Mən onunla 1978-ci ildən tanışam. Günlərin birində institutumuzun kitabxanasında gənc elmi işçilər toplaşaraq söhbət edirdilər. Yeni gələnlərdən bir nəfər çox maraqla, müşahidə etdiklərinin əsasında, xüsusilə 70-ci illərin aktual problemi kimi akademik Mehdi Mehdizadənin təlim metodları ilə bağlı təsnifatı ətrafında danışır, onların praktik əhəmiyyətini izah edirdi. Məlum oldu ki, bu elmi arqumentlərlə danışan İlham Bəşir oğlu Əhmədovdur. Xırdalan qəsəbə 2 nömrəli orta məktəbin riyaziyyat müəllimi olub və müsabiqə yolu ilə elmi işçi vəzifəsinə qəbul edilib. Sonralar onunla daha yaxından tanış oldum. Müxtəlif müzakirələrdə, xüsusilə gənc alimlər şurasının yığıncaqlarında İlham müəllimi dinlədikcə onun təkcə riyaziyyatla deyil, həmçinin ümumi pedaqoji, o cümlədən didaktika, tərbiyə nəzəriyyəsi, təhsilin idarə olunması və sair məsələlərlə maraqlandığını müşahidə edirdim. Biləndə ki, o, Azərbaycanın görkəmli pedaqoq alimi, pedaqoji elmlər doktoru, professor Bəşir Əhmədovun oğludur, özlüyümdə xalqımızın “Ot kökü üstündə bitər” məsəlinin nə qədər doğru olduğunu yəqin etdim.
Təhsil illərindən görünən işartılar
İlham Əhmədov 1956-cı ilin yayında dünyaya göz açıb. İlk təhsilini Xırdalan qəsəbə 2 nömrəli orta məktəbində alıb. O, hələ orta məktəbdəki təhsil illərində özünün maraq və intellekt səviyyəsinə görə fərqlənib. IX-X siniflərdə oxuyarkən paralel olaraq M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin nəzdindəki qiyabi riyaziyyat məktəbində keys texnologiyası əsasında distant təhsil alıb.
Üsul, metod və ya forma kimi adlandırılan keys texnologiyası hər hansı hadisənin öyrənilməsinə istiqamətlənən bir fəaliyyətdir. Burada hadisəni yaradan səbəblərin, onun hərəkətverici amillərinin aşkarlanması məqsəd kimi qarşıya qoyulur. Bu zaman öyrənənin tədqiqatçılıq istiqamətində fəaliyyət göstərməsi və inkişafı nəzərdə tutulur. İlham müəllim də orta məktəb illərində keys texnologiyası ilə təhsil alarkən özünün müstəqil tədqiqatçılığı ilə xüsusi fərqlənirdi.
İlham Əhmədov orta məktəbi bitirdikdən sonra 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) riyaziyyat fakültəsinə daxil olur və oranı fərqlənmə diplomu ilə bitirir. Ali məktəbdə oxuyarkən pedaqoji, metodik tədqiqatlara qoşulur, maraqlı məruzə və çıxışları ilə fərqlənir.
Elmə gedən yolda
İlham müəllim institutu başa vurduqdan sonra bitirdiyi Xırdalan qəsəbə 2 nömrəli məktəbdə müəllim işləyir. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Təhsil İnstitutunun) elmi işçi vəzifəsinə qəbul olur və orada bir tədqiqatçı kimi fəaliyyət göstərərək təcrübə toplayır. 1981-ci ildə V.İ.Lenin adına ADPU-da riyaziyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olur. “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)” mövzusunda namizədlik dissertasiyası yazaraq Kiyev şəhərində uğurla müdafiə edir. 1986-cı ildən Riyaziyyatın tədrisi metodikası, Hesablama riyaziyyatı və informatika kafedralarında işləyir. Müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. O işlədiyi dövrdə axtarışlar aparmağa, yeniliklər etməyə çalışan bir müəllim kimi fəaliyyət göstərir. İnnovasiyalarla daha çox məşğul olur, müasir texnologiyaların öyrənilməsi və onların geniş təbliği ilə məşğul olmağa başlayır. 1988-1993-cü illərdə ADPU-nun Gənc alimlər şurasının sədri seçilir və ona rəhbərlik edir.
“Tədqiqatçılıq bir peşədir...”
Tədqiqatçılıq bir peşədir, həm də bir səriştədir. İnsanlara xas olan onun həyatdakı mövqeyinin müəyyənləşməsində əhəmiyyətli rol oynayan bir keyfiyyətdir, - deyə öz mövqeyini açıqlayan İlham müəllim 80-ci illərdən başlayan elmi-pedaqoji yaradıcılığı boyu da həmişə bu prinsipə sadiq qalmışdır. Eyni zamanda özünün elmi-pedaqoji yaradıcılığında həmin bacarıqların inkişaf etdirilməsini prioritet hesab etmişdir.
Onun yaradıcılıq istiqamətləri
İlham müəllimin elmi yaradıcılığı ilə tanışlıq zamanı belə nəticəyə gəlmək olar ki, onun tədqiqatlarını, əsasən, bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür: riyaziyyatın tədrisi metodikası üzrə tədqiqatlar; ümumpedaqoji, o cümlədən informatlaşdırma, distant təhsil, ali təhsilin idarə olunması istiqamətlərində olan tədqiqatlar. O, riyaziyyatın tədrisi metodikası ixtisası üzrə dissertasiya üzərində işlədiyindən və bu sahədə mütəxəssis kimi sistemli araşdırmalar apardığından həmin elmin müasir məsələlərinə xeyli tədqiqatlar həsr etmişdir. Xüsusilə bu gün daha çox koqnitiv xarakteri ilə seçilən və şagirdlərin təfəkkür mədəniyyətinin formalaşdırılmasında rolu olan riyaziyyat fənninin imkanları ilə bağlı maraqlı nəticələrə gəlmişdir. Onun “İdrak nəzəriyyəsi və riyaziyyatın təlimində şagirdlərin mücərrəd təfəkkürünün inkişaf etdirilməsinin bəzi məsələləri” (1980), “Fəal həyat mövqeyi formalaşdırmaqda riyaziyyat fənninin imkanları” (1981), “Problemli təlim prosesində, proqramlaşdırılmış təlim elementlərindən istifadə məsələsinə dair” (1981), “Vasitə” və “metod” anlayışlarının mahiyyətinə dair (1982), “Problemli və proqramlaşdırılmış təlimin qarşılıqlı əlaqəsi riyaziyyatın tədrisinin effektivliyini yüksəltməyin vasitəsi kimi” (1982), “Təlimin texniki vasitələri və proqramlaşdırılmış təlim” (1983), “Kompüter texnikasının təlim prosesinə tətbiqi” (1985), “Riyaziyyat üzrə proqramlaşdırılmış kartoçkaların tərtibi və onlardan istifadə metodikası” (1985), “Məktəbdə riyaziyyatdan qeyri-standart tapşırıqların həlli zamanı proqramlaşdırlmış nəzarət” (1985), “Ali pedaqoji məktəblərdə riyaziyyat müəllimi hazırlığı prosesində proqramlaşdırılmış mikro-kalkulyatorların rolu və yeri” (1987), “Riyaziyyat təliminə alqoritmik yanaşma” (1987), “Həndəsə təlimi zamanı şagirdlərə differensial yanaşma” (1988), “Riyaziyyat təlimində kompüter əyani vəsait kimi” (1990), “Streometriyadan məsələ həllinin alqoritmik dildə təsviri” (1990) və sair əsərlərində daha çox riyaziyyatın tədrisi metodikasının aktual problemləri: o cümlədən proqramlaşdırılmış və problemli təlim məsələləri, riyaziyyat təliminin texniki vasitələri, kompüter texnologiyasından istifadə, şagirdlərə differensial yanaşma məsələləri tədqiqata cəlb olunmuşdur. Həmçinin alqoritmik təfəkkürün formalaşdırılması istiqamətində təşəbbüslər göstərilmişdir. Ötən əsrin 70-80-ci illərində alqoritmik təfəkkürün formalaşdırılması ilə bağlı irəli sürülən,əslində bu gün riyaziyyat təliminin başlıca məqsədi olan təfəkkür mədəniyyətinin formalaşdırılması ilə bağlı bu tədqiqatlar ilkin elmi-metodik araşdırmalar kimi dəyərləndirilə bilər.
Məlum olduğu kimi, müstəqil Azərbaycanda 1999-cu ildən başlayan təhsil islahatları, demək olar ki, onun bütün sahələrini əhatə etməklə mərhələli şəkildə aparılmışdır. İstər normativ-hüquqi bazanın yaradılması, istər öyrədici innovasiya, istərsə də sahələr üzrə fəaliyyətlərin təşkili mərhələlərində tədbirlər həyata keçirilmişdir. İlham müəllim də həmin dövrlərdə riyaziyyatın tədrisi metodikası ilə yanaşı,təhsilin ən müasir məsələləri ilə ardıcıl məşğul olmuşdur. Xüsusilə distant təhsilin rolu və əhəmiyyəti, məzmunu, təşkili və s. bağlı araşdırmalar aparmışdır. Və həmin araşdırmaların nəticəsi olaraq “Distant təlimin pedaqoji xüsusiyyətləri” (2001), “Distant təlimin didaktik əsasları” (2001), “Məsafədən təhsilin aktual didaktik problemləri” (2004), “Azərbaycanda distant təhsil: reallıqlar və perspektivlkər” (2004), “Distant pedaqoji təhsilin pedaqoji problemləri” (2009), “Virtual tədris problemləri” (2008) “Təhsil islahatları layihəsi: müəllim hazırlığında distant təhsil texnologiyalarının inkişafı” (2009) adda əsərlərlə pedaqoji mətbuatda çıxışlar etmişdir. Eyni zamanda müasir dövrün ən aktual problemlərindən biri kimi informasiya cəmiyyətinin yaranması, onun təhsil sisteminin formalaşması, təhsildə informatlaşma prosesinin inkişafı xüsu-siyyətləri barədə zamanın ehtiyaclarından irəli gələn pedaqoji məsələlərə diqqət yetirmişdir. “Pedaqoji təhsilin informatlaşması” (2007), “İnformasiya: təhsil, innovasiya” (2007), “İnnovativ cəmiyyət və təhsil” (2008), “Təhsilin informatlaşdırılması pedaqoji elmin yeni sahəsidir” (2009), “Təhsilin qloballaşmasında İKT amili” (2009) və s. məqalələri vasitəsi ilə gəldiyi qənaətləri oxucularla bölüşmüşdür. O həmçinin ali pedaqoji təhsilin idarə olunmasının inkişaf etdirilməsində innovativ yanaşmalara öz tədqiqatlarında ayrıca yer ayırmışdır. “Pedaqoji ali məktəblərdə innovativ təhsilin perspektivləri” (2010), “Ali təhsilin İKT əsaslı innovativ inkişafı” (2010), “Pedaqoji ali məktəblərdə menecmet təhsilinin keyfiyyəti” (2011), “Milli universitetlərdə keyfiyyətin idarə edilməsi problemləri” (2011), “Azərbaycan ali məktəblərində innovativ təhsilin inkişafı”, “Ali pedaqoji təhsilin informatlaşmasına konseptual baxış” (2017), “İnnovativ universitetlərdə distant təhsil” (2017), “Təhsilin informatlaşdırılması prioritetləri” (2018) adda əsərlərini həmin problemlərə həsr etmişdir.
Müxtəlif tədbirlərdə iştirak
Dosent İlham Əhmədovun indiyə qədər yuxarıda qeyd olunan problemlərlə bağlı respublikada və xaricdə çap olunan əsərlərinin sayı 120-dən artıqdır. Həmçinin o, Türkiyə, Rusiya, Polşa, Ukrayna, Estoniya, Qazaxıstan, Moldova, Gürcüstan və Özbəkistanda keçirilən beynəlxalq konfransların iştirakçısı olmuş və orada məruzələrlə çıxış etmişdir.
İlham müəllim 2010-2017-ci illərdə müxtəlif vaxtlarda Türkiyə Cümhuriyyəti Anadolu Universiteti, Rusiya Federasiyası Müasir Humanitar Universiteti və Sinergiya Universitetinin Distant təhsil bölümünün Azərbaycan proqramlarında elmi məsləhətçi olmuşdur. 2011-ci ildə Təhsilin İnkişafı Beynəlxalq Fondun xətti ilə Qazaxıstan Respublikası Pavlodar Dövlət Universitetində professor-müəllim heyəti və magistrlər üçün təhsilin müasir problemlərinə (“İnnovasion Universitetlər”, “Universitetin İnformatlaşması”, “Universitetlərin strateji idarəedilməsi” və s.) dair silsilə mühazirələr oxumuşdur. O, həmçinin UNESCO-nun Təhsildə İKT İnstitutunun (Moskva) Azərbaycandan olan milli eksperti kimi fəaliyyət göstərmiş (2011-2013), Moskva və Sankt-Peterburq şəhərlərində təşkil edilmiş beynəlxalq konfranslarda təhsilin informatlaşması məsələlərinə dair məruzələr etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” və ADPU-nun təsisçisi olduğu “Təhsildə İKT” jurnallarının Redaksiya Şurasının üzvü, 2007-2008-ci illərdə pedaqoji elmlər üzrə dissertasiya müdafiə şurasının üzvü, elmi katibi, 5 il ADPU elmi-metodik şurasının üzvü kimi ictimai işlərdə fəal iştirak etmişdir. 2016-cı ildən “Peşəyönümlü Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin həmtəsisçisi və icraçı direktorudur. Son 10 ildə vətəndaş cəmiyyəti quruculuğu istiqamətində müxtəlif QHT-lərlə birgə 30-dan artıq sosial yönümlü layihələrdə, həmçinin təhsil və İKT yönümlü, universitetdaxili layihələrdə menecer, məsləhətçi, ekspert qismində fəaliyyət göstərmişdir.
Bu il pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Bəşir oğlu Əhmədovun anadan olmasının 65 illiyi tamam olur. Bu münasibətlə onu - təhsil sistemimizə pedaqoji innovasiyalarla töhfələr verən hörmətli alimimizi təbrik edir, ona cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Ənvər ABBASOV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent