Vətəndaş yanğısı, alim cəfakeşliyi
Bu, mübahisəsiz elmi həqiqətdir ki, oykonimlər hər bir xalqın keçib gəldiyi yollar haqqında ən mükəmməl, özündə təkzibolunmaz faktları əks etdirən kitabdır. Bu kitabdan ayrı-ayrı xalqların mədəniyyətini, etnoqrafiyasını, həmçinin onun dil tarixini öyrənmək mümkündür. Onu xüsusilə qeyd etməyi lazım bilirik ki, həssas coğrafiyada yerləşən Azərbaycan kimi ölkələr üçün bu zərurət geopolitikanın diqtəsi, digər xalqların uzağa hesablanan, ümummilli ideologiya səviyyəsinə qaldırılan planların işə salınması kontekstində daha da aktuallaşır. Toponimlərin yaratdığı xəritələrdə xalqımızın ancaq etnoqrafiyası, bu etnoqrafiyanı canlandıran detalları deyil, onun müəllifliyi ilə cızılan, tarixin müxtəlif mərhələlərində mövcud olmuş siyasi xəritəsini də asanlıqla yaratmaq olur. Bu mənzərənin bərpa edilməsində ayrı-ayrı istedadlı və zəhmətkeş, sözün müstəqim mənasında, fədakar insanların sayəsində keçmişimizi nə qədər gizlətmək, onun yağış və qar dənələrinin belə, silməyə gücünün yetmədiyi izlərini axtarıb tapmaq və keçmişə səyahət etmək mümkün olur.
Söhbət Azərbaycan dilindən, işlənmə arealına görə orta əsrlərdə Orta Şərqdən Orta Asiyaya qədər geniş ərazidə yayılan, ancaq ədəbi-bədii əsərlər deyil, bu gün də öz fəlsəfi yükünü saxlayan elmi traktatlara qədər çoxşaxəli mövzularda yazılan bir dildən gedirsə, onun araşdırılması, dərin qatlarının açılması işində övlad məhəbbəti ilə, yorulmadan çalışmış alimlərimizin əməyini ehtiramla xatırlamalıyıq. Bu alimlərdən biri, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi olmaqla bərabər, yaşadığı cəmiyyətdə gedən ictimai-siyasi proseslərə də biganə qalmayan, yaşanan hadisələrin episentrində olmağa can atan parlaq vətəndaş və parlaq alim, 2015-ci il fevral ayının 25-də dünyasını dəyişsə də hər vaxt bizimlə olan Həsən Mirzəyevin xüsusi yeri görünür.
Alimin çoxprofilli axtarışları
Xatırladaq ki, alim onomastik vahidləri tədqiqata cəlb etməzdən əvvəl dilçilikdə ciddi elmi nəticələrə nail olan bir sıra uğurlar qazanmışdır.Onun hələ ötən əsrin 70-ci illərindən xüsusi metodik ardıcıllıqla, istər bugünkü Azərbaycan Respublikasında, istərsə də onun hüdudlarından kənarda qalmış ərazilərdə tədqiqata cəlb etdiyi həmin mövzuların araşdırılmasında başlıca xətt aydın görünürdü. Bu cəhətdən professor Həsən Mirzəyevin tədqiqat mövzularına diqqət yetirmək kifayətdir ki, alimin çoxprofilli axtarışlarının miqyasını təsəvvür edəsən. Həsən Mirzəyevin özü bu barədə belə yazır: “...Onomastik vahidlər tükənməz xəzinədir. Burada qəbilə, tayfa, xalq, yer, şəxs (tarixi və mifoloji), heyvan, quş, silah adları, səma cisimlərinə və s. verilən adlar çox yaxşı mühafizə olunub saxlanılır, tarixdən-tarixə, nəsildən-nəslə ötürülür. Bunların spesifik xüsusiyyətlərini ümumiləşdirərək öyrənmək çox vacibdir. Xalq yaradıcılığında işlənən onomastik vahidlərin köməyi ilə ədəbiyyat, tarix, coğrafiya və s. elmlər üzrə yaddaşlardan silinən, köhnəlib işləklikdən düşən sözlərin, məsəllərin sirrini açmaq Azərbaycan xalqının tarixən hansı ərazilərdə yaşamasını, hansı xalq və ölkələrlə siyasi-iqtisadi əlaqədə olmasına dair çoxlu faktları üzə çıxarmaq mümkündür”.
Onu qeyd edək ki, professor Həsən Mirzəyev elmi fəaliyyətinin ilk illərindən, ötən əsrin 60-cı illərindən sistemli olaraq Azərbaycan dilçiliyinin ən mübahisəli sahələrindən biri olan feil bəhsi üzrə məktəb yaratmağa müvəffəq olan alimlərdən biri kimi qəbul edilmiş, bu mövzuda monoqrafiyalar yazmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası və s.) tədqiq etmiş və mübahisələrə son qoya bilmişdir. Bildiyimiz kimi, Azərbaycan dilində olan feillər özünün leksik-semantik, morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi və başlıcası, fərdiliyi ilə digər nitq hissələrindən fərqlənir. Bundan əlavə, feillər üçün xarakterik xüsusiyyətlərdən biri onun dilin milli orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə etməsidir. Ona görədir ki, dilçiliyimizdə feillərlə bağlı daha intensiv diskussiyaların, elmi mübahisələrin indi də şahidi oluruq. Buna görədir ki, professor Həsən Mirzəyev şəxsində özünü qabarıq göstərən cəsarəti, elmi potensialına əminliyin verdiyi inamına söykənərək qənaətlərini əsaslandıra bilirdi. Ötən əsrin 60-cı illərində apardığı elmi axtarışların nəticələrini buna görə idi ki, o, birmənalı və əsaslandırılmış şəkildə elmi ictimaiyyətə bəyan edərək gəldiyi qənaətləri cəsarətlə elan edirdi. Həsən Mirzəyev elmi şəkildə təsdiq edirdi ki, feil çoxkateqoriyalı nitq hissəsidir və bu kateqoriyaların feildə kompleks şəkildə, toplu olaraq öz ifadəsini tapdığını göstərirdi. Feildə təsir, növ, tərz, inkarlıq, zaman, forma, şəxs və kəmiyyət kimi kateqoriyaların varlığını, xüsusi və ümumi formalara malik olmasını buna ən yaxşı sübut kimi təqdim edir, beləliklə, tədqiqatlarının istiqamətini birmənalı olaraq gələcək axtarışlar üçün ən düzgün yollardan biri olaraq belə göstərirdi: “Dilimizdəki nitq hissələrinin heç birində bu qədər kateqoriya yoxdur. Feilə məxsus bu kateqoriyaların hər birinin öz yeri, düzülüş forması vardır və bunlar, demək olar ki, yerlərini dəyşmir”.
Apardığı elmi axtarışların əhəmiyyətini və dilçilikdə onun gələcək tədqiqatçılar tərəfindən davam etdiriləcəyinə inamdan doğan intuisiyanın diqtə etdiyi bu hisslər bu zəhmətkeş və yorulmaz elm adamını 45 ildən sonra da cəlb edirdi. Bunu professor Həsən Mirzəyev onilliklər sonra bu cür xatırlayacaqdır: “Mən aspirant olduğum illərdə “Müasir Azərbaycan dilində feili sifət” adlı mövzunu namizədlik dissertasiyası kimi işləmiş, bundan sonrakı dövrdə isə “Müasir Azərbaycan dilində feilin təsirlilik-təsirsizlik kateqoriyası” adlı mövzunu doktorluq dissertasiyası şəklində tədqiq edərək müdafiəsinə nail olmuşam. Bundan başqa, oxucuların feil bəhsini daha dərindən öyrənməsi məqsədilə feil ilə bu və ya digər şəkildə bağlı olan bir sıra məsələləri də dərs vəsaitinə əlavə etmişəm. Qoy alimlərimiz də daxil olmaqla, oxucularımız bunu mənə irad tutmasınlar. 55 illik müəllimlik təcrübəm, 45 illik auditoriyalarımda bu mövzulardan oxuduğum mühazirələr məni belə bir qərar qəbul etməyə inandırdı”. Kateqoriyaların çoxluğu, fərdiliyi, dilçiliyin əksər sahələri ilə sıx bağlılığı, çoxşaxəliliyi və digər xüsusiyyətləri bu bəhsi, bu bəhslə əlaqədar sahələri söz yaradıcılığı baxımından hərtərəfli tədqiq etməyi zəruri edirdi.
Tənqidi mühakimələrin qənaətindən doğan nəticələr
Professor Həsən Mirzəyev hansı mövzunu işləyir-işləsin, onun ərsəyə gətirdiyi elmi əsərləri yalnız faktlar üzərində müşahidələrinin, dil faktlarından aldığı təəssüratın nəticələrindən ibarət olmur. O, faktları, topladığı zəngin dil materiallarını vahid sistem şəklində, oturuşmuş prinsiplər əsasında analiz etdiyindən, müəyyən hallarda elmi-nəzəri ədəbiyyatdakı mülahizə və fikirlərlə razılaşmır, öz tənqidi mühakimələrinin qənaətindən doğan nəticələrə gəlir. Bu nəticələrdə isə həqiqətin, elmi axtarışlara can atan bir alim ömrünün yanğısı ilə bərabər, xalqına, onun keçdiyi tarixə ehtiram dolu ürəyin çırpıntılarını görürük. Təsadüfi deyil ki, Azərbaycan xalqına qarşı yalnız az-az insanların və ən mötəbər dövlət qurumlarının, təşkilatların duyuq düşdüyü və yaxud bildiyi, azərbaycanlılara qarşı hazırlanan qorxunc planların hələ üfüqdə görünmədiyi uzaq 60-70-ci illərdə Həsən Mirzəyev yalnız şəxsi təşəbbüsü, o təşəbbüsün mayası olan fərdi inadkarlığı, hətta fanatik inamı sayəsində o zamankı Sovet Azərbaycanının sərhədləri xaricində millətinin izlərini özündə saxlayan ərazilərdə azərbaycanlı-türk toponimlərinin araşdırılması işini ümummilli məsələ kimi qəbul etmişdi.Yeri gəlmişkən, bu, həm də o vaxtlara təsadüf edirdi ki, Sovet İttifaqında Stalin repressiyası qorxusunun tədricən səngidiyi, SSRİ rəhbəri Nikita Xruşşov hakimiyyətinin ilıqlaşdırdığı sosial və siyasi mühitin fonunda xalqların öz tarixlərinə qorxu-hürküsüz müraciətinə start verilmişdi. Rusiya tarixçiləri kimi, rus dilçi və etnoqroflarının XIX əsrin ortalarında rus ictimai şüurunda gedən oyanışla bağlı araşdırmaları yeni vüsət götürmüşdü. Bu da həqiqətdir ki, tarix və ya ən azı maarifçilik tarixi və etnoqrafiya çox vaxt bir-birindən alınır və əsaslarına görə bir və eyni elmi təşkil edir.
Müasir dövrün müxtəlif xalqları haqqında ətraflı məlumat əldə etmək, öz tarixi məlumatlarının çatışmadığı yerlərdə ümumi nəticələr çıxarmaq üçün yaranmış ideal şərait ucqarlardakı yaradıcı insanlara yeni meydan vermişdi və Həsən Mirzəyev kimi milli alimlər bu imkandan bəhrələnirdilər. Bu zaman tədqiqata daha çox tarixin kölgəli məqamları ilə bərabər, dilçiliyin ən aktual məsələləri cəlb edilirdi. Həmin məsələlər sırasında etnoqrafiyanın öyrənilməsi xüsusi ilə maraqlı sahələrdən birinə çevrilirdi. Bunların sırasında insanların fiziki xüsusiyyətləri, əqli qabiliyyətləri, dini, adət-ənənələri, yaşayış tərzi, yaşayış yeri, qab-qacaq, silah-sursat, dil, inanclar, nağıllar, mahnılar, musiqilər, yerli adlar, orijinal sənədlər xüsusilə maraq kəsb edirdi.
Bəşəriyyət tarixində iki növ məlumat var: biri daş, perqament və kağız üzərində toplanmış, digərləri isə xalqların real həyatının bir hissəsidir. XX əsrin 60-cı illərində elm adamları onun fərqində idilər ki, on doqquzuncu yüzilliyin ortalarında insanlar canlı mənbələrə diqqət yetirməyə başladılar, yalnız həmin illərdə bu mənbələrin dəyişdiyinə və tükəndiyinə əmin oldular. Bu yöndən görkəmli rus etnoqrafı N.İ.Nadejdin 1846-cı ildə populyar olan “Rus xalqının etnoqrafik tədqiqi haqqında” əsəri təxminən 100 il sonra xüsusilə cəlbedici görünürdü. Adıçəkilən əsərində alim sələflərindən fərqli olaraq etnoqrafiyanı tarixi elmlərdən ayırır, etnoqrafiyadan bir elm kimi danışaraq qeyd edirdi ki, etnoqrafiya “həyat tərzimizdə, qabiliyyətlərimizdə, xasiyyətlərimizdə, ehtiyaclarımızda və digər xalqlardan fərqləndiyimiz hər şeyi görməli və təsvir etməlidir”. N.İ.Nadejdinə görə, etnoqrafiyanın predmeti “xalqlar”dır və o, “insan nəsli”ndə həqiqi bölünmələri” başa düşür və “etnoqrafiya elmi xalqların təsvirindən ibarətdir”. Etnoqrafiya xalqın dilini (“linqvistik etnoqrafiya”), bədənini (“fiziki etnoqrafiya”) və mənəvi (“psixik etnoqrafiya”) elementlərini öyrənir. Dil, Nadejdinə görə, “insanların” əsas təminatı və əsas əlamətidir, çünki dilin köməyi ilə xalqları müqayisə etmək və ayırmaq olar. Fiziki etnoqrafiya dedikdə, indi müasir antropologiyanın predmeti başa düşülür: Mental etnoqrafiya sahəsində Nadejdin bütün xalq həyatını əhatə edirdi: “Əqli qabiliyyətlər, iradə və xarakter, insanın insani ləyaqət hissi və buradan irəli gələn davamlı özünü təkmilləşdirmə istəyi; bir sözlə - “insan”ı heyvanilikdən yuxarı qaldıran hər şey ki, “lələksiz iki ayaqlı heyvanın” qabığında, qədim müdriklər demişkən, daha yüksək həyat prinsipinin mövcudluğu adlanır”.
Millilikdən doğan yeni axtarışlar
Bütün bunlar XX əsrin 60-70-ci illərində Azərbaycanın elmi həyatına yeni mövzular gətirməklə bərabər, yaradıcı insanların ruhuna millilikdən doğan yeni axtarışlar dalğası yaradırdı və o insanlardan biri kimi, professor Həsən Mirzəyev enerjisi ilə fərqlənən alim olaraq seçilirdi. Onun tədqiqata cəlb etdiyi maraqlı mövzularda, şifahi xalq ədəbiyyatı, daha da dəqiqləşdirsək, aşıq ədəbiyyatı nümunələri üzrə əsərlərindən birində axtarış, faktları toplamaq və toplanan faktlar üzərində işləmək metodologiyasını müşahidə edirik.
Elmi yaradıcılığın faydalı istiqaməti
Nəticədə Həsən Mirzəyev bu silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli növbəti əsərlər yaradırdı. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat), “Dərələyəz mahalının toponimləri və şivə sözləri” kimi sanballı monoqrafiyalarında, ayrı-ayrı məqalələrində Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor, Azərbaycan dilçiliyində bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls verirdi. Bu elmi yaradıcılıq əsərlərində oronimik oykonimlər, xəritələr, hidronimik oykonimlər, fitotoponimik oykonimlər, zoooykonimlər, etnonimik oykonimlər, patronimik oykonimlər, antroponimik oykonimlər, hibrid oykonimlərin hər biri burada yaşamış avtoxton əhalinin törəmələri olan türk kimliyindən xəbər verir, gərgin zəhmət nəticəsində əldə olunan materiallar üzərində hərtərəfli tarixi-coğrafi və linqvistik araşdırmalar aparılırdı.
Beləliklə, elmi fəaliyyətinin 60 ili həsr olunan alim ömrünün elmi yaradıcılığındakı faydalı istiqamətlə üzbəüz qalırıq. O istiqamətləri isə Həsən Mirzəyev təvazökarcasına qiymətləndirir, yararlı alim ömrünün qazandığı nəticələrin perspektivi barədə belə yazırdı: “... Məqsədim odur ki, gələcək nəsillər qədim Oğuz yurdu Dərələyəz haqqındakı bu faktlardan, tarixi həqiqətlərdən istifadə edib öz doğma yurdlarına qayıda bisinlər”.
Tarixi faktlara əsaslanan materiallar
Professor Ermənistan dövlətində türk toponimlərinin dəyişdirilməsi prosesinin kompleks siyasət olduğunu, onun 1924-cü ildən başlanıldığını tarixi sənədlər əsasında göstərir, onun 1935-ci ildə, 1948-1953, 1967-1968, 1988-ci illərdə azərbaycanlıların ölkədən kütləvi qovulması zamanı və ondan sonrakı zamanlarda davam etdiyini təsdiqləyir.
Professor Ermənistandakı türk toponimlərinin dəyişdirilməsinin bir neçə üsulla baş tutduğunu göstərirdi: toponimin tərcüməsi, adın yarısının tərcüməsi və ya hibrid adının dəyişdirilməsi, linqvistik dəyişiklik, toponimin tamamilə dəyişdirilməsi.
İlkin olaraq Ermənistan SSR-də toponimlərin adlarının dəyişdirilməsi prosesinin “səbəbi” kimi alim ölkə Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanında sadalanan “arqumentləri” göstərir: “...bir çox yerlərin adları keçmişin dini, feodal-mülkiyyət qalıqlarını əks etdirir, əksəriyyətinin qeyri-sabit və sarsıdıcı məna kəsb edir”.
Bu “sarsıdıcı adların” məruz qaldığı total etnosid siyasətinə baxmayaraq, 1980-ci illərin sonunda Ermənistan SSR-də türk mənşəli adla 152 Azərbaycan kəndi var idi. Ümumilikdə, 1924-cü ildən 1988-ci ilə qədər Ermənistan SSR-də 600-dən çox kəndin adı dəyişdirilib, lakin iş hələ “başa çatdırılmamışdı”. Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinin rəhbəri Manuk Vardanyan etiraf edirdi ki, ancaq 2006-cı ildə daha 57 yaşayış məntəqəsinin adı dəyişdirilib, 2007-ci ildə isə daha 21 yaşayış məntəqəsinin adının dəyişdirilməsi nəzərdə tutulub”.
Bu faktlar Həsən Mirzəyevin topladığı materiallardan bəlli olur. O da məlum olur ki, Ermənistanda mövcud 107 hidronimin 71-nin (66%) adı dəyişdirilib. Onlardan 26-sı erməni ekvivalentləri ilə əvəz edilib. Belə ki, “göl”ermənicə “lic”, “bulaq”, “axpyur”, “su” “cur”. Digər hallarda isə adların yarısının tərcüməsi və ya hibridləşdirilməsi ilə baş tutur: Şorbulaq Muşaxbyur, Ağdağ Spitaksar, Qaragol“Karilic”.
Bütün bunlar Həsən Mirzəyevin təqdim etdiyi təkzibolunmaz, erməni millətçiliyi ilə silahlanmış insanların elan etmədən başladığı yüzillik müharibənin təsdiq olunan faktlarıdır.
Tarixi yaddaş
2021-ci il avqust ayının 17-də Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kəlbəcər rayonunda dediyi sözləri yada salaq:“Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.
Prezident bununla ümummilli lider Heydər Əliyevin şüurlu həyatı boyu ancaq alimlərn deyil, hər bir azərbaycanlının yaddaşına əbədi həkk olumasına çalışdığı tarixi yaddaş probleminin günümüzdə də aktual olduğunu göstərirdi.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, öz vətəndaş yanğısı və alim cəfakeşliyi ilə fərqlənən Həsən Mirzəyev həyatının mənası saydığı həmin aktuallığı gündəmdə saxlamağı həyat norması hesab etdi və hər məqamda olduğu kimi, bu məqamda da iki uca zirvənin yol göstərdiyi xalqın əsgəri olduğunu praktik olaraq sübut etdi.
Mahirə HÜSEYNOVA,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxəlq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor