Azərbaycan Dövlət Pedaqoji Universitetində beynəlxalq konfrans keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Həyata keçirilən geniş tədbirlər çərçivəsində dahi şair Nizami Gəncəvi yaradıcılığının, irsinin dərindən öyrənilməsi və təbliğ edilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Nizami Gəncəvi: Dahilik zirvəsi” mövzusunda beynəlxalq konfrans təşkil olunub.

 

Hibrid formada - ənənəvi və onlayn şəkildə keçirilən beynəlxalq konfransda universitetin professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan, Türkiyə, İsveç və Rusiyadan olan alimlər, KİV nümayəndələri və digər şəxslər də   iştirak edib.

 

Öncə iştirakçılar universitetin foyesində ADPU-nun professoru Mahirə Hüseynovanın rəhbərliyi və təşkilatçılığı ilə Filologiya fakültəsi, fakültənin “MEH” ədəbi dərnəyinin hazırladığı ədəbi-bədii kompozisiyanı izləyiblər. Qonaqlar simvolik olaraq yaradılan “Gəncə qala qapıları”ndan keçərək Nizami dünyasına daxil olublar. Tələbələrin ifasında dahi şairin əsərlərini tərənnüm edən kiçik səhnəciklər izləyicilər tərəfindən alqışla qarşılanıb. İştirakçılara xüsusi zövqlə hazırlanmış səhnəciklərdəki dekorasiyalar, həmin dövrü əks etdirən geyimlər sanki bir teatr səhnəsini, həmin obrazları canlandıran  tələbələr isə peşəkar aktyor təsirini bağışlayıb. Tədbirin bədii hissəsinin sonunda böyük mütəfəkkir Nizami Gəncəvi obrazı iştirakçıları salamlayaraq özünün söz sənətinin əzəmətindən danışıb.

 

Bədii hissədən sonra konfrans öz işini universitetin Heydər Əliyev Məktəbinin lektoriyasında davam etdirib.

 

Nizami Gəncəvi irsinin araşdırılmasına xüsusi töhfə

 

Beynəlxalq konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında imzaladığı Sərəncama əsasən universitetdə müxtəlif tədbirlər təşkil olunub. “Nizami Gəncəvi: Dahilik zirvəsi” mövzusunda beynəlxalq konfrans silsilə tədbirlərin zirvəsi hesab oluna bilər. Diqqətə çatdırılıb ki, Nizami Gəncəvinin yaradıcılığı XII əsr Azərbaycan ədəbiyyatında mühüm yer tutur. Şairin yaradıcılığının coğrafiyası genişdir, əsərləri həm Şərqdə, həm də Qərbdə tanınır. Dahi şairin əsərləri əsrlərdir ki, böyük maraqla oxunur. Onun əsərlərinin qayəsini insani və bəşəri dəyərlər təşkil edir. Rektor onu da qeyd edib ki, 9 əsr bundan öncə yaşayan şair bu gün də bizim müasirimizdir. Böyük mütəfəkkirin ideya və düşüncələri bizə doğmadır, yaxındır, səmimidir. Professor Cəfər Cəfərov konfransın əhəmiyyətindən danışaraq bildirib ki, tədbir Nizami Gəncəvi irsinin araşdırılmasına xüsusi bir töhfə verəcək.

 

Əsrlərin qaranlığından işıq saçan sənətkar

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxış edərək dahi şairin yaradıcılığından söz açıb. Qeyd edib ki, Nizami əsrlərin qaranlığından bu günümüzə işıq saçan sənətkardır. Nizamidən əvvəl yaşamış yazarların yaradıcılığına diqqət yetirdikdə görürük ki, o, əsərlərinə demokratik ruh gətirib. Akademik onu da vurğulayıb ki, dahi şairi öz dövrünün politoloqu da hesab etmək olar. Nizami öz əsərlərində dövrün hadisələrini poetik, bədii dillə əks etdirib.Teymur Kərimli vurğulayıb ki, Nizamini özündən əvvəlki bütün böyük dühalardan fərqləndirən bir əsas cəhət də var. Əgər Homer, Firdovsi kimi böyük şairlər daha çox əfsanəvi obrazlar yaratmışlarsa, Nizami dünya tarixində ilk dəfə öz əsərlərinə demokratik ruh gətirir. O, ilk poemasında deyirdi: "Mən şeiri saraylardan daxmalara gətirdim".

 

Akakdemik diqqətə çatdırıb ki, Nizaminin yaradıcılığı həm də onu göstərir ki, hələ XII əsrdə Azərbaycanda, Gəncədə necə böyük elmi və mədəni mühit formalaşmışdı.

 

İnsan düşüncəsi və təfəkkürünün fövqündə dayanan dahilik zirvəsi

 

Konfransda geniş məruzə ilə çıxış edən ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Nizami Gəncəvinin əsrlərin süzgəcindən keçib ölümsüzlük qazanan əsərlərinin hər bir misrasının hikmət, fəlsəfə və elmlə zəngin olduğunu deyib. A.Zamanov bildirib ki, şairin poemalarının hər bir beytinə aid kitab yazmaq mümkündür. Nizami Gəncəvi sözü insan düşüncəsi və təfəkkürünün fövqündə dayanan dahilik zirvəsidir.

 

Professor Asəf Zamanov dahi Nizamin elmi, fəlsəfi fikirlərindən xüsusilə söz açıb. Prorektor bildirib ki, Nizaminin əsərlərində şairin sələfləri olmuş söz sənətkarları ilə bərabər, o dövrdə adları Şərqdə və Qərbdə məşhurlaşmış alim və filosofların da adları çəkilmiş, onların elmə və düşüncə sisteminə gətirdiyi yeniliklərdən, ideyalardan bəhs edilmiş və sonra bütün bunlara Nizaminin öz baxışları, öz təhlilləri irəli sürülmüşdür. A.Zamanov Nizami Gəncəvinin fizika və riyaziyyata dair bu gün də bizim üçün maraq kəsb edən bir neçə fikrinə münasibət bildirib. Qeyd edib ki, Nizami Gəncəvi fizikanın çox mühüm qanunlarına və təbiətdə gedən təbii proseslərə dair olduqca dərin və dəqiq elmi fikirlər söyləyib. Bu sahədə tədqiqat aparan alimlərin qənaəti belədir ki, “Fizika qanunlarının hələ kəşf olunmadığı bir dövrdə sonradan kəşf olunacaq qanunlar haqqında şairin əvvəlcədən (5-7 yüz il qabaq) dahiyanə fikirlər söyləməsi təbiətdə gedən proseslərin mahiyyətini dərindən dərk etməsi ilə əlaqədardır. Nizami təbiətin, canlı və cansız aləmin dörd ünsürdən yarandığını, onların bir-biriləri ilə qarşılıqlı əlaqəsini, kainatın daima hərəkətdə olduğunu özünəməxsus poetik misralarla, lakin eyni zamanda da dəqiqliklə ifadə etmiş, temperaturun dəyişməsi ilə küləyin əmələ gəlməsi, sıxlığın artması ilə təzyiqin də artmasını və s. poetik boyalarla qələmə almışdır.

 

Professor A.Zamanov dahi şarin əsərlərinin universitetdə təqdiqindən də geniş söz açıb. Vurğulayıb ki, dahi şəxsiyyətin irsinin tədqiqinə töhfə kimi görkəmli şərqşünas alim akademik A.Y.Krımskinin 1940-cı ilin əvvəllərində yazdığı və 1981-ci ildə rus dilində nəşr olunmuş “Nizami i eqo sovremenniki” monoqrafiyası ilk dəfə Azərbaycan dilinə ADPU-da rəhbərlik etdyi TÜRKSOY kafedrası tərəfindən tərcümə olunmuş, universitet Elmi şurasının qərarı əsasında nəşr edilmişdir. 

 

Nizami Gəncəvi irsinin araşdırılması, həmişə diqqətdə saxlanılması tədqiqatçıların ümdə vəzifəsi olmalıdır

 

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxış edərək diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” Qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıb. 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən ölməz sənətkarın 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdi.

 

Professor Mahirə Hüseynova bildirib ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyinin ölkə miqyasında geniş qeyd  edilməsi Prezident İlham Əliyevin Nizami dühasına verdiyi yüksək dəyərdir. Prorektor M.Hüseynova vurğulayıb ki, Nizami Gəncəvi irsinin araşdırılması, həmişə diqqətdə saxlanılması tədqiqatçıların ümdə vəzifəsi olmalıdır.

 

Konfransda Türkiyənin Səlcuq Universitetinin Ədəbiyyat fakültəsinin Fars dili və ədəbiyyatı bölümünün rəhbəri, professor Əli Təmizəli, İsveçin Stokholm Universitetinin dosenti Səadət Kərimi, ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, dosent Təhminə Bədəlova və ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının müdiri, dosent Nazilə Abdullazadə məruzə ilə çıxış ediblər.

 

Konfrans öz işini “Nizami əsərlərinin dili, üslubu, türkçülük ideyaları”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami və çağdaş ədəbiyyatşünaslıq”, “Nizami irsində təhsil və tərbiyə məsələləri” mövzularında bölmə iclasları ilə davam etdirib.

 

Niyazi RƏHİMOV