Ermənistan ərazisindəki toponimlərin mənşəcə türklərə məxsus olduğu danılmaz həqiqətdir. SSRİ-nin süqutu və Ermənistan Respublikasının müstəqilliyinin elan edilməsindən sonrakı mərhələdə də Ermənistan dövləti tarixi adlar və toponimlərin saxtalaşdırılmasını  dövlət səviyyəsində həyata keçirib. Azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiya edildiyi Ermənistanda əksər türkmənşəli toponimlər və oykonimlər dəyişdirilib, erməni dilində adlandırılıb.

 

Ümumiyyətlə, Azərbaycanda toponimlərin dəyişdirilməsi prosesinə həm güneydə, həm quzeydə daha çox XIX-XX əsrlərdə rast gəlinir. Xüsusilə də Ermənistan və Gürcüstan ərazilərində qalan torpaqlarda. Azərbaycanın güneyində də həmin proses gedir. Əvvəl Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanlıqları, daha sonra, Ərdəbil, Həmədan və s. ayırdılar ki, Azərbaycan kiçilsin. Eyni proses çar Rusiyasının işğalı dövründə Azərbaycanın şimalında da  baş verib. Bütün olanlar II Dünya müharibəsindən sonra ermənilərin bizim torpaqlarımıza köçürülməsi nəticəsində baş verdi.

 

Elmə yaxşı məlumdur ki, ermənilər Cənubi Qafqazın aborigen əhalisi deyil. Tarixi həqiqət bundan ibarətdir ki, onlar Cənubi Qafqaza gəlmə etnosdur. Bunu ilk mənbələrə əsaslanan  tədqiqatlar çoxdan sübut edib. Ermənilərin əcdadları hesab olunan tayfalar təqribən eramızdan əvvəl I minilliyin ortalarında  Fərat çayının yuxarılarında peyda olmuşlar. Onlar bura Balkan yarımadasından köçüb gəlmişlər. Azərbaycan xalqının ulu babaları  hələ ermənilərin Asiyada peyda olmasından çox-çox əvvəllər Cənubi Qafqaz da daxil olmaqla,  böyük bir regionda yüksək mədəniyyət formalaşdırmış, Arazdan cənubda  Manna və Atropatena, şimalda isə qüdrətli Albaniya dövlətini yaratmışlar. Azərbaycan Albaniya dövləti Araz çayından şimaldakı bütün Azərbaycan torpaqlarını, o cümlədən tarixi Qarabağ da daxil olmaqla, Araz və Kür çayları arasındakı ərazini əhatə edirdi. Belə ki, 1918-ci ilədək  Cənubi Qafqaz ərazisində heç bir erməni dövləti olmamışdır. Tarixi reallıq və ilk mənbələrin təsdiq etdiyi həqiqət belədir! Bu gün Cənubi Qafqazda başlıca gərginlik ocağı olan erməni dövlətinin yaradılması ideyasının əsası lap yaxın dövrdə - XIX əsrin əvvəllərində  Rusiya imperiyasının regionu ələ keçirmək  məqsədilə İran və Türkiyəyə qarşı  apardığı işğalçılıq müharibələri dövründə qoyulmuşdur. “Erməni vilayəti”nin yaradılmasından sonra əzəli Azərbaycan torpaqlarının bura Çar Rusiyası tərəfindən köçürülüb gətirilmiş ermənilər tərəfindən etnik təmizlənməsi dövrü başlandı. Azərbaycan xalqını öz ata-baba torpaqlarından məhrum etmək məqsədilə ona qarşı saysız-hesabsız deportasiyalar və soyqırımları həyata keçirildi. Nəticədə Azərbaycan torpaqlarında kütləvi surətdə ermənilər məskunlaşdırıldı. Beləliklə, Cənubi Qafqazda tarixdə ilk dəfə olaraq Azərbaycan torpaqları hesabına erməni dövləti yaradıldı.

