Uşaq yazıçısı şagirdlərin arasında

Zaman-zaman uşaq ədəbiyyatının inkişafına dövlət tərəfindən diqqət ayrılıb. Dünya ədəbiyyat boxçasına Azərbaycanın uşaq şair və nasirlərinin bəxş etdiyi ədəbi nümunələr  həmişə sevilə-sevilə oxunub. Dahi Nizami Gəncəvi yaradıcılığından  başlanan  bu janr  sonrakı əsrlərdə  dünya ədəbiyyatına töhfələr verən klassiklər tərəfindən davam etdirilib. Uşaq və yeniyetmələrin mənəvi dünyalarının zənginləşməsinə xidmət edən uşaq ədəbiyyatı  müxtəlif janrlar üzrə inkişaf mərhələsi keçib.

 

Ümumiyyətlə, uşaq ədəbiyyatı ədəbi mühitdə  daha çox diqqət tələb edən sahə olub. Bu janrda əsər yazan şair, yaxud yazıçı, bəstəkar, eləcə də rəssam qarşısına qoyulan tələblər də ciddi olub. Uşaqlar üçün ərsəyə gətirilən hər hansı  bir əsər, ilk növbədə, tərbiyəvi xarakter daşımalı, yetişməkdə olan nəslin  müstəqil həyata düzgün istiqamətlənməsi prosesində əhəmiyyətli rol oynamalıdır. Görkəmli maarifçi  şair Seyid Əzim Şirvani, Abdulla Şaiq kimi ədiblərimiz  ötən əsrin   uşaqlar üçün yazıb-yaradan görkəmli  söz sahibləri  olublar.

 

Bütövlükdə bütün şair və yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız uşaq yaradıcılığına da yer ayırıblar və onların hər birinin  qələmə aldığı ədəbi nümunələr uşaqlar tərəfindən  maraqla qarşılanıb, sevilə-sevilə oxunub, dinlənilib. Sonrakı illərdə  ədəbiyyat tariximizdə  xüsusi  imzası  olan  şair və yazıçılarımız  İlyas Tapdıq, Oqtay Rza, Məstan Əliyev, Zahid Xəlil və başqaları  uşaqlar üçün gözəl əsərlər ərsəyə gətirən  qələm sahiblərimiz  olublar və bu ənənə bu gün də davam etdirilir.

 

Bu günlərdə Bakı Modern Təhsil Kompleksi  kitabxanasının təşkilatçılığı ilə uşaqların sevimli yazarı olan, əsərləri məktəbli dostlarımız tərəfindən sevilə-sevilə oxunan  istedadlı yazar  Sevinc Nuruqızı ilə görüş keçirilib. S.Nuruqızı öz əsərlərində kiçikyaşlı oxucuların təlim-tərbiyəsinə, onların  mənəvi dünyalarının  zənginləşməsinə  və formalaşmasına töhfə verən, dilinin sadəliyinə və şirinliyinə görə rahat oxunan qələm sahiblərindəndir. Görüşdə yazarın uşaqlar üçün yeni nəşr edilən “Melisa” hekayə-povesti müzakirə edilib. Müəllif  şagirdləri  maraqlandıran sualları ətraflı cavablandırıb və onlara uşaq ədəbiyyatına maraqlarını artırmağı tövsiyə edib. Sonra  isə şagirdlərin ifasında  Sevinc Nuruqızının  yaradıcılığından bəzi nümunələr  səsləndirilib. Tədbirin sonunda isə müəllif  kiçikyaşlı oxucuları ilə xatirə şəkli çəkdirib.

 

Sifai SƏFƏROVA

 



18.03.2022 | 13:47