Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Elmi seminarında institutun dissertantı Rauf Əmənov "Azərbaycan kəhrizlərinin iki dildə atlasının hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.
Bildirilib ki, adı çəkilən atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Azərsu” ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.
R.Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.
Layihəyə əsasən, azkahriz.az saytı işlənərək istifadəyə verilib və kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.