Şanlı ZƏFƏRin ruhunu şad etdiyi alim-şair Həsən Mirzənin “Dərdimi” şeirinin linqvo-poetik özəllikləri


Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, görkəmli ictimai-siyasi xadim Həsən Mirzəyev fundamental dilçilik əsərləri ilə yanaşı, həm də “Həsən Mirzə” təxəllüsü ilə xalq ruhunun ifadəsi olan şeirləri ilə tanınıbdır. Bu şeirlərdə fərdilikdən çıxaraq ümummilli, ümumbəşəri dəyərlərlə üzbəüz qalmamaq olmur və onlardan biri “Dərdimi” rədifli şeiridir. Bu, alim-şairin “Dərd” mövzusunda qələmə aldığı poetik nümunə kimi diqqət çəkir, mayasında torpaq, yurd itkisi durur. 9 bənddən ibarət sənət əsərini xalq arasında sevdirən amillərdən ən başlıcası budur ki, şeirdə vətəndaşlıq və yurdsevərliyin tərənnümü aydın sezilir. Şairin soy-kökümüzə, adət-ənənələrimizə candan bağlılıq duyğusu, tarixi keçmişimizə ehtiram ovqatı qabarıqdır və bütün bunlarla yanaşı, folklor üslubundakı bu nümunə linqvistik təhlil üçün zəngin material verir.

 

Azərbaycan poeziyasında müəyyən bir şeirin təsiri altında digər bir poetik örnək yaratmaq ənənəsi istər klassik, istərsə də müasir ədəbiyyatımızda oturuşmuş ənənələrdən sayılır. Sabirin Füzuliyə yazdığı nəzirələri, Qurbaninin “Bənövşə” qoşmasının təsiri altında istər şifahi, istərsə də yazılı ədəbiyyatımızda onlarla bədii örnəklərin yaradılmasını, xalq şairi Musa Yaqubun “Göyərdi” şeirinə, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasına yazılan nəzirələri və digər yüzlərlə poetik örnəklər bu ənənədən xəbər verir. Həsən Mirzənin “Dərdimi” şeiri bu baxımdan ibrətamizdir. Çağdaş poeziyamızda az-az aşıq, şair, el sənətkarı tapmaq olar ki, şairin bu şeirindən təsirlənməsin, onun “dərd” mövzusundakı bu əsərinə cavab yazmamış olsun. Bunların sayı təxminən 200-dən çoxdur və hazırda da belə nəzirələrin sayı artmaqdadır. Şərq ədəbiyyatı üçün populyar olan “dərd” mövzusu Həsən Mirzənin baxışlarında əsrlərlə yaşanmış hisslərin təzahürüdür və onu oxuyan hər kəs burada deyilənlərə biganə qala bilmir, şairin səsinə səs verir, onun dərdinə şərik çıxır. Bu dərd isə bir fərdin dərdi deyil, bütövlükdə millətin, xalqın ən ağır, ən dözülməz yaşantısıdır. Şair “dərd” mövzusunu o qədər real boyalarla poetikləşdirir ki, şeir təhsil səviyyəsindən asılı olmayaraq hər kəs üçün səciyyəvi əsərə çevrilir və bu prosesdə əksər linqvistik vahidlərdən yerli-yerində, məqamında məharətlə bəhrələnilir.

 

Birinci bəndin linqvistik təhlilini saf-çürük edək. Qoşma aşıq Ulduza müraciətlə başladığından şeirin məzmununda və srtukturunda müraciət çaları söz sənətkarı tərəfindən qorunub saxlanılır və birinci  bəndin birinci misrası xitab cümləsi modelindədir:

 

Aşıq Ulduz, çox da dərdliyəm demə,

Söyləsəm qurtarmaz ilə dərdimi.

Əldən gedib yurdum, yuvam, məskənim,

Yükləsəm çəkəmməz filə dərdimi.

 

Üçüncü misra istisna olmaqla digər misralarda işlənən “demə”, “qurtarmaz”, “çəkəmməz” feilləri vasitəsilə konkret olaraq inkarlıq məzmunu gerçəkləşdirilir. Üçüncü misrada “əldən gedib” frazeoloji birləşməsi və onunla əlaqələndirilən “yurdum”, “yuvam”, “məskənim” sinonimik cərgəsi ilə emosionallıq və ekspessivlik keyfiyyətləri gücləndirilmişdir. İkinci və dördüncü misralarda şərt məzmunu qabarıq şəkildə “söyləsəm” və “yükləsəm” feillərində özünü göstərir və sərt məzmun “sa, -sə” morfoloji göstəricisi ilə formalaşdırılır. Hər iki misra şərt budaq cümləsi quruluşundadır və baş cümlədə ifadə olunan hərəkət və əlamətin şərtini bildirir, budaq cümlə baş cümlədən əvvəl işlənmişdir. Bəndin hər bir misrasında poetik tələblərə müvafiq olaraq linqvistik qənaət hadisəsi müşahidə olunur. Belə ki, birinci, ikinci, üçüncü misralarda “mən” şəxs əvəzliyi, sonuncu misrada isə “sən” şəxs əvəzliyinə qənaət qanuna uyğun olaraq buraxılmış və onları abstrakt şəkildə feil sonluqlarında təsəvvür etmək bir o qədər də çətinlik törətmir. Onu da qeyd etməyi lazım bilirik ki, bəndin səslənmə keyfiyyəti olduqca ritmli, melodik, ahəngdardır və bu səslənmə keyfiyyətini formalaşdıran “d” və “m” samitlərinin alliterasiyası “i”, “u”, “a” saitlərinin assonansının işləklik intensivliyidir.

 

Linqvistik təhlilə cəlb etdiyimiz bəndin birinci  misrasında “çox” qeyri-müəyyən sayından istifadə edilərək “dərd” motivinin kəmiyyət çaları ifadə olunmuş, “da” ədatı həmin sayla əlaqələndirilərək həmin sözün məna çalarını daha da qüvvətləndirmişdir. Bənddə işləklik səviyyəsinə görə daha çox diqqəti cəlb edən şəxs əvəzlikləridir.

 

“Dərdimi” qoşmasının ikinci bəndində söz sənətkarına görə, onun babasının izi, nənəsinin nəğməli sözü, türk-oğuz yurdunun gözü doğma torpaqlarında, o müqəddəs yerlərdə qalıbdır. Bu ağır dərdləri Nil çayı kimi böyük bir dəryaya töksən, o da çəkib apara bilməz.  Bənddə öz dədə-baba yurdunu ürəkdən sevən bir şairin ürək sözləri oxunmaqdadır və bütün bunlar qoşma bəndinin məzmun tərəfləri kimi səciyyələndirilməlidir:

 

Babamın o yerdə izi qalıbdır,

Nənəmin nəğməsi, sözü qalıbdır.

Türk-oğuz yurdunun gözü qalıbdır,

Töksən də aparmaz Nilə dərdimi.

 

Bu bəndin qafiyə sistemi izi, sözü, gözü leksik vahidləri üzərində qurularaq ahəngdarlığı, melodiyanı, gözəl səslənməni təmin etmiş və misrasonu mövqelərdə 3 dəfə təkrar işlənən “qalıbdır” feili bənddəki ekspesiyanın qüvvətlənməsinə xidmət göstərmişdir və şeir dilində sintaktik təkrarların ən başlıca vəzifəsi onların ekspesivliyə xidməti ilə dəyərləndirilir. Deməli, təkrarlar şeir dilinin canı, qanı, bel sütunudur. Dördüncü misranı çıxmaq şərtilə, digər üç misra mübtəda və xəbərdən ibarət geniş cümlə modelindədir və bu misraların hər birində inversiya hadisəsi baş verməmişdir və ədəbi dilə tam uyğun cümlə quruluşundadırlar; mübtəda xəbərdən əvvəl işlənmiş, misralardakı fikir özülünü bildirmiş, söz birləşmələri ilə ifadə olunmuşdur. Mübtədanın fikir özülünü, fikir predmetini bildirməsi xəbərlə müəyyənləşir və nə? sualına cavab verir: Babamın o yerdə izi (nə?); Nənəmin nəğməsi, sözü (nə?); Türk-oğuz yurdunun gözü (nə?); və “qalıbdır” təkrar qəlibində çıxış edən xəbəri uzlaşma yolu ilə özünə tabe edir. Bu misralarda mübtəda fikir özülünün, fikir predmetinin mənası şəxs bildirməklə yanaşı, canlı və cansız varlıqları bildirən sözlərlə ifadə olunmuşdur. Ayrı-ayrı misra daxilində mübtəda temanı, yəni “veriləni” ifadə edir, cümlələrin reması, “yeni” - mübtədaya aid əlamət və xüsusiyyətlər xəbərlə ifadə olunur.  Babamın o yerdə izi məlum olandır, temadır, “qalıbdır” yeni veriləndir, remadır. Bu bənddə linqvistik qənaət qanunu şəxs əvəzliklərinin buraxılması nəticəsində təzahür edir və konkret desək, müəyyən sözlərdəki mənsubiyyət şəkilçilərinin köməyi ilə hansı şəxs əvəzliklərinə qənaət edildiyini əyaniləşdirmək mümkündür: Mənim babamın izi; Mənim nənəmin nəğməsi, sözü; sən təksən. Rabitəli mətn daxilində belə qənaət qanunauyğun hal kimi dəyərləndirilməlidir. Həmin bəndi leksik səviyyədə təhlilə cəlb etdikdə aydın şəkildə görünür ki, üslubi sinonimlər cərgəsi müxtəlif söz birləşmələrindən təşkil olunmuşdur: Babamın izi, nənəmin nəğməsi, sözü, türk-oğuz yurdunun gözü kimi üslubi sinonimlər bəndin poetik sanbalına istiqamətləndirilmişdir. Bəndin sonuncu misrasında poetik fikri mübaliğəli şəkildə vermək üçün bir xüsusi onimdən - Nil hidronimindən istifadə olunmuşdur ki, şair ictimai dərdinin böyüklüyünü, qloballığını ifadə etmək məqamında həmin çay adını kontekstual şəraitdə - mikromətnin bel sütununa məharətlə yerləşdirmişdir. Bənddə 2 etnonimdən (türk-oğuz) qoşa söz formasında istifadə edilmişdir ki, bunlar lirik “mən”in dədə-baba yurdunun olduqca qədim tarixə malik olduğunu işarələyir  və eyni zamanda, türk-oğuz etnonimi digər sözlərlə ustalıqla əlaqələndirilərək idiomatikləşdirilir.

 

Lirik “mən”in vətəni parçalanıb, şaqqalanıb, tarix boyu yadellilər, işğalçılar tərəfindən talanıb, yandırılıb, bu dözülməz dərdlərə, müsibətlərə, faciələrə o, göz yaşı axıdır. Şairə görə, bu göz yaşlarını gölə töksən, bunlardan ayrıca bir nəhr, dərya yaranar:

 

Parçalanıb, şaqqalanıb vətənim,

Tapdalanıb, hey talanıb vətənim.

Tonqallara çox qalanıb vətənim,

Töksən dərya olar, gölə dərdimi.

 

Bu bəndin fonetik tərkibi olduqca maraqlıdır. Belə ki, birinci misranı çıxmaq şərtilə, digər misralarda başlanğıc mövqelərdə işlənən sözlərin hər biri ayrı-ayrılıqda “t” samiti ilə başlanan fellərdən ibarətdir və bunlar poetik kontekstin alliterasiyasını stimullaşdırmaqda mühüm rol oynayır. Bundan əlavə, kontekstual mühitdə “l” samitinin 9, “a” saitinin 16 dəfə müxtəlif sözlərin tərkibində alliterasiyası və assonansı bəndin musiqililik və ahəngdarlıq keyfiyyətlərini zənginləşdirir. Feili bağlamanın morfoloji göstəricilərindən olan -ıb4 şəkilçisinin müxtəlif hərəkət bildirən sözlərin tərkibində təkrar işlədilməsi gözəl qafiyələndirməyə xidmət etməklə bərabər, nadir emosional effekt də yaradır. Deməli, mikromətndəki müxtəlif sözlərin fonetik və morfoloji tərkibi və misrasonu mövqedə “vətənim” sözünün anaforik şəkildə 3 dəfə təkrarı bədii və ya poetik semantikaya, məzmunun, formanın mükəmməl şəkildə verilməsi üçündür. Təhlilə cəlb etdiyimiz bu bənddə ən çox diqqətçəkən feili bağlama formalarıdır (parçalanıb, şaqqalanıb, tapdalanıb, talanıb, qalanıb) və göründüyü kimi, bunların hamısı dörd variantlı -ıb şəkilçisi ilə əmələ gəlmişdir və müstəqil subyekt tələb edən söz və söz birləşmələri ilə birgə işlənmişdir. Bəndin ikinci misrasında “hey” sözündən istifadə olunmuşdur ki, fikrimizcə, bu söz tərz-zərfi vəzifəsində çıxış edərək hərəkətin necəliyini bildirir, ədəbi dildən daha çox canlı danışıq dilində işlənir və “aramsız”, “fasiləsiz” sözləri ilə sinonimlik təşkil edir.

 

Şairin Borçalısı, Dərbəndi, İrəvanı, Təbrizi zaman-zaman doğranıb, bu müqəddəs ulu yurd yerlərinin çoxu yadlara paylanıb. O, bu ağır dərdləri unutmağın çətin olduğunu növbəti bənddə ürək ağrısı ilə təcəssüm etdirir:

 

Borçalı doğranıb, Dərbənd doğranıb,

İrəvan doğranıb, Təbriz doğranıb,

Torpağımın çoxu yada paylanıb,

Mən necə unudum belə dərdimi?

 

Şair tarixi Azərbaycan torpaqlarının parçalanaraq yadlara paylanmasını heç cürə qəbul edə bilmir və poetikləşdirmə məqamında 4 toponimdən (Borçalı, Dərbənd, İrəvan, Təbriz) istifadə edərək şeir kontekstinin üslubi səciyyəsini qabarıqlaşdırır, öz bənzərsiz fikir qabiliyyətini nümayiş etdirir. Birinci və üçüncü misralarda ayrı-ayrılıqda 4 sadə cümlə işlənmişdir və onlar yalnız mübtəda və xəbərdən ibarət müxtəsər cümlələr şəklindədir və bu müxtəsər cümlələr ədəbi dilin normal söz sırasını özlərində nümayiş etdirir. Məqsəd və intonasiyaya görə nəqli cümlə şəklindədir və həmin cümlələrdə yer adları, toponimlərlə ifadə olunmuş mübtəda temanı, xəbər isə remanı bildirir. Anaforik mövqedə 4 dəfə “doğranıb” feli bağlamasının təkrar işlədilməsi söz sənətkarının fikir və duyğularının poetik istiqamətlərini dəqiq müəyyənləşdirir, cəlbedici və orijinal təsir bağışlayır. Bəndin üçüncü misrası adi təsviri nəqli cümlə şəklində, dördüncüsü isə sual cümləsi formasındadır. “Mən necə unudum belə dərdimi?” sual cümləsində sual onun özündən doğduğundan bu misra ritorik səviyyəlidir, yəni şair məlum şeyi öyrənmək, dəqiqləşdirmək məqsədi güdmür, sadəcə olaraq, şair üçün  Borçalının, Dərbəndin, İrəvanın, Təbrizin doğranması, torpağının çoxunun yadlara paylanması məlum hadisələrdir. Bu sual cümləsi necə? sual əvəzliyinin köməyi ilə qurulmuş, həmin əvəzlik misrada sual çalarını formalaşdıran universal nitq vahidi kimi çıxış etmiş və həm də təsdiq kimi daha emosional şəkildə ifadə etmək üçün işlədilmişdir. Poetexnik tələblərə müvafiq şəkildə baş vermiş inversiya hadisəsi misrada müşahidə olunur, sual məzmunlu həmin cümlədə “belə” təyinedici ünsürü də kontekstin semantikasında ümumiləşdirici söz qismində çıxış edərək “dərdimi” sözünün məna çalarını reallaşdırmağa, eyni zamanda gücləndirməyə xidmət göstərir.

 

Şeirin beşinci bəndində də oxucunun hissləri sözün əsl mənasında müəllif tərəfindən tam şəkildə ələ alınır və bədii örnəyin hər bir misrası kədərli, hüznlü səhnələrdir, yandırıcı lövhələrdir, insanı silaha, mübarizəyə, döyüşə səsləyən pafoslu deyimlərdir:

 

Düşmən əlindədir müqəddəs yerim,

Ləlim, cəvahirim, abidəm, pirim.

Qoy ayağa qalxsın igidim, ərim,

Bəlkə, bu şad xəbər silə dərdimi.

 

Bənddə “d” samitinin alliterasiyası və “i” saitinin assonansı işləklik intensivliyinə görə seçilir, xüsusi nəzərə çarpır və bunlar oxucuda müxtəlif psixoloji ovqatlar formalaşdırır, fonoloji təkrarlar kontekstual şəraitdə səs ahənginin sıralanma qanunauyğunluqlarının tənzimləyici funksiyasını yerinə yetirir. Bəndin xarakterik linqvistik cəhətlərindən biri də şairin sinonim sözlərdən təsviri və poetikləşdirmə məqamlarının tələbi ilə ustalıqla istifadəsidir və doğurdan da, sinonimik dialektlərin kontekstdə məharətlə uyğunlaşdırılması şairin üslubi uğuru kimi dəyərləndirilməlidir və bu baxımdan yanaşdıqda nəzərdən keçirdiyimiz bənddə ləlim, cəvahirim, abidəm, pirim, igidim, ərim sinonim cərgələrinin kontekstin poetik-obrazlı ifadəsində xidməti olduqca böyükdür. Bəndin üçüncü misrası əmr cümləsi şəklindədir və həmin əmr cümləsi “qoy” ədatının  və feilin  sonunda (qalxsın) işlənən “-sın4” morfeminin köməyi ilə formalaşmışdır. Misrada işlənən “qoy” ədatı və feilin sonundakı morfoloji göstəricisi əmr cümləsində tələb çalarının güclənməsinə səbəb olmuşdur. Sonuncu misranın başlanğıcında “bəlkə” (Bəlkə, bu şad xəbər silə dərdimi) modal sözündən istifadə olunur və həmin sözdən sonra fasilə edilmiş “bəlkə” modal sözü cümlədə şübhə, guman çalarlarını reallaşdırır.

 

250 ildən çoxdur ki, erməni faşistləri, erməni vandalları xalqımıza qarşı misli görünməmiş, analoqu olmayan vəhşiliklər törədir, etnik təmizlənmə siyasəti həyata keçirmişdilər. 44 günlük Vətən müharibəsində xalqımızın qəhrəman, igid, cəsur oğulları sayəsində başda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyev olmaqla erməni qaniçənləri müqəddəs yurd yerlərimizdən iti qovan kimi qovuldular, Qarabağ azad edildi. İndi Müzəffər Ordumuz Həsən Mirzənin doğma yurdu Dərələyəzin beş addımlığındadırlar. Zəfər dolu bu günlərimizi Həsən Mirzə görsəydi, şübhəsiz ki, “Sevincim” adlı böyük bir poema yazıb-yaradardı və bu əsərin hər bir bəndi, misrası dərddən deyil, böyük sevinc, fərəh, şadlıq hisslərindən yoğrulardı. Təəssüflər olsun ki, xalqımızın bu sevincli günlərini görmək bu böyük alim-şairə qismət olmadı, yeganə təsəllimiz budur ki, indi onun ruhu şaddır. Əziz ustadım, Allah sənə rəhmət eləsin! Deyəsən, hisslərimiz bizi bir qədər mətləbdən uzaqlaşdırdı. Məlum məsələdir ki, erməni barbarları “Böyük Ermənistan” iddiası ilə Azərbaycana qarşı iki yüz ildən çoxdur ki, işğalçılıq siyasəti yeridirlər, məqsədyönlü şəkildə soydaşlarımızı qədim tarixə malik yurd yerlərindən məcburi uzaqlaşdıraraq, onların yaşadıqları ərazinin özlərinə məxsus olduğunu təsdiqləməyə çalışırlar. Talançılıq, qarət, soyğunçuluq, özgə torpaqlarını, mənəvi sərvətlərini zorla özününküləşdirmək erməni vandallarının xislətindədir və bu eybəcər xislət Həsən Mirzəni dəhşətə gətirir:

 

Zorla köçürüblər Oğuz elimi,

Bu qəm yükü yaman büküb belimi,

Dilim-dilim doğrayıblar dilimi,

Aşıqlar söyləsin elə dərdimi.

 

Fonetik tərkib etibarilə qoşmanın bu bənd sistemi də olduqca ritmikdir, çünki burada poetik mətləbin ahənginə, ritminə müvafiq gələn sait və samit səslər kontekstin təbii axarının yatımlı şəkildə işlədilmişdir. Bənddə Oğuz eli adlı bir etnonimdən istifadə olunmuşdur ki, bu qədim türk tayfasının, xalqının adı konkret üslubi funksiyasını yernə yetirir. Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə, bənddə ismi, feili, zərf birləşmələrindən yerli-yerində istifadə edilmişdir: zorla köçürmək zərf birləşməsi, Oğuz eli, qəm yükü ismi birləşmələr, beli bükülmək, dilimizi doğramaq feili birləşmələridir ki, bunlar konteksti obrazlaşdırma vasitələridir.

 

Həsən Mirzə şeirin altıncı bəndində el şairləri Zəlimxanı, Sucnəti, Səadəti, Alqayıtı, Bəhməni və bunların timsalında neçə-neçə sənət adamını milli şərəf və heysiyyətimizin, azadlıq və istiqlal ideyalarımızın, nahaqa dözümsüzlüyümüzün tribunu olmaq üçün ayağa qalxmağa, Vətən dərdlərini yazmağa səsləyir:

 

Vətən həsrətimi yazsın Zəlimxan,

Şücaət, Səadət, Alqayıt, Bəhman,

Ərlər qılınc çəksin yetişib aman,

Aqillər gətirsin dilə dərdimi.

 

Bəndin qafiyə quruculuğu mükəmməl və orijinal təsir bağışlayır: Zəlimxan, Bəhman, zaman. Kontenstual mühitdə antroponimlər üzvlük dərəcəsinə görə, intensivdir və hətta bəndin ikinci misrası bütövlükdə söz-söz adamlarının adları əsasında qurulur: Zəlimxan, Şücaət, Səadət, Alqayıt, Bəhman üçüncü misranın əvvəlində çıxış edən “ər” sözü arxaikləşmiş leksik vahidlərdən olub, mənası “igid, qoçaq, qəhrəman” deməkdir. Bəndin bütün misraları əmr cümləsi formasındadır və silsilə şəklində işlədilən bu əmr cümlələrində təkid, tələb çaları qabarıqdır.

 

Şeir ta qədimdən xalqımız üçün həmişə özünümüdafiə amillərindən biri olub və şair, ziyalı olaraq Həsən Mirzə növbəti dəfə bu amillərdən yararlanır və növbəti bənddə Vətən oğullarını ayağa qalxmağa çağırır, müqəddəs torpaqlarımızdan qana susamış düşməni qovmağa səsləyir:

 

Qalxın, Vətən oğlu, qalxın ayağa,

Doğma yurda sahib çıxmasın dığa,

Qovun nankor hayı, qovun uzağa,

Arpa çada verim selə dərdimi.

 

Bəndin bütün misralarında əmr məzmunu qabarıq şəkildə nəzərə çarpır, hətta, birinci misrada “qalxın” feilinin 2 dəfə təkrar işlədilməsi əmr cümləsinin təkid çalarını daha da gücləndirir və ümumilikdə, bənddəki əmr cümlələrinin formalaşmasında əsas yükü intonasiya öz üzərinə götürür və eyni zamanda, kontekstini əmr cümlələrinin xəbəri feilin əmr formasındadır: qalxın, çıxmasın, qovun, verim. Həsən Mirzə coşğun ilhamını bənddə cilovlaya bilmədiyindən vulqar tərzdə “dığa” və “hay” kimi 2 erməni sözündən də istifadə etmişdir. Şair hər bəndin son misrasında Arpa çay hidronimini semantik baxımdan özündən sonra gələn sözlərlə məharətlə uzlaşdıraraq, psixoloji gərginliyi daha da mükəmməşləşdirmiş və həmin o kimi üslubi yük daşıyıcısına çevirmişdir.

 

Həsən Mirzənin “Dərdimi” qoşmasının poetik sonluğu nikbin notlarla bitir və alim-şairin qəlb ağrıları, ürək döyüntüləri, xoş arzuları dərdlə yüklənmiş oxucunu ümidə səsləyir:

 

Ulduz xanım, daha çalma “Dilqəmi”,

“Sarıtel” çal, bir az unudaq qəmi,

Həsən deyər, gəlsin xoş günlər dəmi,

Darayım saçımda telə dərdimi.

 

Bu bənddə əmr cümləsinin məsləhət, arzu, istək çaları qabarıq şəkildə əks olunmuşdur və birinci misrada feil forması (çalma) inkarda, ikinci misrada təsdiq (çal) məzmunundadır. Əmr cümlələrində əksərən xitabların iştirakı vacib olur və bu bəndin birinci misrası Aşıq Ulduza xitabən başlayır və müraciət çaları sintaktik bütövün sonuna kimi davam etdirilir. Bənd mühitində “Dilqəmi” və “Sarıtel” aşıq havalarının adları da maksimum üslubi-semantik tutumu ilə diqqəti cəlb edir, estetik ifadə formaları kimi çıxış edir.

 

Beləliklə, Həsən Mirzənin dillər əzbəri olan, məşhur “Dərdimi” şeiri olduqca poetik siqlətlidir və bu siqləti yaradan zəngin dil formaları, linqvistik materiallardan məharətlə, maksimum dərəcədə, ustalıqla istifadə şeirə və onun müəllifinə əbədilik statusu qazandıran ən vacib amillərdən birinə çevrilir. Alim-şairin bu şeirinin poetik məziyyətləri, fonetik tərkibindən tutmuş sintaktik resurslarına qədərki linqvopoetik özəllikləri haqqında təhlilini yuxarıda söylədiklərimizlə yekunlaşdırmaq düzgün olmazdı, çünki linqvopoetik analiz üçün “Dərdimi” şeiri olduqca zəngin material verir.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor