Torpaqlarımızı işğaldan azad etmək müqəddəs amalı idi
27 sentyabr - 10 noyabr 2020-ci il... Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsi. Azərbaycan ordusu qarı düşmənin üstünə şığıdı bir aslan kimi. Şimşək kimi çaxdı göyün ənginliyində igidlərimizin nifrət dolu baxışı. Sel kimi coşub daşdı ürəyi vətən eşqi ilə döyünən minlərlə igid oğullarımızın hiddəti, qəzəbi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz qələbə qazandı. Vətən müharibəsində qazanılan qələbə Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir.
İgidlərimiz dəmir yumruq kimi birləşib illərin səbrini, intiqamını əldə silah edib hücum etdilər yağıların üstünə. Ölümün üstünə gülə-gülə, mərdanəliklə, qorxmazcasına atıldılar. Minlərlə igid bir an belə öz həyatını düşünmədən düşmən üzərinə şığıyıb illərdir işğal altında inim-inim inləyən torpaqlarımızın qisasını aldı. 28 ildir gözüyaşlı qalan ana-bacıların, qız-gəlinlərin, yetim qalmış uşaqların, bir milyondan çox qaçqın, köçkünün hayıfını aldılar 44 günlük Vətən müharibəsində. Hər bir əsgər sinəsini sipər etdi ana Vətən naminə. Can verdilər, qan tökdülər şəhid, qazi oldular, amma düşmənə baş əymədilər, sinələrində yurd sevgisi, gözlərində intiqam alovu, düşüncələrində analarının öyüd -nəsihəti ölümün gözünə dik baxdılar. Hər bir qəhrəman bir salnamə yazdı öz igidliyi, fədakarlığı, qeyri-adi döyüş məharəti, şərəfli ölümü ilə... Onlar öz ölümləri ilə ölümsüzlük qazandılar, ən ali mərtəbə olan Şəhidlik zirvəsinə yüksəldilər. Vətən sevgisi ilə qəlbləri çırpınan qəhrəmanlarımızın bir amalı var idi: təki Vətən sağ olsun, Qarabağ azad olsun, Şəhidlərin ruhu rahatlıq tapsın, Azərbaycan bütövləşib tam olsun.
Bəlkə də, borcundan çıxmadım vətən,
Ömür bahar deyil, bir də qayıtsın.
Öləndə qoynunda qoy ölüm ki, mən,
Çürüyüm bir ovuc torpağın artsın.
Bəli, qəhrəmanlarımız ölümləri ilə vətənimizə can verdilər, təzə ruh bəxş etdilər.
Qarabağda qəhrəmanlıq dastanı yazan belə igidlərimizdən biri də məktəbimizin məzunu şəhid Zaur Kamal oğlu Mədətovdur. O, 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Abşeron rayonunun ərazisində yerləşən Qubadlının Xanlıq kənd orta məktəbində alıb. Zaur uşaq yaşlarından idmana, xüsusilə də cüdoya böyük maraq göstərib. Məhz idmana olan həvəsi onu 277 nömrəli idman təmayüllü tam orta məktəbə gətirir. Zaur öz əzmi və iradəsi ilə nəinki ölkəmizdə keçirilən idman yarışlarında, eyni zamanda ölkə xaricində təşkil edilən mötəbər turnirlərdə vətənimizi layiqincə təmsil edib. O, idman arenalarında uğurlu çıxışları ilə daim üçrəngli bayrağımızı zirvələrə qaldırır. Cüdo üzrə yeniyetmə və gənclər arasında təşkil olunan klub birinciliklərində, 28 May Respublika Gününə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan cudo turnirlərində, Gürcüstanda, Türkiyədə təşkil edilən müxtəlif beynəlxalq yarışlarda birincilik əldə edib. Çempion Zaur Mədətov hər zaman təmsil etdiyi ölkənin idman şərəfini qoruyub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Cüdo Federasiyası, Kano Cüdo İdman Məktəbi, digər qurum və nüfuzlu idman təşkilatları tərəfindən diplom və medallarla təltif edilib.
Zaur Mədətov doğma vətəninə bağlı olan əsgər kimi 2018-ci ildə Ağstafa rayonunun “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.
Zaurun 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlananda könüllü olaraq döyüşlərə qatılmağı məhz onun vətənə, torpağa olan sevgisindən qaynaqlanırdı. Doğma Vətənimizin keşiyində durmaq, yurdumuzun hər qarış torpağını göz bəbəyi kimi qorumaq və düşmənə sarsılmaz zərbə vurmaq onun başlıca amalı idi. İdman yarışlarında ən ali adı qazanan çempion Zaurun Vətən müharibəsində də bir məqsədi var idi: işğal altında olan torpaqlarımızı azad etmək və yeri gəlsə son damla qanınadək vuruşmaq, sonunda şəhid olsa belə... Və elə də oldu.
Şəhidlikdən şərəfli, qürurverici ad varmı? Zaur Mədətov bu dəfə də seçildi. Döyüş meydanında igidlik göstərib zəfər tariximizə adını qızıl hərflərlə yazdırdı. 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq ölməzliyə ucaldı.
Hər zaman idman yarışlarında qələbə qazanan Zaur Mədətov bu dəfə sinəsini Qarabağın azadlığı və Azərbaycanın bütövlüyü naminə sipər etdi, şəhadət mərtəbəsinə yüksəldi. Zirvələrə qaldırdığı üçrəngli bayrağa bükülüb həmişə fəxarətlə səsləndirdiyi Azərbaycan himninin sədaları altında Sumqayıt Şəhidlər xiyabanında dəfn edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Zaur Kamal oğlu Mədətov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.
Qəhrəmanımızın əziz xatirəsi onun vaxtilə təhsil aldığı doğma məktəbində hər zaman ehtiramla yad olunur. Belə ki, təhsil müəssisəmizin foyesində Vətən müharibəsində şəhid olan məzunlarımız -Zaur Mədətov və Rəşad Babayevin xatirə lövhəsi var, qəhrəmanlarımızın şəkillərindən ibarət xüsusi stend qoyulub. Bundan başqa, siniflərdə hər iki igidimizin keçdiyi şərəfli həyat yolunu əks etdirən divar qəzetləri tərtib edilib, fotosərgi keçirilib. Biz şagirdlərimizə şəhid məzunlarımızdan sevə-sevə, fəxr hissi ilə bəhs edirik. Qəhrəmanlarımıza həsr olunan anım gecələrində onların şücaətindən, göstərdikləri igidliklərdən danışılır.
Şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsində qəhrəmanlıq salnaməmizi öz qanları ilə yazan şəhidlərin ev-muzeylərinə də ziyarətin böyük əhəmiyyəti var. Bunu diqqətdə saxlayan məktəbimizin müəllim və şagird heyəti şəhid Zaur Mədətovun ailəsinə baş çəkərək onun valideynləri ilə görüşüb.
Görüş zamanı Zaur Mədətova vaxtilə dərs demiş müəllimləri onun hələ məktəb illərindən necə vətənpərvər, mübariz, qorxmaz olduğunu qeyd edərək qəhrəmanlarımızla daim qürur duyduqlarını bildiriblər. Çıxış edənlər Zaur Mədətovla bağlı xatirələrindən danışaraq məhz belə qəhrəmanların şəxsi nümunəsinin böyüməkdə olan gənc nəslin əsl vətənpərvər kimi yetişdirilməsində böyük rol oynadığını xüsusi vurğulayıblar.
Cəsarətdə, ey igid, tayın-bərabərin yoxdur,
Baxışların elə bil alovdilli bir oxdur.
Deyiləcək, söylənəcək kəlmələrim çoxdur,
Vətənə layiq Zaurum, Şəhid məzunum Zaur!
Tarixlərə yazıldı sənin şərəfli adın,
Vətənə qurban etdi səni böyüdən qadın.
Onun laylasıyla qəlbən elə bağlandın,
Qəhrəman övladım Zaur, Şəhid məzunum Zaur!
Cənnət bağında var yüz minlərlə gül, qönçə
Onlardan daha ətirli şəhid qoxusu, məncə.
Anamız Azərbaycanı qərq etdin sən sevincə.
Qalib əsgərim Zaur, Şəhid məzunum Zaur!
Şəhid qardaşlarınla həmişə qəlblərdəsən!
Yaz ömrünü qış edib vətəni sevindirmisən!
Sənin izinlə gedən milyonlar var, bir bilsən.
Ölməz igidim Zaur, Şəhid məzunum Zaur!
Günel MƏMMƏDOVA,
Bakı şəhəri 277 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi