QƏHRƏMAN, ŞƏHİD məzunumuz

27 sentyabr - 10 noyabr 2020-ci il... Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsi. Azərbaycan ordusu qarı düşmənin üstünə şığıdı bir aslan kimi. Şimşək kimi çaxdı göyün ənginliyində igidlərimizin nifrət dolu baxışı. Sel kimi coşub daşdı ürəyi vətən eşqi ilə döyünən minlərlə igid oğullarımızın  hiddəti, qəzəbi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz  qələbə qazandı. Vətən müharibəsində qazanılan qələbə Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biridir. 

 

İgidlərimiz  dəmir yumruq kimi birləşib illərin səbrini, intiqamını  əldə silah edib hücum etdilər yağıların üstünə. Ölümün üstünə gülə-gülə, mərdanəliklə, qorxmazcasına atıldılar. Minlərlə igid bir an belə öz həyatını düşünmədən düşmən üzərinə şığıyıb illərdir işğal altında inim-inim inləyən torpaqlarımızın  qisasını aldı. 28 ildir gözüyaşlı qalan ana-bacıların, qız-gəlinlərin, yetim qalmış uşaqların, bir milyondan çox qaçqın, köçkünün hayıfını  aldılar 44 günlük Vətən müharibəsində. Hər bir əsgər sinəsini sipər etdi ana  Vətən naminə. Can verdilər, qan tökdülər  şəhid, qazi  oldular, amma düşmənə baş əymədilər, sinələrində yurd sevgisi, gözlərində intiqam alovu, düşüncələrində analarının öyüd -nəsihəti ölümün gözünə dik baxdılar. Hər bir qəhrəman bir salnamə yazdı öz igidliyi, fədakarlığı, qeyri-adi döyüş məharəti, şərəfli ölümü ilə... Onlar öz ölümləri ilə ölümsüzlük qazandılar, ən ali mərtəbə olan Şəhidlik  zirvəsinə  yüksəldilər. Vətən sevgisi ilə  qəlbləri çırpınan qəhrəmanlarımızın bir amalı var idi: təki Vətən sağ olsun, Qarabağ azad olsun, Şəhidlərin ruhu rahatlıq tapsın, Azərbaycan bütövləşib tam olsun.

 

Bəlkə də, borcundan çıxmadım vətən,

Ömür bahar deyil, bir də qayıtsın.

Öləndə qoynunda qoy ölüm ki, mən,

Çürüyüm bir ovuc torpağın artsın.

 

Bəli, qəhrəmanlarımız ölümləri ilə vətənimizə can verdilər, təzə  ruh bəxş etdilər.

 

Qarabağda qəhrəmanlıq dastanı yazan belə igidlərimizdən biri də məktəbimizin məzunu şəhid Zaur Kamal oğlu  Mədətovdur. O, 1999-cu il noyabrın 16-da  Sumqayıt şəhərində anadan olub. İlk təhsilini Abşeron rayonunun ərazisində yerləşən Qubadlının  Xanlıq kənd orta məktəbində alıb. Zaur uşaq yaşlarından idmana, xüsusilə də cüdoya böyük maraq göstərib. Məhz idmana olan həvəsi onu  277 nömrəli idman təmayüllü tam orta  məktəbə gətirir. Zaur öz əzmi və iradəsi ilə nəinki ölkəmizdə keçirilən idman yarışlarında, eyni zamanda  ölkə xaricində təşkil edilən mötəbər turnirlərdə  vətənimizi layiqincə təmsil edib. O, idman arenalarında uğurlu çıxışları ilə daim  üçrəngli bayrağımızı  zirvələrə qaldırır. Cüdo üzrə yeniyetmə və  gənclər  arasında təşkil olunan  klub birinciliklərində, 28 May Respublika Gününə, ümummilli lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunan cudo turnirlərində, Gürcüstanda,  Türkiyədə təşkil edilən müxtəlif  beynəlxalq  yarışlarda birincilik əldə edib. Çempion  Zaur Mədətov hər zaman təmsil etdiyi ölkənin idman  şərəfini qoruyub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Cüdo Federasiyası, Kano Cüdo İdman Məktəbi, digər qurum və  nüfuzlu idman  təşkilatları tərəfindən   diplom və medallarla təltif edilib.

 

Zaur Mədətov  doğma vətəninə bağlı olan əsgər kimi 2018-ci ildə  Ağstafa  rayonunun  “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirib.

 

Zaurun  27 sentyabr 2020-ci ildə  Vətən müharibəsi başlananda  könüllü olaraq döyüşlərə qatılmağı məhz onun   vətənə, torpağa olan sevgisindən qaynaqlanırdı. Doğma Vətənimizin keşiyində durmaq,  yurdumuzun  hər qarış torpağını göz bəbəyi kimi qorumaq  və düşmənə sarsılmaz zərbə vurmaq onun başlıca amalı idi. İdman yarışlarında ən ali adı qazanan çempion Zaurun  Vətən  müharibəsində də bir məqsədi var idi: işğal altında olan torpaqlarımızı azad etmək və yeri gəlsə son damla qanınadək vuruşmaq,  sonunda şəhid olsa belə... Və elə də oldu.

 

Şəhidlikdən şərəfli, qürurverici ad varmı? Zaur Mədətov bu dəfə də seçildi. Döyüş meydanında igidlik göstərib zəfər tariximizə adını qızıl hərflərlə yazdırdı. 8 oktyabr  2020-ci il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq  ölməzliyə ucaldı.

 

Hər zaman  idman yarışlarında qələbə qazanan Zaur Mədətov  bu dəfə sinəsini Qarabağın azadlığı və Azərbaycanın bütövlüyü naminə  sipər etdi,  şəhadət mərtəbəsinə yüksəldi. Zirvələrə qaldırdığı üçrəngli bayrağa bükülüb  həmişə fəxarətlə səsləndirdiyi Azərbaycan himninin sədaları altında Sumqayıt  Şəhidlər xiyabanında dəfn edildi.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Zaur Kamal oğlu Mədətov ölümündən sonra “Vətən uğrunda” və  “Cəbrayılın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.

 

Qəhrəmanımızın əziz xatirəsi onun vaxtilə təhsil aldığı doğma məktəbində hər zaman ehtiramla yad olunur. Belə ki, təhsil müəssisəmizin foyesində Vətən müharibəsində şəhid olan məzunlarımız -Zaur Mədətov və Rəşad Babayevin xatirə lövhəsi var, qəhrəmanlarımızın şəkillərindən ibarət xüsusi stend qoyulub. Bundan başqa, siniflərdə hər iki igidimizin keçdiyi şərəfli həyat yolunu əks etdirən divar qəzetləri  tərtib edilib, fotosərgi keçirilib. Biz  şagirdlərimizə şəhid məzunlarımızdan  sevə-sevə, fəxr hissi ilə bəhs edirik. Qəhrəmanlarımıza həsr olunan anım gecələrində onların şücaətindən, göstərdikləri igidliklərdən danışılır.

 

Şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyəsində qəhrəmanlıq salnaməmizi öz qanları ilə yazan şəhidlərin ev-muzeylərinə  də ziyarətin böyük əhəmiyyəti var. Bunu diqqətdə saxlayan məktəbimizin  müəllim və şagird heyəti şəhid Zaur Mədətovun ailəsinə baş çəkərək onun valideynləri ilə görüşüb.

 

Görüş zamanı Zaur Mədətova vaxtilə dərs demiş müəllimləri onun hələ məktəb illərindən necə vətənpərvər, mübariz, qorxmaz olduğunu qeyd edərək qəhrəmanlarımızla daim qürur duyduqlarını bildiriblər. Çıxış edənlər Zaur Mədətovla bağlı xatirələrindən danışaraq məhz belə qəhrəmanların şəxsi nümunəsinin  böyüməkdə olan gənc nəslin əsl vətənpərvər  kimi yetişdirilməsində böyük rol oynadığını  xüsusi vurğulayıblar.

 

Cəsarətdə, ey igid, tayın-bərabərin  yoxdur,

Baxışların  elə bil alovdilli bir  oxdur.

Deyiləcək, söylənəcək  kəlmələrim çoxdur,

Vətənə layiq Zaurum, Şəhid məzunum  Zaur!

 

Tarixlərə yazıldı sənin şərəfli adın,

Vətənə qurban  etdi səni böyüdən qadın.

Onun  laylasıyla qəlbən elə bağlandın,

Qəhrəman övladım Zaur, Şəhid məzunum  Zaur!

 

Cənnət bağında var yüz minlərlə gül, qönçə

Onlardan  daha ətirli  şəhid qoxusu, məncə.

Anamız  Azərbaycanı qərq etdin sən  sevincə.

Qalib əsgərim  Zaur, Şəhid məzunum Zaur!

 

Şəhid qardaşlarınla həmişə qəlblərdəsən!

Yaz ömrünü  qış edib vətəni sevindirmisən!

Sənin izinlə gedən  milyonlar var, bir bilsən.

Ölməz igidim Zaur, Şəhid məzunum Zaur!

 

Günel MƏMMƏDOVA,

Bakı şəhəri 277 nömrəli tam orta məktəbin Azərbaycan  dili  və ədəbiyyat müəllimi

 



18.03.2022 | 11:18