Bizim Fəridə MÜƏLLİM! | |
Müəllimlərinin sevinc hisslərini şagirdləri də onunla bərabər yaşayır.
Mən yer üzündə müəllimdən yüksək ad tanımıram! Heydər ƏLİYEV
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülən təhsil işçiləri arasında istedadlı, beynəlxalq müsabiqələr qalibi olan yetirmələri haqqında onlarla məqalə hazırladığım Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının Orkestr şöbəsinin şöbə müdiri, Kamera orkestrinin rəhbəri Fəridə Mövsümovanın da adını görəndə hədsiz sevindim. 56 yetirməsi, onlardan 18-i laureat və ali təhsillərini Milli Konservatoriyada davam etdirən, 2-si isə Prezident təqaüdünə layiq görülən bu müəllimin həyat yolunu çil-çıraq edən seçdiyi sənətinə hədsiz məhəbbət hissi bəstələdiyi barədə yetirmələri haqqında yazdığım çoxsaylı məqalələrdə dəfələrlə söz açmışam. Həmişə şagirdləri haqqında sevimli müəllimlərinin ürək sözlərini dinləyib, qələmə alırdımsa, bu dəfə həmin yazılarımın “baş qəhrəmanları”nı danışdıraraq onların əməyi dövlət tərəfindən rəğbətləndirilən müəllimləri ilə bağlı ürək sözlərini yaddaşıma köçürməyə çalışdım.
“Bütün nailiyyətlərimə görə müəllimimə borcluyam”
Gülnar Rəfiyeva: 2018-ci ildən AMK tərkibində İncəsənət Gimnaziyasında skripka ixtisası üzrə təhsil alıram. Sevinirəm ki, həm müəllim, həm də şagird kollektivlərinin dərin rəğbətini qazanan Fəridə Mövsümovanın şagirdiyəm. Mən Fəridə müəllimdən təkcə peşə hazırlığının deyil, vətənə layiq övlad olmağın nə dərəcədə vacib olduğunun sirlərini də əxz edirəm. O, dərslərində vaxt tapıb problemlərimizlə də maraqlanır, hər birimizlə fərdi söhbətlər aparır, düzgün həyata istiqamətləndirir. Buna görə də bəzi hallarda analarımızla bölüşmədiyimiz sirləri, fikirləri belə biz Fəridə müəllimlə bölüşür, onun xeyir-duasıyla öz işimizi qururuq. Sevimli müəllimimin üzərimdə haqqı böyükdür. Məhz onun tələbkarlığı, üzərimdə yorulmaq bilmədən çalışqanlığı sayəsində bu gün mən beynəlxalq müsabiqələr laureatıyam. İsraildə keçirilən “Holy Land” beynəlxalq incəsənət festival-müsabiqəsində II, İspaniya və Estoniyada təşkil olunan müsabiqələrdə instrumental ifaçılıq nominasiyasında 1-ci yerə layiq görüldüm. Müsabiqələrdən mənə diplomlarlar gəldikcə Fəridə müəllimin sevinci yerə-göyə sığmır, bunları öz uğuru, öz qələbəsi sayır. Musiqi sahəsində qazandığım bütün nailiyyətlərimə görə Fəridə müəllimə borcluyam. Sevimli müəllimimi Əməkdar müəllim fəxri adı alması münasibətilə ürəkdən təbrik edirəm!
“Biz də onun ümidlərini doğrultmağa çalışırıq”
Əminə Əmrahova: İncəsənət Gimnaziyasının 4-cü sinfində təhsil alıram. Fəridə Mövsümova mənə skripkadan dərs keçir.
Sevimli müəllimimə hörmət və ehtiramım sonsuzdur Fəridə müəllim skripkanın dərin bilicisidir və o, bildiklərini biz şagirdlərinə bacarıqla, təmkinlə öyrədir. Fəridə müəllim məktəbdə bizim həm də rəfiqəmizdir. Bir balaca qəmgin görsə, o saat qolumuza girib öz otağına aparacaq, o ki var sorğu-sual edəcək və öz ana-bacı tövsiyələrini, öyüd-nəsihətlərini verərək dolmuş ürəyimizi ustalıqla boşaldacaq. Şəxsən mənə valideynlərim qədər əzizdir müəllimlərim, xüsusilə Fəridə müəllim.
Müsabiqə və festivallarda, beynəlxalq istedad yarışmalarında şagirdlərinin qazandığı qələbələrin sayı qədərdir onun uğurları.Yeri gəlmişkən, ötən tədris ilində Fəridə xanım məni beş beynəlxalq müsabiqəyə hazırladı. İtaliyada keçirilən “Marinella Summer Holidays” beynəlxalq müsabiqədə II yerə layiq görüldüm, Bakıda keçirilən “Ümid” beynəlxalq incəsənət müsabiqəsində 1-ci yeri tutdum və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “3 Alov” beynəlxalq müsabiqədə ikinciliyi qazandım. Fəridə müəllim bizimlə işləyərkən ürəyini qoyur, yolumuzu işıqlandırır, biz də onun ümidlərini doğrultmağa çalışırıq.
