Uşağın erkən inkişafı onun sonrakı təhsilindəki ən vacib mərhələdir. Uşaq həyatının bu mərhələsində idrak fəaliyyətindəki itkiləri gələcəkdə bərpa etmək çətindir. Bu səbəbdən, pandemiya dövründə məktəbəqədər təhsil müəssisələrinin bağlanması şəraitində uşaqların erkən inkişafının hər hansı bir səviyyədə saxlanılması ciddi problemdir. Bildiyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevral ayından ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi təlim bərpa edilmişdir.

 

Pandemiya bütün sahələrə, o cümlədən təhsil sisteminə də təsirsiz ötüşmədi. Lakin bu çətinliklərin aradan qaldırılması istiqamətində Təhsil Nazirliyinin  həyata keçirdiyi tədbirlər nəticəsində yaranan problemlərin həllinə  müvəffəq olundu.

 

Təhsil müəssisələrində tədris prosesi zamanı uşaqların, müəllimlərin, inzibatı və texniki işçi heyətinin, eləcə də valideynlərin və digər ailə üzvlərinin virusa yoluxma riskinin qarşısının alınması əsas vəzifədir. Eyni zamanda, təhsil siyasətinin hazırlanması və icrasına cavabdeh olan beynəlxalq və milli təsisatlar pandemiya şəraitində vətəndaşların təhsil hüququnun təmin olunması üçün şərtlər, forma və metodlar barədə də ciddi düşünür və müvafiq tədbirlər görürlər.

 

Yeni reallıq məktəbəqədər təhsil sistemi üçün mürəkkəb vəziyyət yaratdı. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər ənənəvi olaraq təlim prosesinin təşkili üçün əyani vasitələrə yiyələnirlər, uşaq oyunlarını təşkil və uşaqların təşəbbüskarlığını dəstəkləyir, istənilən tullantılardan, uşaqların fəaliyyətini stimullaşdırmaq üçün materiallardan və s. yaradıcılıqla istifadə edirlər.

 

Məktəbəqədər təhsil sahəsi pandemiya dövründə bəlkə də ən həssas sahədir. Bu, dövrdə məktəbəqədər təhsil müəssisələri uzun müddət bağlandı. Bu həm işləyən valideynlərin işində çətinliklər yaratdı, həm də uşaqların təlimdən, inkişafdan geri qalmalarına səbəb oldu. Digər təhsil pillələrində olduğu kimi məktəbəqədər təhsil sistemində də mərhələli yanaşma tətbiq edildi. Mərhələli yanaşmaya nəzər saldıqda bu nəticəyə gəlmək olar ki, məktəbəqədər təhsil pilləsindəki fəaliyyətin bərpa edilməsi açılışın əsas başlanğıcı hesab edilir. BMT Uşaq Fondunun 2020-ci ilin iyul ayına olan məlumatına görə, COVID-19 pandemiyası ilə əlaqədar dünyada 40 milyon uşağın məktəbəqədər təhsildə iştirakı üçün məhdudiyyətlər yaranmışdır. Nəzərə alsaq ki, karantin rejiminin yumşaldılması ilə valideynlərin daha böyük hissəsi normal iş həyatına qayıdır, bu mənada baxıma ehtiyac olan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi valideynlər üçün ciddi dəstək olacaqdır.

 

Pandemiyanın uşaqların məktəbəqədər təhsilinin keyfiyyətinə təsiri

 

Məktəbəqədər təhsil məktəb təhsilindən xeyli dərəcədə fərqlənir. Ən başlıcası, məktəbəqədər təhsil proqramını mənimsəmək məktəblərdəki kimi biliyin aralıq və ya yekun qiymətləndirməsi ilə müşayiət olunmur. Dövlət standartında məktəbəqədər təhsilin nəticələri məktəbəqədər təhsil müəssisəsini bitirən zaman uşağın fərdi və sosial xüsusiyyətlərini əks etdirən hədəflər şəklində təqdim olunur. Məsələn, hər şeyi bilmək həvəsi, təxəyyülün (təsəvvürün) inkişafı, məqsədyönlülük, nitq (danışıq və ünsiyyət), öz yaşıdlarıyla əlaqələr qurmaq, müstəqil qərarlar qəbul etmək bacarığı və s. kimi xüsusiyyətlər məhz məktəbəqədər təhsil dövründə formalaşır. Əlbəttə, biz anlayırıq ki, uşaq bağçalarının bağlanması ona gətirib çıxardı ki, bütün uşaqlar tərəfindən təlim proqramının həcmi tamamilə mənimsənilmədi. Amma məktəbəqədər təhsilin dövlət standartlarında təqdim edilən uşağın zəruri təlim nəticələri bütün məktəbəqədər uşaqlıq dövründə formalaşdırılır. Əgər uşaq bir il və ya il yarım məktəbəqədər təhsildən ayrı düşürsə, o zaman bunun uşaqların inkişafına əhəmiyyətli təsiri olacaq. Odur ki, həm uşaqların inkişafını, həm də işləyən valideynlərin vəziyyətdən çıxarılması üçün alternativ çıxış yolları müəyyənləşdirilməlidir. Məktəbəqədər təhsil müəssisəsində növbətçi qrupların təşkil edilməsi vəziyyətdən çıxmaqda kömək edər. Növbətçi qruplarda uşaqlar təlim proqramında nəzərdə tutulan zəruri bilik, bacarıq və səriştələrə yiyələnə bilərlər, həm də işləməli olan valideynlərin səmərəli fəaliyyətinə imkan verilər.

 

Pandemiya uşaq bağçalarının sonrakı işinə necə təsir edir?

 

Əlbəttə, məktəbəqədər təhsil müəssisələrində sanitar normalar və qaydalarla bağlı tədbirlər daha da gücləndiriləcək. Halbuki, bu, həmişə məktəbəqədər təhsil müəssisələri üçün məcburi tələb idi. Büdcədən maliyyələşən və büdcədənkənar təşkilatların hamısı artıq kontaktsız termometrlər, fərdi müdafiə vasitələri ilə təchiz olunub. Bu iş sonra da davam etdiriləcək. Bugünkü reallıqlar uşaqlarda mədəni-gigiyenik vərdişlərə daha ciddi əməl edilməsinə  təsir edəcək.

 

Pandemiya dövründə valideynlər tərəfindən ünvanlanan məktəbəqədər təhsil müəssisələrinin işləməsi haqqında tez-tez və çox sayda suallarla qarşılaşırdıq. İşləyən valideynlərin uşaqları baxımsız qaldığı üçün uşaq sayı nəzərə alınaraq, növbətçi qrupların açılmasına çox ehtiyac duyulurdu.

 

Bütün dünyada təhsil sistemi koronavirus pandemiyasının təhsilə neqativ təsirinin azalması üçün tədbirlər gördü. Müxtəlif ölkələrin məktəbəqədər təhsil sistemləri təliminin (uşaqların yaş xüsusiyyətləri, məktəbəqədər müəssisələrin fəaliyyətinin təşkilinin) ictimai xarakteri müəyyən spesifikaya malikdir. Bununla əlaqədar olaraq, həmçinin yaranmış epidemioloji vəziyyətə əsaslanaraq, dövlətimiz pandemiyalar dövründə müxtəlif qərarlar qəbul edirdi. Ancaq ümumi təhsil sistemindən fərqli olaraq, məktəbəqədər təhsildə distant təhsil tətbiq olunmadı. Məktəblərdə təşkil edilmiş hazırlıq qruplarında distant təhsil tətbiq edildi. Məktəbəhazırlıq mərhələsinin təhsilin ilkin pilləsi olduğunu nəzərə alaraq, pandemiya dalğası artarsa və yenə də davam edərsə, bu qrup uşaqlar ilə təlimin təşkilinin də həm distant, həm də əyani formasının tətbiq edilməsi məqsədəuyğundur.

 

Distant təlim (təhsil) prosesində pedaqoqların çətinlikləri

 

Yeni reallıq məktəbəqədər təhsil sistemi üçün mürəkkəb oldu. Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlər idrak prosesini, uşaq oyunlarını təşkil etməyi bacarır və uşaqların təşəbbüskarlığını dəstəkləmək, uşaqların fəaliyyətini stimullaşdırmaq üçün hər hansı bir tullantı materialından və s. yaradıcılıqla istifadə edə bilirlər. Ancaq onların əksəriyyəti rəqəmsal texnologiyalarla işləmək bacarığına malik deyillər, sərbəst tətbiqdə texniki çətinliklərlə üzləşirlər. Bununla belə, bəzi uşaq bağçalarının az sayda olsa da, tərbiyəçi-müəllimləri koronavirus pandemiyasının yayılmamasının profilaktikasına görə şəxsi təşəbbüsləri ilə distant formada məşğələləri keçirməyə başladılar. Sözsüz ki, bu zaman onlar müəyyən çətinliklərlə rastlaşdılar. Belə tərbiyəçi-müəllimlərlə sorğu keçirərək real vəziyyəti öyrənməyə çalışdıq və müəyyən nəticələrə gəldik:

 

  • - metodik yardım problemləri (məktəbəqədər yaşlı uşaqlarla distant məşğələlərin keçirilməsi üçün metodik tövsiyələrin, distant təhsil üçün hazır tapşırıq komplektlərinin, oyunların təşkili üçün metodikanın və s. olmaması);
  • - səriştəlilik üzrə çətinliklər (məktəbəqədər yaşlı uşaqlarla məsafəli formatda məşğələlərin hazırlanması və aparılması üçün tərbiyəçi-müəllimlərin xüsusi bilik və bacarıqları);
  • - texniki imkanlarla bağlı çətinliklər;
  • - distant təşkil  olunmuş işin xüsusiyyətləri ilə əlaqəli təşkilati çətinliklər (uşağın yerinə yetirdiyi tapşırıqların nəticələrini görmək imkanının olmaması).

 

Amma aparılan işin nəticəsində təlimin müsbət cəhətləri də özünü göstərdi. Bununla belə, işləyən valideynlərin uşaqlarının baxımsız olması, alternativ yolların yaradılmasını diktə edir. Belə ki, Təhsil Nazirliyinin və müvafiq icra strukturlarında müvafiq şöbələrin tövsiyələri əsasında valideynlərin ehtiyaclarına uyğun növbətçi qrupların açılması məqsədəuyğundur.

 

Yeni təhsil vəziyyətində distant təhsil texnologiyalarından, elektron təlimdən istifadə edərək məktəbəqədər təhsil prosesinin səmərəli həyata keçirilməsi üçün müəllimlə uşaq və ailə arasında qarşılıqlı əlaqə prosesinin məhsuldar təşkilinə kömək edəcək bir sıra amillər nəzərə alınmalıdır.

 

Uşaqlar valideynin iş yerindən və həkimdən sağlamlıq arayışı əsasında həmin növbətçi qruplara qəbul edilə bilərlər. Həmin qruplarda həkim gün ərzində həm uşaqların, həm də işçilərin bədən istiliyini ölçməlidir. Müəssisədə aydın məsələdir ki, bütün sanitariya və epidemioloji standartlara riayət olunmalıdır. Müəllimlər yeni şəraitdə çalışmalı, sağlamlıq təhlükəsizliyinə daha çox diqqət yetirməlidirlər. Düzdür, özünü təcrid etmə rejimində valideynlər övladları ilə çox vaxt keçirir və uşaqların inkişafı ilə müstəqil məşğul olurlar, lakin mütəxəssislərin köməyi onlar üçün daha vacibdir.

 

Məktəbəqədər və xüsusilə erkən yaşlı uşaq ətraf aləmi hiss üzvləri ilə dərk edərək inkişaf edir. Distant təhsil formatı bunu təmin edə bilməz. Tərbiyəçi-müəllim və uşaq arasındakı uzaqdan ünsiyyət zamanı bir böyüyün (valideynin) iştirakı vacibdir və bu da həmişə müxtəlif səbəblərdən təmin edilə bilməz. Bundan əlavə, bir çox valideynlər məktəbəqədər təhsil müəssisəsindən minimal iştirakla pandemiya dövründə təhsil xidmətləri alacaqlarını düşünürdülər və müəllimlər valideynləri bu prosesə cəlb etmədən uzaqdan bu xidmətləri göstərə bilməzlər.

 

Virusların qarşısının alınması və aşkarlanması

 

Əllərin dezinfeksiyası və temperaturun ölçülməsi uşaqlar və uşaq bağçası işçiləri üçün ənənəyə çevrilməlidir. Valideynlər və kənar şəxslər əraziyə buraxılmamalıdır.

 

Uşaq bağçasının girişində uşağın istiliyi ölçülür. Bu zaman təmassız termometrdən istifadə edilməlidir. Həmin termometrlər hər istifadədən sonra dezinfeksiya olunmur, buna görə də bir termometr hamı üçün istifadə edilə bilər. Bu "səhər filtri" proseduru izdiham yaratmamalıdır. Bunu etmək üçün hər qrupa fərqli bir gəliş vaxtı təyin etmək olar. Temperaturu ikinci dəfə nahar vaxtı ölçmək olar.

 

Uşaq bağçasında, görünən yerlərdə - girişdə, yeməkxanalarda və sanitar qovşaqlarda əlləri dezinfeksiya etmək üçün antiseptik maddələr olmalıdır. Tərbiyəçi-müəllimlər uşaqların yeməkdən əvvəl və məşğələlər arasında əllərini dezinfeksiya etmələri üçün gigiyena standartlarına riayət olunmasını izləməlidirlər. Tərbiyəçi-müəllimlər mütləq maskadan istifadə etməlidirlər.

 

Vacibdir! Əgər uşağın hərarəti olarsa və ya tənəffüs yolu xəstəlikləri əlamətləri hiss edilərsə, təcili olaraq onu ümumi qrupdan təcrid edərək, xüsusi hazırlanmış otaqda yerləşdirmək lazımdır. Sonra isə uşağın valideynləri və ya təcili yardım çağırılmalıdır.

 

Sosial məsafə

 

Hər bir qrupdakı uşaq sayı çox olmamalıdır. Hər uşağın 1 kvadrat metrdən artıq fərdi sahəsi olacaqdır. Bir qrupdakı uşaqların dəqiq sayı otaqların ölçüsündən asılıdır.

 

Mümkün qədər uşaqlar və tərbiyəçi-müəllim arasında 1,5 metr məsafəni qorumaq lazımdır. Hava şəraiti uyğun olarsa, bəzi məşğələlərin uşaq bağçasının həyətində  keçirilməsi tövsiyə olunur. Bu, xüsusilə fiziki mədəniyyət məşğələləri, yapma və rəsm üçün aktualdır.

 

Kütləvi tədbirlər keçirilməməlidir

Fərqli qruplardan olan uşaqlar bir yerə toplaşmamalıdırlar. Bunun üçün:

* Kütləvi tədbirlərdən (tamaşalar, konsertlər, müsabiqələr) imtina edilməlidir;

* Məşğələ cədvəlini elə tərtib etmək lazımdır ki, qruplar müxtəlif vaxtlarda fasilə etsinlər;

* Uşaqları axşam qrupunda  birləşdirmək olmaz;

* Qapalı yerdə və açıq havada birgə fəaliyyətləri aradan qaldırmaq lazımdır;

* Tibb bacısı hər 3 saatdan bir müəssisədə havanı dezinfeksiya etməlidir;

* Hər iki saatdan bir otağın havası dəyişdirilməlidir.

 

Təhlükəsizliyə riayət etmək və koronavirusun yayılmasının qarşısını almaq üçün məhdudlaşdırıcı tədbirlər, ilk növbədə, uşaq bağçası qrupunun iş şəraitində dəyişiklik tələb edir. Mövcud vəziyyətdə səlahiyyətli şəxslər məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinə koronaviruslu uşaq bağçalarının işini tənzimləyən qaydalar təqdim etməlidirlər.

 

Biz əsasən məktəbəqədər təhsil müəssisələrində işin təşkili haqqında danışdıq. Bəs pandemiya dövründə məktəblərdə təşkil edilən hazırlıq qruplarının fəaliyyəti qənaətbəxşdirmi? Keçən il pandemiya dövründə məşğələlər onlayn təşkil edildi. Bu, problemi qismən həll etdi. Çünki, bütün respublika üzrə internetə çıxışın hamı üçün əlçatan olmaması, yaranmış yüklənmə ilə əlaqədar internetin tez-tez şəbəkədən ayrılması, bütün ailələrdə kompüterin olmaması və ya ondan istifadə edə bilməməsi kimi problemlər yaşandı. Bu il məktəbəhazırlıq əyani təşkil edildi. Pandemiya ilə əlaqədar qapanma olarsa, məktəbəhazırlıq qruplarının da birinci siniflər kimi həm distant, həm də əyani formada fəaliyyət göstərməsi məqsədəuyğundur. Çünki, həmin uşaqların ibtidai siniflərdəki uğuru məhz bu mərhələdə təlimin səmərəli təşkilindən asılıdır.

 

Laləzər CƏFƏROVA,

ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim