Bakı Dövlət Universitetində (BDU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.

 

Əvvəlcə Azərbaycan Dövlət Televiziyasının hazırladığı “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”  sənədli filmi nümayiş olunub.
Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan tarixinə faciəli səhifələrdən biri kimi daxil olan mart soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlərdəndir. 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin törətdiyi bu vandalizm aktlarında dinc sakinlər məhz etnik və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirilib. Yüzlərlə şəhər və kəndimiz, milli memarlıq incilərimiz, məktəblər, xəstəxanalar, məscid və digər abidələrimiz dağıdılıb,  Bakının böyük bir hissəsi xarabalığa çevrilib. Mart qırğınlarında 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilib. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd dağıdılıb, əhalisi misli görünməmiş amansızlıqla öldürülüb.
Rektor qeyd edib ki, bu dəhşətli soyqırım aktına yalnız Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib.

 

Milli Məclisin üzvü Arzu Nağıyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, BDU-nun Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev, beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Ülkər İmaməliyeva, tarix fakültəsinin doktorantı Nərgiz Kərimova çıxış edərək, ermənilərin 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söz açıb, bu faciənin yaddaşlardan heç zaman silinməyəcəyini bildiriblər. Çıxışlarda erməni faşizmi, azərbaycanlılara qarşı törədilən terror aktları ilə bağlı məlumatların davamlı olaraq gənc nəslə və beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyi qeyd olunub.