Aqrar sahəni seçənlər üçün stimullaşdırıcı təqaüd proqramları | |
Aqrar sahədə keyfiyyətli kadr hazırlığının təmin olunması məqsədilə stimullaşdırıcı təqaüd proqramları həyata keçirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq ADAU-ya daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək. Buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilirdi.
Yeni qərara əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriyalı tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
Bundan başqa, ötən həftə ADAU ilə Eskişehir Teknik Universiteti arasında “Mövlana” proqramı və əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, aqrar sahədə peşəkar kadrların hazırlanması məqsədilə ADAU-nun maddi-texniki bazasının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir. Ötən il universitetin yeni tədris korpusunun açılışı olub. Müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb, ən yeni əyani vəsaitlər, avadanlıqla təchiz olunmuş auditoriyalar və laboratoriyalar professor-müəllim heyətinin və tələbələrin ixtiyarına verilib. Yeni tədris korpusunda, ümumilikdə 3 min tələbə iki növbədə təhsil alacaq. |
|
26.08.2021 | 10:28 | |
|
|
|