Dünya ölkələrində əyani təhsilin fasiləsizliyini qorumaq üçün tədbirlər görülür
Rusiya paytaxtında şagirdlərin COVID-19-a qarşı pulsuz ekspress testləşdirilməsinə başlanılıb. Prosedur ilk növbədə paytaxtın reytinqi yüksək olan 10 məktəbində aparılır. Moskva şəhər Təhsil Departamentinin məlumatında qeyd olunur ki, ekspress test bütün dünyada tətbiq olunan müasir diaqnostika sistemidir. Yoluxma hallarının sayında növbəti artımın müşahidə edildiyi bir vaxtda, potensial olaraq xəstəlik mənbəyi ola biləcək şəxsləri operativ şəkildə müəyyən etmək xüsusilə vacibdir. Ekspress-test pilot layihəsi siniflərdə aparılır və nəticə 10-15 dəqiqədən sonra məlum olur. Bununla yanaşı, valideynlər sınaqdan imtina edə bilərlər, lakin onlar iki həftədə bir dəfə uşağın PCR testinin nəticələrini məktəbə təqdim etməli olacaqlar. Müəllimlər testin nəticəsi müsbət olarsa, valideynlərdən uşağını məktəbdən götürmələrini istəyəcəklər. Bununla yanaşı, müəllimlər poliklinikaya məlumat verəcəklər ki, şagirdin evinə həkim göndərilsin və ona PCR-test aparılsın. Ekspress-testlər təcrübədə uğurlu sayılsa, bütün təhsil müəssisələrində tətbiq ediləcək.
Hazırda Rusiyada koronavirusdan kollektiv immunitet səviyyəsi 45%-ə çatmışdır. Lakin bu rəqəm virusun aqressiv “Delta” ştamına qarşı çıxmağa kifayət etmir. Pandemiyanın azalması üçün ən azı 80% immunitet səviyyəsi lazımdır. Bundan əlavə, xəstəlik mövsümündə koronavirusla birlikdə qrip də son dərəcə təhlükəlidir.
Təhlükəsiz test
Ekspress-test prosedurunun özü tamamilə təhlükəsizdir. Hər şagird üçün fərdi steril test sistemindən istifadə edilir. Sınaq sinifdə şagird sıxlığı olmadan keçirilir. Proseduru məktəbə xüsusi dəvət olunan tibb işçiləri həyata keçirirlər.
Uşaqlar tez-tez xəstəliyi yüngül formada və ya asimptomatik şəkildə keçirirlər, bu halda onlar yaşlı insanlara nisbətən, demək olar ki, 1,5 dəfə daha tez-tez koronavirus infeksiyasını ötürürlər. Bundan başqa, uşaqlar əhalinin sosial cəhətdən ən fəal qruplarından biridir. Son bir ay ərzində məktəb yaşlı uşaqlar arasında yoluxma 2,5 dəfə artıb. Moskvada son bir ay ərzində 280-dən çox məktəbyaşlı uşaq xəstəxanaya yerləşdirilib. Belə bir şəraitdə bir sıra regionlar distant təhsilə keçir. Bu isə heç kimin istəmədiyi tədbirdir. Buna görə də, məktəblərdə ekspress test tətbiq edilir. Belə təcrübə xaricdə geniş tətbiq edilir, bir sıra ölkələrdə, məsələn, Böyük Britaniyada, Avstriyada və Almaniyanın ayrı-ayrı ərazilərində isə məktəblilər həftədə iki dəfə ekspress-testlər verirlər. Ekspress- testin müsbət nəticəsi uşaqları xəstə kimi qəbul etmək və ya sinifdə karantin tətbiq etmək üçün heç bir əsas deyildir. Lakin nəicələr poliklinikadan həmin məktəbə dərhal həkimin göndərilməsi üçün əsasdır. Həkim evə gəlməli, qrip simptomlarının mövcudluğunu yoxlamalı, PCR testini və başqa bir ekspres test də daxil olmaqla, azyaşlı pasiyenti diqqətlə araşdırmalıdır. Və yalnız əlavə araşdırmanın nəticələrinə görə gələcək addımlar barədə qərar qəbul edilə bilər. Pilotun nəticələrinə və effektiv alqoritmlərə görə testin təşkili və digər təhsil müəssisələrində mümkünlüyü nəzərdən keçiriləcək.
Testin təşkili üçün məktəblərdə dəqiq logistika qurulmuşdur. Məktəblər testin keçirilmə gününü, vaxtını və yerini göstərməklə cədvəl tərtib ediblər. Hər bir sinif testi başqalarından ayrı keçirəcək, bunun sayəsində müxtəlif sinif şagirdlərinin sıxlığı baş verməyəcək.
Məktəblər ekspress-testin kim tərəfindən aparılması barədə müstəqil qərar qəbul edir. Ekspress-testlər apteklərdə satılır və gündəlik həyatda fəal şəkildə istifadə olunur, onlardan istifadə xüsusi tibbi bacarıq tələb etmir. Buna görə də məktəbin qərarı ilə bu işə həm təhsil müəssisələrinin əməkdaşları, həm də tibb işçiləri cəlb oluna bilərlər. Yaxanın götürülməsi incə və yumşaq çubuqla baş verir, hansı ki, uşağa zərər vurmaq imkanı yoxdur. Bununla belə, məktəb əməkdaşları ekspress- testlər üzrə təlim keçiblər.
Eyni zamanda, valideynləri də uşaqlarını test edə bilərlər. Bunun üçün onlar müəyyən edilmiş qrafik çərçivəsində məktəbə gəlməli və məktəb əməkdaşının iştirakı ilə xüsusi ayrılmış yerdə test aparmalıdırlar. Lisey şagirdləri də müəllimin nəzarəti altında özlərini test edə bilərlər. Bundan başqa, valideynlər iki həftədə bir dəfə poliklinikada və ya özəl klinikada verilmiş uşağın müsbət PCR testinin nəticələrini müstəqil şəkildə məktəbə gətirə bilərlər.
“Test-to-stay”- məktəbdə qalmaq üçün test edin
Bir sıra ölkələrdə məktəblərdə koronovirusa yoluxmanın qarşısını almaq və prosesə nəzarət üçün “Test-to-stay” testləri aparılır. Bu, əyani təhsilin fasiləsizliyini qoruyub saxlamaq və təkrar olaraq ikinci tədris ilini distant təhsilə sərf etməmək üçün edilir. İngiltərə məktəblərində infeksiyalara daha sərt şəkildə nəzarət edilir: orta məktəb siniflərinin şagirdləri və əməkdaşları həftədə iki dəfə (üç-dörd gün aralığında) ekspress testdən keçməlidirlər, bundan əlavə testlər evlərə də verilir.
“Maskalar və ventilyasiya kimi adi məhdudiyyətlərin tətbiqi virusun təsir gücü iki dəfə artıq sarsıdıcı gücü olan “Delta” ştamı üzə çıxana qədər kifayət idi”-, deyə ABŞ-ın Merilend Universitetinin yoluxucu xəstəliklərin modelləşdirilməsi üzrə mütəxəssisi Megan Fitzpatrick bildirib. Buna görə də keçən il ABŞ-da əyani təhsili saxlamağa imkan verəcək, məktəblərdə infeksiya mənbələrinin ortaya çıxmasının qarşısını ala biləcək alternativ strategiyaların araşdırılmasına başlanılıb.
Hazırda ABŞ-da tətbiq olunmağa başlayan strategiya “test-to-stay” adlanır- məktəbdə qalmaq üçün test edin. M.Fitspatrick və onun həmkarlarının hazırladığı model, kütləvi test məktəbdə virusun yayılması riskini iki dəfə azaltmağa imkan verdiyini göstərib. Amerika xəstəliklərə nəzarət və profilaktika mərkəzləri hələ ki, bu strategiyanın hər yerdə tətbiqini rəsmən dəstəkləmirlər, hərçənd hələ ötən qışda ölkənin Yuta ştatında aparılmış tədqiqatlar belə yanaşmanın effektivliyini göstərib, şagirdləri lazımsız özünütəcriddən azad edib.
Onların nəticələrini sentyabr ayında “The Lancet” jurnalında dərc edilmiş və 2021-ci ildə Britaniyada aparılmış tədqiqatlar da təsdiqləyir. Nəticələr kütləvi testin virusa yoluxmuş şagirdin və ya müəllimin müəyyənləşdirməsindən sonra nə kimi tədbirlərin görüləcəyi sualına cavab verir. Tədqiqat zamanı sınaqda iştirak edən 162 məktəb iki qrupa bölünüb. Birinci qrupa (nəzarət qrupu) daxil olanlar - yoluxmuş insanlarla təmasda olanların hamısı on gün müddətinə evə göndərilib. İkinci qrupda olan şagirdlər bir həftə ərzində hər gün ekspress testdən keçəcəkləri şərti ilə məktəbə buraxılıblar. Məktəblilər sinif yoldaşlarının xəstələndiyi halda dərhal deyil, yalnız test nəticələri müsbət olduğu təqdirdə təcrid olunurlar. Hər iki qrupda yeni infeksiyaların sayı (ilk təmasdan sonra) praktiki olaraq eyni olub. “Kontaktların gündəlik sınaqdan keçirilməsi özünütəcrid üçün təhlükəsiz alternativ kimi nəzərdən keçirilməlidir”, - deyə tədqiqatın nəticələrində bildirilir. M.Fitspatrikin sözlərinə görə, istifadə etdiyi model göstərib ki, monitorinq üçün şagirdlərin və məktəb heyətinin ümumi sayının 10%-ni hər həftə sınaqdan keçirmək kifayətdir. Ancaq ən azı bir yoluxmuş şəxs aşkar edildikdən sonra, növbəti gün istisna olmadan qalan 90%-ni yoxlamaq lazımdır, çünki onların arasında yeni yoluxmuş ola bilər.
Bir sıra digər ölkələrdə də tətbiq olunan kütləvi testlər məktəb və digər şəhər məkanlarına baş çəkmək üçün lazımdır. İsraildə koronovirus antigeninə qarşı pulsuz testlər 12 yaşa qədər şagirdlərin ailə üzvlərinə tətbiq olunur. Böyük Britaniyada COVID-19-a qarşı pulsuz müntəzəm ekspress testlər həftədə iki dəfə olmaqla 11 yaşdan yuxarı bütün vətəndaşlar üçün aparılır. Fransada COVID-19-a qarşı həftədə 200 minə qədər kütləvi ekspress test aparılır. Bu, məktəblərdə epidemiya dalğasının tüğyan etməsinə imkan verməmək üçündür. Avstriyada 6 yaşdan yuxarı bütün məktəb şagirdləri, eləcə də məktəb və uşaq bağçalarının heyətləri müntəzəm surətdə test verirlər. Ölkənin ümumtəhsil müəssisələrində PCR testləri həftədə bir, ekspress testlər isə 2 dəfə keçirilir.
Oruc MUSTAFAYEV