Aktual məsələ barədə qeydlər


İstənilən cəmiyyətin inkişaf səviyyəsi buradakı təhsilin və elmin inkişafı ilə ölçülür. Təbii ki, təhsil və elm universal anlayışlar və geniş sahələr kimi özündə çoxlu alt-anlayışları və alt-sahələri ehtiva edir. Yəni, təhsil həm də çoxaspektli ictimai və sosial münasibətlərin, elm isə texniki tərəqqinin, intellektual cəmiyyətin idraki və mədəni səviyyəsinin indikatorudur.  

 

Təhsil cəmiyyətdəki inkişaf mühitini və məqsədləri müəyyən edib onu lazımi istiqamətə aparan əsl lokomotiv, stabil və dayanaqlı inkişafa gedən yoldur. Bu yolda cəmiyyətin qarşısında konkret məqsədlər və çatılası hədəflər durur. İstənilən təhsil pilləsi və səviyyəsi üçün tədris proqramlarının konkret məqsədləri və hədəfləri dövlət və hökumət tərəfindən təsdiq olunmuş qanunvericilik aktları ilə müəyyən edilir.

 

Məqsəd və hədəflər müəyyən olunmaqla yanaşı, onları dəf etməli olan təhsil iştirakçıları amili ortaya çıxır. Öyrədən və öyrənən, təhsil prosesi iştirakçıları kimdir? Təhsildə Himayədarlar və ya Ekspertlər institutları formalaşıbmı? İctimai Şuranın bu sahəyə cavabdeh icra orqanları ilə əməkdaşlıq səviyyəsi hansı meyarlarla ölçülür? Bu institutların ictimai rəyə təsir mexanizmləri varmı? Təhsil idarəçiləri onilliklərlə formalaşmış milli ənənə və praktikanı xarici təcrübədən bəhrələnməklə müasir yanaşma və meyillərə inteqrasiya edə bilirlərmi? Daha doğrusu, bunun tədris-təşkilati, elmi-metodiki əsası, konkret meyar və hədəfləri varmı, varsa da hansı səviyyədə tətbiq edilir?

 

Son zamanlar daha çox xarici təcrübədən, xaricdə təhsildən, beynəlxalq əməkdaşlıq planlarından danışmalı oluruq. Bu, olduqca təbii bir haldır. Bununla belə, son iki onillik ərzində bu istiqamətdə əldə etdiyimiz “qazanc”ın təhsilimizə gətirdiyi dividendlərin ölçülməsi, yerli universitetlərin inkişaf modelləri, onların ölkənin dayanıqlı inkişafina verəcəyi xeyir, təhsil və elmi fəaliyyətlərlə yanaşı, ali təhsil müəssisələrinin (ATM) üçüncü missiyasını formalaşdıran və müasir dövr üçün olduqca vacib sayılan məqsədlərin müəyyən edilməsi mühüm şərtdir. Yerli ATM-lərin dəstəklənməsi, mövcud filialların nəzdində regionlarda yeni universitetlərin yaradılması və ya bəzi paytaxt universitetlərinin regionlara köçürülməsi ilə yanaşı, “Ali təhsil haqqında Qanun”da ATM-lərin üçüncü missiyasının məqsədlərinə xidmət edəcək mexanizmlərin müəyyən olunması mühüm amildir. Bu tədbirlərin altında təkcə mütəxəssis hazırlığı proqramlarının icrasının durmadığını anlamaqla, regionlarda elm və təhsilin, mədəniyyətin, sənayenin, müvafiq infrastrukturların, xidmətlər şəbəkəsinin genişlənməsi, bütün tiplərdən olan təhsil və elm mərkəzlərinin regionlardakı universitetlərin ətrafında birləşməsi imkanları nəzərdən keçirilməsi, bu fəaliyyətlərə məhz xaricdə təhsil almış gənclərin cəlbinə çalışılması məqsədəmüvafiqdir. Gəncləri xaricdə təhsilə göndərməklə yanaşı, əcnəbi mütəxəssislər cəlb olunmaqla daha çox ali məktəbi, tələbə və tədqiqatçını əhatə etməyə üstünlük verilə bilər. Ümumiyyətlə, dövlət ali məktəblərinin büdcədən maliyyələşmə imkanlarına yenidən baxılması, xüsusən də ATM-lərdə dar və strateji ixtisaslarda mütəxəssis hazırlığı proqramları üzrə büdcə yerlərinin artırılması müzakirə oluna bilər.  

 

Son iki ilə yaxın dövr bizi informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə vadar etdi. Məsafədən təlim sahəsindəki geriliyin aradan qaldırılmasında ciddi addımlar atıldı. İKT-nin imkanlarından yararlanma səviyyəsi yüksəldi. Tədris müəssisələrimiz tam distant və hibrid tədris formalarında çalışmaqla müxtəlif platformalarda tədris resurslarının idarə və istifadə olunması imkanlarını genişləndirdilər. Hazırda Təhsil Nazirliyinin xətti ilə orta və ali təhsil sistemlərinin effektiv elektron idarə olunması sistemləri mövcuddur ki, bu da yuxarıda vurğuladığımız məsələlərin həlli üçün vacib şərtdir.

 

Məqalənin giriş hissəsində toxunulan məsələlərin dairəsini genişləndirmək niyyətində deyilik, çünki sistem o qədər geniş, yanaşmalar və seçimlər  o qədər fərqlidir ki, burada söylənilən istənilən fikir və verilən resept müzakirə obyekti ola bilər. Əsas hədəfdən və qoyulan problemin həlli ilə bağlı müşahidə və təkliflərdən diqqəti yayındıra bilərik. Bununla belə, müşahidə və təcrübə ilə bölüşməməyi, alternativ yolların göstərilməməsini məqbul hesab etmirik. Hazırda tədris proqramlarının (standartlarının) icrasında üzləşdiyimiz dil problemini də yeni elmi-metodiki yanaşmaya və elmi diskursa  ehtiyacı olan aktual məsələ hesab edirik.

 

Bu gün qloballaşma və inteqrasiya meyilləri, mədəniyyətlərarası ünsiyyət, eləcə də müştərək tədris proqramlarının icrası təhsil müəssisələrində bilinqval və polilinqval mühit formalaşdırır. Məktəbəqədər və umumi təhsil səviyyələrində bu mühitin formalaşmasını şərtləndirən cəhətlər və tələblər barədə çox danışılıb. Yəni ana dili ilə yanaşı, məktəbəqədər və ümumtəhsil müəssisələrində rus və ingilis dillərində təhsil alan uşaq və gənclərin sayı kifayət qədərdir. Fikrimizcə, cari tədris ilindən başlayaraq, təlim digər dillərdə aparılan sinif və məktəblərdə bir-iki fənnin dövlət dilində tədrisi və bu fənnə ayrılan saatların artırılması məktəblərimizdə bilinqval və polilinqval mühitin formalaşması üçün yaxşı başlanğıc kimi qiymətləndirilə bilər. Bu vəziyyət həm də tədris əcnəbi dillərdə aparılan siniflərdə texniki, təbiət və ictimai fənlər üzrə müəllim çatışmazlığı probleminin həllinə xidmət edər. Lakin tədris saatları  artırılmış və növbəti illərdə artırılmasına ümid  bəslədiyimiz dövlət dilinin tədris standartlarının (fənn kurikulumu) yenidən işlənilməsi məqbuldur. Dövlət dili üzrə tədris proqramında (fənn kurikulumunda) dil-danışıq və yazı vərdişlərinin aşılanması, şifahı və yazılı nitqin inkişafı, təhliletmə bacarığının və məntiqi təfəkkürün formalaşdırılması üçün tələblərin əhatə olunması, dövlət dilinin tədrisi üzrə fənnin Azərbaycan tarixi, coğrafiyası, folklor və ədəbiyyatı, musiqisi və sair fənn və kurslarla inteqrasiyası imkanlarının genişləndirilməsi faydalı olardı. Qeyd etməliyik ki, ümumi təhsildə bilinqval və polilinqval təlim modellərinin tətbiqi təhsil standartlarının və tədris resurslarının yenidən yaradılmasına, ümumiyyətlə, məktəb proqramlarının məzmununun dəyişdirilməsinə, yeni təlim reallıqlarının formalaşmasına gətirib çıxaracaq. Aydındır ki, böyüməkdə olan nəsli multikultural dəyərlər və tolerantlıq ruhunda tərbiyə edən Azərbaycan məktəbi ölkə Konstitusiyasının, “Təhsil haqqında Qanun”un təsbit etdiyi hüquqları təmin etməlidir. Bütün hallarda dövlət dilinin, milli-mədəni dəyərlərin aşılanması, milli şüur və təfəkkürün formalaşdırılması, göstərilən milli reallıqların bəşəri dəyərlər sisteminə inteqrasiya edilməsi təlimin məzmununda yer almalıdır. Fikrimizcə, bu zaman Milli Kvalifikasiyalar Çərçivəsində (MKÇ) səviyyə deskriptorlarına (təsvirə) yanaşma dəyişməlidir. Yəni, 1-ci səviyyədə “Bilik və anlama”, “Bacarıqlar” bölmələrində dövlət dili barədə “ilkin biliklər” yox, “ilkin biliklər, danışıq bacarıqları və vərdişləri”, “bir xarici dildə sadə ünsiyyət bacarıqlarını nümayiş etdirir” ifadəsinin əvvəlinə “dövlət dilində sərbəst şifahi və yazılı nitq vərdişləri” ifadəsi əlavə edilməli, 2-ci və 3-cü səviyyələrdə də dövlət dili amili vurğulanmalıdır. Bu, ölkə vətəndaşının hansı dildə təhsil almasından asılı olmayaraq, ömürboyu təhsil səviyyələrində qırmızı xətlə keçməlidir. Elmi məzmunun, anlayışların və nəticələrin dövlət dilinə gətirilməsi baxımından hətta 8-ci səviyyədə də bu, vacibdir. Yəni 8-ci səviyyədə “Bacarıqlar” bölməsində “peşəkar müzakirələrdə şifahi və yazılı şəkildə iştirak edə... bilir” ifadəsinə “dövlət dilində və ən azı bir xarici dildə” sözlərini əlavə etmək məqsədəuyğundur.

