Fəridin musiqi boxçası

Yaradıcılıq  keyfiyyətlərinin, istedad və bacarığın   ənənəvi şəkildə nəsildən-nəslə ötürülməsi  heç kimə sirr deyil və bu, daha çox maraq doğurur. Bülbülün, Rəşid Behbudovun,  onlarla başqa korifey sənətkarın davamçıları hamıdan əvvəl  elə onların  öz övladları olublar, özü də tez bir zamanda da  səhnə ulduzlarına çevriliblər. Görkəmli vokalist, Xalq artisti   Azər Zeynalovun da  bu mənada bəxti gətirib. Odur ki,  biz həmin istedad sahiblərinin biri ilə  oxucularımızı  tanış edəcəyik. Beləliklə...

 

7 yaşından bədii və sənədli filmlərə çəkilib

 

...Zeynalov Fərid Azər oğlu 2010-cu il sentyabrın 21-də Bakı şəhərində anadan olub. Ailədə 4 qardaşdırlar. Ən kiçik övlad  olan Fərid uşaq yaşlarından musiqiyə böyük maraq göstərməyə başlayıb. Atası  professor Azər Zeynalov  musiqiyə olan  hədsiz həvəsini  övladının erkən yaşlarından hiss edib  və  Fəridi  Milli  Konservatoriyanın  tərkibindəki  İncəsənət Gimnaziyasının fortepiano sinfinə qoyub. Maraqlı haldır ki,  Fərid 4 aylığında opera səhnəsinə  hələ bələkdə   ikən  körpə  Gündüzün rolunda  (Fikrət Əmirovun Sevil operasında)  daxil   olub,  illər sonra isə  6-7 yaşlı Gündüzün obrazını canlandırıb.  Fərid 7-8 yaşlarından  başlayaraq  bir  neçə bədii və sənədli filmlərə çəkilib, müxtəlif rolları  təqdim  edib.

 

Beynəlxalq müsabiqələrdə laureat adını qazanıb

 

Müəllimi Sevda Ağayevanın gərgin zəhməti  sayəsində  onun   musiqiyə  marağı  daha  da artıb və öz üzərində çalışqanlığı  çoxalıb. Bunun nəticəsidir ki,  Fərid  bir-birinin ardınca  çoxlu  beynəlxalq və respublika müsabiqələrində iştirak edərək  laureat  adını qazanıb.

 

“Ümid”in birincisi

 

Moskvada keçirilən Qara Qarayev adına online və Londonda təşkil olunan “Medici” online müsabiqələrində üçüncü yerə layiq görülüb. Azərbaycanda keçirilən “Ümid” beynəlxalq online müsabiqəsində birinci yerə layiq görülən yeniyetməni bu qələbəsi hədsiz  dərəcədə ruhlandırıb. Öz üzərində çalışqanlıq ona “Ümid” müsabiqəsində ikinci dəfə  birincilik  qazandırıb.

 

Daha çox uğur gətirən əsər

 

Son günlərdə “Beynəlxalq Bakı Jazz  festivalı” çərçivəsində keçirilən müsabiqədə iştirak edən yeniyetmə istedad sahibi  münsiflərin xüsusi mükafatına layiq görülüb. Yeri gəlmişkən, türk bəstəkarı Fazıl Sayın “Kara Toprak” əsəri Fəridin  yaradıcılıq  boxçasına  daha  çox uğur gətirən əsər  sayılır və onun  məşhurlaşmasında  da  xüsusi  önəm daşıyır. Hazırda istedadlı məktəbli 6-cı sinifdə təhsil alır. Özünün söylədiyinə görə  ifaçılıq sənətinə həvəsi onun  dərsə marağını əsla zəiflətməyib, əksinə o, həm də dərs əlaçısı kimi yaşıdları arasında  nümunəvi şagirdlərdən biri sayılır.

 

Görkəmli sənətkarların,   alimlərin, ümumiyyətlə, bütün peşələrin mahir bilicilərinin həyat və  yaradıcılıq boxçalarını  seyr edərkən bir daha əmin olursan ki, Fərid öz fikirlərində haqlıdır. Çünki musiqi  sözün tam mənasında   beyində olan ən passiv  hüceyrələrin fəaliyyətini artırmaqla  istər elm sahəsində, istərsə də yaradıcılığın müxtəlif sahələrində  insanın potensial bacarığını genişləndirməyə qadirdir.

 

Sifai SƏFƏROVA

 



16.10.2021 | 13:21