ARTİ: “Ümumitəhsil məktəblərində tədris edilən xarici dil fənninin təkmilləşdirilməsi və şagirdlərin tələblərinin qarşılanması üçün xarici dil fənninin Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi (CEFR) adlı dil qabiliyyətini təsvir edən beynəlxalq standarta uyğunlaşdırılması təklif edilir”.


Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) ümumtəhsil müəssisələrində xarici dil tədrisi ilə bağlı  islahat təklifləri ilə çıxış edib. Təkliflər ARTİ-nin müvafiq şöbələrinin birgə araşdırmaları və elmi şurada müzakirələrdən sonra formalaşıb.  Məzmun islahatı ümumi təhsildə bir çox problemlərin həllini inteqrativ və sistemli şəkildə tələb edir. Məzmunun yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil İnstitutu hazırda Sinqapurun “Alston” nəşriyyat evi və Marşel Kavendiş İnstitutu ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində yuxarı siniflər üçün təbiət fənləri, ibtidai siniflər üçün həyat bilgisi fənninin və bütün səviyyələr üzrə riyaziyyat fənninin həm təhsil proqramlarının, həm də dərslik komplektlərinin təkmilləşdirilməsi prosesi davam etdirilir. Bacarıq əsaslı təhsilə keçiddə islahatların davamı kimi xarici dil tədrisinin köklü şəkildə dəyişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır.

 

Müasir dünyamızda ikinci dil bilmək olduqca vacib tələbdir. Xüsusilə də dünyada  geniş yayılmış dilləri ikinci dil olaraq öyrənmək şəxsi inkişaf, karyera, əlavə bilik əldə etmə və s. kimi şansları artırır. Beynəlxalq ünsiyyət dili olan ingilis dilini öyrənmək hobbidən daha çox zərurət halını alıb. Birdən çox dil bilmək yaşadığımız “informasiya dünyasında” çox məlumat əldə etmək baxımından əhəmiyyətlidir.  Bu baxımdan ikidilli (bilinqual) və çoxdilli (multilinqual) səriştəlilik anlayışları meydana çıxır.  Bu mövzuda aparılan araşdırmalar təsdiqləmişdir ki, birdən çox dil bilən insanların hissləri daha açıqdır. Çox dil bilən insanlar emosiyalardan daha çox məntiqi düşüncədən istifadə edirlər. Bu, onlara həm də məntiqi sualları təhliletmə və cavablandırma, çoxlu tapşırıq, qərarvermə və tətbiq bacarıqlarını mükəmməl şəkildə nümayiş etdirməyə imkan verir.  Unutmamaq lazımdır ki, ikinci və ya bir neçə dil öyrənmək ana dilini öyrənmək zərurəti ilə qarşılaşdırıla bilməz. Burada ana dilini mükəmməl bilmək zərurəti ilə digər hər hansı xarici dili öyrənmək ehtiyacı eyni səviyyədə əhəmiyyətlidir. 

 

Ölkədə ümumi təhsil məktəblərində xarici dil (əsasən ingilis dili) 1-ci sinifdən 11-ci sinfə qədər tədris olunur, lakin məzun olanların çoxu tədris aldıqları xarici dildə fikirlərini rahat şəkildə ifadə edə bilmir. Ən bariz reallıqlardan biri budur ki, hazırda ümumtəhsil məktəblərində tədris olunan xarici dillər (ingilis, fransız, alman və rus) ali məktəblərə qəbul və buraxılış imtahanlarında yüksək nəticə göstərmək ehtiyacı üçün maraq dairəsindədir.  Bu istiqamətdə isə, təəssüf ki, uzun müddətdir, dil öyrənməkdən daha çox dil qaydaları öyrədilir. Bu isə insanın təbii dil öyrənmə qabiliyyəti ilə uzlaşmır.

 

“Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi (CEFR) fərqli ölkələrdən olan tələbələrin dil biliklərini  müqayisə etmək imkanı yaradır. CEFR-in təqdim etdiyi sistem əsasında xarici dili mənimsəyən şagirdlər beynəlxalq dil biliklərini yoxlayan qiymətləndirmələrdə asanlıqla yüksək nəticə göstərirlər”.

 

Məzmun dəyişikliyi. Dil öyrənmə səriştəliliyini artırmaq üçün standardlar və məzmunda ciddi dəyişikliyə ehtiyac var. Standartlar və məzmun dəyişməzsə, tədris saatlarının artırılmasının faydası olmayacağını düşünürük. Ümumitəhsil məktəblərində tədris edilən xarici dil fənninin təkmilləşdirilməsi və şagirdlərin tələblərinin qarşılanması üçün xarici dil fənninin Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi adlı dil qabiliyyətini təsvir edən beynəlxalq standarta uyğunlaşdırılmasını təklif edirik. Dillər üçün Ümumi Avropa İstinad Çərçivəsi dil qabiliyyətini təsvir edən beynəlxalq standartdır. Bu standart dil qabiliyyətini yeni başlayanlar üçün A1-dən, dili tam mənimsəyənlər üçün C2-yə qədər altı ballıq bir sistemdən ibarətdir. Bu, müəllimlər və ya öyrənənlər kimi dil tədrisi və testi ilə məşğul olan hər kəsin fərqli dil səviyyəsi seçimini asanlaşdırır. Hazırda Avropa Birliyi ölkələri daxil olmaqla, Çin, Vyetnam, Meksika, Özbəkistan, Yaponiya və Kanada ümumi təhsil məktəblərində xarici dil tədrisini CEFR standartlarına uyğunlaşdırıb. Avropa ölkələrində tədris proqramları yaratmaq, eyni zamanda fərqli dillərdə tədris kitabları yazmaq üçün CEFR çox vacibdir. Bu baxımdan, CEFR Avropada milli kurikulumların təkmilləşdirilməsinə əhəmiyyətli töhfə verir. CEFR fərqli ölkələrdən olan tələbələrin dil biliklərini  müqayisə etmək imkanı yaradır. CEFR-in təqdim etdiyi sistem əsasında xarici dili mənimsəyən şagirdlər beynəlxalq dil biliklərini yoxlayan qiymətləndirmələrdə asanlıqla yüksək nəticə göstərirlər. CEFR standartına əsasən dil bacarıqlarını  mənimsəmiş şagirdlər aşağıdakı dil biliklərini test edən və təsdiqləyən imtahanlara  hazırlıqlı olurlar: ingilis dili (TOEIC, TOEFL və IELTS), fransız dili (DELF və DALF), italyan (CELI, CILS və ya PLIDA), ispan dili  (DELE), alman dili  (TestDaF).

 

CEFR-in mərkəzində ünsiyyət dayanır və bu çərçivə sənədi hər bir xarici dilin daha kommunikativ tədris edilməsinə təşviq edir. Bu səbəbdən hər bir dil bacarığının qiymətləndirilməsi  imtahanında “yazmaq”, “oxumaq”, “dinləmək” və əlbəttə “danışmaq” kimi dörd məzmun var və CEFR bu 4 məzmunun balanslı və sistemli şəkildə şagirdlərin ehtiyacına uyğun tədris edilməsini təmin edir. Bildiyiniz kimi, hər bir ölkədə fərqli təhsil sistemi mövcuddur və CEFR bu fərqli sistemlərin yaratdığı baryerləri aradan qaldırır və xarici dil üçün nəzərdə tutulan standartları tək ümumi bir standart olaraq müəyyən edir. Avropa ölkələri ilə yanaşı bir çox ölkələrdə xarici dilin tədrisi üçün istifadə edildiyinə görə ümumtəhsil məktəblərində xarici dil üçün dərsliklərin hazırlanması və dərs saatlarının müəyyən edilməsini asanlaşdırır. Bu, ona imkan verir ki, digər ölkələr də bir-birinə yaxın dərsliklərdən və qiymətləndirmə metodlarından istifadə edə bilsin. CEFR sistemini əsas götürərək hazırlanan dərslik komplektlərindən başqa bu sistemi istifadə edən digər ölkələrin e-resurslarından asanlıqla istifadə etmək olar. Bu da dilin tədrisini asanlaşdırmağa və müəllimlərin peşəkar inkişafına müsbət təsir edər.

 

ARTİ: “Xarici dil təmayüllü siniflər və gimnaziyaların yaradılması əhəmiyyətli həll yolu kimi təklif olunur. 5-10% məktəblərdə gələcək 5 ildə  xarici dilin intensiv tədrisinin təşkili hədəf olaraq təklif olunur”.

 

Tədris saatlarının artırılması. Mövcud tədris planında ibtidai siniflərdə həftədə cəmi bir dəfə xarici dil keçirilir. Nəzərə alsaq ki, bu yaş dövrü dil öyrənilməsi üçün ən uyğun vaxtdır, xarici dilə ayrılan saatların 1-2 saat artırılması məqsədəuyğun olardı. Dərsdənkənar məşğələlərdə xarici dildə sistemli tədbirlərin təşkili şagirdlərdə xarici dilə marağı artırmağa, xarici dildə nitq bacarıqlarının inkişaf etdirilməsinin davamlılığına nail olmağa imkan yarada bilər. Xarici dil təmayüllü siniflər və gimnaziyaların yaradılması da problemin əhəmiyyətli həll yollarından biridir. 5-10% məktəblərdə gələcək 5 ildə  xarici dilin intensiv tədrisinin təşkili hədəf olaraq təklif olunur.

 

“Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır”.

 

Müəllim hazırlığı. Müəllim hazırlığı xarici dillərin  öyrədilməsində ən vacib amillərdən biridir. Etiraf etmək lazımdır ki, bu sahədə müəllimlərin səviyyəsi qənaətbəxş deyil. Müəllim tədris etdiyi dildə tam sərbəst danışa bilmirsə, kommunikasiya qura bilmirsə,  həmin müəllimdən dərsi kommunikativ keçməyi necə tələb etmək olar? Xarici dili öyrənmək üçün ən vacib şərtlərdən biri real dil mühitinin olmasıdır. Azərbaycanda  xarici dil tədris edən müəllim sinifdə bu mühiti yaratmağı bacarmalıdır. Müəllim xarici dil dərsində motiv yaratmalıdır. Dərs mühiti monoton olmamalı, bir metoddan istifadə olunmaqla keçirilməməlidir. Sübut olunub ki, istənilən dərs prosesində şagirdin diqqəti 8-10  dəqiqədən sonra yayınır. Şagirdlərdə maraq oyatmaq məqsədilə bir neçə dəqiqədən  sonra fəaliyyət növünü dəyişərək digərinə keçmək zəruridir.

 

Rüfət ƏZİZOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru