Həmkarlar İttifaqı ötən ilin yekunlarını müzakirə etdi | |
Fevralın 28-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) Rəyasət Heyətinin 2017-ci ilin yekunlarına həsr edilən genişləndirilmiş iclası keçirilib. Yığıncaqda respublikanın müxtəlif bölgələrinin, eləcə də paytaxt rayonlarının TİAHİ komitələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrləri iştirak ediblər. İclasın gündəliyinin müzakirəsi və tə sdiqi ilə başlayan tədbirdə öncə ATİAHİ Respublika Komitəsinin şöbə müdiri Emil Rüstəmovun Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarının 2017-ci ilin yekunları barədə arayışı dinlənilib. Şöbə müdiri həmçinin ATİAHİ Respublika Komitəsinin 2017-ci ilə dair ümumi illik statistik hesabatının təsdiqi barədə Rəyasət Heyətinin qərarını oxuyub. Sonra ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə 2017-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə hazırlanmış arayışı yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.
2017-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına və Respublika Komitəsinə ittifaq üzvlərindən maddi yardım, həmkarlar ittifaqı orqanının işi, əmək hüquqlarının müdafiəsi, yollayışların alınması, müxtəlif sosial xarakterli məsələlər: müavinət, xəstəlik vərəqəsinə görə ödəniş, təqaüdün hesablanması, yataqxana ilə təminat və digər məsələlərlə əlaqədar 62125 ərizə daxil olub ki, bunlardan 58053-ü müsbət həllini tapıb. 2016-cı illə müqayisədə ötən il daxil olan ərizələrin ümumi sayında azalma baş verib. Belə ki, keçən il bu rəqəm 76816 olub. O da diqqətə çatdırılıb ki, 2017-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına ittifaq üzvlərindən daxil olan 61489 ərizə və şikayətin 57657-si müsbət həll edilib. Müraciətlərin 41501-i maddi yardım, 15489-u sosial-iqtisadi məsələlər (yollayış, müavinət, yataqxana məsələləri və s.), 2861-i həmkarlar ittifaqı orqanının işi, 1638-i isə əmək hüquqlarının müdafiəsi ilə bağlı olub. Hazırlanmış arayışda daha sonra görülən işlərin statistik təhlili aparılıb. ATİAHİ Respublika Komitəsinin katibi, şöbə müdiri Mübariz Eyvazovun “2017-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi, həmçinin ittifaq üzvlərinin müalicə və istirahətinin təmin edilməsi sahəsində görülmüş işlər barədə təqdim etdiyi məlumatlar müzakirə olunaraq müvafiq qərar qəbul edilib. İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev müzakirə olunan hər bir məsələ barədə geniş danışıb. Qeyd olunanlarla bağlı fikir və təkliflərini bildirən millət vəkili HİK sədrlərinin fəaliyyətlərində diqqət yetirməsi zəruri olan bir sıra məsələlərə də toxunub, bununla bağlı tövsiyələrini verib. ATİAHİ Respublika Komitəsinin fəaliyyət istiqamətlərindən danışan sədr təhsil sahəsində çalışanların istər iqtisadi, sosial rifahının yaxşılaşdırılması, təhsil müəssisələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sağlam, təhlükəsiz təhsil və iş şəraitinin yaradılması, istərsə də onların asudə vaxtlarının səmərəli təşkilinin bu qurumun diqqət ayırdığı ən başlıca məsələlərdən olduğunu bildirib. Qeyd olunub ki, Respublika Komitəsi öz fəaliyyətində tələbə gənclərlə aparılan işlərə də xüsusi önəm verir. S.Möhbalıyev ATİAHİ Respublika Komitəsi tərəfindən təhsilimizin inkişafı, təhsil sahəsində çalışanların hüquq və mənafelərinin təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirildiyini deyərək rəhbərlik etdiyi qurumla Təhsil Nazirliyi arasında qurulmuş işgüzar əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən geniş söz açıb. Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verdiyini, bu insanların əməyini layiqincə qiymətləndirdiyini məmnunluq hissi ilə vurğulayıb.
Azərbaycan Prezidenti tərəfindən təltif olunanların sayının ümumilikdə 344-ə çatdığını deyən sədr bu yüksək diqqətə görə AHİK-in üzvləri adından ölkə başçısına bir daha təşəkkür edib. Millət vəkili ATİAHİ Respublika Komitəsinin həmkarlar ittifaqları fəallarının fəaliyyətini hər zaman diqqətdə saxladığını bildirib və onlardan bir qrupunun bu gün mükafatlandırılacağını qeyd edib. Sonra paytaxt, eləcə də respublikanın müxtəlif bölgələrindən olan bir qrup müəllim və tələbə həmkarlar ittifaqı təşkilatlarının sədrlərinə medal və fəxri fərmanlar təqdim edilib. Qeyd edək ki, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru, redaksiya Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Hüseyn qızı Kərimova da həmkarlar ittifaqındakı xidmətlərinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 25 illiyi münasibətilə təsis olunmuş yubiley medalı ilə təltif edilib. Həmkarımızı bu münasibətlə təbrik edir, ona fəaliyyətində daha böyük uğurlar arzulayırıq.
Yusif ƏLİYEV |
|
02.03.2018 | 14:30 | |
|
|
|