Əks-əlaqəyə dair
Şagirdin gündəlik inkişafının (eyni zamanda geriləməsinin) izlənilməsinə - müşahidəsinə əsaslanan formativ qiymətləndirmədə mühüm məsələlərdən biri də müəllimin bu proseslə bağlı şagirdlə apardığı fikir mübadiləsi – yəni öyrədənin öyrənənə real nailiyyət səviyyəsi, bu səviyyədən hədəfə çatmaq üçün mövcud maneələr, bu maneələrin aradan qaldırılması yolları barədə verdiyi məlumatlardır. Söhbət formativ qiymətləndirmə zamanı verilən rəylərdən və şagirdi inkişafa istiqamətləndirən əks-əlaqədən gedir. Formativ qiymətləndirmənin mərkəzində əks-əlaqə dayanır. Əvvəlcə isə əks-əlaqənin özü barədə ilkin təsəvvür formalaşdıraq.
“Mən bacarmıram” yanaşmasını “Mən hələ bacarmıram” yanaşmasına çevirmək
Əks-əlaqə müəllimlə şagird arasında bir növ məlumat mübadiləsi prosesidir, yəni müəllimin şagirdə tapşırıqları icra etməsi, davranışı və gördüyü digər işlərlə bağlı verdiyi rəydir. Bu prosesin sağlam qurulması şagird nailiyyətlərinə, ümumilikdə öyrənmə prosesinin keyfiyyətinə ciddi təsir göstərə bilir. Düzgün və zamanında verilən əks-əlaqə şagirdə səhvlərindən nəticə çıxarmaq və nailiyyət səviyyəsini artırmaq üçün lazımi addımlar atmaq fürsəti yaradır. Onların öyrənmə prosesindəki “Mən bacarmıram” yanaşmasını “Mən hələ bacarmıram” yanaşmasına çevirir.
Elmi ədəbiyyatda “rəyvermə, feedback” kimi də tanınan əks-əlaqə tədris prosesində stimullaşdırıcı rol oynayır. O, şagirdlərin cari vəziyyətinin qiymətləndirilməsində, motivə olunmasında mühüm vasitələrdən biri hesab edilir. Belə ki, əks-əlaqə şagirdi həm güclü, həm də zəif tərəflərini anlamağa, fəaliyyətini ona uyğun istiqamətləndirməyə sövq edirsə, müəllimi şagirdin öyrənmə vəziyyətinə uyğun olaraq fəaliyyətini qurmağa yönləndirir.
Əks-əlaqə müşahidəyə əsaslanır və müəllimin proseslə bağlı fikirlərini, təəssüratlarını və s. əhatə etməlidir. Bu rəy bitərəflik mövqeyi nümayiş etdirməklə müşahidə olunanların analitik təhlilinə əsaslanmalıdır.
Təhsil sahəsindəki tədqiqatları ilə tanınan C.Hətti və Helen Temperley əks-əlaqə ilə bağlı 3 əsas suala diqqəti cəlb edirlər: “Mən hara gedirəm?”, “Necə gedirəm?” və “Növbəti addım hansı olmalıdır?”. Yəni əks-əlaqə düzgün qurulduqda öyrənən öz inkişafı ilə bağlı bu suallar üzərində düşünməyə başlayır.
Feedback (əks-əlaqə) təkcə tərif demək deyil
Bir çox hallarda əks-əlaqə ilə tərif qarışdırıla bilər, lakin bunlar köklü olaraq bir-birindən fərqlənən anlayışlardır. Tərif müəllim və şagird arasında müsbət yöndə münasibətlərin qurulmasını təmin etsə də, şagird harada nəyi düzgün etdiyi üçün tərifləndiyini bilmir, beləliklə, onda öz pərformansı ilə bağlı düzgün təsəvvür formalaşmır. Lakin müəllimin verdiyi düzgün rəy (əks-əlaqə) isə şagird üçün bir növ kompas, ya da mayak rolunu oynayır, onu daha düzgün istiqamətləndirə bilir.
Ümumilikdə götürsək, yaxşı əks-əlaqə aşağıdakı xüsusiyyətləri özündə ehtiva edir:
- - Şagirdlərə hazırkı vəziyyətləri barədə məlumat verir;
- - Şagirdləri göstərdikləri pərformansın üzərində düşünməyə sövq edir;
- - Şagirdləri ondan gözlənən nəticələr barədə əvvəlcədən məlumatlandırır;
- - Hazırkı səviyyə ilə gözlənilən nəticə arasındakı boşluğu doldurmağa istiqamət verir.
Formativ qiymətləndirmə zamanı performansla bağlı verilən detallı təhlil və məlumat şagirdləri istiqamətləndirmək baxımından öyrənmə prosesini dəstəkləyir. Ancaq ədəd, simvol və ya tək kəlmə ilə ifadə olunan cəzalandırma və ya tərif xarakterli əks-əlaqə şagirdlərə nə edəcəkləri barədə məlumat vermədiyi üçün faydalı hesab olunmur. Digər tədqiqatçılar da qiymət formasında verilən əks-əlaqənin şagirdin nailiyyət səviyyəsində hər hansı bir yüksəlişə səbəb olmadığını, performansla bağlı verilən yazılı və ya şifahi məlumatın isə onların uğurlarını artırdığını qeyd etmişdir. Tərif və hədiyyə formasında verilən əks-əlaqələr isə seyrək, konstruktiv, real və özünəməxsus olduqda faydalı sayılır. Yaxşı müəllimlərin bu tip motivasiya metodlarına az müraciət etdiyi müəyyən olunub. Çünki öyrənmə prosesində davamlı olaraq verilən hədiyyələr şagirdlərdə “öyrənmək üçün çalışmaq” fikri əvəzinə, “hədiyyə üçün çalışmaq fikri” formalaşdıra bilər.
Müəllim formativ qiymətləndirmə zamanı təkcə şagirdə verdiyi cavabının düzgün olub-olmadığını deməklə kifayətlənmir, eyni zamanda onların prosesdə göstərdiyi pərformansı haqqında ətraflı və sadə dildə rəylər verərək şagirdi həm də qiymətləndirmə prosesinin iştirakçısına çevirir. Bu zamanı artıq öyrənənlərdə nəyi və necə öyrəndikləri barədə fikirlər dolğunlaşmağa başlayır.
Düzgün əks-əlaqə şagirdi tapşırıq üzərində düşündürür
Bu sahədə böyük araşdırmalar aparmış məşhur tədqiqatçı Dilan Uilyamın fikrincə, bir əsas fikri anlamaqla bütün prosesə təsir etmək və faydalı işlər görmək mümkündür: Əks-əlaqə zamanı vacib məqam şagirdlərin bu rəydən necə faydalanacaqlarıdır. Bu məqamı müəllim davamlı olaraq yaddaşında saxlamasa və bu prinsip əsasında hərəkət etməsə, məqsəddən yayınmış olacaq. Yəni məqsəd şagirdin mövcud səviyyəsini yaxşılaşdırmaq, onu A nöqtəsindən B nöqtəsinə gətirməkdir. Müəllim əks-əlaqə verərkən məqsədin tapşırığı deyil, şagirdi dəyişdirmək olduğunu anladıqda daha məqsədli və faydalı əks-əlaqələr verməyə başlayır. Əksinə, müəllimin verdiyi əks-əlaqə şagirdi düşünməyə yönləndirmir və onda heç bir dəyişiklik yaratmırsa, bu, sadəcə vaxt itkisi hesab olunur. Çünki əks-əlaqə şagirdi tapşırıq üzərində düşünməyə sövq etməlidir. Məsələn, görülən işin keyfiyyətindən asılı olaraq nəticəsi dəyişə bilən bir tapşırığı bitirdikdən sonra şagirdləri “Bu tapşırığı yenidən etsəydim, nəyi daha fərqli şəkildə edərdim?” sualı ilə qarşı-qarşıya qoymaq kimi. Bu məsələlərin üzərində düşünmə bacarığı formalaşan şagird zamanla əsas həyati bacarıqlardan olan öz üzərində tez-tez refleksiya etməyi də öyrənəcək.
“Sendviç” modeli
Eyni zamanda əks-əlaqə verilərkən müəllimin diqqət edəcəyi məsələlərdən biri də öyrənmə mühiti və şagirdin xüsusiyyətləridir. Belə ki, müəllimin şagirdə bir məsələ ilə bağlı verdiyi əks-əlaqə həmin şagirdi prosesə və hədəfə çatmağa motivə edər, ancaq eyni müəllimin başqa bir şagirdə verdiyi əks-əlaqə isə şagirdin təslim olmağına səbəb ola bilər. Bu baxımdan əks-əlaqədə həssas və individual yanaşma şərtdir.
Əks-əlaqəyə qarşı şagird aşağıdakı müxtəlif reaksiyaları verə bilər:
- Davranışını dəyişdirə bilər;
- Hədəfini dəyişdirə bilər;
- Hədəfdən yayına bilər;
- Verilən rəyi rədd edə bilər.
Xüsusilə mənfi yöndə əks-əlaqə verərkən “Sendviç” üsulundan istifadə etmək faydalı hesab olunur. Bu üsul mənfi rəyi iki müsbət rəyin arasında qeyd etmək kimi başa düşülür. Özünəinamı az olan uşaqlarla işləyərkən “Sendviç” modeli faydalı hesab olunur.
Əsas məqam: müəllim-şagird münasibətləri
Effektiv əks-əlaqə üçün əvvəlcə güclü müəllim-şagird münasibətlərinin formalaşdırılması da mühüm rol oynayır. Əks-əlaqə elə formada qurulmalıdır ki, burada şagird müəlliminin onun tərəfində dayandığını, inkişafında maraqlı olduğunu anlamalıdır. Çünki ancaq bu halda biz faydalı və şagirdə “çata bilən” bir əks-əlaqədən danışa bilərik. Əks halda şagird əks-əlaqə düzgün verilsə belə, o, vəziyyətin düzəlməsi üçün əlavə vaxt və enerji itirmək marağında olmayacaqdır. Deməli, yenə qayıdırıq müəllim-şagird münasibətlərinə və fərdi yanaşma üçün vacib olan şagirdi tanımaq məsələsinə. Müəllimin şagirdinin hansı əks-əlaqəyə ehtiyacının olduğunu anlaması üçün şagirdi dərindən tanımağı vacibdir.
Həssas və həlledici məsələ olduğundan müəllim əks-əlaqə ilə bağlı müəyyən bacarıqlara sahib olmalı və onun vacibliyini anlamalıdır. Faydalı əks-əlaqə vermə prosesi müəllimin bu prosesi əvvəlcədən planlaşdırması ilə başlayan çoxtərəfli bir prosesdir. Digər tərəflər isə müəllimin müəyyən məqsədlər müəyyənləşdirməsi, əks-əlaqənin zamanını və mühitini hazırlaması, istifadə edəcəyi üslubu seçməsi və s.-dir.
Düzgün əks-əlaqə:
- Yaxşı pərformansın nə olduğunu aydınlaşdırmağa kömək edir (hədəflər, meyarlar, gözlənilən standartlar);
- Özünüqiymətləndirmə prosesinin inkişafını asanlaşdırır;
- Şagirdlərə öyrənmə vəziyyəti barədə keyfiyyətli məlumat verir;
- Müəllim və şagird arasında öyrənmə prosesi ilə bağlı ünsiyyətin qurulmağına təşviq edir;
- Motivasiya və özünəhörmət hissi yaradır;
- Hazırki və arzu olunan performans arasındakı boşluğu aradan qaldırmaq üçün imkanlar yaradır;
- Tədrisin formalaşmasına kömək etmək üçün istifadə edilə bilən məlumatları müəllimlərə təqdim edir.
Azərbaycan reallığında mövcud vəziyyətin öyrənilməsinə ehtiyac var
Beləliklə, formativ qiymətləndirmə zamanı əks-əlaqə verilən şagird mövcud öyrənmə səviyyəsi və bundan sonra bu səviyyəni qaldırmaq üçün görəcəyi işlər haqqında məlumatlandırılmış olur. O, təkcə şagirdi məlumatlandırmaq funksiyası daşımır, eyni zamanda öyrədənə də öyrətmə prosesində yol verdiyi səhvləri görmək, seçdiyi təlim strategiyalarını dəyişdirmək və ya yeniləmək imkanı yaradır. Beləcə, öyrədən və öyrənənin, yəni hər iki tərəfin inkişafına zəmin yaradır.
Müşahidələr onu göstərir ki, müəllimlər şagirdlərə müxtəlif formalarda əks-əlaqə versə də, ancaq hər əks-əlaqə şagird pərformansına müsbət yöndə təsir göstərə bilmir. Bu səbəbdən bu mövzu üzərində daha detallı təqdqiqatlar aparmağa, təhsilverənlər və təhsilalanlar arasında müxtəlif sorğular keçirərək, eləcə də digər vasitələrlə Azərbaycan reallığında mövcud vəziyyətin öyrənilməsinə, şagird motivasiyasına təsir edən effektiv əks-əlaqə mexanizminin işlənilməsinə və müəllimlərdə düzgün əks-əlaqə təfəkkürünün formalaşdırılması ilə bağlı işlərin görülməsinə ehtiyac var.
Günel Qasımova,
Təhsil İnstitutunun
İnsan resursları mərkəzinin əməkdaşı