Rüfət Əsədli: “Amerikalılar rəsmlərimə baxandan sonra ölkəmiz haqqında daha çox məlumat öyrənirdilər”


Hər dəfə fitri istedad sahibi olan  uşaq, yeniyetmə, yaxud   gənc haqqında məqalə hazırlayarkən mənəvi dünyama  qeyri-adi bir rahatlıq  bəxş olunur. Bəzən  bir istedad sahibi  barədə   ürəyimə hakim kəsilən hissləri vərəqlərə köçürərkən  bulud kimi dolub-boşalıram da. Çünki kövrəldiyim anlar,  sevincdən gözlərimin yaşardığı zamanlar da az olmur. Ancaq bütün bunların fonunda  qürur hissi düşüncələrimə işıq saçır və yazımın dili ilə  dəyərli oxucularımın həmsöhbətinə çevrilirəm. Belə istedadlı şagirdlərdən  biri  ilə elə bu günlərdə  təhsil aldığı məkanda - Məktəb-Lisey Kompleksində  görüşüb söhbətləşdik.

 

Olduqca mehriban, gülərüz,  eyni zamanda ciddi görkəmə malik olan   bir yeniyetmə idi . Söhbətimiz  də olduqca şirin və məzmunlu  keçdi. Özünü Rüfət Əsədli kimi təqdim edən  həmsöhbətimin   dilindən eşitdiklərimi  olduğu kimi sizə də nəql edirəm ki, ovqatınız xoş  notlara köklənsin. 

 

- 2002-ci  ildə Bakı şəhərində anadan olmuşam. Nərimanov rayonundakı MLK-nın (Məktəb-Lisey Kompleksi) X sinfində  təhsil alıram. Dərs əlaçısıyam. Dəqiq elmlərə, xüsusilə  riyaziyyata marağım  daha çoxdur.  Nümunəvi şagird kimi məktəbin bütün ictimai işlərində fəal iştirak edirəm. Kiçik yaşlarımdan rəssamlığa meylim olub. 2014-cü ildə MTN-in nəzdində fəaliyyət göstərən Şəhriyar adına klubda keçirilən sərgidə dünyanın müxtəlif tarixi və mədəniyyət abidələri  əks  olunan  rəsm əsərimlə  iştirak etdim. Bu abidələr rəsmimin sağ tərəfində yerləşirdi. Sol tərəfdəsə  rəsm çəkərkən istifadə olunan rənglər və palitra təsvir olunmuşdu. Ortada yazılan “Dünyanı incəsənət xilas edəcək”   şüarım   da var idi.

 

Birincı yeri qazanaraq qalib oldum

 

Rəsmimdə, demək olar ki, bütün ölkələrin mədəniyyət abidələri təsvir olunmuşdu.  Əsərim  yüksək qiymətləndirildi. Həmin il  Belarusun paytaxtı Minsk şəhərində keçirilən sərgidə  də  nümayiş olunan  rəsmlərim həm sərgiyə baxmağa gələn Belarus vətəndaşlarının, həm də münsiflər heyətinin diqqətini  daha çox cəlb etdi.  Birinci yeri tutaraq qalib adını qazandım və diplomla mükafatlandırıldım. Bu əsərdə  rənglərdən məharətlə istifadə etməyim sanki  hamını  çaşdırmışdi. Ən çox bəyəndiyim rənglər, əsasən, isti rənglərdir, qırmızı, narıncı və sair.

 

Rəsmlərimə baxarkən paytaxtımızla da maraqlanırdılar

 

2015-ci ildə ABŞ-da İnternational Child Art Foundation-ın təşkilatçılığı ilə rəsm festivalının baş tutması gözlənilirdi. Mən də bu yarışma və festivala qatılmaq   istədim  və  idman mövzusunda rəsm çəkərək  ABŞ-a göndərdim. Nəticələr açıqlandı və qalib qismində keçiriləcək festivalda iştirak etmə hüququ qazandım.  Festival Vaşinqtonda, Ağ Evin önündə yerləşən prezident parkında baş tutdu. Hətta, Fondun sədri cənab Aşfaq İşaq açılışı etmək üçün  məni seçdi. İngilis dilində  nitqimə başlayaraq hər kəsi salamladım və bizim işlərlə tanış olmaq üçün  təşrif buyuranlara  təşəkkür etdim. Həmçinin, digər qalib və iştirakçıları da uğurlarına görə təbrik etdim. Bacarıqlarımızı nümayiş etdirmək üçün bizə şans  verən  qurumun nümayəndələrinə  təşəkkürümü ifadə etməyi də unutmadım. Daha sonra isə Azərbaycanımız haqqında qısa məlumat verdim və azərbaycanlı olduğum üçün, vətənimi burada layiqincə təmsil etdiyimə görə qürur hissi keçirdiyimi vurğuladım. Sonda isə çıxışıma diqqət kəsilənlərin hər birinə  təşəkkürümü ifadə edərək nitqimi yekunlaşdırdım.

 

Festival boyu digər ölkələrdən gələn həmyaşıdlarımızla birlikdə rəsmlər çəkdik, fikir mübadilələri apardıq. Orada mənim rəsmlərim digər rəssamların və  TV kanallarının diqqətini çəkdi. Tədbirə qatılan yerli və xarici telekanallara müsahibə verdim. Hətta kanadalı rəssam məni öz dərslərinə də dəvət etdi. Həmin festivalda  diplom və medala layiq görüldüm. Sərgiyə baxmağa gələn əksər amerikalı sənətsevərlər  rəsmlərimdə  adi detallarla belə  maraqlanır və heyran olurdular. Hətta  bəzi amerikalılar rəsmlərimə baxandan sonra paytaxtımızla daha dərindən maraqlanmağa  və ölkəmiz  haqqında daha çox məlumat  öyrənməyə çalışırdılar.

 

Artıq beynəlxalq müsabiqələr qalibiyəm. Fransa, Belçika, Lüksemburq və Hollandiyadan,  Afrikadan - Nigeriya və Uqandadan   şərgilərə qatılmaq üçün dəvətlər  almışam. Amma bir sıra səbəblər üzündən iştirak  edə bilməmişəm. Çalışacağam  gələcəkdə beynəlxalq müsabiqələrə tez-tez qatılım.

 

Futbolu çox sevirəm

 

Rəsm sahəsində olduğu kimi idmanda da uğurlarım var. Ümumiyyətlə,  idmanın bütün  növlərini çox sevirəm. Mini-futbol üzrə “Vətən” klubunun tərkibində keçirilən yarışda  respublika çempionu olmuşam. 2015-ci ildə “Barselona” klubunun Bakıda təşkil etmiş olduğu müvəqqəti məktəbdə iştirakımı və ümidverici futbolçu kimi diplomla təltif  olunmağımı  xüsusilə qeyd etmək istərdim. Belə ki, “Barselona” klubunun müvəqqəti məktəbinə, təxminən, 100-dən çox yeniyetmənin cəlb edilməsinə baxmayaraq, onlardan yalnız çox az bir qisminə belə diplomlar verilmişdir. Ona görə də mənim üçün bu, xüsusilə, qürurvericidir.

 

Arzum gələcəkdə iqtisadçı olmaqdır

 

Hazırda yorulmadan öz üzərimdə çalışıram. Arzum gələcəkdə ali təhsilli iqtisadçı olmaq, ölkə və dünya  iqtisadiyyatının sirlərinə dərindən yiyələnməkdir. Təhsilimi Qərb dövlətlərinin birində  davam etdirmək  də ən böyük arzularımdandır.

 

MLK-nın tarix müəllimi, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru  İlqar Abdullayev öz sevimli şagirdi haqqında deyir: - Hələ aşağı siniflərdə oxuyarkən onun istedadı özünü göstərirdi. Təbiətən çox çalışqan, zəhmətkeş, həmişə özünə qarşı tələbkar olan, əldə edilənlərlə heç vaxt kifayətlənməyən, daim yeni-yeni biliklər əldə etməyə can atan bir şagirddir o. Onun tarix müəllimi kimi qeyd etməliyəm ki, əksər hallarda qədim və orta əsrlərdə baş vermiş bir çox hadisələrin təhlilində, onların müasir dövrdə baş verən müxtəlif hadisələrlə əlaqələndirilməsində Rüfətdən elə cavablar alıram ki, təəccüblənməyə bilmirəm.  Rüfətin belə zəhmətkeşliyi və əməksevərliyi tezliklə öz bəhrəsini verdi. O, IX sinifdə buraxılş imtahanı verərkən respublika miqyasında ən yüksək bal toplamış şagird kimi fərqlənmə şəhadətnaməsi ilə təltif edildi. Rüfətin rəsmləri haqqında getdikcə daha geniş dairələrdə danışılırdı. Bu sahədə tanınmış mütəxəssislərin fikrinə görə, Rüfət öz rəsmlərində müasir dövrün bir çox problemləri haqqında yaşına uyğun gəlməyəcək dərəcədə dərin fikir və mülahizələr yürüdür. Əlbəttə, bu işlərdə, yuxarıda qeyd etdiyim kimi, Rüfətin humanitar elmlər, xüsusilə tarix elmi sahəsindəki fundamental bilikləri böyük rol oynayırdı.  Təhsil sahəsində 33 illik təcrübəsi  olan bir müəllim kimi çox arzu edərdim ki, yeniyetmələrin təki hamısı  gələcəkdə belə hərtərəfli inkişaf etmiş, savadlı, hazırlıqlı, ən əsası isə vətənpərvər gənclər olsun.

 

Sifai SƏFƏROVA