Müəllimlərinin sevinc hisslərini şagirdləri də onunla bərabər yaşayır.

 

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!

Heydər ƏLİYEV

 

Azərbaycan  Prezidenti İlham Əliyevin müvafiq  sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülən  təhsil işçiləri arasında istedadlı,  beynəlxalq müsabiqələr qalibi  olan yetirmələri haqqında onlarla məqalə hazırladığım Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Orkestr şöbəsinin  şöbə müdiri,  Kamera orkestrinin rəhbəri Fəridə Mövsümovanın da adını görəndə  hədsiz sevindim. 56  yetirməsi, onlardan 18-i laureat  və  ali təhsillərini  Milli Konservatoriyada  davam etdirən, 2-si  isə Prezident təqaüdünə layiq görülən bu müəllimin həyat yolunu çil-çıraq edən seçdiyi sənətinə hədsiz məhəbbət hissi  bəstələdiyi barədə   yetirmələri   haqqında yazdığım  çoxsaylı məqalələrdə dəfələrlə söz açmışam. Həmişə şagirdləri haqqında  sevimli müəllimlərinin  ürək sözlərini dinləyib, qələmə alırdımsa, bu dəfə  həmin  yazılarımın “baş qəhrəmanları”nı danışdıraraq onların əməyi dövlət tərəfindən rəğbətləndirilən   müəllimləri ilə bağlı ürək sözlərini  yaddaşıma köçürməyə çalışdım.

 

“Bütün nailiyyətlərimə görə müəllimimə borcluyam”

 

Gülnar Rəfiyeva: 2018-ci ildən  AMK tərkibində İncəsənət Gimnaziyasında  skripka ixtisası üzrə təhsil alıram. Sevinirəm ki, həm müəllim, həm də şagird kollektivlərinin dərin rəğbətini qazanan Fəridə Mövsümovanın şagirdiyəm.  Mən Fəridə müəllimdən  təkcə peşə  hazırlığının deyil, vətənə layiq övlad  olmağın  nə dərəcədə vacib olduğunun sirlərini  də əxz edirəm. O, dərslərində  vaxt tapıb problemlərimizlə də maraqlanır, hər birimizlə fərdi söhbətlər aparır, düzgün həyata istiqamətləndirir. Buna görə də  bəzi hallarda analarımızla  bölüşmədiyimiz  sirləri, fikirləri belə biz Fəridə  müəllimlə bölüşür, onun xeyir-duasıyla öz işimizi qururuq. Sevimli müəllimimin üzərimdə haqqı böyükdür. Məhz onun tələbkarlığı, üzərimdə yorulmaq bilmədən çalışqanlığı sayəsində  bu gün mən beynəlxalq müsabiqələr laureatıyam. İsraildə keçirilən “Holy Land” beynəlxalq incəsənət festival-müsabiqəsində II, İspaniya və Estoniyada təşkil olunan müsabiqələrdə instrumental ifaçılıq nominasiyasında 1-ci yerə layiq görüldüm. Müsabiqələrdən mənə diplomlarlar gəldikcə Fəridə müəllimin sevinci yerə-göyə sığmır, bunları öz uğuru, öz qələbəsi  sayır. Musiqi sahəsində  qazandığım bütün nailiyyətlərimə   görə Fəridə müəllimə borcluyam. Sevimli müəllimimi Əməkdar müəllim  fəxri adı alması münasibətilə  ürəkdən təbrik edirəm!

 

 

“Biz də onun ümidlərini doğrultmağa çalışırıq”

 

Əminə Əmrahova: İncəsənət Gimnaziyasının 4-cü sinfində təhsil alıram. Fəridə Mövsümova mənə skripkadan dərs keçir.

 

Sevimli müəllimimə  hörmət və ehtiramım sonsuzdur Fəridə müəllim skripkanın dərin bilicisidir və o, bildiklərini  biz şagirdlərinə bacarıqla, təmkinlə öyrədir. Fəridə müəllim məktəbdə bizim həm də rəfiqəmizdir. Bir balaca qəmgin görsə, o saat qolumuza girib öz otağına  aparacaq, o ki var  sorğu-sual edəcək və  öz ana-bacı tövsiyələrini, öyüd-nəsihətlərini verərək dolmuş ürəyimizi ustalıqla boşaldacaq. Şəxsən mənə valideynlərim qədər əzizdir müəllimlərim, xüsusilə Fəridə müəllim.

 

Musiqi sahəsində müəllim kimi çoxillik fəaliyyəti nəzərə alınmaqla Fəridə xanıma Əməkdar müəllim fəxri adı verilib. Bu münasibətlə  mən də  onu ürəkdən təbrik edirəm. Müəllimimizin  yaşadığı sevinc hisslərini biz şagirdləri də onunla bərabər yaşayırıq. Düşünürük ki, bu, bütövlükdə öz yetirmələri ilə saysız-hesabsız qələbələrə imza atan gimnaziyanın pedaqoji kollektivinin əməyinə verilən qiymətdir.

 

Müsabiqə və festivallarda, beynəlxalq istedad yarışmalarında  şagirdlərinin qazandığı qələbələrin sayı qədərdir onun uğurları.Yeri gəlmişkən, ötən tədris ilində Fəridə xanım məni beş beynəlxalq müsabiqəyə hazırladı. İtaliyada keçirilən “Marinella Summer Holidays” beynəlxalq müsabiqədə II yerə layiq görüldüm, Bakıda keçirilən “Ümid” beynəlxalq incəsənət müsabiqəsində 1-ci yeri tutdum və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “3 Alov” beynəlxalq müsabiqədə ikinciliyi qazandım. Fəridə müəllim   bizimlə işləyərkən ürəyini qoyur,  yolumuzu işıqlandırır, biz də onun ümidlərini doğrultmağa çalışırıq.

 

“Üzərimdə gərgin əməyi sayəsində uğurlara imza atmışam”

 

Məltəm Axundzadə: Mən AMK tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsində skripka ixtisası üzrə təhsil alıram. İxtisas müəllimim Fəridə Mövsümovadır. Sevimli müəllimim  mənim “uğura aparan yolumun günəşidir” desəm, yanılmaram. O, qayğıkeş, həm də tələbkar  müəllimdir. Fəridə Mövsümovanın  üzərimdə gərgin əməyi sayəsində   bir çox konsertlərdə iştirak edib uğurlara imza atmışam. Beynəlxalq müsabiqələr  laureatıyam. Son aylar Türkiyə və İsveçdə keçirilən beynəlxalq musiqi  festivallarında  birincilik qazanmışam. “American edition” beynəlxalq incəsənət müsabiqəsində I yerə, “Stelele Romanıeı” müsabiqəsində isə II yerə layiq görülmüşəm. Bütün bu uğurlarımın həmmüəllifi sevimli müəllimim Fəridə xanımdır. Əziz müəllimimi bu günlərdə layiq görüldüyü Əməkdar müəllim fəxri adı münasibətilə ürəkdən təbrik edirəm. Bu, ölkə rəhbəri tərəfindən  məhz bizim üzərimizdə çəkdiyi əziyyətlərə və qazandığımız birinciliklərə görə  sevilən-seçilən müəllimimizə verilən yüksək qiymətdir.

 

“Ən böyük şansım onun şagirdi olmağımdır”

 

Ləman  İsmayılova: Mən 2018-ci ildən AMK tərkibində İncəsənət Gimnaziyasında təhsil alıram. 11-ci sinif şagirdiyəm və skripka ixtisası üzrə  müəllimim Fəridə Mövsümovadır.  Bəlkə də musiqili dünyamda ən böyük şansım, uğurum belə bir Fəridə müəllimin şagirdi olmağımdır. Sevimli müəllimimlə bütün uğurlara biz birlikdə imza atırıq, birlikdə irəliləyirik. Nə zaman, hansı məqamda çətinlik çəksəm, o, həmişə yanımda olub, bütün əziyyətlərə qatlaşaraq qarşımda duran maneələri dəf edərək məni  sevindirib.

 

Fəridə müəllim öz  şagirdlərinə çox güvənir. Bu da mənə  və sinif yoldaşlarıma xüsusu güvənc  və inam verir. O, olduqca  səmimi və mehriban insandır. Verdiyi tövsiyə və məsləhətlər  ən çətin məqamlarda karıma gəlib. Dözümlü və təmkinli olmağı, heç bir  çətin situasiyada  özümüzü itirməməyi, baş verən hər hansı bir hadisədən tez  və dərhal nəticə çıxarmağa tələsməməyi, səhvə yol verməməyi təlqin edir bizə sevimli müəllimimiz. Yaddaşımızda qızıl hərflərlə həkk olunub onun ibrətamiz kəlamları. Fəridə xanımın əzmkarlığı, tələbkarlığı  ilə səylə hazırlaşdığım müsabiqələrdən həmişə qalib qayıtmışam. Müxtəlif vaxtlarda Estoniyada, Türkiyədə, İsveçdə, Amerikada keçirilən beynəlxalq müsabiqələrdə birinci yerə layiq görülmüşəm. Bütün qələbə sevinclərimi mənimlə bərabər yaşayan Fəridə müəllim mənim ustadım, həyata vəsiqə verənimdir. Bu cür müəllimi sevməmək  mümkünsüzdür. Fəxr edirəm sevimli müəllimimlə. Sevimli müəllimimi yüksək fəxri ada layiq görülməsi münasibətilə ürəkdən təbrik edirəm! Bu gün  sevinc hisslərini biz də onunla bərabər yaşayırıq.

 

“Fəxri adınız mübarək sevimli müəllimim!”

 

Fidan  Quluzadə: Bir ildir ki, Fəridə müəllim mənə dərs deyir. O, bizə ilk gündən tək müəllim yox, həm də ana məhəbbəti aşılayıb. Bilmədiyimiz, öyrənmədiyimiz çox  məqamları  bizə aşıladıb, öyrədib, tövsiyə edib. Fəridə müəllim  biz yetirmələrinə, eyni zamanda  müstəqil yaşamağı, dəyərli şəxsiyyət olmağı bacarmağımızı da təlqin edir. Əgər biz gələcəkdə yaxşı musiqi bilicisi olmaqla yanaşı  həyatdan da  bir müstəqil şəxsiyyət olaraq baş çıxarmağı bacarsaq, onda bütün nailiyyətlər  başımızın tacı ola biləcək,- söyləyir  sevimli müəllimimiz. Fəridə müəllimin  demək olar ki, bütün öyüd-nəsihətləri valideynlərimiz tərəfindən də yüksək qarşılanır. Mən  həmişə onların təşəkkürlərini  Fəridə müəllimə çatdıranda o, özünəməxsus qürurla başı ilə öz razılığını ifadə edir. Olduqca ciddi və tələbkar müəllimdir. Öyrətdiklərini  geri almayınca şagirdini rahat buraxan deyil. Ona görə də onun dərslərində daha diqqətli oluram və etimadını doğrultmağa çalışıram. Mən  Türkiyə və Ukraynada keçirilən  yaradıcılıq müsabiqələrinin qalibi olanda Fəridə müəllimin  sevinc hisslərini sözlə ifadə edə bilmirəm. Açığı, onunla ilk tanışlığımızda ciddiliyi məni çox qorxutmusdu. Amma tanıdıqca gördüm ki, cıddi, sərt olmasıyla yanaşı, həm də olduqca mülayim, mehriban  insandır. Belə bir müəllimin şagirdi olmaq böyük xoşbəxtlikdir. Sevimli müəllimimi  ölkə rəhbəri tərəfindən  yüksək ada layiq görülməsi münasibətilə ürəkdən təbrik edirəm. Fəxri adınız mübarək, sevimli Fəridə müəllim! 

 

Sifai SƏFƏROVA