7 yaşından bədii və sənədli filmlərə çəkilən yeniyetmə istedad
Yaradıcılıq keyfiyyətlərinin, istedad və bacarığın ənənəvi şəkildə nəsildən-nəslə ötürülməsi heç kimə sirr deyil və bu, daha çox maraq doğurur. Bülbülün, Rəşid Behbudovun, onlarla başqa korifey sənətkarın davamçıları hamıdan əvvəl elə onların öz övladları olublar, özü də tez bir zamanda da səhnə ulduzlarına çevriliblər. Görkəmli vokalist, Xalq artisti Azər Zeynalovun da bu mənada bəxti gətirib. Odur ki, biz həmin istedad sahiblərinin biri ilə oxucularımızı tanış edəcəyik. Beləliklə...
7 yaşından bədii və sənədli filmlərə çəkilib
...Zeynalov Fərid Azər oğlu 2010-cu il sentyabrın 21-də Bakı şəhərində anadan olub. Ailədə 4 qardaşdırlar. Ən kiçik övlad olan Fərid uşaq yaşlarından musiqiyə böyük maraq göstərməyə başlayıb. Atası professor Azər Zeynalov musiqiyə olan hədsiz həvəsini övladının erkən yaşlarından hiss edib və Fəridi Milli Konservatoriyanın tərkibindəki İncəsənət Gimnaziyasının fortepiano sinfinə qoyub. Maraqlı haldır ki, Fərid 4 aylığında opera səhnəsinə hələ bələkdə ikən körpə Gündüzün rolunda (Fikrət Əmirovun Sevil operasında) daxil olub, illər sonra isə 6-7 yaşlı Gündüzün obrazını canlandırıb. Fərid 7-8 yaşlarından başlayaraq bir neçə bədii və sənədli filmlərə çəkilib, müxtəlif rolları təqdim edib.
Beynəlxalq müsabiqələrdə laureat adını qazanıb
Müəllimi Sevda Ağayevanın gərgin zəhməti sayəsində onun musiqiyə marağı daha da artıb və öz üzərində çalışqanlığı çoxalıb. Bunun nəticəsidir ki, Fərid bir-birinin ardınca çoxlu beynəlxalq və respublika müsabiqələrində iştirak edərək laureat adını qazanıb.
“Ümid”in birincisi
Moskvada keçirilən Qara Qarayev adına online və Londonda təşkil olunan “Medici” online müsabiqələrində üçüncü yerə layiq görülüb. Azərbaycanda keçirilən “Ümid” beynəlxalq online müsabiqəsində birinci yerə layiq görülən yeniyetməni bu qələbəsi hədsiz dərəcədə ruhlandırıb. Öz üzərində çalışqanlıq ona “Ümid” müsabiqəsində ikinci dəfə birincilik qazandırıb.
Daha çox uğur gətirən əsər
Son günlərdə “Beynəlxalq Bakı Jazz festivalı” çərçivəsində keçirilən müsabiqədə iştirak edən yeniyetmə istedad sahibi münsiflərin xüsusi mükafatına layiq görülüb. Yeri gəlmişkən, türk bəstəkarı Fazıl Sayın “Kara Toprak” əsəri Fəridin yaradıcılıq boxçasına daha çox uğur gətirən əsər sayılır və onun məşhurlaşmasında da xüsusi önəm daşıyır. Hazırda istedadlı məktəbli 6-cı sinifdə təhsil alır. Özünün söylədiyinə görə ifaçılıq sənətinə həvəsi onun dərsə marağını əsla zəiflətməyib, əksinə o, həm də dərs əlaçısı kimi yaşıdları arasında nümunəvi şagirdlərdən biri sayılır.
Görkəmli sənətkarların, alimlərin, ümumiyyətlə, bütün peşələrin mahir bilicilərinin həyat və yaradıcılıq boxçalarını seyr edərkən bir daha əmin olursan ki, Fərid öz fikirlərində haqlıdır. Çünki musiqi sözün tam mənasında beyində olan ən passiv hüceyrələrin fəaliyyətini artırmaqla istər elm sahəsində, istərsə də yaradıcılığın müxtəlif sahələrində insanın potensial bacarığını genişləndirməyə qadirdir.
Sifai SƏFƏROVA