Çox hörmətli Asif Baxış oğlu Cahangirov!

 

Siz ömrünüzün ilk illərindən ta bu günə qədər 70 ilin tale yükünü daşıya-daşıya gəlmisiniz. Bu möhtəşəm yüksəklikdən Sizin uğurla davam edən bənzərsiz və təkrarsız həyat yolunuz görünür. Bu həyat yolunda nəzərə çarpan və diqqəti cəlb edən hadisələrin ardıcıllığı sadəcə tarixcə deyil, ilahinin Sizin kimi bir insana bağışladığı tale kitabıdır. Onun hər səhifəsində bir yazı var. O yazıların hər birində Siz varsınız. Siz o yazılarla zamanın tale kitabını bütün şəxsiyyətinizlə, mənəviyyatınızla, fəaliyyətinizlə, münasibətlərinizlə bəzəyirsiniz.

 

Siz Azərbaycanın dilbər guşələrindən biri olan Qarabağda doğulmusunuz. Həmişə azərbaycanlılığınızla, bəy nəslindən olmağınızla qürur hissi keçirirsiniz. Həm də XVIII əsrdən bu günə qədər davam edən bir şəcərənin davamçısı kimi yüksək əxlaq və mənəviyyat missiyasını daşıyırsınız.

 

Siz bu yüksəkliyi pillə-pillə qazanmısınız. Xankəndində başlayan orta təhsil illərini Sumqayıtda qızıl medalla başa vurmusunuz. Eləcə də Bakı Dövlət Universitetinin kimya fakültəsini uğurla başa çatdırmısınız. Kimyaçı və kimya müəllimi ixtisaslarına yiyələnmisiniz. Respublikamızda peşəkar təhsil işçisi kimi tanınan və uzun illər DQMV Təhsil Şöbəsinin rəhbərlərindən biri olmuş mərhum atanız Baxış müəllimin “Harda işləyirsənsə, həmişə işini sev və onun ustası ol” fikirlərini həyat prinsipinə çevirmisiniz. Orta məktəbdə müəllim, dərs hissə müdiri, direktor, təhsil şöbəsində müdir, Təhsil Nazirliyində bölmə müdiri, idarə rəisi, eləcə də Bakı Şəhər Təhsil İdarəsində və Dünya Bankının ofisində rəhbər vəzifələrdə çalışanda  da, son vaxtlar  Avropa-Azərbaycan Cəmiyyətində təhsil məsələləri üzrə müşavir işlədiyiniz müddətdə də o sözləri unutmamısınız, həyat prinsipinə çevirmisiniz. Düşünmək, yaratmaq fəaliyyətin yaraşığına çevrilir deyirlər. Həmişə düşüncələrinizdə, addımlarınızda qətiyyətli və inamlı olmusunuz.

 

Hələ müəllimlik fəaliyyətinə başladığınız 70-ci illərin əvvəllərində həm innovativ ideyalarınızla, həm də qabaqcıl pedaqoq kimi təcrübənizlə təhsil ictimaiyyətinin diqqətini cəlb etmisiniz. Eyni zamanda təlim prosesində şagirdlərin müstəqil düşünmə, təhliletmə, ümumiləşdirmə, aparıcı ideyanı müəyyən etmə və sair bacarıqların formalaşdırılması barədə fikirlərinizlə maraq doğurmusunuz. Bir kimya müəllimi kimi şagirdlərin məntiqi və tənqidi təfəkkürünü formalaşdırmaqla onların idrak fəalliğını inkişaf etdirməyi dərslərinizin amalına çevirmisiniz. Bu gün geniş miqyasda yayılmaqda olan fəal  dərsin ilkin nümunələrini yaratmısınız. Bu təcrübəniz o dövrdə nə qədər qeyri-ənənəvi olsa da, öz zamanın tanınmış alim-pedaqoqu, SSRİ  Pedaqoji  Elmlər Akademiyasının akademiki Y.V.Xodakovun marağına səbəb olub. O, müəllifi olduğu “Prosveşeniya” (Moskva) nəşriyyatında 1976-cı ildə çapdan çıxmış “Prepodavanie neorqaniçeskoy ximii  7-8 klassax” və 1980-ci ildə nəşr olunmuş “Prepodavanie neorqaniçeskoy ximii v sredney şkole”  adlı metodik vəsaitlərində Sizin təcrübənizə istinad edib. Heç şübhəsiz, bu gün hər kəs gənc bir müəllimin iş təcrübəsinin keşmiş SSRİ kimi böyük bir ölkə miqyasında bəyənilərək dərsliklərə salınmasının dəyərini aydın təsəvvür edə bilər.