“Üzərimdə gərgin əməyi sayəsində uğurlara imza atmışam”
Məltəm Axundzadə: Mən AMK tərkibində İncəsənət Gimnaziyasının Musiqi şöbəsində skripka ixtisası üzrə təhsil alıram. İxtisas müəllimim Fəridə Mövsümovadır. Sevimli müəllimim mənim “uğura aparan yolumun günəşidir” desəm, yanılmaram. O, qayğıkeş, həm də tələbkar müəllimdir. Fəridə Mövsümovanın üzərimdə gərgin əməyi sayəsində bir çox konsertlərdə iştirak edib uğurlara imza atmışam. Beynəlxalq müsabiqələr laureatıyam. Son aylar Türkiyə və İsveçdə keçirilən beynəlxalq musiqi festivallarında birincilik qazanmışam. “American edition” beynəlxalq incəsənət müsabiqəsində I yerə, “Stelele Romanıeı” müsabiqəsində isə II yerə layiq görülmüşəm. Bütün bu uğurlarımın həmmüəllifi sevimli müəllimim Fəridə xanımdır. Əziz müəllimimi bu günlərdə layiq görüldüyü Əməkdar müəllim fəxri adı münasibətilə ürəkdən təbrik edirəm. Bu, ölkə rəhbəri tərəfindən məhz bizim üzərimizdə çəkdiyi əziyyətlərə və qazandığımız birinciliklərə görə sevilən-seçilən müəllimimizə verilən yüksək qiymətdir.
“Ən böyük şansım onun şagirdi olmağımdır”
Ləman İsmayılova: Mən 2018-ci ildən AMK tərkibində İncəsənət Gimnaziyasında təhsil alıram. 11-ci sinif şagirdiyəm və skripka ixtisası üzrə müəllimim Fəridə Mövsümovadır. Bəlkə də musiqili dünyamda ən böyük şansım, uğurum belə bir Fəridə müəllimin şagirdi olmağımdır. Sevimli müəllimimlə bütün uğurlara biz birlikdə imza atırıq, birlikdə irəliləyirik. Nə zaman, hansı məqamda çətinlik çəksəm, o, həmişə yanımda olub, bütün əziyyətlərə qatlaşaraq qarşımda duran maneələri dəf edərək məni sevindirib.
Fəridə müəllim öz şagirdlərinə çox güvənir. Bu da mənə və sinif yoldaşlarıma xüsusu güvənc və inam verir. O, olduqca səmimi və mehriban insandır. Verdiyi tövsiyə və məsləhətlər ən çətin məqamlarda karıma gəlib. Dözümlü və təmkinli olmağı, heç bir çətin situasiyada özümüzü itirməməyi, baş verən hər hansı bir hadisədən tez və dərhal nəticə çıxarmağa tələsməməyi, səhvə yol verməməyi təlqin edir bizə sevimli müəllimimiz. Yaddaşımızda qızıl hərflərlə həkk olunub onun ibrətamiz kəlamları. Fəridə xanımın əzmkarlığı, tələbkarlığı ilə səylə hazırlaşdığım müsabiqələrdən həmişə qalib qayıtmışam. Müxtəlif vaxtlarda Estoniyada, Türkiyədə, İsveçdə, Amerikada keçirilən beynəlxalq müsabiqələrdə birinci yerə layiq görülmüşəm. Bütün qələbə sevinclərimi mənimlə bərabər yaşayan Fəridə müəllim mənim ustadım, həyata vəsiqə verənimdir. Bu cür müəllimi sevməmək mümkünsüzdür. Fəxr edirəm sevimli müəllimimlə. Sevimli müəllimimi yüksək fəxri ada layiq görülməsi münasibətilə ürəkdən təbrik edirəm! Bu gün sevinc hisslərini biz də onunla bərabər yaşayırıq.
“Fəxri adınız mübarək sevimli müəllimim!”
Fidan Quluzadə: Bir ildir ki, Fəridə müəllim mənə dərs deyir. O, bizə ilk gündən tək müəllim yox, həm də ana məhəbbəti aşılayıb. Bilmədiyimiz, öyrənmədiyimiz çox məqamları bizə aşıladıb, öyrədib, tövsiyə edib. Fəridə müəllim biz yetirmələrinə, eyni zamanda müstəqil yaşamağı, dəyərli şəxsiyyət olmağı bacarmağımızı da təlqin edir. Əgər biz gələcəkdə yaxşı musiqi bilicisi olmaqla yanaşı həyatdan da bir müstəqil şəxsiyyət olaraq baş çıxarmağı bacarsaq, onda bütün nailiyyətlər başımızın tacı ola biləcək,- söyləyir sevimli müəllimimiz. Fəridə müəllimin demək olar ki, bütün öyüd-nəsihətləri valideynlərimiz tərəfindən də yüksək qarşılanır. Mən həmişə onların təşəkkürlərini Fəridə müəllimə çatdıranda o, özünəməxsus qürurla başı ilə öz razılığını ifadə edir. Olduqca ciddi və tələbkar müəllimdir. Öyrətdiklərini geri almayınca şagirdini rahat buraxan deyil. Ona görə də onun dərslərində daha diqqətli oluram və etimadını doğrultmağa çalışıram. Mən Türkiyə və Ukraynada keçirilən yaradıcılıq müsabiqələrinin qalibi olanda Fəridə müəllimin sevinc hisslərini sözlə ifadə edə bilmirəm. Açığı, onunla ilk tanışlığımızda ciddiliyi məni çox qorxutmusdu. Amma tanıdıqca gördüm ki, cıddi, sərt olmasıyla yanaşı, həm də olduqca mülayim, mehriban insandır. Belə bir müəllimin şagirdi olmaq böyük xoşbəxtlikdir. Sevimli müəllimimi ölkə rəhbəri tərəfindən yüksək ada layiq görülməsi münasibətilə ürəkdən təbrik edirəm. Fəxri adınız mübarək, sevimli Fəridə müəllim!
Sifai SƏFƏROVA
|
|
23.10.2021 | 10:10 | |
|
|
|