 

Hazırda dil amili MKÇ üzrə müəyyən olunmuş 6-cı səviyyədə, yəni ali təhsilin bakalavriat səviyyəsində müəyyən məsələlərə aydınlıq gətirməyi tələb edir.

 

Məsələnin məğzi. Azərbaycanda ali məktəblərə tələbə qəbulu üç dildə aparılır: Azərbaycan, rus və ingilis. Aşağıda sadalayacağımız ixtisaslara isə tələbə qəbulu Azərbaycan və rus bölmələri üzrə həyata keçirilir. Bəs MKÇ-nın 6-cı səviyyə üçün müəyyən etdiyi “məzun peşəsi üzrə peşəkar fəaliyyəti dövlət dilində və ən azı bir xarici dildə” icra etməyi bacarmalıdır tələbi necə gözlənilir? Və ya necə gözlənilməlidir?

Problemin qoyuluşu. Ali təhsilin bakalavriat səviyyəsində ixtisasların təsnifatında “Təhsil” və “Humanitar və sosial elmlər” bölmələrinə daxil olan “Xarici dil müəllimliyi (dillər üzrə)”, “Dil və ədəbiyyat (dillər üzrə)”, “Tərcümə (dillər üzrə)”, “Regionşünaslıq (ölkələr üzrə)” ixtisaslara qəbul olunmuş və bu tədris proqramlarını bitirmiş məzunların ixtisas üzrə bilik və anlama, bacarıq, müstəqillik və məsuliyyət keyfiyyətləri necə formalaşır və tələb edilən kompetensiyalar necə əldə olunur?

 

MKÇ,  ixtisaslar üzrə tədris proqramlarındakı (standartlarındakı) Peşə təlim nəticələri (PTN) və Fənlər üzrə təlim nəticələri (FTN) tədris dili ilə ixtisas dili arasındakı mütənasibliyi təmin edib, sonda mənimsənilən dil, ədəbiyyat, ölkə üzrə mütəxəssis yetişdirməyə və bu mütəxəssisin hər iki dildə müvafiq kompetensiyalara malik olmasına və ali təhsilin sonrakı səviyyələrində də müvəffəqiyyət qazanmağa  imkan verirmi?

 

Problemin həllinin aktuallığı. Göstərilən ixtisaslara tələbə qəbulu əsasən dövlət dilində həyata keçirilir. Bu ixtisasları seçən bəzi abituriyentlərin xarici dil bilikləri (ingilis dili və olduqca az sayda məktəbləri bitirən məzunların alman və fransız dili istisna olunmaqla) əksər hallarda aşağı səviyyədə olur və onlar ixtisas dilini, tərcümə edəcəkləri dili, mütəxəssisi olacaqları ölkəni dil bazası olmadan mənimsəməyə başlayırlar. MKÇ-nın 6-ci səviyyə üçün müəyyən etdiyi “fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah edir, həmçinin peşəkar müzakirələrdə iştirak edə bilir” tələbdən çıxış etsək, “ən azı bir xarici dildə” ifadəsinin məhz ixtisas dili və ya ölkəsinin dilinə aid olduğu anlaşılır. Deməli, bilinqval təlim mühitini formalaşdıran, peşə və fənlər üzrə təlim nəticələrini motivləşdirən məzmun axtarışları üçün müvafiq təlim-təcrübə modelinin yaradılması məsələsi aktuallıq kəsb edir.

 

Bilinqval təlim-təcrübə modelini, tədris qrafikini və mühitini formalaşdıran amillər və kompetensiyalar niyə yaranmır? Burada yuxarıda sadalanan “Xarici dil müəllimliyi (dillər üzrə)”, “Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə)”, “Filologiya (dil və ədəbiyyat göstərilməklə)”, “Tərcümə (dillər üzrə)”, “Regionşünaslıq (ölkələr üzrə)” ixtisasları nəzərdə tutulur.

 

Ümumi təhsil proqramlarının icrası dövlətin və bu sahəyə məsul icra orqanının nəzarətindədir. Yəni kadr seçimi (MİQ imtahanları vasitəsilə), tədris resurslarının yaradılması (şagirdlər üçün dərsliklər və müəllimlər üçün metodiki vəsaitlər), ümumi orta təhsildə çalışan pedaqoji, tədrisə yardımçı və inzibati heyətin əməkhaqlarının vahid tariflər üzrə dövlət büdcəsindən ödənilməsi, məktəblərin təchizatı, şagird qəbulu və yerləşdirilməsi və sair məsələlərlə bağlı elektron idarəetmə sistemlərinin tətbiqi və bu kimi digər təşkili məsələləri vurğulamaq istəyirik.

 

Ali təhsildə tam başqa mənzərə mövcuddur. Düzdür, biz hamımız ali təhsil müəssisələrinin müstəqilliyi ideyasının tərəfdarı kimi ATM-lərimizin tam başqa müstəvilərdə, beynəlxalq reytinqlərdə, həm də cəmiyyətimizdə fərqli qiyafədə görünməsi arzusu ilə çalışırıq. Əminik ki, qəbulunu gözlədiyimiz “Ali təhsil haqqında Qanun” arzularımızın gerçəkləşməsinə xidmət edəcək. Bu yazını bugünkü təhsil sistemimizdə olduqca aktual gördüyümüz təhsil proqramlarının dil problemi ilə bağlı müzakirənin açılması məqsədilə redaksiyaya təqdim etmişik.  

 

Ali təhsil işçiləri yaxşı anlayırlar ki, dil problemi həm də tədris proqramlarının hər beş ildən bir dəyişməsi ilə sıx bağlıdır. Həftəlik auditoriya saatlarının getdikcə azalması və təhsilalanlar üçün daha çox auditoriyadankənar fəaliyyətin planlaşdırılması standartlar üzrə xarici dilin, xüsusən də ixtisas dili kimi sıfırdan mənimsədilməsinə problem yaradır.

 

Tədris və ixtisas dilləri arasında optimal mütənasibliyə və münasibətlərə nail olmaq, real bilinqval tədris mühiti formalaşdırmaq üçün müzakirə olunan ixtisaslarda tədris dili və ixtisas dili anlayışlarının xarakteristikasını müəyyən etməliyik. Bu, təkcə tədris proqramları və real tədris planları ilə təqdim olunan anlayışlar kimi deyil, həm də ikidilli şəxsi formalaşdıra bilən cəhətlər kompleksi kimi başa düşülməlidir. Aydındır ki, azərbaycanlı tələbə ingilis, rus, çex, polyak, yunan, yapon və sair dilləri mənimsəyərkən o, buna məktəbdə təhsil aldığı dil vasitəsilə nail olur. Amma xarici dillərin öyrədilməsində fərqli metodika və yanaşmalar da mövcuddur. Xüsusilə də əcnəbilərin yeni dili mənimsəməsi (təbii ki, daha çox ixtisas üzrə materialların öyrədilməsi üçün) zamanı vasitəçi dildən imtina olunması və ya passiv istifadə yanaşması geniş tətbiq olunur. Bu yanaşma daha çox texniki, təbiət və tibb sahələri üzrə ali təhsil almaq niyyətində olan əcnəbilər üçün tədrisdə tətbiq edilir. Bu zaman tədris (dil bölməsi) və ixtisas dilləri anlayışları aktuallıq kəsb eləmir, onlar üst-üstə düşür. Tərəfimizdən müzakirə edilən filoloji və humanitar ixtisaslarda isə dil amili daha geniş anlamda qəbul edilir. Burada dil vahidləri, paradiqmalar, mətnlər, dil və mədəniyyət kontekstləri, kulturoloji, sosioloji, iqtisadi və sair amillər də ortaya çıxır. Fikrimizcə, tərəfimizdən qeyd edilən ixtisaslar üzrə tələbə qəbulu sifarişində “tədris dili” yerində təkcə tələbənin orta məktəbi bitirdiyi dil yox, həm də ixtisasa yiyələnəcəyi dilin qeyd edilməsi təhsil proqramının icrası reallıqlarına daha uyğundur. Məsələn, orta məktəbi dövlət dilində bitirən abituriyentlər üçün  “Xarici dil müəllimliyi (alman dili üzrə)”, “Tərcümə (çex dili)”, “Regionşünaslıq (Rusiya)” ixtisaslarında (ixtisaslaşmalarında) tədris dilinin Azərbaycan və müvafiq olaraq, alman, çex, rus dilləri göstərilməsi məqsədəuyğundur. Bu, ixtisas fənləri üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi meyarlarına və MKÇ ilə müəyyən olunan kompetensiyalara cavab verir. 

 

Bu məqsədlə mütəxəssis hazırlığı proqramlarında “tədris dili” və “ixtisas dili” anlayışlarını və tədris proqramlarının icrasında onların yerini müəyyən edən cəhətləri ayırd etsək, tədris prosesində istifadə olunan dillərin interqasiyası məsələsinə də aydınlıq gətirərik. Vurğulamalıyıq ki, tədris planları və tədris qrafikləri fakültələrin nəzdindəki ixtisas kafedralarının, universitetin elmi-metodiki və ya tədris-metodiki şuralarının iştirakı ilə elə tərtib olunmalıdır ki, ilk üç tədris semestrində “tədris dili” və “ixtisas dili” arasında paritet gözlənilsin. Eyni zamanda üç tədris semestri ərzində xarici dilin mənimsənilməsi üzrə bütün standartlar əhatə olunsun, yəni eşidib-anlama, oxu, şifahi və yazılı nitq vərdişləri, qrammatik minimum mənimsənilsin. Bu zaman ixtisas kafedralarının əsas vəzifəsi fənlərin təlim nəticələrinə əməl edilməklə adaptasiya olunmuş tədris materiallarının və mətnlərin hazırlanmasıdır. Sonrakı dörd  tədris semestri ixtisas üzrə nəzəri fənlərin, praktik vərdişlərin və bacarıqların mənimsənilməsinə istiqamətləndirilir, ixtisas dili amili ön plana keçir. Yəni şifahi və yazılı nitqin ixtisasın məzmununa və gələcək peşəkar fəaliyyətə uyğun inkişafı və zənginləşdirilməsi üçün ixtisas dilində ölkənin ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafiyası, siyasi-iqtisadi xüsusiyyətləri, flora və faunası və s. barədə məlumatlar toplamaq, onları təhlil və təqdim etmək bacarığı formalaşdırılır. Bəzi universitetlərimizdə konkret dillər və ölkələr üzrə “Kulturologiya”, “Linqvokulturologiya”, “Ölkəşünaslıq” və bu kimi adlar altında yaradılan tədris resurslarının bu məqsədlə hazırlandığını qeyd etməliyik. Təlim ixtisas dilində aparılmaqla yanaşı, MKÇ-nin bakalavrlar üçün müəyyən etdiyi “fəaliyyət və ya təhsil sahəsi ilə bağlı məsələləri Azərbaycan və ən azı bir xarici dildə şifahi və yazılı şəkildə izah edir, həmçinin peşəkar müzakirələrdə iştirak edə bilir” tələbi fənlərin təlim nəticələrinin qiymətləndirilməsi üzrə meyarlarda əks olunur. Təbii ki, ATM-lər öz ixtisaslarının spesifikasından çıxış edərək, Elmi Şuranın qərarı ilə “Kredit sistemi ilə tələbələrin biliyinin qiymətləndirilməsi barədə əsasnamə”dəki meyarlara müvafiq əlavələr edə bilərlər. Fikrimizcə, 2008-ci ildə qəbul olunmuş bu əsasnaməyə onsuz da dəyişikliklər etməyin zamanı yetişdiyindən yuxarıdakı qeyd də orada əxz oluna bilər.

