Qəzetimizin əməkdaşı da qurumun mükafatlandırdığı təşkilat rəhbərləri arasında olub


Fevralın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı  Respublika Komitəsi (ATİAHİ) Rəyasət Heyətinin  2017-ci ilin yekunlarına həsr edilən genişləndirilmiş iclası keçirilib. Yığıncaqda  respublikanın müxtəlif  bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər.

İclasın gündəliyinin  müzakirəsi və tə

sdiqi ilə başlayan tədbirdə öncə ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Emil Rüstəmovun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarının 2017-ci ilin yekunları barədə arayışı dinlənilib. Şöbə müdiri həmçinin ATİAHİ Respublika Komitəsinin 2017-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə Rəyasət Heyətinin  qərarını oxuyub.

Sonra ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə  2017-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə hazırlanmış arayışı yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, vətəndaşların müraciətləri 2017-ci ildə diqqət mərkəzində saxlanılıb, ATİAHİ Respublika Komitəsinə və üzv təşkilatlara daxil olan ərizə, şikayət və müraciətlərə vaxtında baxılıb, vətəndaşları narahat edən məsələlər araşdırılıb. Bu proses “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılıb.

2017-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına və Respublika Komitəsinə  ittifaq üzvlərindən maddi yardım, həmkarlar ittifaqı orqanının işi, əmək hüquqlarının müdafiəsi, yollayışların alınması, müxtəlif sosial xarakterli məsələlər: müavinət, xəstəlik vərəqəsinə görə ödəniş, təqaüdün hesablanması, yataqxana ilə təminat  və digər məsələlərlə əlaqədar 62125 ərizə daxil olub ki, bunlardan 58053-ü müsbət həllini tapıb.

2016-cı illə müqayisədə ötən il daxil olan ərizələrin ümumi sayında azalma baş verib. Belə ki, keçən il bu rəqəm 76816 olub.

O da diqqətə çatdırılıb ki, 2017-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına  ittifaq üzvlərindən daxil olan 61489 ərizə və şikayətin 57657-si müsbət həll edilib. Müraciətlərin 41501-i maddi yardım, 15489-u sosial-iqtisadi məsələlər (yollayış, müavinət, yataqxana məsələləri və s.), 2861-i  həmkarlar  ittifaqı orqanının işi, 1638-i isə əmək hüquqlarının müdafiəsi ilə bağlı olub. Hazırlanmış arayışda daha sonra görülən işlərin statistik təhlili aparılıb.

ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri Mübariz Eyvazovun “2017-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi, həmçinin ittifaq üzvlərinin müalicə və istirahətinin təmin edilməsi sahəsində görülmüş işlər barədə  təqdim etdiyi məlumatlar müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev  müzakirə olunan hər bir məsələ barədə geniş danışıb. Qeyd olunanlarla bağlı fikir və təkliflərini bildirən millət vəkili  HİK sədrlərinin  fəaliyyətlərində  diqqət yetirməsi zəruri olan bir sıra məsələlərə də toxunub, bununla bağlı tövsiyələrini verib.

ATİAHİ Respublika Komitəsinin fəaliyyət istiqamətlərindən danışan sədr  təhsil sahəsində çalışanların istər iqtisadi, sosial rifahının yaxşılaşdırılması, təhsil müəssisələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sağlam, təhlükəsiz  təhsil və iş şəraitinin yaradılması, istərsə də onların asudə vaxtlarının səmərəli təşkilinin  bu qurumun diqqət ayırdığı ən başlıca məsələlərdən olduğunu bildirib. Qeyd olunub ki,  Respublika Komitəsi öz fəaliyyətində tələbə gənclərlə aparılan işlərə də  xüsusi önəm verir.

S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən təhsilimizin inkişafı, təhsil sahəsində çalışanların hüquq və mənafelərinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirildiyini deyərək rəhbərlik etdiyi qurumla  Təhsil Nazirliyi arasında qurulmuş işgüzar əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən geniş söz açıb.

Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verdiyini, bu insanların əməyini layiqincə qiymətləndirdiyini məmnunluq hissi ilə vurğulayıb.

Konfederasiya sədri hazırda 1,5 milyona yaxın üzvü birləşdirən və Azərbaycanda ən böyük ictimai təşkilat olan AHİK-in V qurultayı və Konfederasiyanın 25 illik yubileyi ərəfəsində ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün  fəxri adlarla təltif olunduğunu  söyləyib.

Azərbaycan Prezidenti tərəfindən təltif olunanların sayının  ümumilikdə 344-ə çatdığını deyən sədr bu yüksək diqqətə görə  AHİK-in üzvləri adından  ölkə başçısına bir daha təşəkkür edib.

Millət vəkili ATİAHİ Respublika Komitəsinin həmkarlar ittifaqları fəallarının fəaliyyətini hər zaman diqqətdə saxladığını bildirib və onlardan bir qrupunun bu gün mükafatlandırılacağını qeyd edib.

Sonra paytaxt, eləcə də respublikanın müxtəlif bölgələrindən olan bir qrup  müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə medal və fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru, redaksiya Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Hüseyn qızı Kərimova da həmkarlar ittifaqındakı  xidmətlərinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 25 illiyi münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif edilib. 

Həmkarımızı bu münasibətlə təbrik edir, ona fəaliyyətində  daha böyük uğurlar  arzulayırıq.

 

Yusif  ƏLİYEV