“İngilis dili müəllimləri klubu” yay düşərgəsi layihəsi çərçivəsində müəllimlərin (iştirakçıların) seçimi prosesinə artıq başlanılıb.
Şəmkir Heydər Əliyev Mərkəzində layihənin məlumatlandırma sessiyası təşkil edilib və ingilis dili müəllimlərinə layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər, seçim kriteriyaları və müraciət forması haqqında məlumat verilib. İştirakçıların seçimi prosesi elektron müraciətlər əsasında həyata keçiriləcək və layihədə iştirak etmək istəyən şəmkirli müəllimlər elektron ərizə formalarını Şəmkir Rayon Təhsil Şöbəsinin rəsmi internet səhifəsinə daxil olaraq göndərə bilərlər.
Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində həyata keçirilir və layihənin keçirilməsində əsas məqsəd yay tətili müddətində ingilis dili müəllimlərinin xarici dildə ünsiyyət və tədrisetmə bacarıqlarının zənginləşdirilməsi nəticəsində birbaşa və dolayı yolla şagirdlərin ingilis dilində ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdır.
Seçilmiş müəllimlər təşkil ediləcək düşərgə çərçivəsində müxtəlif mövzular üzrə təlimlər və workshop-larda, gəzintilərdə iştirak etmək hüququ qazanacaqlar.