 

Siz həm Sumqayıt, həm də Bakı şəhərinin təhsil idarələrində, eləcə də Azərbaycan Respublikası Maarif Nazirliyində rəhbər vəzifələrdə çalışdığınız dövrlərdə daim yeniliyə can atmaqla daha mütərəqqi təhsil texnologiyalarının, səmərəli forma, metod və vasitələrin, eləcə də idarəetmə mexanizmlərinin yaradılmasına, onlardan istifadə olunmasına təşəbbüs görtərmisiniz. Belə ki, vaxtı ilə rayon və şəhərlərdə işə düzəlmək istəyən müəllimlərin qeydiyyata alınması ilə bağlı təklif vermisiniz. Həmin təklif qəbul olunmuş, keçmiş SSRİ-də ilk dəfə olaraq müəllimlərin müsabiqə yolu ilə qəbuluna başlanılmışdır. Yaxud  Sizin rəhbərliyinizlə 1987-1991-ci illərdə Bakıda təhsil prosesinin psixoloji təminatı üzrə xüsusi sistem yaradılmış və respublikada ilk məktəb psixoloqları 1990-1991-ci tədris ilində keçmiş Bakı Pedaqoji Kadrların İxtisasartırma İnstitutunda hazırlanmış və birinci olaraq 1991-ci ilin sentyabrından Bakının 20-dən çox məktəbində psixoloji xidmət üzrə fəaliyyətə başlanılmışdır.

 

Eləcə də  Sizin dəstəyinizlə 1989-cu ildə Bakının 178 nömrəli məktəbində təbiət elmləri fakültəsi yaradılmışdır. “Ekologiya” fənninin proqramı innovativ layihə kimi hazırlanmış, sonralar Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Əslində bu təşəbbüs hazırda daha geniş miqyasda yayılan və qlobal təhsil hadisəsinə çevrilən inteqrasiya ilə bağlı çox məsuliyyətli və uğurlu bir addım idi. Eyni zamanda dünya təhsilinin inkişaf tendensiyalarına istinad edərək Azərbaycan təhsilinin  gələcək perspektivlərinə töhfə vermək üçün uğurlu təşəbbüs idi.

 

Bundan əlavə, Sizin təşəbbüsünüzlə 1989-cü ildə Bakı Yaradıcı Müəllimlər İttifaqı təsis olunmuş, onun vasitəsilə bir sıra uğurlu lahiyələr həyata keçirilmişdir. Ümumiyyətlə, Sizin tətbiq etdiyiniz idarəetmə modelində qabaqcıl təcrübənin öyrənilməsi və yayılmasına, müəllim və rəhbər təhsil işçilərinin yaradıcı fəaliyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilirdi. Təhsilin təkmilləşdirilməsi məqsədilə Bakıya tanınmış alim-pedaqoqlar, novator müəllimlər, xarici təhsil ekspertləri dəvət olunur, onlarla görüşlər keçirilir, mühazirələr, tematik kurslar, interaktiv mühitdə qarşılıqlı təcrübə mübadilələri təşkil edilirdi.

 

Azərbaycanda 1999-cu ildən başlayan təhsil islahatları ölkəmizin təhsil tarixində xüsusi bir mərhələni təşkil edir. Bu mərhələ Azərbaycan təhsilinin nəticəyönümlü bir xarakter alması, standart və kurikulumların yaradılması, yeni texnologiya və strategiyaların meydana gəlməsi ilə fərqlənir. Siz hələ Bakı Şəhər Təhsil İdarəsində rəis vəzifəsində çalışarkən, 2001-ci ildə paralel olaraq Dünya Bankının təhsil sahəsində Layihənin İdarəolunması Qrupunun rəhbərliyinə cəlb olunmusunuz. Direktor kimi işlədiyiniz dövrdə ölkəmizin təhsil sahəsindəki islahatçılıq fəaliyyətinə dəstək olan tədbirlər həyata keçirmisiniz. Bu müddətdə Azərbaycan təhsilinin bütün sahələrində vəziyyəti, eləcə də perspektivləri müəyyən etmək üçün Hitendra Piley, Pol Templ, Piter Koul, Fredrik Qolladey, Ksu Di, Rob  MkBrayd, Endi Smart, Söner Yıldırım kimi dünyada məşhur olan təhsil üzrə beynəlxalq məsləhətçilərin cəlb olunmasına nail olmusunuz. İşlədiyiniz 2001-2004-cü illərdə təhsil islahatının həyata keçirilməsi vəziyyəti Dünya Bankının audit qrupu (bu qrupa dünyada tanınmış fin pedaqoqu, təhsilşünas, təhsil üzrə beynəlxalq məsləhətçi Pasi Salber rəhbərlik edirdi) tərəfindən aparılmış və “çox qənaətbəxş” qiymətləndirilmişdir. Məlum olduğu kimi, “Çox qənaətbəxş” (“Highly satisfactory”) Dünya Bankının qiymətləndirmə şkalasında ən yüksək qiymət hesab olunur.

 

Tale yükünü daşıya-daşıya ömrünüzü öyrənməyə sərf etmisiniz. Dünyanın 21 ölkəsində 36-ya qədər yüksək səviyyəli təhsil və elmi tədbirlərin iştirakçısı olmusunuz. Həmişə yenilikçi olmaqla yanaşı, həm də yeni ideyaların müəllifi kimi tanınmısınız. İstər respublikada və istərsə də respublikadan kənarda cəmiyyətin müxtəlif məsələləri ilə, xüsusilə də təhsillə bağlı çıxışlar etmisiniz. Bu çıxışlarda daim mütərəqqi ideyalarınızla zamanı qabaqlamağa çalışmısınız.

 

Hələ ötən əsrin 80-ci illərində məktəb islahatlarının yerində saymasının səbəblərini şagirdlərin təlim və tərbiyəsinin didakdik cəhətdən əsaslandırılmış prinsiplərə söykənməməsi, eləcə də ümumtəhsil məktəbinin obyektiv konsepsiyasının olmaması ilə əsaslandırmısınız. Eyni zamanda təlim yükünün azaldılmasının, şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin vacibliyini irəli sürmüsünüz. Bunun üçün təlim prosesində vaxt və imkanların olmasını təklif etmisiniz. Hələ o illərdə yazırdınız ki, “yalnız yaradıcılıq idrakda sevinc hissi yaradır”. Siz bu gün də müasir təlim üçün xarakterik olan və şagird inkişafının əsasında duran yaradıcı təfəkkürün formalaşdırılmasını məktəbin mühüm atributlarından biri hesab edirsiniz.

 

Siz həm də yuxarı siniflərdə həftəlik dərs yükünün 27-28 saat olmasını və bu siniflərdə tədris planlarının onların gələcək peşə fəaliyyəti üçün lazım olan fənlər əsasında hazırlanmasını irəli sürmüsünüz. Dərs proqramlarının uşaqların meyl və maraqlarına uyğun olaraq sistemləşdirilməsinin zəruriliyini vurğulamısınız.

 

Siz məktəbi cəmiyyətin kiçik modeli adlandırır, orada olan boşluqların, çatışmazlıqların aydın təsəvvür olunmasını və xüsusilə məktəbin inkişafını təmin edə bilən yaradıcı mühitin formalaşdırılmasını, uşaq psixologiyasının ciddi şəkildə nəzərə alınmasını və bütün bunlara əsasən diferensial təlimin qurulmasını vacib hesab edirsiniz.

 

İndi aktual olan bu pedaqoji məsələnin mahiyyətində dayanan bir vacib cəhət ondan ibarətdir ki, təhsilin hər kəs üçün əlçatan olmasına şərait yaranır. Təhsil alanların fərdi xüsusiyyətləri baxımından ehtiyaclar nəzərə alınır.

 

Təhsilin məzmunu onun nüvəsidir. Bütün zamanlar üçün belə bir aparıcı fikir həmişə öz qüvvəsini  saxlamışdır. Ona görə təhsilin yeniləşdirilməsi prosesində onun məzmununun düzgün qurulması vacib şərt hesab edilir. Siz 90-cı illərin əvvəllərində bu məsələnin əhəmiyyətini xüsusi olaraq vurğulamışdınız: “Təhsilimizin nə məzmunu, nə də həcmi haqqında təsəvvürümüz yoxdur. Çünki bizdə təhsilin məzmun və həcmi müəyyənləşdirilməmiş qalır”. Artıq bu gün təhsilin nəticəyönümlü məzmununun yaradılması istiqamətində araşdırmalar aparılır. Yeni səriştə əsaslı standart və kurikulumların hazırlanması sahəsində tədbirlər həyata keçirilir.

 

Siz ötən əsrin 90-cı illərində şagird şəxsiyyətinin formalaşdırılması, təhsilin humanistləşdirilməsi istiqamətində xeyli araşdırmalar aparmısınız. Bu araşdırmalarda  orta təhsilə münasibətin dəyişilməsini, uşaq şəxsiyyətinə, onun meyil və marağına əsaslanan təhsil sisteminə keçilməsini təklif etmisiniz. Həm də bu məsələni humanistləşdirmə müstəvisində həll olunan bir məsələ kimi zəruri saymısınız. Eyni zamanda humanistləşdirməyə demokratikləşdirmə, fərdiləşdirmə, diferensiallaşdırma və inteqrasiyanı ehtiva edən bir anlayış kimi yanaşmısınız. Əslində Sizin  irəli sürdüyünüz bu müddəalar nəinki o dövrün, eyni zamanda həm də bu dövrün çox ciddi pedaqoji məsələsidir. Çünki şəxsiyyətin dəyərlər əsasında formalaşdırılması,  humanist pedaqoji mühitin yaradılması müasir təhsil konsepsiyamızın mahiyyət və məzmununu təşkil edir.

 

Azərbaycanın böyük psixoloqu, professor Əbdül Əlizadə müasir Azərbaycan məktəbinin problemlərindən biri kimi yeni pedaqoji təfəkkürün formalaşdırılmasını vacib hesab edir və onu  içtimai-siyasi hadisə adlandırırdı. Eyni zamanda belə qənaətə gəlmişdir ki, “Bu gün yeni pedaqoji təfəkkür inkişaf edərək zamanın təhsil konsepsiyasına çevrilmişdir”. O, bu fikrə gələrkən inkişaf konsepsiyası ilə məşğul olan dünyanın Con Nesbitt, Patrisiya Eburdin, Leonid Vladimiroviç Zankov, Qreys Krayq  kimi məşhur alimlərinin ideyalarına əsaslanmış, Azərbaycan pedaqoji mühitində  isə Sizə istinad etmişdir: “Yeni pedaqoji təfəkkür innovasiyadır, onun formalaşması prosesi isə innovasiya prosesidir... İnnovasiya prosesi-yeni qaydaların yaradılması, işlənib hazırlanması, mənimsənilməsi, tətbiqi və yayılması sahəsində kompleks fəaliyyət deməkdir”.

 

Siz doğru olaraq “uğursuz şagird yoxdur, səriştəsiz müəllim vardır” fikrini müasir təhsili xarakterizə edən müddəa adlandırmısınız. Və hər bir şagirdin potensialına uyğun dərs yükünü müəyyənləşdirməyi və onun inkişafını təmin etməyi   müəllimin vəzifələrindən biri hesab edirsiniz. Təbii ki, belə müəllimlər daha çox bacarıqlara malik olmalı, hər zaman şagirdlərinin fövqündə dayanmağı baçarmalıdırlar. Şagirdlərin maraq və diqqət obyektinə çevrilməlidirlər.

 

Hörmətli Asif müəllim, Sizin bir təhsil mütəxəssisi kimi istər Azərbaycan, istərsə də daha geniş mənada dünya təhsili  və onun inkişaf tendensiyaları haqqında bilgiləriniz çoxdur. Ən yaxşı cəhət orasındadır ki, Siz onlara yaradıcı yanaşmaq, Azərbaycan təhsili müstəvisində hazırlanan innovasiyalara məhz milli şəraitə, səviyyəyə uyğun dəyər verməyi üstün hesab edirsiniz.

 

Bu gün təhsilin yeni məzmunu, fənlərin inteqrasiyası, təhsil standartlarının xarakteri, yeni kurikulumların həyati bacarıqlara söykənməsi, dərsliklərin intellektuallığı, yeni nəsil müəllimlərin hazırlanmasındakı prioritetlər, sosial sifarişlərin yerinə yetirilməsi baxımından məktəbin vəzifələri, təhsildə qiymətləndirmə kimi aktual və həlli vacib hesab edilən çoxlu məsələlər vardır ki, siz onlar haqqında zamanımızla səsləşən xeyli araşdırmalar aparmış, mülahizələr söyləmisiniz. Heç şübhəsiz, mən bu məktubumda onların hamısını sadalamaq fikrində deyiləm. Lakin onu demək istəyirəm ki, Siz həmişə varlığınızla  təhsilə bağlı adam kimi onun təəssübkeşi olmusunuz. 70 illik ömrünüzün indiki çağında da həmin missiyanı uğurla davam etdirirsiniz. Sizə bu yolda cansağlığı və daha böyük yaradıcılıq uğurları arzulayıram!

 

70 yaşınız mübarək!

 

Ənvər ABBASOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim