Azərbaycan bu gün çoxəsrlik tarixinin ən Şanlı və qüdrətli dövrünü yaşayır. Zəfər Gününün doğurduğu milli qürur hissindən insanın hansı duyğular keçirdiyini, nə qədər fərəhləndiyini sözlə ifadə etmək olmur. QALİB ölkənin vətəndaşı olmaq olduqca qürurvericidir. Bizə bu qürurlu tarixi anları yaşadan ölkə Prezidenti cənab İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun böyük Qələbə müjdəsi xalqımızın qəlbində əbədi qəhrəmanlıq dastanına çevrilib. 44 günlük Vətən müharibəsi göstərdi ki, xalqımız nə qədər qüdrətli, mətin, torpağını sevən bir xalqdır. Öz qanları ilə tarix yazan Şəhidlərimiz rahat uyuya bilərlər. Onların bizə miras qoyub getdiyi Qalib Azərbaycan gündən-günə çiçəklənir, güclənir. Elə Zəfər Günü ərəfəsində sevinc dolu anlarımızı bu şanlı tarixi-siyasi prosesləri yaxından izləyən, həmin günləri dəqiqə-dəqiqə, saat-saat yaşayan elm, təhsil, mədəniyyət nümayəndələri ilə də bölüşdük.
“Ali Baş Komandanımız Ulu Öndərin arzularını gerçəkləşdirdi”
Professor Şahlar Əsgərov Zəfər Günü ilə bağlı duyğulu təəssüratlarını bizimlə bölüşüb. O, ulu öndər Heydər Əliyevin sözlərinə diqqət çəkdi: “Əgər bir azərbaycanlı ilə bir ermənini təkbətək meydana salsan, azərbaycanlı heç vaxt kürəyini yerə verməz. Heç vaxt! Amma millətimizi bu cür qəhrəman etmək bir iki adamın işi deyildir. Bu, xalqın hamısının birlikdə işidir və xalqa rəhbərlik, başçılıq, sərkərdəlik edən adamların işidir”.
Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində xalqımız, ordumuz, əsgərlərimiz, Ali Baş Komandanımız ulu öndərin arzularını gerçəkləşdirdi.
Müharibə zamanı Azərbaycan xalqı Allahın xoşuna gələn Zəfəri təmin edən portretini çəkdi. Bu portretdə xalqımızın əsas xarakterik cizgiləri əks olunub:
* Ana öz oğlunun tabutu qabağında oynadı;
* Nərgül bacı bir həftə içərisində həm şəhid ərinin, həm də şəhid qardaşının cənazəsini çiynində daşıdı;
* General əsgərinə bu mənim qardaşımdır, dedi;
* Bahar ana şəhid oğlunun məzarı başında ikinci oğlum da bu Vətənə qurban dedi;
* Azərbaycan ordusunda fərarilik müşahidə edilmədi. Və bunun kimi... Belə keyfiyyətləri saymaqla qurtarmaz...
Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Mən bu gün ulu öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik”. Üstəlik dedi:
Əziz Şuşa, sən azadsan!
Zəfərdən sonra ölkə Prezidenti dünyaya bəyan etdi:
* Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetirdik;
* 30 ildə bizi başa düşməyənlərə 30 gündə çox şey başa saldıq;
* Biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır;
* Biz Azərbaycan xalqını qürurlu, cəsarətli, yenilməz xalq kimi təsdiqlədik.
Qarabağ müharibəsi erməni toplumunun xüsusiyyətlərini çılpaqlığı ilə ortaya qoydu. Bu müharibədə ermənilər toplum olaraq öz mənfur portretini çəkdilər. Ermənilərin çəkdiyi əcaib portret Allahın xoşuna gəlməz. Ermənilər qeyri-insan, anti insanı cizgilərlə dolu, barbar, vəhşi, paxıl, şəhərləri, kəndləri, məktəbləri, xəstəxanaları, meşələri, bağları-bağçaları viran edən bir toplumun portretini çəkdilər. Ermənilər özlərini nə Allah bəndəsi kimi, nə də qafqazlı kimi apardılar. Özlərinə hər cəhətdən rüsvayçı, Matenadaranda saxlanılası mümkün olmayan bir tarix yazdılar.
Qarabağda quruculuq dövrüdür. Bu yerdə yadıma böyük Hüseyn Cavidin məşhur misrası düşdü: Talenin hökmünü poza bilsəydim həmən, Onu öz arzumla , niyyətimlə yazardım yenidən. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin yerlə yeksan etdiyi Qarabağı öz arzusuna, niyyətinə uyğun olaraq yenidən tikir, yenidən qurur. Kəlbəcərli şair Məmməd Aslan bu dünyadan nigaran köçəndə yazmışdı: “Çilikləndi telli saz, getdi ruhunda avaz... O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər”. Əziz Məmməd, rahat yat. İndi Qarabağda ağıllı şəhər, ağıllı kəndlər salınır. Bu işdə Ali Baş Komandana Allah köməyi olsun. Şərqin müdrük adamları deyiblər ki, hər qüdrətli kişinin arxasında qeyrətli bir qadın dayanır.
Fikirlərimə birinci xanım Mehriban Əliyevanın bir düası ilə son verirəm: “Allah hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”.
“Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq”
Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov da zəfər dolu günlərin xoş anlarını yaşadığını deyir: “Biz bu Zəfər Gününü 30 il gözləmişik. Bir millət olaraq, bir xalq olaraq 30 ilə bu günə qədər addım-addım gəlmişik. Ali Baş Komandanımız güclü bir ordu quraraq, öz qətiyyətli siyasəti ilə bax bu günü yetişdirdi. Ali Baş Komandanımızın əmri ilə 27 sentyabrda Müzəffər Ordumuz əks hücuma keçərək 44 gün ərzində bir dastan yazdı. Qarabağı və tarixi torpaqlarımızı bizə qaytardı. Biz 30 ilə yaxın idi ki, çox əziyyət çəkirdik. Bir milyona yaxın məcburi köçkünümüz və qaçqınımız var idi. Amma bütün bunlara baxmayaraq biz sınmadıq, yıxılmadıq, bir dövlət olaraq heç kimə, heç bir dövlətə əyilmədik. Öz gücümüzlə, alnımızın təri ilə torpaqlarımızı azad etdik. Biz bir millət olaraq xalq, dövlət birliyinin sayəsində bu zəfəri qazandıq. İgid Şəhidlərimizin, qazilərimizin canları, qanları bahasına qazandıqları zəfər bizə əbədi bir miras olaraq qalacaq.
İndi biz işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri görürük. Şuşamıza “Zəfər yolu” çəkmişik. Füzulimizdə böyük bir Beynalxalq Hava Limanı tikdik və artıq açılışını da elədik. Yollar çəkirik, tunellər tikirik, ağıllı kəndlər salırıq. Bu, böyük bir qürur hissidi. Bəlkə də bunlar bir il yarım bundan əvvəl bizə yuxu kimi gəlirdi. Biz artıq işğaldan azad olunmuş rayonlarımıza sərbəst gedirik. Necə ki, müharibə vaxtı biz birləşərək zəfər qazandıq, bu gün də birləşərək, bir millət olaraq Qarabağın yenidən quruculuğuyla məşğuluq. Zəfərimiz, qələbəmiz əbədidir və bizim bayrağımız hər zaman zirvələrdə dalğalanacaq.
Eşq olsun Azərbaycan dövlətinə, eşq olsun Ali Baş Komandanımıza, eşq olsun Azərbaycan əsgərinə! Zəfərimiz əbədi olsun!
“Ömrümün sonunadək sevinc hissilə yaşayacağam”
Əməkdar müəllim Asif Cahangirov: “2020-ci ilin 27 sentyabrı elə bil dünən imiş. Sübh tezdən dostum Ramizlə ənənəvi gəzintiyə çıxmışdıq. Novxanı bağlarının üstündən bir neçə təyyarəmizin göydəki manevri hər ikimiz üçün gözlənilməz və qeyri-adi göründü. Bir az keçmiş öyrəndik ki, II Qarabağ müharibəsi, Vətən müharibəsi başladı.
Çox böyük həyəcan içində idik, lakin bu anın nə vaxtsa gələcəyinə şübhə etmirdik. “Ya Qarabağ, ya ölüm!” bizim üçün adi söz yığını deyil, torpaqlarımızın 32 illik hayqırtısı idi.
Səmimi deyirəm, Şuşada, Tuğda, Füzulidə, Ağdamda nə vaxtsa bir daha olacağıma xəyal edirdik. Tariximizdə unudulmaz iz buraxmış ulu öndər Heydər Əliyev və ölkəmizin başçısı İlham Əliyev həmişə vurğulayırdılar ki, Azərbaycan sülh tərəfdarıdır, lakin doğma torpaqlarımızın qaytarılması üçün onlar bütün imkanlardan istifadə etməyə hazırdırlar.
Anlayırdım ki, heç bir kompromis mümkün olmayacaq, deməli, torpaqlarımız nə vaxtsa qan hesabına qaytarılacaqdır. Mütləq qaytarılacaqdır! Buna qəti şübhə etmirdim, amma həmin anların şahidi olacağıma inamım yox idi. Bu misilsiz xoşbəxtlik anlarını yaşadım və ömrümün sonunadək sevinc hissilə yaşayacağam! Rəşadətli Ordumuzun, bir dəmir yumruq kimi birləşmiş xalqımızın, Ali Baş Komandanımızın qələbə əzmi sayəsində! Bəli, doğma torpaqlarımız uğrunda savaşa bütün millət qalxmışdı!
Televiziya ekranlarında ölkə Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayon mərkəzlərində əsli həmin rayonlardan olan ictimaiyyət nümayəndələri ilə silsilə görüşlərini hamımız fəxarət hissilə izləyirdik. Hadrut qəsəbəsində keçirilmiş görüşdə mən də iştirak etmişdim.
Çox səmimi mühitdə keçən görüşümüz zamanı Prezident Hadruta, Tuğa dair suallar verir, bu ərazilərin inkişaf perspektivləri haqqında öz baxışları ilə bölüşürdü. Onun bizi dədə-baba yurdumuz olan Tuğ kəndinə dəvət etməsi, bizimlə birlikdə Tuğu gəzməsi, kəndin bənzərsiz gözəlliyi barədə iftixarla danışması hamımızın ürəyindən oldu.
Yeri gəlmişkən, fürsətdən istifadə edib hörmətli Prezidentdən nəsillərimizin böyük oğulları, Tuğ kəndində dünyaya gəlmiş Cavad bəy Məlik-Yeqanovun və Xudadat bəy Məlik-Aslanovun xatirələrinin əbədiləşdirilməsi barədə təkliflərimi də bildirdim.
Sözsüz ki, Qələbəmiz Vətən uğrunda canlarından belə keçməyə hazır olan hər bir əsgər və zabitimizin, əfsanəvi qəhrəmanlar böyütmüş ana-atalarımızın, əsl vətənpərvərlər yetişdirmiş müəllimlərimizin, bütün Azərbaycan xalqının sayəsində qazanılmışdır. Xalqımızla, Rəşadətli Ordumuzla birlikdə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qalib Azərbaycanın Şanlı tarixini yazdı. Allah Şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycan olub və həmişə Azərbaycan olacaq!
“Alnımızdakı məğlubiyyət ləkəsi təmizləndi”
Respublikamızın Əməkdar artisti Təyyar Bayramov: “Mən 15 yaşına qədər Ağdamda yaşamışam. Ağdam rayonunun Ağdam kəndində yaşamağımıza baxmayaraq demək olar ki, mənim uşaqlığım Şuşa, Laçın və Kəlbəcərdə keçib. Çünki, qohumlarımız orada yaşayırdı. Hər yay biz o bölgələrə gedərdik. Beləliklə, müharibə dönəmi - o qanlı-qadalı günlər yaddaşımda çox dərin izlər buraxıb. Ümumən xalq olaraq hər birimiz bu illərdə Qarabağ fəryadı edirdik. İndi musiqi səhnəsindəyik və elə efirim, çıxışım olmayıb ki, orada dörd repertuarımdan ikisi Vətən - Qarabağ mövzusunda olmasın. Allaha şükürlər olsun ki, artıq neçə illərdir işğal altında olan torpaqlarımız azaddır. On illərlə sürən sülh danışıqları dönəmində Müzəffər Ali Baş Komandan qüdrətli və müasir silahlı yenilməz ordu qurdu. El sözüylə desək, “bıçaq sümüyə dirənəndə” sentyabrın 27-si 2020-ci ildə Azərbaycanın qüdrətli ordusu mənfur düşmənlərimizə qətiyyətli cavab verməyi lazım bildi, 44 günlük savaşdan sonra torpaqlarımızı azad etdi. Hansı ki, əziz vətənimizin talan olmuş kənd və qəsəbələrində üçrəngli bayrağımız dalğalanır. Bu, həm əsgərimiz, həm də bütövlükdə millətimiz üçün çox qürurverici işdir ki, alnımızdakı məğlubiyyət ləkəsi təmizləndi.
Niyazi RƏHİMOV