 

Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953, 1988- ci illərdə çoxsaylı soyqırımları və deportasiyalar həyata keçirmiş erməni millətçiləri, eyni zamanda, minlərlə tarixi abidəni, nadir maddi və mənəvi mədəniyyət əsərlərini, məscidləri, minarələri, qəbiristanlıqları yerlə-yeksan etmiş, tarixi adlara qarşı da soyqırımı törətmişlər. Erməni millətçilərinin indiki Ermənistan (tarixi Qərbi Azərbaycan)  ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində on minlərə tarixi adı dəyişdirilərək erməniləşdirilmişdir. Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin  dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə Ermənistan Respublikası hökümətinin qərarı ilə başlanılmışdır. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 1935-ci ilədək  orada 190-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adları dəyişdirilmişdir. Ermənistan tərəfindən işğal edilmiş  Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsinin adı dəyişdirilərək erməniləşdirilib. Ermənilər bununla yanaşı, tarixi Azərbaycan ərazisində olan 112 hidronimləri dəyişdirərək erməniləşdiriblər. Ümumilikdə  isə ermənilər qədim dövrdən indiyədək Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 500-ə yaxın yaşayış məntəqəsinin adını dəyişdiriblər: Ermənilər Azərbaycan toponimlərinə sanki hücum ediblər. Hazırda  Ordubad rayonunda olan Nəsirvaz kəndinin qədim erməni kəndi olduğunu iddia edirlər. Lakin 1847-ci ildə ruslar tərəfindən Tiflisdə Əlahiddə Qafqaz korpusunun Baş qərargahında  1:420 000 miqyasında “Kaвказскаго края”adlı xəritə hazırlanmışdır ki, həmin xəritədə  bu kəndin adı açıq-aydın  Nəsirabad yazılmışdır. “Qafqaz 1903-cü il” xəritəsində qədim Azərbaycan adları  Karvansaray (Razdan), Yeni Bəyazid (Kəvər), Sərdərabad (Armavir), Qəmərli (Artaşat), Molla Dursun (Şaumyan), Aşağı Qaranlıq (Martuni), Basarkeçər (Vardenis), Soylan (Vayk), Gözəldərə (Vanadzor), Hamamlı (Spitak), Dərəçiçək (Saxkadzor) və s. aydın göstərilib.

 

Bəli, hər sahədə Ermənistanın  işğalçılıq siyasəti, təcavüzkarlığı aydın görünür. İşğal etdikləri Dağlıq Qarabağ və ətarfında olan rayon, kəndlərimizə görün, nə adlar veriblər. Ermənistanın “xəritələrində” Kəlbəcər rayonunu “Karvaçar”, Laçın rayonunu “Berdzor”, Cəbrayıl rayonunu “Djrakan”, Zəngilan rayonunu “Kovsakan”, Qubadlı rayonunu “Snasar”, Ağdərə bölgəsini “Mardakert”, Şuşanı “Şuşi”, Xankəndini “Stepanakert”, Füzuli rayonunu “ Varanda”, Xocavənd rayonunu “ Martuni”, Ağdam rayonunu “Akna”, Xocalını “İvanyan” kimi qeyd ediblər.

 

Bu gün Azərbaycan xalqı sevinc içindədir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və rəhbərliyi ilə Müzəffər Ordumuz doğma torpaqlarımızı erməni vandallarının əsarətindən azad etdi.

 

Ermənilərin tarixi yurd yerlərimizə verdikləri eybəcər adlar özləri kimi cəhənnəmə vasil oldu! Berdzor yox Laçın, Şuşi yox Şuşa, Karvaçar yox Kəlbəcər, İvanyan yox Xocalı, Martuni yox Xocavənd, Mardaket yox Ağdərə, Akna yox Ağdam, Jirakan yox Cəbrayıl, Varanda yox Füzuli, Sanasar yox Qubadlı, Kavsakan yox Zəngilan, Stepanakert yox Xankəndi... Bu gün bütün dünya bilir ki, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Vüsalə SADIQOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin coğrafiya müəllimi