Zaman-zaman uşaq ədəbiyyatının inkişafına dövlət tərəfindən diqqət ayrılıb. Dünya ədəbiyyat boxçasına Azərbaycanın uşaq şair və nasirlərinin bəxş etdiyi ədəbi nümunələr həmişə sevilə-sevilə oxunub. Dahi Nizami Gəncəvi yaradıcılığından başlanan bu janr sonrakı əsrlərdə dünya ədəbiyyatına töhfələr verən klassiklər tərəfindən davam etdirilib. Uşaq və yeniyetmələrin mənəvi dünyalarının zənginləşməsinə xidmət edən uşaq ədəbiyyatı müxtəlif janrlar üzrə inkişaf mərhələsi keçib.
Ümumiyyətlə, uşaq ədəbiyyatı ədəbi mühitdə daha çox diqqət tələb edən sahə olub. Bu janrda əsər yazan şair, yaxud yazıçı, bəstəkar, eləcə də rəssam qarşısına qoyulan tələblər də ciddi olub. Uşaqlar üçün ərsəyə gətirilən hər hansı bir əsər, ilk növbədə, tərbiyəvi xarakter daşımalı, yetişməkdə olan nəslin müstəqil həyata düzgün istiqamətlənməsi prosesində əhəmiyyətli rol oynamalıdır. Görkəmli maarifçi şair Seyid Əzim Şirvani, Abdulla Şaiq kimi ədiblərimiz ötən əsrin uşaqlar üçün yazıb-yaradan görkəmli söz sahibləri olublar.
Bütövlükdə bütün şair və yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız uşaq yaradıcılığına da yer ayırıblar və onların hər birinin qələmə aldığı ədəbi nümunələr uşaqlar tərəfindən maraqla qarşılanıb, sevilə-sevilə oxunub, dinlənilib. Sonrakı illərdə ədəbiyyat tariximizdə xüsusi imzası olan şair və yazıçılarımız İlyas Tapdıq, Oqtay Rza, Məstan Əliyev, Zahid Xəlil və başqaları uşaqlar üçün gözəl əsərlər ərsəyə gətirən qələm sahiblərimiz olublar və bu ənənə bu gün də davam etdirilir.
Bu günlərdə Bakı Modern Təhsil Kompleksi kitabxanasının təşkilatçılığı ilə uşaqların sevimli yazarı olan, əsərləri məktəbli dostlarımız tərəfindən sevilə-sevilə oxunan istedadlı yazar Sevinc Nuruqızı ilə görüş keçirilib. S.Nuruqızı öz əsərlərində kiçikyaşlı oxucuların təlim-tərbiyəsinə, onların mənəvi dünyalarının zənginləşməsinə və formalaşmasına töhfə verən, dilinin sadəliyinə və şirinliyinə görə rahat oxunan qələm sahiblərindəndir. Görüşdə yazarın uşaqlar üçün yeni nəşr edilən “Melisa” hekayə-povesti müzakirə edilib. Müəllif şagirdləri maraqlandıran sualları ətraflı cavablandırıb və onlara uşaq ədəbiyyatına maraqlarını artırmağı tövsiyə edib. Sonra isə şagirdlərin ifasında Sevinc Nuruqızının yaradıcılığından bəzi nümunələr səsləndirilib. Tədbirin sonunda isə müəllif kiçikyaşlı oxucuları ilə xatirə şəkli çəkdirib.
Sifai SƏFƏROVA