Ürəklərdə abidəsi ucaldılan DAHİ


Türkiyənin Adana şəhərində “Kitab anımı”nı ehtiva edən bir  abidə ucaldılıb. Abidədə  XX əsrin dahi şəxsiyyətlərinin adları var. Dühası geniş, “İstiqlal” ordenli xalq şairi Bəxtiyar Vahabzadənin adı bu abidədə 6-cıdır.

 

Abidənin postamentində  Mustafa Kamal Atatürkün məşhur bir kəlamı həkk olunub: “Mən uşaq ikən fəqir idim. İki quruş əlimə düşüncə, onun bir quruşunu kitaba verirdim. Əgər belə etməsəydim, istədiklərimin heç birini edə bilməzdim”.

 

Azərbaycan poeziya məbədinin ucaldılmasında danılmaz rolu olan,dünya ədəbiyyatının xəzinəsinə özünəməxsus  töhfələr verən İstiqlal şairi Bəxtiyar Vahabzadə cəsarətli  qələm və kəlam sahibidir.Bəxtiyar Vahabzadə lirikasının mövzu genişliyi və rəngarəngliyi onun böyük mütaliəsindən ,İlahi fəhmindən xəbər verir.O,hansı mövzuda yazırsa yazsın,orada vətəndaşlıq və vətənpərvərlik, millilik, türkçülük və turançılıq,böyük şairin ölçüsüz istedadının təcəllası, müdrik yaradıcılığının ehtişamı var.

 

Bəxtiyarın yaradıcılığı ilə tanış olan oxucu özünü rahat hiss edir,ürəkdən gələn fəlsəfi sətirlərdə öz dünyasını tapa,həyacanına sahib çıxa bilir.

 

Qırğızıstan respublikasının həmişəyaşar şairi Çingiz Aytmatov Bəxtiyar Vahabzadənin poetik fikirlərinə yaxşı bələd olduğu üçün yazır: “Bəxtiyar poeziyasında lirizmlə vətəndaşlğın vəhdəti ayrılmaz qoşa simlərdir”. Bəli, bu qoşa simlər səsləndikcə haray qoparır,onun erudisiyalı dünyagörüşünə şəhadət verir.

 

Bəxtiyar Vahabzadə lirikasının vurğunu olan,sonralar İslam dinini qəbul edən Ahmed Şmide (Hanspeter Şmide) şairin “Ana dili”şeirinin alman dilində tərcüməsini oxuyandan sonra  onu Vətən və ana dilinin mücahidi kimi qəbul edir. O, “Mən Vətənə və dilimə olan məhəbbətimi Bəxtiyarın “Ana dili”şeirini oxuyandan sonra anladım!” - qənaətinə gəlir.

 

Bu canlı abidə Bəxtiyar yaradıcılığının unikal lirikasıdır deyərdim!

 

Dil açanda ilk dəfə, ana söyləyirik biz.

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Bu dil bizim ruhumuz,

Eşqimiz, amalımızdır,

Bu dil bir-birimizlə

Əhdi-peymanımızdır...

 

1967-ci ildə Kasablankada qələmə aldığı “Latın dili” şeiri də həssas məsələ tək göz bəbəyi kimi qorunmasını hamıya tövsiyə edir. Amma bu dildə “ana”, “vətən”, “torpaq” deyən olmasa da, yenə  yaşayır. Şair bu dili Azərbaycan dili ilə müqayisə edir. “Vətən ola-ola dilimiz niyə korlanıb?” - deyir. Mütəşabeh fikirə baxın, əziz oxucular!

 

İndi söylə,

Hansı dilə ölü deyək:

Vətən varkən, Millət varkən,

Kiçik, yoxsul komalarda

Dustaq olan bir diləmi?..

 

Sovet dönəmində  ədəbi davranışla bir araya sığmayan belə ifadələri yalnız Bəxtiyar olan şairlər - Bəxtiyar Vahabzadə yaza bilərdi.

 

Bəxtiyar Vahabzadə coğrafiyası geniş  lirikası ilə həmişə oxucularının nəbzini tuta bilib.Əslində bu bacarıq və qabiliyyət şairin liderliyə xas böyük xarizmasından xəbər verir.Müasir alman ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri Günter Qrass özünün Nobel nitqində belə bir sitat gətirir: “Zati Aliləri! Osventsimdən (Polşada  kiçik şəhər adıdır. İkinçi dünya müharibəsində alman nasistlərinin nəzarətində olub.Nasistlərin amansızlığını nəzərdə tutur.Osventsum düşərgəsindəki yəhudilərin demək olar ki, hamısı - 600 min adam amansızcasına məhv edilib. Çox təəssüf ki, dünyada belə böigələr çoxdur. Nasistlik indi müasirləşib, başqa şineldə missiyasını davam etdirir) sonra şeir yazmaq barbarlıqdır. Bu həm də, onu deməyə əsas verir ki, şeir yazmaq bu gün çox çətindir”.

 

Qənaətimə görə Bəxtiyarın dövründə yaşayıb yaradan nəslin yaradıcılığında bir güc varıydı, partlayışa və şimşəyə bənzər bir güc. Zamanın böyüdücü  şüşəsi altında o güc səlnamədə Nobel mükafatının bünövrəsini qoyan dinamitin kəşfinə bənzər və böyük görünür... Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Əli Kərim, Nəriman Həsənzadə, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd Araz, Vahid Əziz və  başqaları o səhnədə şəfəqli simada görünürlər.

 

Bəxtiyar Vahabzadənin özünəməxsus  yaradıcılığı  dünya yazarlarının ponaptikumunda (Qədimdə mumdan hazırlanmış heykəllər və əntiq əşyalar mezeyi)  artıq əbədiləşmişdir.

 

Çingiz Aytmatovun fikrinə hörmətlə yanaşaraq - “Keçmişə  və ötüb keçənlərə görə əzab çəkib, ona bu günün gözüylə baxmaq Bəxtiyar Vahabzadənin mövzu dairəsinin genişliyindən, fəlsəfəsindən və bir az da mürəkkəbliyindən xəbər verir” .

 

Çeytanlar milləti qorxuda bildi,

Doğru danışanı asdılar dardan.

Qızıl saraylarda fərman verildi,

Tarix gəlib keçdi ac komalardan...

 “Topqapı sarayı”

 

Haqlı Tarix çoxdan ötüb və keçib. İndi nə haqlılar var,nə də haqsızlar... Haqlı danışan şair Bəxtiyar Vahabzadə bu günün gözüylə qopqoca tarixi  poetik dili ilə mühakimə edir. Oxucunu inandırır ki, bu günümüzün taleyi keçmişimizdən asılıdır...

 

Kitab rəfimdə Ulu şairin seçilmiş əsərləri var.1999-cu ildə çapdan çıxmış “İstiqlal” əsəri şairin öz dəsti-xətti ilə mənə ərməğan  edilib. “Qeyrət, təmizlik, təvazökarlıq nümunəsi əzizim Şəmsəddin üçün. B.Vahabzadə 26.03.2003”. Ruhuna Aləmlərin Rəbbi məlhəm çiləsin!

 

Ulu şair üçün “Azadlıq”heç vaxt  bir rəngdə olmayıb. O, “Azadlıq var özgəsinə yamaq kimidir, azadlıq da var, qollarda qandala bənzər-deyir. Şair azadlığı ali dəyərlər sırasında görür. İnsan azadlığı olmayan məmləkətlərdə fəlakətlər baş verər, beyinlər kütləşər, həqiqət riyakar, ədalət boyaya çevriləcək” - fikrində qalır.

 

Azadlıq!

Azadlıq əldən getdimi... 

Gedər ağızlardan dad da, ləzzət də

Ağıl da, ürək də gülər arzuya.

Azadlıq olmayan bir məmləkətdə.

Həqiqət bir riya, ədalət boya...

Azadlıq olmayan bir məmləkətdə

Düz əyri adlanar, əyri düz olar....

“Azadlıq alınar, yaddan umulmaz”

 

- deyir şair.

 

Bu sətirləri yazdıqca  1989-cu ilin mitinqləri kino pərdəsi kimi gözlərimin önündə canlanır. Mən onda polis sıralarında xidmətdə idim. Hökumət evinin qarşısındakı meydana toplaşan  milyonlarla vətənsevərlərin əllərində Bəxtiyar Vahabzadə meydana gətirilirdi... Biz, bu unudulmaz seyrangahı seyr etdikcə qürrələnərdik ki, millətimizin belə bir oğlu var.

 

Şərəfdir ölmək də azadlıq üçün,

Bu məslək dəyməzmi bütün dinlərə?

Deyirəm eşq olsun  dünən və bu gün,

Azadlıq yolunda can verənlərə!...

Ruhu bir daha şad olsun!

Şair bundan artıq sözünü necə ifadə etməliydi?

 

Heç kimin şübhəsi yoxdur ki, Bəxtiyar Vahabzadə yaşasaydı, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə bağlı daşı dəlib keçəcək poetik sətirlərinin də şahidi olardıq. Eşq olsun Vətən yolunda canını fəda edənlərə! Döyüşdə və qələbədə xidməti olanları Allah qorusun!

 

Rusiyanın tanınmış şairi K.Simonov Bəxtiyarı “Müstəsna istedada malik və qeyri-adi şair”, Türkiyənin nüfuzlu şairi Yavuz Bülənd “Azərbaycanın dərdlərini hayqıran şairi”adlandırmışlar.

 

...İnsan, insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə

Torpağın bağrına cəsədləriylə

Azadlıq tumunu əkdi şəhidlər...

 “Şəhidlər”

 

Bəxtiyar Vahabzadənin yaradıcılığı təkrarolunmaz hadisələrlə zəngindir. Onun poetik meydanında ardıcıllıq olduğundan oxucunun ekstessi baş vermir,yəni oxucu mütaliə niyyətindən-qarşısında olan kitabı oxumadan  kənara çəkilə bilmir.

 

Məşhur İngilis yazıçısı və dramaturqu, Nobel mükafatına layiq görülən Con Qolsiorsi zamanında dini ehkamlara qarşı barışmaz mövqedə olduğuna görə keşişlər onu qəbul etmirdi. 1933-cü ildə laureat dünyasını dəyişəndən sonra keşişlərin əlinə fürsət düşdü. İngiltərə yazıçılar cəmiyyəti Qolsiorsini Vestminser qıbristanlığında dəfn olunması ilə bağlı müvafiq qərar versə də, keşiş bu təklifi rədd edir. Nə yaxşı ki,şairin “Mənim külümü səpin...” şeiri varıymış, Gediş-gəliş yoldan kənar bir təpədən şairin külünü səpib vəsiyyətinə əməl edilir. Şairin qəbri yer üzündə qalmasa da, qəlbə hopan əsərləri və əməlləri yaşayır və yaşayacaq...

 

Taleyə baxın!

 

Yazıçının uzaqgörənliyinə heyrətlənməmək olmur.Onun nə vaxtsa yazdığı “Alma çiçəkləri” povestində sevgilisinin aldatdığı qızın özünü çaya atıb intihar etməsi şairə nəcib bir mövzu bəxş etmiş,nəticədə ”Mənim külümü səpin...” canlı bir əsər ərsəyə gəlmişdi. Kilsə həmin nakam xanımı da qəbristanlıqda dəfn etməyə icazə vermədiyindən yandırıb külünü səpmişdilər...

 

İnsanı yaşadan unudulmayan əməlləridir. İnsanların ürəyində dəfn olunub,abidələri ucaldılanlar həmişəyaşar və pakdırlar, onlar müqəddəs qələm sahibləridir. Xoş hallarına. Belə uca zirvələrdə uyuyan sənətkarların heç bir titula ehtiyacı olmur.

 

Siyasi burulğanlardan şərəflə və üzü ağ çıxan Azərbaycan xalqının BƏXTİYAR şairi Bəxtiyar Vahabzadə ürəklərdə abidəsi ucaldılan həmişəyaşar sənətkarlardandır...

 

Şəmsəddin ƏLİYEV,

AYB-nin üzvü, hüquqşünas-publisist