Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq ADAU-ya daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.
Yeni qərara əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriyalı tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
Universitetin stimullaşdırıcı təqaüd proqramları haqqında məlumat verən ali məktəbin rektoru, professor İbrahim Cəfərov bildirib ki, əlavə təqaüdlərin məbləğinin artırılması tələbələrin sosial rifah vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onların aqrar sahənin mütəxəssisi kimi yetişməsində mühüm rol oynayacaq. Bundan başqa, tələbələrin universitetin hər cür şəraiti olan müasir 1044 yerlik yataqxanasında yaşamaq imkanı var. 4 ulduz təsnifatına uyğun inşa edilmiş tələbə yataqxanasında kitabxana, yeməkxana, kompüter otaqları, idman zalları, camaşırxana, tibbi yardım otaqları, mağazalar və s. fəaliyyət göstərir.
Rektor qeyd edib ki, ADAU tələbələrinin təhsil dövründə mübadilə proqramlarından yararlanmaq, təhsillərinin bir hissəsini xarici ali məktəblərdə davam etdirmək imkanı var. Ötən ay ADAU ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı haqqında Əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən, bu ali təhsil müəssisələrinin magistrləri birinci ili ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.
ADAU ilə Türkiyənin Ege Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində 2021-ci ildən başlayaraq, hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege Universitetində ödənişsiz təhsil alaraq iki diplom əldə edəcək.
Bundan başqa, ötən həftə ADAU ilə Eskişehir Teknik Universiteti arasında “Mövlana” proqramı və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
ADAU rektoru qeyd edib ki, bu il Türkiyə, İsrail, Qazaxıstan və digər ölkələrdən 100-dək tələbə ADAU-da təhsil almaq üçün müraciət edib. Xarici tələbələr əsasən, kənd təsərrüfatı ixtisasları üzrə təhsil almaq niyyətindədir.
Qeyd edək ki, aqrar sahədə peşəkar kadrların hazırlanması məqsədilə ADAU-nun maddi-texniki bazasının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Ötən il universitetin yeni tədris korpusunun açılışı olub. Müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb, ən yeni əyani vəsaitlər, avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar professor-müəllim heyətinin və tələbələrin ixtiyarına verilib. Yeni tədris korpusunda, ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq.