2021-ci il dekabrın 17-də Bakı Dövlət Universitetinin maddə quruluşu kafedrasının müdiri, Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının, Rusiya Təbiətşünaslıq Akademiyasının və Avropa Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, dünya miqyaslı alim, mahir müəllim Eldar Əli oğlu Məsimovun  80 yaşı tamam olur. Elmin və təhsilin mərkəzləri olan Rusiya və Avropa ölkələrinin elmi ictimaiyyətinin belə yüksək qiymətləndirdiyi  Eldar Məsimov  kimdir, hansı həyat yolu keçib, dünya elminə hansı töhfələr verdi?

 

Şəmkir rayonunun almanların məskunlaşdığı, azərbaycanlılardan başqa  həmçinin rusların, ermənilərin, aysorların və kürdlərin də yerləşdiyi  hələ o vaxtlar analoqu olmayan müasir Leninkənd (daha əvvəl Annenfeld) qəsəbəsində (indiki Çinarlı qəsəbəsində) 4 dildə tədris aparılan beynəlmiləl orta məktəbin  direktoru Əli Məsimovun 7 övladından biri olan balaca Eldar hələ kiçik yaşlarında öz xüsusi davranışları ilə diqqəti cəlb edirdi. Əli müəllim 5 yaşlı oğlu Eldarın belə  xüsusi qabiliyyətini nəzərdən qaçırmamaq məqsədilə onun  qeyri-rəsmi olaraq 1-ci sinifdə iştirakını təmin edir.

 

Çox qısa müddət sonra  açıq-aşkar aydın olur ki, Eldar sinfin  ən qabiliyyətli şagirdidir. Eldarın belə yüksək göstəriciləri onu qeyri-rəsmi şagird statusundan rəsmi şagird statusuna keçirmə zərurəti yaradır və bu zərurət reallaşır. Yuxarı siniflərə keçdikcə onun müstəsna  qabiliyyəti özünü daha qabarıq şəkildə büruzə verir. Orta məktəbdə oxuduğu bütün illərdə sinfin ən qabiliyyətli şagidi olan Eldar 1957-ci ildə həmin məktəbin ilk qızıl medallı məzunu olmaqla Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olur. Xarkov Universitetinə göndərilməzdən əvvəl  iki il təhsilini davam etdirdiyi  fakültə Eldarın müstəsna qabiliyyətini  hərtərəfli üzə çıxaran yeni, daha yüksək tərtibli məkan oldu. Bu dövr haqqında Eldarın tələbə yoldaşı, həmçini güləş üzrə rəqibi olan Bakı Dövlət Universitetinin optika və molekulyar fizika kafedrasının dosenti Ehtiram Əliyev belə deyir: “1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin fizika bölməsinə daxil oldum. 50 nəfərdən ibarət fizika bölməsi tələbələrinin  5 nəfəri qızıl medalla daxil olmuşdu. Bunların içərisində bizim qrupun nümayəndəsi təyin olunmuş  Eldar bütün göstəricilərə - boyuna-buxununa, tədrisdə və idmanda əldə etdiyi nailiyyətlərə görə digərlərindən açıq-aşkar fərqlənirdi.Onunla mənim yaxın tanışlığım xoşagəlməz bir hadisədən başladı-aramızda dava düşdü və bu davadan mən məğlub ayrıldım. Sonralar hər ikimiz  fakültəmizin idman şərəfini universitetdə təşkil olunmuş güləş bölməsində qoruyurduq. Burada da Eldar universitet birinciliyini həmişə öz əlində saxlayırdı. 1959-cu ildə Alma-Ata şəhərində keçirilən Ümumittifaq Tələbə Universiadası yarışlarında Eldar güləş üzrə qızıl medalla təltif olundu və bütün tələbləri yerinə yetirdiyinə görə “SSRİ idman ustası” adına layiq görüldü”.

 

Bütün fənlərdən çox asanlıqla əla qiymətlər alan, bundan əlavə qabiliyyətinə görə xüsusi fərqlənən Eldar Məsimov fizika fakültəsinin Elmi Şurasının qərarı və rektorun müvafiq əmri ilə 2-ci kursu bitirdikdən sonra təhsilini davam etdirmək məqsədilə Xarkov Universitetinə ezam olunur.

 

Eldarın  Xarkov  həyatı haqqında mərhum  professor Edil Eyvazovun xatirəsini yada salmaq kifayətdir: “Fizika fakültəsinin ikinci kursunu bitirdikdən sonra Eldar, Qeys və mən təhsilimizi davam etdirmək üçün Xarkov Universitetinə  ezam olunduq. Səmimi olaraq deməliyəm ki, hər üçümüz əlaçı olsaq da, Eldar hər zaman olduğu kimi xüsusi fərqlənirdi. Əvvəla onu deyim ki, o, təhsil aldığı keçmiş Leninkənd beynəlmiləl orta məktəbini bitirdiyinə görə bizdən fərqli olaraq rus dilini mükəmməl bilirdi. Eldarın xüsusi istedadını da nəzərə alsaq onun qısa müddətdə Xarkov Universitetinin Fizika fakültəsinin tələbələri arasında  birincilərin birincisi olması, əlbəttə, azərbaycanlı kimi Qeysi və məni çox sevindirirdi, onunla fəxr edirdik... Onu da qeyd edim ki, dünya şöhrətli məşhur  akademik İ.Lifşits Eldara xüsusi münasibət göstərirdi-bizdən aşağı kursda  özünün apardığı məşğələ dərslərini tez-tez Eldara həvalə edirdi”.

 

Eldar 1963-cü ildə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasına daxil olmuş və Ukrayna Fizika-Texniki İnstitutuna ezam olunmuşdur. 1969-cu ildə aşağı temperaturlar fizikası ixtisası üzrə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almışdır. Müdafiədən sonra E.Məsimov İtaliyada Roma Universitetində uzunmüddətli ezamiyyətdə olmuş və sürətlə inkişaf edən  yeni bir sahədə - biofizika ixtisası üzrə elmi-tədqiqat işləri aparmağa başlamışdır. Tədqiqat sahəsinin özü üçün tamamilə yeni olmasına baxmayaraq E.Məsimov Roma Universitetində apardığı mühüm tədqiqat işlərinin nəticəsi olaraq 1984-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adını almışdır. Qeyd edək ki, E.Məsimov bu ixtisas üzrə ilk azərbaycanlı fizika-riyaziyyat elmləri doktorudur.

 

Professor E.Məsimovun əmək fəaliyyəti Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutu və Bakı Dövlət Universiteti ilə bağlıdır. O, 1970-ci ilə qədər Fizika İnstitutunda işləmiş, sonra isə Bakı Dövlət Universitetinin fizika fakültəsinin “Maddə quruluşu” kafedrasının assistenti, baş müəllimi, dosenti və professoru vəzifələrində çalışmışdır. 1992-ci ildən professor E.Məsimov həmin kafedranın müdiridir. Universitetdə işləməklə yanaşı E.Məsimov müxtəlif illərdə Təhsil Nazirliyində Elm idarəsinin rəisi, Bakı Dövlət Universitetinin tədris işləri üzrə prorektoru, rektor əvəzi vəzifələrində çalışmışdır. Professor  E.Məsimov həm də 1991-ci ildən 2005-ci ilə qədər “Maddə quruluşu” kafedrası nəzdində fəaliyyət göstərən “Bioloji sistemlər fizikası” elmi-tədqiqat laboratoriyasının müdiri, 2005-ci ildən 2020-ci ilə qədər  Bakı Dövlət Universitetinin nəzdindəki “Fizika problemləri” ETİ-nun “Bioloji sistemlər fizikası” şöbəsinin müdiri vəzifəsində işləmişdir. E.Məsimov Azərbaycan Biofizika Cəmiyyətinin vitse-Prezidentidir.

 

Professor E.Məsimov uzun müddət Bakı Dövlət Universitetində fəaliyyət göstərən namizədlik və doktorluq müdafiəsi elmi şurasına rəhbərlik etmiş (1989-2002-ci illər), Təhsil Nazirliyinin “biofizika, biokimya, biotexnologiya” Elmi Metodik Şurasının sədri olmuşdur. O, 1996-2001-ci illərdə Hollandiyanın Van-Holl Universiteti və Almaniyanın Vilhelmşaven Texniki Universiteti ilə birgə hazırlanmış ekoloji proyektin həmmüəllifi və Azərbaycan üzrə koordinatoru, 1990-1995-ci illərdə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

 

Professor E.Məsimov ilk dəfə nüvə maqnit rezonansı metodu vasitəsilə ifrat aşağı temperaturlarda (~ -272°C) helium izotopları məhlullarında nüvə relaksasiyası parametrlərini təyin etmiş, II növ faza keçidlərində (HeI-HeII) termodinamik potensialların sıçrayışlarının qiymətlərini kəmiyyətcə hesablayaraq bu keçidlərin Landau, Lifşits və Kaqanov tərəfindən verilmiş nəzəriyyəsinin nəticələrini təsdiq etmişdir.

 

Professor E.Məsimov bioloji sistemlərdə, canlı orqanizmlərdə bağlı suyun xassələrini nüvə maqnit rezonansı metodu vasitəsilə geniş tədqiq edərək göstərmişdir ki, sərbəst (həcmi) sudan fərqli olaraq bağlı su 0°C-də deyil, -180°C-dən aşağı temperaturlarda donur. Bu zaman bağlı su sərbəst sudan fərqli olaraq  kristallaşmayaraq amorf hala keçir, başqa sözlə “şüşələşir”. Bu metodla o, bir çox polimer-su sistemləri üçün bağlı suyun miqdarını, yəni hidratlaşma dərəcəsini təyin etmişdir.

 

E.Məsimov professor B.Y.Zaslavski ilə birlikdə yüksəkmolekullu birləşmələrin sulu məhlullarının son zamanlara qədər təcrübədən təyin oluna bilməyən nisbi hidrofobluqlarını kəmiyyətcə qiymətləndirməyə imkan verən yeni metod hazırlamışlar. Qeyd edək ki, bu metod beynəlxalq elmi ədəbiyyatda indi də geniş istinad edilən və istifadə olunan bir metoddur.

 

150-dən çox polimer sistemlərini tədqiq edərək professor E.Ə.Məsimov kimyəvi birləşmələrin nisbi hidrofobluqları ilə onların sulu məhlullarının nisbi hidrofobluqları, yəni bu birləşmələrin suyun strukturunu və ya termodinamik halını dəyişdirmə qabiliyyətləri arasında tibdə və biologiyada çox əhəmiyyət kəsb edən funksional asılılıq aşkar etmişdir.

 

Professor E.Ə.Məsimov professor B.Y.Zaslavski ilə birlikdə müxtəlif tərkibli su-polimer sistemlərinin fazalara ayrılmasının molekulyar aspektlərini tədqiq edərək belə bir hipotez irəli sürmüşlər ki, fazalara ayrılma prosesində əsas rolu su oynayır.

 

E.Məsimov ilk dəfə polimer-elektrolit əsasında ikifazalı sistemlər almış ilk tədqiqatçılardandır və göstərmişdir ki, bu sistemlərin ayırdetmə qabiliyyətləri polimer-polimer əsasında alınmış çoxlu sayda su ikifazalı sistemlərin ayırdetmə qabiliyyətlərindən xeyli böyükdür. Belə sistemlərdən biri olan PEQ-Al2(SO4)3-su iki fazalı sistemi ən böyük ayırdetmə qabilliyyətinə malikdir və bu iş patentləşdirilmişdir.

 

Professor E.Məsimov qanəvəzedicilərin (gemokorrektorlar) dezintoksikasiyaedici mexanizmi ilə onların fizioloji məhlullarının nisbi hidrofobluqları arasında korrelyasion əlaqə tapmış və bu əlaqəni izah etmişdir. O, polisaxaridlərin tipik nümayəndəsi olan aqaroza əsasında yeni qanəvəzedici təklif etmişdir. Təklif olunmuş yeni qanəvəzedici Azərbaycan Səhiyyə Nazirliyinin hemotologiya və qanköçürmə institutunda sınaqdan keçirilmişdir.

 

Eldar müəllim respublika, SSSR və beynəlxalq jurnallarda çap olunmuş 600-ə yaxın elmi əsərin, 31 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 22 namizədlik və 4 doktorluq dissertasiyaları müdafiə edilmişdir.

 

2003-cü ildə professor E.Məsimov yazdığı “Atom fizikası” dərsliyinə görə Azərbaycan Respublikası “Təhsil” Cəmiyyətinin mükafatına layiq görülmüş, dəfələrlə universitet tərəfindən Fəxri fərmanlarla təltif edilmişdir.

 

Professor E.Məsimov 1998-ci ildə Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü, 2003-cü ildə həqiqi üzvü, həmin ildə Akademiyanın Azərbaycan Filialının rəhbəri seçilmişdir.

 

Professor E.Məsimovun elmdəki xidmətlərini yüksək qiymətləndirərək həqiqi üzvü, akademiki olduğu Rusiya Təbiətşünaslıq Akademiyasının Təltif və Mükafatlar Komissiyası ona “Bioloji strukturların təşkili prinsipləri” elmi məktəbinin yaradıcısı adı vermiş və Alfred Nobel adına,V.Vernadskiy adına medallarla təltif etmişdir. E.Məsimov “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülmüş və “Rusiyanın Elmi məktəbləri” ensiklopediyasına daxil edilmişdir.

 

2012-ci ildə professor E.Ə.Məsimov Avropa elmi-sənaye palatası tərəfindən Keyfiyyət Diplomu və Avropa qızıl medalına layiq görülmüşdür.

 

2014-cü ildə Avropa elmi-sənaye konsorsiumunun qərarı ilə fizika-riyaziyyat elmləri sahəsindəki xidmətlərinə görə Vilhelm Leybnis medalı ilə təltif edilmişdir.

 

2015-ci ildə professor E.Məsimov 9 müxtəlif mötəbər beynəlxalq təşkilatlardan təşkil olunmuş “Avropa Elmi-Sənaye Konsorsiumun” qərarı ilə “Avropa keyfiyyətli” qızıl medalla təltif olunmuşdur.

 

Rusiya Təbiətşünaslıq Akademiyasının Rəyasət heyətinin və “Avropa Elmi- Sənaye Konsorsiumunun” təltif komissiyasının qərarına əsasən 2015-ci ildə professor E.Məsimov “Böyük Pyotr” ordeni ilə təltif edilmişdir.

 

2016-cı ildə professor E.Ə.Məsimovun tərcümeyi-halı və elmi fəaliyyətinin qısa məzmunu RAE tərəfindən yenidən hazırlanmış “İzvestnıye uçenıye” ensiklopediyasının XIII cildinə daxil edilmişdir.

 

E.Məsimov 2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə 3-cü dərəcəli “Əmək ordeni”,  Azərbaycan Respublikasının təhsil nazirinin əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur. 2020-ci ildə  onun   “Voda” (2018) və “Rastvorı” (2011) monoqrafiyaları Rusiyanın Təbiət Elmləri Akademiyası tərəfindən seçilərək əvvəl Moskva şəhərində  Beynəlxalq Kitab  Sərgisində nümayiş etdirilmiş və hər iki kitab qızıl medala layiq görülmüşdür. Daha sonra Almaniyanın Frankfurt şəhərində Beynəlxalq  Kitab Sərgisində Rusiyanın Təbiət Elmləri Akademiyasının stendində nümayiş etdirilmiş və hər iki kitab yenə də  “Qızıl medal”la mükafatlandırılmışdır.

 

Prof. Eldar Məsimovun müəllimlik məharəti haqqında xüsusi söhbət aparmaq lazımdır. Ümumiyyətlə, əsl müəllim bir   çox tələbləri yerinə yetirmək iqtidarında olmalıdır. O, ilk növbədə müəllimin nə demək olduğunu bütün məsuliyyəti ilə dərk etməli, mükəmməl alim olmalı, tədris etdiyi mövzuların incəliklərini dərindən duymalı, bildiklərini tələbələrə məharətlə bütün incəlikləri ilə başa salmaq  qabiliyyətinə malik olmalıdır.Eldar müəllim bu tələblərin hər birini  artıqlaması ilə ödəyən mahir müəllimdir, daha dəqiq desəm, müəllimlər müəllimidir. Bunu onun sabiq və indiki tələbələri və öz həmkarları çox yaxşı bilir və yüksək qiymətləndirirlər. Eldar müəllimin bir insan olaraq hədsiz dərəcədə sadəliyi, hər kəs üçün  əlçatanlığı və qayğıkeşliyi onunla təmasda olan hər kəsə məlumdur.

 

80 illik yubileyi münasibətilə əziz həmkarım və qərəzsiz səmimi dostum Eldar müəllimə möhkəm cansağlığı və yeni müvəffəqiyyətlər arzulayıram! Eldar müəllim! Yazmağa, yaratmağa və yüksək ixtisaslı kadrlar hazırlığı sahəsində indiyə qədər apardığın səmərəli işlərə eyni zövq və eyni həvəslə davam et.

 

Niftalı QOCAYEV,

Bakı Dövlət Universiteti “Optika və molekulyar fizika” kafedrasının professoru