Yaradıcılığı ilə yalnız bir xalqa deyil, ümumiyyətlə, bütün bəşəriyyətə məxsus olan Nizami Gəncəvi əsərlərində bir çox elmlərlə bərabər, asrtonomiyaya da müraciət etmişdir. Şair öz poemalarında, yeri gəldikcə, göy cisimlərinin adlarını çəkir, öz fikrini daha gözəl ifadə etmək üçün onlara rəmzi və məcazi mənalar vermişdir. Mərrix (Mars), Ütarid (Merkuri), Müştəri (Yupiter), Zöhrə (Venera), Zühəl (Saturn), Günəş və Ay Nizaminin əsərlərində tez-tez misal çəkilən planet və göy cisimləri adlarıdır. Təsadüfi deyildir ki, şairin farsca “Həft peykər” (“Yeddi gözəl”) adlanan poemasında “peykər” sözünün bir mənası da ulduz, planet, səma cismi deməkdir.
Mövzu ilə bağlı fikrimizi əsaslandırmaq üçün Nizaminin poemalarından bir sıra beytlərə nəzər yetirək.
“Sirlər xəzinəsi” poemasında belə bir beyt var:
Qalx, qoy sənin hökmünlə İsrafil adlı mələk,
Qəndilləri söndürsün, işıqsız qalsın fələk.
Bu beytdə “qəndillər” deyərkən şair Günəş, Ay və ulduzları nəzərdə tutur. Beytdən çıxan məna budur ki, İsrafil zülmə, fitnə-fəsada məruz qalmış dünyanı qəndilləri söndürməklə zülmətə qərq etsin.
Poemanın başqa bir yerində Nizami yazır:
Bir hilaldır təzə ay - gərili bir yaydır o,
Yetkinliyə çatanda - bədirli bir aydır o.
Bildiyimiz kimi, hilal, aypara və bədrlənmiş ay Ayın fazalarıdır. Hilal bir-iki günlü aya, bədrlənmiş ay isə tam dairə şəklinə düşmüş on dörd gecəlik aya deyilir. Beytin sətiraltı mənası belədir ki, cavana cavan, qocaya da qoca de, necə ki, bədrlənmiş ay bir zamanlar yayabənzər bir hilal, yəni cavan ay olmuşdur.
Nizami “Leyli və Məcnun” poemasında Allahın vəsfi hissəsində yeddi planetin, doqquz fəlləyin (göyün) Allahın qapısında qul kimi pərdə tutmasını bu beytlə ifadə edir:
Yeddi qız, doqquz taxt qapında sənin
olmuşdur daima pərdə çəkənin.
Poemanın başqa bir yerində Nizami Axsitanın öz məmləkətini nəzarətdə saxlamasını aşağıdakı beytlərlə ifadə edir:
Bu yeddi örtüklü, altı barmaqlı,
Bir gözlü, dörd əlli, doqquz ayaqlı,
Onun çəmbərindən çıxmasın deyə,
Qalıb çəmbərində dönmüş həlqəyə.
Yeddi örtük - yeddi planet, altı barmaq - altı tərəf (şərq, qərb, şimal, cənub, aşağı, yuxarı), bir göz (günəş), dörd əl - dörd ünsür (od, su, torpaq, hava), doqquz ayaq - doqquz göy deyəndə Nizami kainatı nəzərdə tutur.
Açıb Zöhrə kimi əl-qol hər biri,
Mizana qoyurdu orda dəyəri.
“Xosrov və Şirin” poemasından götürülmüş bu beytdə Nizami Şirini əhatə edən gözəlləri gözəllik və məhəbbət ilahəsi Zöhrə (Venera) səyyarəsinə bənzətməklə güclü bir təşbeh yaradıb. Belə ki, Zöhrə (Venera) hərəkəti zamanı Tərəzi (Mizan) bürcündən keçir.
Bildiyimiz kimi, nücum elmində Müştəri (Bürcis) oğlan, Zöhrə isə qız kimi təsvir edilir. Nizami Xosrovun Şirinə yanaşmasını Müştəri (Yupiter) səyyarəsinin Zöhrəyə (Venera) yanaşması ilə müqayisə edərək güclü bir məcaz yaradır:
Xoşbəxtlik iqablın əlini açdı,
Müştəri Zöhrəyə gəlib yanaşdı.
Yenə həmin poemada şair Şapurun Şirinə baş əyməsini hindlilərin heykəllərə səcdə etməsi və ən kiçik planet Ütaridin (Merkurinin) ən böyük planet Müştəri (Yupiter) qarşısında özünü çox kiçik görməsinə işarə edir.
Hindlitək eylədi səcdə pəriyə,
Sanki Ütariddir, o Müştəriyə.
Təkzibolunmaz bir faktdır ki, Nizami “Yeddi gözəl” poemasında fikirlərini ifadə etmək üçün göy cisimlərinə daha çox müraciət etmişdir. Təsadüfi deyildir ki, şair poemanı “Həft peykər” adlandırmışdır.
Nizaminin Bəhram şahın yeddi sarayını yeddi rəng, həftənin yeddi günü və yeddi planet adı ilə müqayisə etməsi çox maraqlıdır. Belə ki, yaşıl saray - Ay - bazar ertəsi, qırmızı saray - Mars (Mərrix) - çərşənbə axşamı, mavi saray - Merkuri (Ütarid) - çərşənbə, səndəl rəngində olan saray - Yupiter (Müştəri) - cümə axşamı, ağ saray - Venara (Zöhrə) - cümə, qara saray - Saturn (Zühəl) - şənbə, sarı saray - Günəş - bazar gününü ifadə edir.
Nizami Bəhramın anadan olmasını belə təsvir edir:
O gün ki, Bəhramın sübhü açıldı,
Qaranlıq gecəyə işıq saçıldı.
Şair poemanın başqa bir yerində Bəhramın taxta oturmasına işarə edərək yazır:
Ən uca nöqtədə o, bir günəşdir,
Ütarid ülkəri ona bir eşdir.
Qədim astroloqların nəzəriyyəsinə görə, Ütarid (Merkuri) planetinin Günəşə yaxınlaşması səadətə yetişmək mənasını verir. Yəni, Bəhram şah taxta oturmaqla səadətə yetişdi.
“Yeddi gözəl” poemasının “Kəniz satan padşahın hekayəsi” hissəsində belə bir beyt var:
Dedi: Təsdis idi Zöhrəyə məkan,
Evdə oturmuşdu Bilqeys, Süleyman.
Təsdis altı bucaq, Zöhrə (Venera) isə təsdisdə, yəni altı planetin ortasında oturan məhəbbət və xoşbəxtlik rəmzidir. Nizami bu beytdə Bilqeyslə Süleymanın bir yerdə oturmasını məhəbbətlə əhatə olunmuş Zöhrə planetinin altıplanet arasında oturmasına bənzətmişdir.
Və yaxud, “Rus qızın Bəhrama söylədiyi hekayə”də bu beytə nəzər yetirək:
Şah toy məclisində saçırdı şəkər,
Zöhrəylə Süheylə kəbin kəsdilər.
Beytin mənası belədir ki, şah Zöhrə (Venera) adlandırdığı qızının kəbinini Süheyl (Yəmən ulduzu) adlandırdığı cavana kəsdi.
“Baharın tərifi” hissəsində Nizami baharın gəlişini astronomik şəkildə ifadə etməklə güclü bir metonimiya yaratmışdır:
Müştəri ilə Zühəl qovuşan zaman
Günəş daxil oldu Həmələ Hutdan.
Müştəri (Yupiter) və Zühəl (Saturn) təslisdə - üçbucaqda olanda Günəş Hut bürcündən (22 fevral - 22 mart) Həməl bürcünə (22 mart - 22 aprel) yollandı, yəni bahar gəldi.
Nizami Gəncəvinin “İskəndərnamə” poemasında da belə beyt və misallar kifayət qədərdir. Onlardan bir neçəsini nəzərdən keçirək.
Poemanın digər hissəsində bu beytə nəzər salaq:
Daranın taxtını alınca ələ,
Musildən tərpəndi öz ordusiylə.
Zöhrətək Babildən parladı öncə,
Haruti kəsləri təmizləyincə.
Mifologiyada Zöhrə sehir və cadu himayəsi sayılır. Harut və Marut isə Zöhrəyə uyub sehrbazlığa uymuş mələklərdir və cəzalandırılaraq Babil quyusunda azdırılmışlar. Beytin mənası budur ki, İskəndər İranda atəşpərəstliyə son qoyub.
Nizami “İqbalnamə”də “Kitabın yazılmasının səbəbi” hissəsində belə bir beyt işlədir:
Taleyim açıldı, oldum bəxtəvər,
Zöhrə dəf göndərdi, Müştəri dəftər.
Zöhrənin dəfi klassik şairlərin Zöhrə ulduzunun göylərin çalğıçısı olmasına, Müştərinin dəftəri isə kosmoqrafiyaya görə, Müştəri ulduzunun üzərindəki qara xətlərə işarədir. Həm də Müştərinin Zöhrə ilə bir bürcdə qarşılaşması qədim astroloqların fikrincə, xoşbəxtlik deməkdir. Bu beytdə Zöhrənin dəfi zövq verən şeirlər, Müştərinin dəftəri isə xoşbəxtlik kitabı deməkdir ki, bu da “İqbalnamə”yə işarədir.
Bu kiçik məqalədə biz Nizaminin əsərlərində astronomik cisimlərə verilən rəmzi mənaları az da olsa göstərməyə çalışdıq. Əlbəttə, buna nə dərəcədə nail olduq, dəyərli oxucularımız bilər.
Elşad NƏSİROV,
Masallı rayonu, Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi