Şagirdlərinin gözündə ürəyini görməyi bacaran müəllim
Haqlı olaraq müəllimin işini cərrah işi ilə müqayisə edirlər. Cərrah əməliyyat edərək insanı düçar olduğu bəladan qurtarır. Müəllim isə insanın mənəvi dünyasının mühəndisi kimi şərəfli və çətin bir missiyanı yerinə yetirir. Müəllim insanların paklığının keşiyində həmişə sərvaxt dayanır. O, günəşə bənzər ömrü ilə minlərlə, milyonlarla insanın həyat yoluna şəfəq saçır.
Dünya şöhrətli yazıçı Ç.Aytmatov müsahibələrinin birində demişdir: “Əgər ac adama bir çörək versən, o, bir gün tox olar, on çörək versən on gün tox olar, ona çörək qazanmağın yolunu öyrətsən o, ömrü boyu tox olar. “Əsl müəllim də buna çalışır. Çünki çörək qazanmağın yolunu gərgin zəhmətdən, halal əməkdən, gecə-gündüz çalışmaqdan keçdiyini yetirmələrinə inandırmaq, onlara başa salmaq o qədər də rahat məsələ deyildir.
Bu çətin və şərəfli yükü çiyinlərinə götürən müəllimlərdən biri də Quliyeva Fatmaxanım Ələkbər qızıdır. O, 1958-ci ildə Quba şəhərində anadan olmuşdur. 1974-cü ildə Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyi bitirib. Bakı Dövlət Universitetinın filologiya fakültəsinə daxil olmuş, 1981-ci ildə bu ali məktəbi ən fəal tələbələrdən biri kimi bitirmiş, həmin ildə də təyinatla Quba şəhər 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi göndərilmişdir. Artıq 40 ildir ki, bu məktəbdə əsl müəllim kimi çalışmış və nümunəvi işi ilə seçilərək fərqlənmişdir. O öz işinə böyük diqqət və məsuliyyətlə yanaşmış, məktəbin pedaqoji kollektivi arasında hörmət qazanmışdır.
Pedaqoji-psixoloji hazırlığını artırmağı fəaliyyətinin tərkib hissəsi sayan Fatmaxanım müəllim daim yenilik axtarışındadır. O, tədris etdiyi fənnə qəlbən bağlı olduğu kimi, onu şagirdlərinin də amalına çevirmək arzusu ilə yaşayır. Dərs məşğələlərinə hərtərəfli hazırlaşan F.Quliyeva müxtəlif iş üsullarından istifadə etməklə keçəcəyi mövzunu şagirdlərə başa salmağa, müəllimin tərbiyəedici imkanlarından maksimum istifadə etməyə, fəndaxili və fənlərarası əlaqə vasitəsilə mövzuların tamlığına, əyani şərhinə, şagirdlərin müstəqil mühakimə yürütmək qabiliyyətlərinin inkişafına bir qayda olaraq xüsusi diqqət yetirir. Onun dərslərindəki canlılığın, qaynarlığın bir səbəbi də müəllimin hər bir dərs məşğələsinə qabaqcadan planlı şəkildə hazırlaşmasıdır.
F.Quliyeva dili sevdirmək üçün Azərbaycan dili dərslərini yüksək səviyyədə qurmağa diqqəti artırmaqla yanaşı, sinifdənxaric tədbirlərin imkanlarından da səmərəli istifadə edir, şagirdlərin asudə vaxtının təşkilinə məsuliyyət və tələbkarlıqla yanaşır.
O, Nizami Gəncəvinin 880 illiyi münasibətilə bölgəmizin beş rayonu üzrə keçirilən müsabiqəyə qoşulmuş, müsabiqənin qalibi olaraq “Fəxri fərmanla” təltif edilmişdir. Onun qabaqcıl iş təcrübəsi rayon miqyasında yayılmışdır. F.Quliyeva həmkarları qarşısında fənn bölmələrində, metodbirləşmə iclaslarında müntəzəm olaraq maraqlı mövzularla çıxış edir. Fatmaxanım müəllimin işindən Quba 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Eynulla Camalov həvəslə danışaraq deyir:
- Fatmaxanım müəllim direktoru olduğum məktəbdə fəaliyyət göstərən İstedadlar sinfində də işləyir.Ötən il onun dərs dediyi 19 şagirdin 19-u da ali və orta ixtisas məktəblərinə daxil olub. Fatmaxanım müəllim bu peşəyə ürəyini verib. Zəhməti sevməyi ona şöhrət gətirib. O, fənnin metodikasını dərindən bilir. Onun dərslərini çox dinləmişəm. Hər dəfə də ondan yeni bir cəhət mənimsəmişəm. Heç bir dərsi digərinin təkrarı olmaz. Bax, bu əsl ustalıqdır, pedaqoji məharətdir. O, şagirdlərinin gözündə ürəyini görməyi bacarır. Fənlərarası və fəndaxili əlaqənin imkanlarından bacarıqla istifadə edir. Onun işində müsbət və təqdirolunan cəhətlər çoxdur.
Quba şəhər 4 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin texnologiya müəllimi Rəqiyyə Əsgərova həmkarı barədə: - Bu il nəvəmin 555 bal toplayaraq ali məktəb tələbəsi olmasında Fatmaxanım müəllimin rolu böyükdür. O, şagirdlərini əlavə ədəbiyyat üzərində işlədir və səmərəsini də görür. Fatmaxanım müəllimin işi ürəkaçandır, valideynlərin də ən yaxşı məsləhətçisi və yolgöstərənidir. Fatmaxanım müəllim məzunlarla daim əlaqə saxlayır. Onlarla tez-tez görüşür. Hər dəfə onların xoş sorağını eşidəndə ürəyi dağa dönür.
Fatmaxanım Quliyeva həm də gözəl anadır. O, həyat yoldaşı Söhrab Əmrahovla birlikdə iki qız övladı böyüdüb boya-başa çatdırıb. İkisi də ən şərəfli peşə olan müəllimlik peşəsinə yiyələnib.
İnsanların həyatında elə anlar olur ki, o anlar yaddaşa həmişəlik həkk olur və silinməz izlər buraxır. Fatmaxanım müəllimin həyatında da belə anlar çoxdur. Müxtəlif illərdə “İlin müəllimi” adına layiq görülən, fəxri fərmanlarla, diplomlarla, “Tərəqqi” medalı ilə təltif edilən Fatmaxanım Quliyeva bu il Beynəlxalq Müəllimlər Günündə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Bu isə Quba müəllimlərinin hər birinin əməyinə verilən qiymətin təzahürüdür. Onu bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, daha böyük uğurlar arzulayıram.
Şixəmməd SEYİDMƏMMƏDOV,
ADPU-nun Quba filialının “Təbiət fənləri və onun tədrisi metodikası” kafedrasının baş müəllimi