 

Yeni tədris standartları təsdiq olunduqdan sonra istehsalat  və pedaqoji təcrübənin təşkili ilə bağlı müzakirələr bitmədiyindən tədris proqramı üzrə son - səkkizinci semestrə təsadüf edən ixtisas üzrə təcrübənin məhz MKÇ-nin 6-cı səviyyə üzrə deskriptorlara, əsasən də tərəfimizdən vurğulanan tələbə uyğun keçirilməsini də vacib hesab edirik.

 

Yuxarıda söylənilən fikirləri ümumiləşdirərək, sonda bəzi məqamlar üzərində xüsusi olaraq dayanmağa ehtiyac duyuruq: 1)müzakirə edilən ixtisaslar üzrə mütəxəssis hazırlığı proqramı və prosesində dil problemini həll etmədən, optimal bilinqval təlim mühiti yaratmadan peşə və fənn təlim nəticələrinə, MKÇ-nin ali təhsilin səviyyələri üzrə müəyyən edilən kompetensiyalara nail olmaq mümkünsüz görünür; 2)optimal bilinqval təlim mühitinin yaradılması üçün sadalanan ixtisaslarda tədris aparan elmi-pedaqoji heyətdə yüksək hazırlıqlı, yəni elmi dərəcə və adlara malik müəllimlər üstünlük təşkil etməli və bu ixtisaslarda tələb edilən tədris resursları təminatını həyata keçirməyə qadir olmalıdır; 3)tədris proqramlarının icrası ikili diplom layihələri, mübadilə proqramları, ixtisas dili və ölkəsində yay məktəbi, stajirovka, istehsalat təcrübəsi, dil səviyyələri üzrə kurslar və sertifikatlaşma kimi tədbirlərlə müşayiət olunmalıdır; 4) günümüzün tələbinə uyğun olaraq, universitetlərimiz elm və təhsil istiqamətləri ilə məhdudlaşmayaraq, özlərinin üçüncü missiyası barədə ciddi düşünməli, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərən ali məktəblərimiz və onların filialları geniş tədris-elm-istehsalat, elm-təhsil-xidmətlər-inklüziv yanaşma-sosial və ictimai münasibətlər və sair tərəfləri əhatə edən, özünə yerli əmək bazarı iştirakçılarını cəlb və inteqrasiya edə bilən mərkəzlərə çevrilməlidirlər; 5) göstərilən məsələ və məqamların müzakirədə olan “Ali təhsil haqqında Qanun” layihəsində bu və ya digər formada əksini tapmasını arzulayırıq.

 

Telman CƏFƏROV,

filologiya üzrə elmlər doktoru, professor