Azərbaycan kəhrizlərinin atlası hazırlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Elmi seminarında institutun dissertantı Rauf Əmənov "Azərbaycan kəhrizlərinin iki dildə atlasının hazırlanması” mövzusunda məruzə ilə çıxış edib.

 

Bildirilib ki, adı çəkilən atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, “Azərsu” ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.

 

R.Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında  məlumatlar toplanıb.

 

Layihəyə əsasən,  azkahriz.az saytı işlənərək istifadəyə verilib və  kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.

 



14.10.2021 | 12:11