Dünya ədəbiyyatının nadir incisi, Azərbaycan intibah ədəbiyyatının görkəmli nümayəndəsi, söz sənətinin fövqündə dayanan dahi Nizami Gəncəvi yaradıcılığı boyu ümumbəşəri problemləri işıqlandırmaqla yanaşı, onların həlli yollarını nümunələr əsasında göstərməyə çalışmışdır. Mütərəqqi ideyaların tərənnümçüsü olan Nizami yaranmış problemi onun həlli yolu ilə birgə oxucuya təqdim edir. Bu baxımdan, əsəri oxuyub çıxış yolu axtarmaq kimi bir çətinliklə rastlaşmayan oxucu onun söz xəzinəsindən hazır şəkildə faydalanır. Nizami Gəncəvinin əsərlərində iqtisadi motivlər digər bəşəri mövzular kimi daim diqqətdə olmuşdur. Şair bütün əsərlərində maddiyyatın insan mənəviyyatından heç də yüksəkdə durmadığını bütün yaradıcılığı boyu qeyd etmiş və parlaq nümunələr əsasında bunları ümumiləşdirmişdir.
Şair “Sirlər xəzinəsi” əsərində bu mövzuya toxunaraq bir-birindən maraqlı və ibrətamiz hekayələr əsasında bunların açıqlamasını vermişdir:
Deyirlər Şam tərəfdə bir qoca kişi vardı,
Pəri kimi xalq ilə onun nə işi vardı,
Əyninin köynəyini ot-ələfdən hörərdi,
Kərpic kəsib dolanar, birtəhər gün görərdi...
Bir gün yenə işiylə başını qatdı qoca,
Əldən dildən düşərək qan-tərə batdı qoca.
Birdən-birə göründü gözəl bir cavan oğlan,
Başladı məzəmmətlə sözə bir cavan oğlan:
“Bu düşkünlük, zəlillik səncə, hara yaraşar?
Palçıq saman yoğurmaq muzdurlara yaraşar.
Torpağın qalxanını qılıncınla sökmə sən,
Bir qarın çörək üçün öz abrını tökmə sən...
Qocasan, qocaların yerişini yeri sən,
Yorularsan, cavanın yerişini yerisən.
Gəncin tənqid dolu sözlərinin qarşısında Nizami kərpickəsən qocanın dilindən öz ibrət dolu sözlərini sədəf tək sapa düzür:
Qoca dedi: “nadanlıq havası var başında
Ağsaqqala gülürsən belə cavan yaşında
Qocalar kərpic kəsər, halallıqla yaşayar
Kölələr, əsir qullar ağır yüklər daşıyar.
Qarşında boyun büküb əl açmayım deyə mən,
Əzəldən əl atmışam belə bir peşəyə mən.
Nə xəzinə yığanam, nə də tirmə geyənəm,
Öz halal zəhmətimin çörəyini yeyənəm.
Halalca nemətimə naşükür olma mənim,
Nemətə xor baxana nemət qənimdir, qənim.
“Süleyman və əkinçi” hekayəsində də eyni məsələ qoyulub: Zəhmət və qənaət. Böyük əziyyət bahasına torpaq becərən qocaya Süleyman üz tutub deyir:
Düşün sulu torpağa biz səpdik nə qədər dən
Zəhmətindən savayı nə gördük ki,əkindən?
Dəni külə döndərən bu təşnə çöllərdə sən
Yandırsan da canını, nə qazana bilərsən?
Sözlərinin müqabilində əkinçinin mükəmməl bir şəkildə Süleymana verdiyi cavabın şahidi oluruq.
Cavab verdi ixtiyar -Gəl incimə sözümdən
Heç nə gözləmirəm mən, yerin, göyün feyzindən
Mən bilmirəm heç suyu varmı, yoxmu tarlanın?
Əkmək mənim işimdir, yetişdirmək Tanrının.
Bax. budur suyum mənim -alnımdan süzülən tər,
Lingim, belim, külüngüm-bu dırnaqlar, bu əllər.
Sənin təki səltənət, mülk dərdi çəkmirəm ki.
Bütün ömrüm boyunca yetə mənə bu əkin.
“Xosrov və Şirin” əsərində mövzu fərqli olsa da Nizami zəhməti, qənaəti insanı ucaldan əsas amil kimi ön plana çəkir:
Qarun bu dünyadan nə apardı bax,
Dünyanın nəyi var onda qalacaq.
Zəhmətsiz qazanmaq heç mümkün deyil,
Əlindən gedəndə ağır olur bil.
Fərhad obrazına münasibətində də biz mənəvi zənginliyin maddi zənginlikdən daha önəmli olduğunun şahidi oluruq.
Nə qədər oxuyub öyrəndim heyhat,
Yenə də qəlbimi görmədim rahat.
Bilirəm yaranmış hər böyük əsər
Onun qüdrətilə açıla bilər.
O şey ki, bizlərə lap aşikardır,
Orda da gizli bir xəzinə vardır.
Çalış xəzinənin böyü açarı,
Şüşə yox, poladdan qayrılsın barı.
Taki xəzinəyə çatdığın zaman
Sən orda zəhər yox, şərbət taparsan.
Ölməz məhəbbət dastanı “Leyli və Məcnun” əsərindən gətirilmiş bu nümunədə Nizaminin yenə də maddi və mənəvi zənginliyin müqayisəsində mənəviyyata verdiyi yüksək dəyərin şahidi oluruq.
Bir daş deyilsənsə, donub qalma sən,
Çolaq deyilsənsə, diribaş tərpən.
Keçənin üstünə vur ayağını
Təmizlə keçənin toz-torpağını.
Daş-kəsək olsa da keçdiyin bu yol,
Rəqsindən oynaran fələk kimi ol!
Qarşıya qoyulmuş hər hansı bir istəyə zəhmətlə çatmağın ən üstün yol olduğunu göstərən şair məqsədə çatmayanlara da öz nəsihətini ünvanlayır.
Bəli, insan arzularında da qənaət etməli, hədəfə çatmaq üçün düzgün və haqq yolunu seçməlidir.
Yaxşısı budur ki atı da tərk et.
Doğru bir yol tapıb, o yol ilə get!
İbrətamiz hekayələr və hadisələrlə zəngin olan “Yeddi gözəl” poeması başdan-başa nəsihətlər kitabı, həyat dərsidir. Zaman və məkan tanımayan bu nəsihətlər insanların ibrət ala biləcəyi əsl həyat məktəbidir.
Tutma bir çörəkçün möhkəm cahanı,
Öldürmüş şər kimi o, çox insanı.
Torpaq vücuduna vurma min bəzək,
İnsana qum kimi sadəlik gərək.
Bütün fikir və düşüncələrinin, arzu və istəklərinin, ideyalarının yekunu kimi qəbul olunmuş “İsgəndərnamə” əsərində şair ömür boyu onu narahat edən, əvvəlki poemalarında qabartdığı məsələləri ümumiləşdirmişdir. Burada ədalətli hökmdar və xalq məsələsi ön plandadır. Bir hökmdarın vəzifəsi ölkəni ədalətlə idarə etmək, öz xalqına xoşbəxt və firavan həyat bəxş etmək, ölkəsini gülzara çevirmək, qurub-yaratmaqdan ibarətdirsə, bir xalqın qarşısına qoyulan əsas vəzifə zəhmətlə yaşamaq, aza qane olmaq, israf etməmək, hər bir halda şükr etməyi bacarmaq kimi onu mənəvi kamilliyə aparan gözəl xüsusiyyətlərə malik olmaqdır.
Yağış damcı-damcı buluddan yağar,
Böyük çay olunca dənizə axar.
Nəyin var şən-şən ye, sevin bu günə
Qoyma bir dirhəmi dirhəm üstünə...
Qarun da yığmışdı böyük bir sərvət,
Bax necə torpağa girdi nəhayət
Nizami İskəndəri “Xoşbəxtlər ölkəsi”nə gətirib çıxarır və onu buradakı idarəetmə forması ilə tanış edir. Maddi cəhətdən hərtərəfli təmin olunmuş xalq nəfsinə uyaraq bu şəraitdən sui-istifadə etmir, qoyulmuş qanun-qaydanı pozmur. Bu da ölkənin inkişafına, çiçəklənməsinə gətirib çıxarır. Burada bərabərlik əsas şərtdir. Qanun hamı üçün eyni dərəcədə alidir. Ölkə iqtisadiyyatının inkişafı nəticəsində əhali xoşbəxt günlər yaşayır.
Xalidə ƏZİZOVA,
Astara rayonu N.Kərimov adına Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi