“Vaşinqtonda festivalın açılışını mən etdim” | |
Hər dəfə fitri istedad sahibi olan uşaq, yeniyetmə, yaxud gənc haqqında məqalə hazırlayarkən mənəvi dünyama qeyri-adi bir rahatlıq bəxş olunur. Bəzən bir istedad sahibi barədə ürəyimə hakim kəsilən hissləri vərəqlərə köçürərkən bulud kimi dolub-boşalıram da. Çünki kövrəldiyim anlar, sevincdən gözlərimin yaşardığı zamanlar da az olmur. Ancaq bütün bunların fonunda qürur hissi düşüncələrimə işıq saçır və yazımın dili ilə dəyərli oxucularımın həmsöhbətinə çevrilirəm. Belə istedadlı şagirdlərdən biri ilə elə bu günlərdə təhsil aldığı məkanda - Məktəb-Lisey Kompleksində görüşüb söhbətləşdik.
Olduqca mehriban, gülərüz, eyni zamanda ciddi görkəmə malik olan bir yeniyetmə idi . Söhbətimiz də olduqca şirin və məzmunlu keçdi. Özünü Rüfət Əsədli kimi təqdim edən həmsöhbətimin dilindən eşitdiklərimi olduğu kimi sizə də nəql edirəm ki, ovqatınız xoş notlara köklənsin.
- 2002-ci ildə Bakı şəhərində anadan olmuşam. Nərimanov rayonundakı MLK-nın (Məktəb-Lisey Kompleksi) X sinfində təhsil alıram. Dərs əlaçısıyam. Dəqiq elmlərə, xüsusilə riyaziyyata marağım daha çoxdur. Nümunəvi şagird kimi məktəbin bütün ictimai işlərində fəal iştirak edirəm. Kiçik yaşlarımdan rəssamlığa meylim olub. 2014-cü ildə MTN-in nəzdində fəaliyyət göstərən Şəhriyar adına klubda keçirilən sərgidə dünyanın müxtəlif tarixi və mədəniyyət abidələri əks olunan rəsm əsərimlə iştirak etdim. Bu abidələr rəsmimin sağ tərəfində yerləşirdi. Sol tərəfdəsə rəsm çəkərkən istifadə olunan rənglər və palitra təsvir olunmuşdu. Ortada yazılan “Dünyanı incəsənət xilas edəcək” şüarım da var idi.
Birincı yeri qazanaraq qalib oldum
Rəsmimdə, demək olar ki, bütün ölkələrin mədəniyyət abidələri təsvir olunmuşdu. Əsərim yüksək qiymətləndirildi. Həmin il Belarusun paytaxtı Minsk şəhərində keçirilən sərgidə də nümayiş olunan rəsmlərim həm sərgiyə baxmağa gələn Belarus vətəndaşlarının, həm də münsiflər heyətinin diqqətini daha çox cəlb etdi. Birinci yeri tutaraq qalib adını qazandım və diplomla mükafatlandırıldım. Bu əsərdə rənglərdən məharətlə istifadə etməyim sanki hamını çaşdırmışdi. Ən çox bəyəndiyim rənglər, əsasən, isti rənglərdir, qırmızı, narıncı və sair.
Rəsmlərimə baxarkən paytaxtımızla da maraqlanırdılar
2015-ci ildə ABŞ-da İnternational Child Art Foundation-ın təşkilatçılığı ilə rəsm festivalının baş tutması gözlənilirdi. Mən də bu yarışma və festivala qatılmaq istədim və idman mövzusunda rəsm çəkərək ABŞ-a göndərdim. Nəticələr açıqlandı və qalib qismində keçiriləcək festivalda iştirak etmə hüququ qazandım. Festival Vaşinqtonda, Ağ Evin önündə yerləşən prezident parkında baş tutdu. Hətta, Fondun sədri cənab Aşfaq İşaq açılışı etmək üçün məni seçdi. İngilis dilində nitqimə başlayaraq hər kəsi salamladım və bizim işlərlə tanış olmaq üçün təşrif buyuranlara təşəkkür etdim. Həmçinin, digər qalib və iştirakçıları da uğurlarına görə təbrik etdim. Bacarıqlarımızı nümayiş etdirmək üçün bizə şans verən qurumun nümayəndələrinə təşəkkürümü ifadə etməyi də unutmadım. Daha sonra isə Azərbaycanımız haqqında qısa məlumat verdim və azərbaycanlı olduğum üçün, vətənimi burada layiqincə təmsil etdiyimə görə qürur hissi keçirdiyimi vurğuladım. Sonda isə çıxışıma diqqət kəsilənlərin hər birinə təşəkkürümü ifadə edərək nitqimi yekunlaşdırdım.
Artıq beynəlxalq müsabiqələr qalibiyəm. Fransa, Belçika, Lüksemburq və Hollandiyadan, Afrikadan - Nigeriya və Uqandadan şərgilərə qatılmaq üçün dəvətlər almışam. Amma bir sıra səbəblər üzündən iştirak edə bilməmişəm. Çalışacağam gələcəkdə beynəlxalq müsabiqələrə tez-tez qatılım.
Futbolu çox sevirəm
Rəsm sahəsində olduğu kimi idmanda da uğurlarım var. Ümumiyyətlə, idmanın bütün növlərini çox sevirəm. Mini-futbol üzrə “Vətən” klubunun tərkibində keçirilən yarışda respublika çempionu olmuşam. 2015-ci ildə “Barselona” klubunun Bakıda təşkil etmiş olduğu müvəqqəti məktəbdə iştirakımı və ümidverici futbolçu kimi diplomla təltif olunmağımı xüsusilə qeyd etmək istərdim. Belə ki, “Barselona” klubunun müvəqqəti məktəbinə, təxminən, 100-dən çox yeniyetmənin cəlb edilməsinə baxmayaraq, onlardan yalnız çox az bir qisminə belə diplomlar verilmişdir. Ona görə də mənim üçün bu, xüsusilə, qürurvericidir.
Arzum gələcəkdə iqtisadçı olmaqdır
Hazırda yorulmadan öz üzərimdə çalışıram. Arzum gələcəkdə ali təhsilli iqtisadçı olmaq, ölkə və dünya iqtisadiyyatının sirlərinə dərindən yiyələnməkdir. Təhsilimi Qərb dövlətlərinin birində davam etdirmək də ən böyük arzularımdandır.
MLK-nın tarix müəllimi, Əməkdar müəllim, tarix üzrə fəlsəfə doktoru İlqar Abdullayev öz sevimli şagirdi haqqında deyir: - Hələ aşağı siniflərdə oxuyarkən onun istedadı özünü göstərirdi. Təbiətən çox çalışqan, zəhmətkeş, həmişə özünə qarşı tələbkar olan, əldə edilənlərlə heç vaxt kifayətlənməyən, daim yeni-yeni biliklər əldə etməyə can atan bir şagirddir o. Onun tarix müəllimi kimi qeyd etməliyəm ki, əksər hallarda qədim və orta əsrlərdə baş vermiş bir çox hadisələrin təhlilində, onların müasir dövrdə baş verən müxtəlif hadisələrlə əlaqələndirilməsində Rüfətdən elə cavablar alıram ki, təəccüblənməyə bilmirəm. Rüfətin belə zəhmətkeşliyi və əməksevərliyi tezliklə öz bəhrəsini verdi. O, IX sinifdə buraxılş imtahanı verərkən respublika miqyasında ən yüksək bal toplamış şagird kimi fərqlənmə şəhadətnaməsi ilə təltif edildi. Rüfətin rəsmləri haqqında getdikcə daha geniş dairələrdə danışılırdı. Bu sahədə tanınmış mütəxəssislərin fikrinə görə, Rüfət öz rəsmlərində müasir dövrün bir çox problemləri haqqında yaşına uyğun gəlməyəcək dərəcədə dərin fikir və mülahizələr yürüdür. Əlbəttə, bu işlərdə, yuxarıda qeyd etdiyim kimi, Rüfətin humanitar elmlər, xüsusilə tarix elmi sahəsindəki fundamental bilikləri böyük rol oynayırdı. Təhsil sahəsində 33 illik təcrübəsi olan bir müəllim kimi çox arzu edərdim ki, yeniyetmələrin təki hamısı gələcəkdə belə hərtərəfli inkişaf etmiş, savadlı, hazırlıqlı, ən əsası isə vətənpərvər gənclər olsun.
Sifai SƏFƏROVA
|
|
06.07.2018 | 15:41 | |
|
|
|