Tarixi saxtalaşdırmaq vasitəsi
Əvvəli https://muallim.edu.az/news.php?id=17250 , https://muallim.edu.az/news.php?id=17332
Qondarma DQR-in Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılmışdı. Xocalı və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilirdi. İşğal illərində qondarma DQR parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdı. Dünyanın gözü qarşısında soyqırımına məruz qoyulan Xocalı şəhəri, onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdır.
Dağlıq Qarabağ və onun ətraf rayonları işğal edildikdən sonra Azərbaycanın işğal olunmuş ərazilərində də addəyişmə əməliyyatlarına başlanılmışdı. Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə həm işğal olunmuş ərazilər, həm də Dağlıq Qarabağ Ermənistanın xəritəsinə salınırdı.
Qondarma Dağlıq Qarabağ Respublikasının Ali Soveti Rəyasət Heyətinin qərarları ilə işğal olunmuş ərazilərdə yeni inzibati-ərazi vahidləri yaradılır və “tarixi adların qaytarılması” adı altında toponimlər dəyişdirilirdi. Qondarma DQR-in Ali Sovetinin 2 dekabr 1993-cü il tarixli qərarı ilə işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonlarını əhatə edən Kaşatağ rayonu yaradılmış və rayon mərkəzi kimi, Laçın şəhərinin adı dəyişdirilərək “Berdzor” adlandırılmışdı. Xocalı və Ağdam rayonunun işğal olunmuş əraziləri Əsgəran rayonunun, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan əraziləri Hadrut rayonunun ərazisi kimi göstərilirdi. İşğal illərində qondarma DQR parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. Ağdam şəhəri “Akn”, Füzuli şəhəri “Varanda”, Zəngilan şəhəri “Kovsakan”, Qubadlı şəhəri “Sanasar”, Kəlbəcər şəhəri “Karvacar”, Cəbrayıl şəhəri “Crakan” adlandırılmışdı. Dünyanın gözü qarşısında soyqırımına məruz qoyulan Xocalı şəhəri, onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdır.
Ermənilər tarixi saxtalaşdırdıqları kimi, tarixi xəritələri də saxtalaşdırır, mövcud türkmənşəli toponimlər, hidronimlər, oronimlər erməni adları ilə əvəz edilir. Ermənilərin xəritə saxtakarlığının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2012-ci il tarixində imzaladığı sərəncama əsasən Cənubi Qafqazın 1903-cü il hərbi-topoqrafik xəritəsi yenidən çap edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 20-də xalqa etdiyi müraciətində erməni işğalçılarının bölgəni əbədi işğal altında saxlayacaqlarına əmin olduqları üçün toponimləri də dəyişdirdikləri barədə demişdi: “Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər addımlar atarkən bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər. Əks-təqdirdə, onlar bizim tarixi şəhərlərimizin, kəndlərimizin adlarını dəyişdirməyəcəkdilər. Ağdama bir eybəcər ad veriblər, Füzuliyə başqa bir eybəcər ad veriblər. Yeni xəritələr tərtib ediblər və bu xəritələrdə qondarma “Dağlıq Qarabağ respublikası” keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini yox, işğal edilmiş digər bütün torpaqları da əhatə edirdi və bunu onlar beynəlxalq ictimaiyyətə təqdim edirdilər”.
İşğal altında olan azərbaycanlı yaşayış məntəqələrinin bir çoxunu emənilər xaraba qoymuşlar. İşğal illərində hansı kəndlərdə Ermənistandan və xarici ölkələrdən ermənilər və yezidi kürdləri məskunlaşdırılmışdısa, o kəndlərin adları dəyişdirilmişdi. Ümumiyyətlə, əldə edilən məlumata görə, keçmiş DQMV-nin inzibati-ərazi bölgüsünə əsasən, Əsgəran rayonunda 18, Hadrut rayonunda 16, Mardakert rayonunda 12, Martuni rayonunda 7, Şuşa rayonunda 10 yaşayış məntəqəsinin adlarını dəyişdirmişdilər. Üstəlik, Ermənistanın işğal altında saxladığı Laçın rayonunda 24, Kəlbəcər rayonunda 13, Ağdam rayonunda 9, Füzuli rayonunda 2, Qubadlı rayonunda 4, Zəngilan rayonunda 2, Cəbrayıl rayonunda 4 yaşayış məntəqəsinin adı dəyişdirilmişdi. Dünyanın gözü qarşısında soyqırımına məruz qoyulan Xocalı şəhəri, onun işğal planını hazırlayan Rusiya ordusunun sabiq generalı Xristofer İvanyanın adı ilə “İvanyan” adlandırılmışdı.
Qarabağ xanı İbrahimxəlil xanın 1788-1789-cu illərdə müdafiə-istehkam qalası kimi inşa etdirdiyi Əsgəran qalasının adını ermənilər indi “Mayraberd” (“Anaqala”) adlandırırdılar.
Son dövrlərdə İrəvanda çap edilən xəritələrdə Ermənistan Respublikasının xəritəsi qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritəsi ilə birgə təqdim edilirdi.
Ermənilər tarixi saxtalaşdırmalarını hər fürsətdə davam etdirirlər. 2009-cu ildə İrəvanda “TiqranMec” nəşriyyatında 336 səhifə həcmində erməni, rus və ingilis dillərində A4 formatında illüstrasiyalı “Armenia” kitab-albom çap edilmişdir. 12 fəsildən ibarət olan alboma tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan Respublikası, Gürcüstan, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin ərazisində mövcud olan 1116 tarixi abidənin şəkilləri daxil edilmişdir. Kitab mifik “Böyük Ermənistan” (“Kiçik Hayk” və “Böyük Hayk”) ərazisini, təqribən 430 min kvadratkilometr ərazini əhatə edir. Həmin şəkillərin yalnız 6 faizi müasir Ermənistan Respublikasının ərazisini əhatə edir. İşğal ərazisindəki Murov dağının adı “Mrav”, Ziyarat dağının adı “Dizapayt”, Kəpəz dağının adı isə “Alqarak” (səh. 22-23) kimi verilmişdir. Göygölün adı “Kaputan” kimi verilir. Tərtər çayı “Trtu”, Qurucay “İşxanaget” kimi oxuculara təqdim edilir.
Kitab-albomun “Antik Ermənistan” adlanan fəslində yerləşdirilən 23 şəkildən 5-i Azərbaycanın işğal altında olan ərazisindəki Xaçıncayın sahilində yerləşən Şahbulaq yaylağındakı tarixi abidəyə aiddir. Saxtakar erməni alimləri iddia edirlər ki, həmin abidə Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun “ArsaxTiqranakert” ekspedisiyasının 2006-cı ilin yayında “aşkar etdiyi” “Tiqranakert” şəhərinin qala divarlarının təsvirləridir. Tiqranakerti Kiçik Asiyadan sürüşdürüb Qarabağ ərazisinə gətirməklə, erməni alimləri həmin ərazidə qədimdən ermənilərin yaşadığını əsaslandırmağa çalışırdılar. Halbuki, qədim yunan tarixçisi Strabon Tiqranakerti Fərat çayından şimalda, Van gölünün cənub-qərbində lokalizasiya etmişdir. Hazırda həmin şəhərin qalıqları Türkiyənin Diyarbakır vilayətinin Silvanilçə mərkəzindədir. Fakt odur ki, Qarabağ xanı Pənahəli xan 1751-1752-ci illərdə Şah bulağı ərazisində əzəmətli qala, məscid, hamam, bazar köşkləri inşa etdirmiş, abad Şahbulaq yaşayış məntəqəsi meydana gəlmişdi. Sovet erməni tarixçiləri “Tiqranakert”in əvvəllər Van gölünün yaxınlığında, sonra isə indiki Ermənistan ərazisində olduğunu iddia etmişlər. Ağdam rayonunun ərazisi işğaldan azad edilməsindən öncə ermənilər Şahbulaq qalası ətrafında apardıqları arxeoloji qazıntılar zamanı aşkar etdikləri artefaktları Ermənistana aparmışlar. Şahbulaq kəndinin adını isə dəyişdirərək “Kanqark”etmişdilər.
Kitab-albomun sonuncu XII fəsli “Relyef ornamentləri” adlanır və Azərbaycan, Türkiyə və Gürcüstan ərazilərində mövcud olan tarixi-memarlıq abidələrinin üzərindəki ornamentlərin, daş sənduqələrin üzərindəki oyma təsvirlərin ermənilərə məxsus olduğu iddia edilir. Məsələn, Kəlbəcər rayonu ərazisində mövcud olan 1629-cu ilə aid sənduqənin üzərində azərbaycanlıların həyat tərzinə və məişətinə aid fraqmentlər həkk olunmuşdur. Kitab-albomda isə həmin sənduqənin “Arsax”ın “Kaşatağ” rayonunun “Şalka” kəndində olduğu qeyd edilmişdir.
Ermənilər, Daşaltı toponimini “Karintağ”, Gülablı toponimini “Varder”, İstisu toponimini “Cermacur”, Alagöllər toponimini “Allic”, Qaragöl toponimini “Sevlic” adlandırırdılar.
Erməni saxtakarlığı İrəvanda çap edilən “Ermənistanın Milli Atlası” ikicildliyində son həddə çatdırılmışdır. 2007-ci ildə çap edilən 230 səhifə həcmində milli atlasın birinci cildinə 65 saxta xəritə daxil edilmişdir. 260 səhifə həcmində milli atlasın ikinci cildi 2009-cu ildə çap edilmişdir. Bu cildə indiki Ermənistan Respublikasını, qondarma DQR-i və erməni diasporunun yaşadığı əraziləri əhatə edən 220 xəritə daxil edilmişdir. Bu xəritələrdə azərbaycanlılara məxsus bütün toponimlər mədəni terrora və linqvistik soyqırımına məruz qoyulmuşdur.
Lakin diqqəti çəkən bir məqam ondan ibarətdir ki, müəyyən mərhələlərlə xarici ölkələrdən gəlib, indiki Ermənistanda azərbaycanlıların yaşamış olduqları ərazilərdə məskunlaşan ermənilər, hələ də yer-yurd adlarını elə əvvəlki adları ilə - yəni azərbaycanlıların vaxtilə verdikləri adlarla çağırırlar.
Oykonimləri, hidronimləri və oronimləri özündə əks etdirən bir sıra spesifik saytlarda yerləşdirilən xəritələrdə, xarici turizm şirkətlərinin saytlarında, yol bələdçiliyi üçün buraxılan nəşrlərdə, astronomik portallarda keçmiş tarixi adlar əsasən saxlanılır.
Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcərdə etdiyi çıxışında bir daha tarixi toponimlərimizə sahib çıxmağı, onları öz əvvəlki adları ilə çağırmağı hamıya tövsiyə etmişdir: “İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri.”
Bəli, bütün dünya bilməlidir ki, indi Ermənistan Respublikası adlanan dövlətin ərazisi tarixi Azərbaycan torpağıdır. Bunun bariz sübutu isə həmin ərazidəki toponimlərdir.
İkinci Qarabağ müharibəsində Ermənistan ordusu üzərində qazandığımız zəfərdən sonra regionda yeni reallıq yaranmışdır. Dövlətimizin başçısının dəfələrlə ifadə etdiyi kimi, gələcəkdə biz Zəngəzura da, Göyçəyə də, İrəvana da qayıdacağıq. Həmin ərazilərdəki tarixi toponimlərimizi də bərpa edəcəyik. O günü yaxınlaşdırmaq üçün hər birimiz əlimizdən gələn köməyi əsirgəməməliyik.
Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri