Qoşqar Hümbətovun dərs dediyi şagirdlər 5 ildir ki, respublika fənn olimpiadasında tarixdən yüksək nəticə göstərirlər
Qoşqar müəllimdən söz düşəndə, adətən, onun şagirdlərinin bilik yarışlarında, respublika fənn olimpiadalarında qazandıqları uğurlar göz önünə gəlir. İxtisasca tarixçi olan Qoşqar İslam oğlu Hümbətov Bakıdakı 182 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavinidir. Fəaliyyət göstərdiyi təhsil müəssisəsi Binəqədi rayonunda yüksək təlim göstəricilərinə görə tanınan məktəblərdəndir.
Uzunillik pedaqoji təcrübəyə malik Qoşqar müəllim işlədiyi məktəbin təhsil nailiyyətlərinin artmasında, şagirdlərin müxtəlif tədbirlərdə iştirak etməklə intellek səviyyələrini yüksəltməsində maraqlıdır: " Mən müəllimlik peşəsini çox sevirəm və öz fənnimi də sevə-sevə tədris edirəm. Bilirsiniz ki, peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulur. Təbii ki, məktəbdə verilən təhsil, bilik hər bir insanın həyatında həlledici rol oynayır. Düşünürəm ki, məhz şagirdlərimizin peşə seçimində, gələcək həyat yolunun müəyyənləşdirilməsində biz müəllimlərin rolu çox böyükdür".
Hazırda şagirdlərin daha yaxşı təhsil almaları üçün məktəblərində hər cür imkan və şəraitin, əlverişli təlim mühitinin olduğunu deyən Qoşqar müəllim işlədiyi tədris ocağının yetirmələrinin uğurlarının ildən-ilə artmasından haqlı qürur hissi keçirir. Artıq bir neçə ildir ki, onun dərs dediyi şagirdlər respublika fənn olimpiadalarından medalsız qayıtmır. Bunu son 5 ilin statistikası xüsusilə aydın göstərir. Belə ki, 2013-cü ildə məktəbin 13 şagirdi respublika fənn olimpiadalarında yüksək nəticə göstərib ki, onlardan da 5-i tarix fənni üzrə olub. Həmin şagirdlər olimpiadanın rayon (şəhər) mərhələsində Bakı şəhəri üzrə I yerə layiq görülüblər. Şagirdlərdən biri-Aysel Əhmdova isə respublika mərhələsində qalib olub. 2014-2015-ci tədris ilində məktəbin şagirdləri Səbinə İsayeva və Ruslan Məmmədov da tarixdən fərqlənərək olimpiadanın gümüş və bürünc medallarını qazanıblar.
Sonrakı 2 tədris ilində (2015-2016; 2016-2017) 4 şagird olimpiadanın tarix fənni üzrə qalibləri sırasında olub, gümüş və bürünc medallarla mükafatlandırılıb. Cari tədris ilində isə məktəbin XI sinif şagirdi Elbar Allahverdiyev tarix üzrə ən yüksək nəticə qazanaraq qızıl medala layiq görülüb.
Bütün bunlarda, şübhəsiz, Qoşqar müəllimin əməyi danılmazdır. Ölkəmizdə son illər geniş vüsət alan fənn olimpiadalarının, bilik yarışlarının əhəmiyyətini yüksək dəyərləndirən pedaqoqun fikrincə, belə tədbirlər şagirdlərin müxtəlif fənləri daha dərindən mənimsəmələrini stimullaşdırır və onlar arasında sağlam rəqabət mühiti yaradır. Təcrübəli pedaqoq: "Şagirdlərimizin qazandığı uğurlar eyni zamanda, biz müəllimlərin də uğurudur. Onların üzərində çəkdiyimiz əziyyətin bəhrəsini görəndə, sevinirik. Müəllim üçünsə ən gözəl mükafat məhz yetirmələrinin xoş sorağını eşitmək, onlara olan ümidlərin doğrulmasını görməkdir",-deyir.
Bəli, nə yaxşı ki, bizim Qoşqar müəllim kimi düşünən, müəllimlik adını hər zaman yüksək tutan pedaqoqlarımız var.
Samirə KƏRİMOVA