Təhsil müəssisələrinin kitabxanaları təlim-tərbiyə və təhsil funksiyasını yerinə yetirir. Özündə universal, elmi, tədris funksiyalarını birləşdirən ümumtəhsil müəssisələri kitabxanaları təhsil müəssisələrinin struktur bölməsi olmaqla təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsinə, böyüməkdə olan gənc nəslin fəal həyata hazırlanmasına xidmət edir. Bu kitabxanalar gənc nəslin milli və vətənpərvərlik ruhunda böyüməsində, təhsil və tərbiyənin müasir tələblər səviyyəsinə yüksəldilməsində müstəsna əhəmiyyətə malikdir.
Şagirdlərə, müəllimlərə, bütövlükdə təhsil müəssisəsinin kollektivinə kitabla xidmət etmək kitabxanaların əsas iş prinsipidir. Tədris edilən fənlərin daha yaxşı mənimsənilməsi və biliklərin əlavə olaraq möhkəmləndirilməsi məqsədi ilə kitabxana şagirdlərin sistemli və məqsədli mütaliəsinin təşkil edilməsində əsas rol oynayır. Ümumtəhsil məktəbləri ilkin olaraq şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların oxu maraqlarını öyrənib, mütaliəsini istiqamətləndirməli, onlarda tədris olunan fənn proqramına uyğun kitabı sevmək və ona qayğıkeş münasibət bəsləmək hissini aşılamalıdır. Kitabxanaçının pedaqoji fəaliyyətinin müvəffəqiyyəti onun oxucu marağına uyğun fəaliyyətindən çox asılıdır. Kitabın təbliğ və tövsiyəsinə yaşlarından asılı olmayaraq bütün oxucuların ehtiyacı vardır. Buna həm ilk dövrlərdə kitab seçməkdə nisbətən aciz olan kiçikyaşlı məktəblilər, həm də mütaliə dairələri daha geniş orta və yuxarı yaşlı oxucularda ehtiyac duyulur. Kitabxanaçı öz işində bunları nəzərə almalıdır. Mütaliənin geniş ictimai məzmun kəsb etdiyi bir şəraitdə ədəbiyyatın kütləvi təbliğat formasına müraciət etmək daha vacib sayılır. Bu baxımdan, müxtəlif yaş qruplarına bölünən oxucuların məktəb kitabxanalarında daha çox müraciət etdiyi ədəbiyyatın kütləvi təbliğatına geniş yer verilir. Kütləvi təbliğat işlərinin əsas məqsədi istifadəçilərə mütaliənin gözəlliyini göstərmək, onlara kitabı sevməyi öyrətməkdir. Çünki məhz kütləvi tədbirlər vasitəsilə ədəbi əsərlərin məzmunu və hadisələrin emosional əhəmiyyəti oxucular üçün açılır. Biz sübut etməliyik ki, mütaliə estetik zövq verə bilər, kitabla ünsiyyət insanın qarşısında geniş zənginliklər açmağa qadirdir. Kitab və mütaliə əvəzolunmaz bilik və məlumat mənbəyidir və kitab həqiqətən də tez-tez insanın dostuna və məsləhətçisinə çevrilə bilir.
Bu gün dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyası bir çox sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi.
Pandemiya və karantin şəraitində təhsil sahəsində innovasiyaların tətbiqinə zərurət yarandı. Bu səbəbdən on minlərlə şagird məsafədən təhsilə cəlb olunaraq bu təhsil formasına uyğunlaşmaq məcburiyyətində qaldı.
Belə bir vəziyyətdə şagirdlərin təhsildən, ən əsası da mütaliədən geri qalmamaları üçün məktəb kitabxanalarının üzərinə böyük iş düşür.
Ümumtəhsil müəssisələrində işin təşkili kitabxanaçıdan yaradıcı və qeyri-standart yanaşma tələb edir. Kitabların, elektron nəşrlərin və digər çap məhsullarının oxucuya çatdırılmasında kitabxana böyük rol oynayır. Elə bu baxımdan da pandemiya dövründə belə, kitabxanaçılar kitabxana işini təşkil etmək bacarığına malik olmalıdırlar.
Ümumtəhsil müəssisələrinin kitabxanaçıları İKT vasitələrindən istifadə edərək fəaliyyətilərini davam etdirə, müəllim və şagirdlərə məsafədən (onlayn) xidmət göstərə bilərlər. Bu zaman aşağıdakı iş formalarından istifadə edə bilərlər:
* Sosial şəbəkələrdə və telefon mesencerlərində oxucu forumlarının, qruplarının formalaşdırılması və xidmət edilməsi.
Belə bir rejim üçün əsas şərt müxtəlif oxucu qruplarının tematik maraqlarının müəyyənləşdirilməsi və bu əsasda mövzuların formalaşdırılmasıdır. Bu, aktiv bir proses olaraq, müəyyən peşəkar istifadəçi qrupları tərəfindən yaradılır. Belə qrup və ya forumları Facebook, Twitter, Viber, Telegram və ya WhatsApp-da yaratmaq olar.
* Onlayn oxucu konfransları
Bu formatda keçirilən konfranslarda bir mövzu seçərək qeydiyyatdan keçən və tədbirdə iştirak edə biləcək oxucularla işləmək üçün yeni imkanlar açılır. Kitabxanada keçirilən adi konfranslardan fərqli olaraq məsafəli konfranslar paralel olmaqla, müxtəlif müddətdə və formalarda təşkil edilə bilər.
* Dialoq xidməti
Dialoq rejimi - konsultativ rejimdir. Məsləhətləşmələrin müddəti və məzmunu tənzimlənə bilməz, hər bir vəziyyətdə ayrı-ayrılıqda təyin olunur. Uzaqdan dialoq kitabxanada keçirilən dialoqlarla eyni şəkildə aparılır. Bunu etmək üçün istifadəçilərlə əlaqə yaratmaq lazımdır: telefon, e-poçt, sosial şəbəkələr və ya veb sayt vasitəsilə. Bu məqsəd üçün Microsoft Teams, Skype, ZOOM və ya digər bu tipli proqramlardan da istifadə etmək mümkündür. Bu tipli proqramlar vasitəsilə oxucu və kitabxana arasında əlaqə yaratmaq, oxucunun ehtiyaclarını çatdırmaq, aydınlaşdırmaq mümkündür. Bu növ xidmət kitabxanaçı ilə oxucu arasındakı əlaqəni fərdiləşdirməyə kömək edir.
* Tədbirlərin distant formatı
Sosial şəbəkələrdə və ya müəyyən proqramlar vasitəsilə (Microsoft Teams, Skype, ZOOM və s.) onlayn formatında müxtəlif tədbirlər keçirmək olar. Məsələn, bir sıra tapşırıqlardan ibarət bir oxu marafonu keçirmək və ya müəyyən tarixlərə, virtual sərgilərə, fləşmoblara, yarışmalara, viktorinalara və s. həsr olunmuş kitabların və İnternet resurslarının icmallarını hazırlamaq mümkündür. Nəşrlərdə həştəqlərdən (hashtag) istifadə tövsiyə olunur.
* Görüşlərin distant formatı
Yeni maraqlı informasiya bölüşmək və ya tanınmış maraqlı insanlarla söhbət, müzakirə aparmaq məqsədilə distant formatda görüşlər təşkil oluna bilər. Bu zaman müxtəlif platformalardan və ya qrup forumlardan istifadə etmək olar.
* Viktorinalar
Ekranlaşdırılmış bədii əsərlərin və ya cizgi filmlərin fraqmentləri əsasında sual və tapşırıqlardan ibarət video-viktorinaların keçirilməsini təşkil etmək olar.
* Virtual kitab sərgiləri
Veb texnologiyalar vasitəsilə İnternet şəbəkəsində və ya Microsoft PowerPoint proqramında çap və elektron nəşrlərin nümayiş edilməsi ilə təşkil oluna bilər. Bu zaman aşağıdakı variantlardan istifadə edilə bilər:
- * multimedia kontentli illüstrasiyaların sərgisi;
- * viktorina-sərgi;
- * hər hansı bir bədii əsərə aid sərgi;
- * dərs-sərgi;
- * danışan sərgi;
- * tematik sərgi.
- * Danışan qəzet
Müxtəlif qrup forumlarından istifadə edərək gündəlik, həftəlik və ya aylıq məlumatlar ilə tanış olmaq imkanı yaradır. Bir və ya bir neçə oxucu tərəfindən maraqlı məqalələr oxunub müzakirə oluna bilər.
* Müəllimlərə distant kitabxana xidməti
Təhsil müəssisələrinin kitabxanalarında müəllimlərə kitabxana xidmətinin düzgün təşkili onların ixtisas və pedaqoji ustalıq səviyyəsinin artırılması və fənlərin tədris keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, mütaliəsinə rəhbərliyin həyata keçirilməsinə, şagirdlərdə kitaba qayğıkeş münasibət tərbiyə edilməsinə öz müsbət təsirini göstərir. Çünki hər bir müəllim ayrı-ayrılıqda sinif rəhbəri, sinif və ya fənn müəllimi kimi şagirdlərin sinifdənxaric mütaliəsinə rəhbərlik edir.
Kitabxanaçıya aşağıdakı istiqamətlərdə müəllimlərə distant formada xüsusi platformalarda və ya qrup forumlarında təşkil edərək kitabla xidmət işini həyata keçirmək tövsiyə olunur:
- * yeni tədris-metodik və pedaqoji ədəbiyyatın təbliği;
- * məlumat xidmətinin təşkili;
- * qabaqcıl təcrübənin təbliği.
Yeni tədris pedaqoji ədəbiyyatın təbliğində bir sıra əyani və şifahi təbliğat formalarından (kitab sərgiləri, biblioqrafik icmallar, tövsiyə siyahıları, kitab müzakirələri, fərdi və qrup halında söhbətlər və s.) geniş istifadə olunmalıdır.
Kitabxanaya daxil olan pedaqoji elmlərə aid ədəbiyyatın, fənlərin tədrisinə dair proqramların, dövrü mətbuatda dərc olunan müvafiq yazılar əsasında biblioqrafik məlumatların çatdırılmasını da xidmət işində diqqət mərkəzində saxlamaq lazımdır.
“Müəllimin şəxsi təhsili”, “Qabaqcıl təcrübəni öyrənmək”, “Təhsil müəssisəsində estetik tərbiyə”, “Müstəqil Azərbaycan müəllimləri” və s.adlı mövzularda da virtual sərgilər və yaxud digər tədbirlər planlaşdırılıb keçirilə bilər.
* Valideynlərlə iş
Təhsil müəssisələrinin kitabxana xidməti ilə tam əhatə olunmasında, onların mütaliəsinə rəhbərliyin keyfiyyətinin və mütaliə mədəniyyətinin (oxu qabiliyyəti, biblioqrafik icmal, kitaba bədii xülasə vermək və təhlil etmək bacarığı və s.) inkişaf etdirilməsində valideynlərin də əvəzsiz rolu vardır. Şagirdlərin nəyi və necə mütaliə etməsinə valideyn nəzarəti zəruri bir hal kimi ortaya çıxır. Pandemiya dövründə bu iş daha çox valideynlərin üzərinə düşdü. Bu mənada kitabxanaçı valideynlərlə təmasda olmalı, onlarla bir pedaqoq səviyyəsində metodik iş aparılmalıdır. “Ailədə uşaq mütaliəsi”, “Ailəmizin kitabı” və s. mövzularda onlayn diskussiyalar, ədəbi söhbətlərin təşkil edilməsi, planlaşdırmada və praktikada nəzərə alınması yaxşı effekt verə bilər ki, bu da son nəticədə təhsil müəssisəsinin kitabxana işinin daha maraqlı və daha yüksək səviyyədə davam etdirilməsi deməkdir. Bu baxımdan, kitabxanaçı valideynlərlə uşaqların sinifdənxaric mütaliəsi ilə əlaqədar plana aşağıdakı görüləsi işləri daxil etməlidir:
* ev kitabxanasının mövcudluğu və ondan istifadə;
* “ailədə uşaq mütaliəsinə necə rəhbərlik etməli”;
* uşağın mütaliəsində valideynin rolu və s. mövzularda sinifdənxaric mütaliəyə dair onlayn söhbətlər, tövsiyələr, məruzələr, mühazirələr etmək.
* Distant kitabxana dərsləri
Ümumtəhsil müəssisəsinin Veb səhifəsi və ya sosial şəbəkələr (Facebook, Instagram) vasitəsilə kitabxanaya daxil olan yeni nəşrlər haqqında paylaşımlar edərək müəllim və şagirdlərə onlar haqqında məlumat vermək imkanı yaradır.
Təhsil və tədrisin növündən (ənənəvi və ya distant) asılı olmayaraq hər bir təhsil işçisi üzərinə düşən işi layiqincə yerinə yetirməli, gələcək nəslin inkişafina köməklik göstərməlidir.
Gülər ƏHMƏDOVA,
Təhsil İnstitutunun Elmi kitabxanasının aparıcı mütəxəssisi