır, bununla belə, madam ki, diplomlu gənc müəllim məktəbə qədəm qoyur, sinfə daxil olub şagirdlərin qarşısına çıxır və tədrisə başlayırsa, demək, o, səviyyəcə minimum tələblərə cavab verməli, ilkin zəruri bacarıq və keyfiyyətləri mənimsəmiş olmalı, bir sözlə, məktəbə nəzəri cəhətdən, habelə, pedaqoji təcrübə vaxtı ali məktəb illərində qazandığı praktik pedaqoji vərdişlərlə hazır gəlməlidir. Əks-təqdirdə, nailiyyət və hörmət qazana, inkişaf edə bilməz. Elə hallar var ki, xüsusilə, ibtidai siniflərdə valideyn gənc müəllimi görərkən məktəbin rəhbərliyinə etirazını bildirir, övladının başqa müəllimin sinfinə keçirilməsini, yaxud həmin müəllimin digər təcrübəli müəllimlə əvəzlənməsini tələb edir. Əlbəttə, valideynlərin mənfi rəyə köklənmiş proqnozları özünü həmişə doğrultmur, lakin narazılıqlara səbəb olan istisnalar da diqqət çəkir.
Beləliklə, fikrimizcə, hansı minimum nəzəri bilik və bacarıqlar işə başlayan gənc müəllimdə olmalıdır? Onlar təxmini tələblər formasında aşağıdakı kimi təsnif edilə bilər:
Gənc müəllimdə hansı bilik və bacarıqlar olmalıdır
* Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri, ümumi təhsillə bağlı dövlət və hökumət sənədləri, təhsil qanunvericiliyi, əmək məcəlləsi barədə məlumatlıdır.
* Tədris etdiyi fənn üzrə məktəb proqramı səviyyəsində nəzəri biliklərə malikdir, fənnin məqsəd və vəzifələrinə, məzmun standartlarının mahiyyətinə bələddir, fənnin kurikulumunda nəzərdə tutulanların tədrisi metodikasını qismən mənimsəmişdir.
* Dərsə verilən müasir tələblər, dərsin tipləri və növləri, dərslərdə məqsədin formalaşdırılması və motivasiyanın yaradılması, tədris prosesində müvafiq təlim metodları və üsullarından istifadə, məktəbdaxili qiymətləndirmənin növləri və onların tətbiqi yolları barədə məlumatlıdır.
* Uşaq psixologiyası və yaş fiziologiyasının xüsusiyyətlərinə bələddir, şagirdlərə fərdi yanaşmaq və onlarla əməkdaşlıq etmək yolları haqda bilgiləri vardır.
* İKT bacarıqlarına malikdir.
* Şagirdlərlə əlavə məşğələlərin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin keçirilməsi, bu tədbirlərin fənnin vəzifələri və məzmunu ilə əlaqələndirilməsi, valideynlərlə əməkdaşlıq barədə metodik göstərişlərlə tanışdır və s.
Yeni fəaliyyətə başlayan gənc müəllimlərə yönəlmiş həmin təxmini minimum tələblərin (onlar müzakirə də oluna bilər) diqqətə çatdırılması heç də təsadüfi xarakter daşımır, çünki müəllim hazırlığı ilə əlaqədar müəyyən çatışmazlıqların olması reallıqdır. Ona görə də, məktəbə təyinat almış gənc müəllimlərin göstərilən minimum tələblərə cavab verməsi və müvafiq bacarıqlara malik olması mütləq zərurət kimi nəzərə alınmalıdır. Həm də bu keyfiyyətlər məhz pedaqoji ali məktəblərdə aşılanmalı, gənc müəllimlər məktəblərə həmin bilik və bacarıqlarla, fənnin kurikulumunun tədrisi metodikası üzrə aydın təsəvvürlərlə silahlanmış halda gəlməlidirlər. Eyni zamanda, hesab edirik ki, pedaqoji ali məktəblərdə pedaqoji təcrübənin sonunda, habelə, tələbə məzun olarkən ona müəllimlik ixtisası üzrə diplomun verilməsində qeyd edilən tələblər (bacarıqlar) əsas indikator kimi götürülməlidir. Yerli təhsil orqanları, məktəb rəhbərləri də işə yeni başlamış müəllim kadrlarının fəaliyyətini tədricən məqsədyönlü şəkildə öyrənib lazım gəldikdə müvafiq tədbirlər görməli, rəy bildirməli, onlara metodik köməkliyi təmin etməlidir.
Göründüyü kimi, bu məqama qədər qeyd etdiklərimiz bilavasitə gənc, pedaqoji fəaliyyətə yeni qədəm qoyan müəllimlərlə bağlıdır və məntiqimiz də ondan ibarətdir ki, haqqında danışılan minimum nəzəri bilik və bacarıqlara nail olmadan məktəbin qapıları, diplomu olsa belə, həmin müəllimin üzünə açıla bilməz.
Məlum məsələdir ki, sadaladığımız keyfiyyətlər ilkin tələblər olsa da, əslində, hörmətli və nüfuzlu (əvvəlcə məktəbdə nüfuz qazanmalısan ki, cəmiyyətdə də nüfuzun olsun) əsl müəllim olmağın yolu elə həmin bünövrə tələblərindən keçir. Uşaqlara məhəbbət, peşəyə vurğunluq, öyrənmək eşqi, inkişaf meyli və zəhmətsevərlik olduqda dünənin gənc müəllimi, bir neçə il ərzində səriştəli, qabaqcıl müəllimə çevrilə bilər. Bəs, qabaqcıllığı şərtləndirən keyfiyyətlər hansılardır? Bu haqda da, yeri gəlmişkən, aşağıdakı mülahizələrimizi bildirmək istərdik:
Qabaqcıl müəllimə çevrilməyi şərtləndirən keyfiyyətlər
* Fənn üzrə nəzəri biliklərin əsasında şagirdlərə həyati bacarıqların aşılanmasına üstünlük verilməsi, fənnin imkanlarının şəxsiyyətin formalaşdırılmasında maksimum dərəcədə nəzərə alınması.
* Təlim standartlarının tələblərinin səmərəli tətbiqi ilə bağlı dərslərdə məqsədyönlü üsul və vasitələrin seçilməsi.
* Qarşıya qoyulmuş məqsədə görə hər bir dərsin şagirdlərin marağına uyğun modelləşdirilməsi.
* Biliyin kateqoriyaları (deklarativ, prosedural, kontekstual), onların hər birinin mahiyyəti barədə məlumatlı olması, fənnin məzmun standartlarını həmin kateqoriyalara uyğunluq baxımından təsnif edilə bilməsi.
* Ənənəvi kurikulum və qiymətləndirmə siyasəti ilə müasir kurikulum və qiymətləndirmə siyasətinin fərqli cəhətlərinin müqayisə olunması, bunlarla əlaqədar ümumi təhsil sistemində yaranmış yeni baxış və düşüncə tərzinin qiymətləndirilməsi.
* Məktəbdaxili müasir qiymətləndirmə növlərinin (diaqnostik, formativ, summativ) şagird nailiyyətlərinin qiymətləndirilməsində rolu və əhəmiyyəti, onların mahiyyətinin əsaslı şərh edilməsi, həmin qiymətləndirmə növlərinin təlim prosesində prioritetlik gözlənməklə eyni səviyyədə tətbiq olunması.
* Fənnindən asılı olmayaraq, şagirdlərdə nitq mədəniyyəti formalaşdırılmasının diqqətdə saxlanılması.
* İstedadlı şagirdlərin fənn olimpiadalarına hazırlanması.
* Gənc müəllimlərə pedaqoji himayə edilməsi.
* Fənnin tədrisi metodikası, proqram və dərsliklərlə bağlı qeyd və mülahizələrin bildirilməsi və s.
Qeyd olunan keyfiyyətlər, bacarıqlar müəyyən mənada müəllimin müsbət cəhətlərini, qabaqcıllıq meyillərini ifadə edirsə (bunlara əlavələr də etmək mümkündür), bu tələblərin yerinə yetirilməsinə həm də yaradıcı yanaşan müəllimlərin uğurları daha diqqətçəkən olur.
Yaradıcı yanaşma mövcud olana qeyri-standart münasibətdir, onu yeniləmək, inkişaf etdirmək marağıdır. Bunlarla bərabər, yaradıcı yanaşma həm də mövcud olanların arasından ən əhəmiyyətlisini seçmək, zəruri olanı fərqləndirmək, ümumi nəticəyə hansı amilin daha müsbət nəticə verəcəyini əvvəlcədən təxmin etmək qabiliyyətidir.
Məsələn, məktəbdaxili qiymətləndirmələrə nəzər salaq. Sirr deyil ki, əksər müəllimlər summativ qiymətləndirməyə daha çox diqqət ayırırlar. Halbuki şagirdin təhsil uğurunun açarı diaqnostik qiymətləndirmənin əlindədir (bu, ibtidai siniflərə xüsusilə şamil olunur). Şagirdin meyil-maraq dairəsini, psixologiyasını, fərdi xüsusiyyətini, qavrama səviyyəsini, təfəkkür istiqamətini öyrənmədən, üstün-zəif cəhətlərini bilmədən, hətta valideynləri, məişət şəraiti, ailəsindəki mənəvi mühit barədə məlumatlanmadan ona hər hansı şablon tələb, münasibət necə tətbiq etmək olar?! Məhz sadalananlar əsasında şagirdin “təhsil üzrə yol xəritəsi” müəyyən olunur, formativ qiymətləndirmə vasitəsi ilə geriləmələri-irəliləyişləri izlənir, nəticəyə görə inkişafı üçün müvafiq tədbirlər müəyyənləşdirilib həyata keçirilir. Öz peşəsinə bu cür yanaşan müəllim heç vaxt “bilmirsən” deyib şagirdə “2” qiymət yazmaz, “öyrətmək” missiyasını ləyaqətlə yerinə yetirər.
Yaxud, müəllimin təhsil texnologiyalarına (metod, üsul, vasitə və s.) yaradıcı münasibəti, onları yeni çalarlarla zənginləşdirməsi, dərslərin məqsədinə səmərəli uyğunlaşdırması bütövlükdə dərsin strukturuna fərqli yanaşma tərzi formalaşdırır, ümumiyyətlə, müəllimi təhsil texnologiyalarının təkmilləşdirilməsinin təminatçısına çevirir. Eləcə də, mənimsədilməsi nəzərdə tutulan bilik və bacarıqların mahiyyət saxlanmaqla şagirdlərin qavrama səviyyəsinə uyğun daha asan başa düşülən müxtəlif məzmunda təqdim edilməsi, dərslərin düşündürücü üstqurumda fəal müəllim-şagird əməkdaşlığı şəraitində qurulması peşəyə yaradıcı yanaşmanın təzahürlərindəndir. Həmçinin, bu da bir həqiqətdir ki, yaradıcılıq təkcə müəllimin daxili potensialı ilə məhdudlaşa bilməz. O, əlbəttə, metodik ədəbiyyatları mütaliə etməli, pedaqoji mətbuatı izləməli, öyrədici təlimlərə, layihələrə qoşulmalı, gördüklərini və eşitdiklərini təhlil etməyi, onlara tənqidi münasibət bəsləməyi və nəticə çıxarıb öz rəyini formalaşdırmağı bacarmalıdır. Yalnız bu yolla müəllim təkmilləşir, yeni-yeni ideyalar və onların tətbiqi haqda düşünür, təqdimatlar, nümunə və ustad dərsləri vasitəsi ilə təcrübəsini, düşüncələrini həmkarları ilə bölüşür.
Yeri gəlmişkən, çox uzun müddətdən bəridir ki, pedaqoji aləmdə belə bir anlayış mövcuddur: “Qabaqcıl təcrübə”. Əslində, “qabaqcıl” ifadəsini təcrübəylə deyil, müəllimlə bağlı işlətmək, fikrimizcə, daha məntiqlidir. Belə ki, müəllimin digərlərindən fərqlənən fəaliyyət üslubu, iş metodikası, ideya və təklifləri hər hansı bir eksperiment meydançasında təcrübədən, sınaqdan uğurla keçərsə, məhz həmin müəllim qabaqcıl, yaradıcı müəllim adlandırılır və onun iş metodlarının digər yerlərdə də öyrənilməsi və yayılması tövsiyə olunur. Bu mənada “təcrübə” sözünün təyini kimi “səmərəli” ifadəsini işlətmək daha yerinə düşər.
Sirr deyil ki, cəmiyyətdə müəllim “öyrədən”, şagird “öyrənən” anlamında qəbul edilir. Öyrətmə və öyrənmə prosesi o vaxt səmərə verir, baş tutur ki, bu iki təhsil subyekti arasında mənəvi-psixoloji uyğunluq, qarşılıqlı səmimiyyət yaranır, inzibati hədd aradan qaldırılır, müəllim şagirdin həmdəminə, dostuna çevrilir. Şagird öz xüsusiyyəti, potensial imkanları ilə özünə yanaşma tərzini, öhdəsindən gələ biləcək təhsil yükünü diktə edir. Bu amilləri qəbul edən və fəaliyyətini həmin istiqamətdə quran, heç bir şagirdi nəzərindən qaçırmayan, onları ruhlandırmaqla hər birində digərləri, hətta valideynləri üçün gizli qalan istedad və qabiliyyət rüşeymini tapıb inkişaf etdirməyə qabil olan müəllim, şübhəsiz ki, əsl müəllimdir.
PS. Bir sıra hallarda müəllimlərin tərkibinin “kişi-qadın” nisbəti informasiya vasitələrində müzakirə mövzusuna çevrilir, məktəblərdə kişi müəllimlərin azlıq təşkil etməsi səbəbindən şagirdlərdə (xüsusilə də oğlanlarda) güclü cinsə malik xüsusiyyətlərin, yəni, dözümlülük, iradəlilik, cəsurluq, mübarizlik kimi keyfiyyətlərin kifayət qədər formalaşmaması iddia olunur. Bu cür düşünənlər yəqin unudurlar ki, məktəb qarşısındakı vəzifələr bütün müəllimlər üçün eyni xarakterdədir və birinci, həm də 44 günlük İkinci Qarabağ müharibəsində həyatlarını vətən, torpaq uğrunda əsirgəməyən, misilsiz igidlik və rəşadət göstərən qəhrəman oğullarımızın məktəb müəllimlərinin əksəriyyətini məhz qadın müəllimlər təşkil etmişdir.
Aydın ƏHMƏDOV,
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim