Maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir
“Mübarizələrdə möhkəm iradəsi və ümumi işin xeyrinə öz şəxsi əmin-amanlığını unutmaq qabiliyyəti olanlar qalib gələcəklər...”
Nəriman Nərimanov
Bu gün Azərbaycan məktəb və pedaqoji fikir tarixinin inkişafı, onun ümumxalq və ümumdövlət səviyyəsində tarixi salnaməyə çevrilməsi, milli və bəşəri məzmun daşıması, millətlərarası və xalqlararası əlaqələrə yol açması, dünya sivilizasiyasına və multikultural dəyərlərinə böyük töhfə verilməsi istiqamətində başlıca ideya və məfkurə silahına dəstək olması bizə ulularımızdan miras qalan sosial-mədəni həyatımızın gerçəkləşən reallıqlarıdır.
Bu qəbildən görkəmli elm və sənət adamlarının milli mənsubiyyətimizi, milli mövcudluğumuzu, nəsillərarası varisliyimizi təmin edən pedaqoji ideyaları gənc nəsil üçün tarixi əhəmiyyəti olan, milli mücadilə yolumuzun parlaq səhifəsini işıqlandıran və gələcək mütərəqqi hədəflərə tuşlanan milli-mədəni sərvətdir.
Bu münasibətlə böyük maarifpərvər, mətin şəxsiyyət, yenilməz demokrat, dahi yazıçı və dramaturq, peşəkar həkim və təcrübəli loğman, ən nəhayətdə isə böyük insan və böyük dövlət xadimi kimi ədəbi-pedaqoji fikir tariximizin qızıl səhifələrinə dolğun və humanist ideyalar bəxş etmiş “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 fevral 2020-ci il tarixli Sərəncamında çox haqlı olaraq göstərilir: “...Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. Onun zamanın vacib məsələlərinə toxunan və əsas qayəsini maariflənməyə, mədəni yüksəlişə çağırış təşkil edən əsərlərində dərin insanpərvərlik ruhu hakimdir. Nəriman Nərimanov dramaturgiyası Azərbaycan teatrının inkişafına dəyərli töhfələr vermişdir. Milli bədii nəsr tariximizdə də özünəməxsus layiqli yer tutan vətənpərvər ədib, həmçinin ciddi və aktual publisistika nümunələrinin müəllifi olaraq tanınmışdır.
Nəriman Nərimanovun bədii yaradıcılığı ilə ictimai və siyasi fəaliyyəti arasında üzvi bağlılıq vardır. Onun ömrünün mühüm hissəsi qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizədə keçmişdir. Siyasi çarpışmaların daha da gərginləşdiyi son dərəcə mürəkkəb şəraitə baxmayaraq, Nəriman Nərimanov milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddində müdafiə etmişdir. O, keçmişimizin mədəni sərvətlərinin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirmiş, elmin, maarifin və mədəniyyətin inkişafı yolunda var qüvvəsi ilə çalışmış, dövrün milli məfkurə daşıyıcısı olan şəxsiyyətlərinə ehtiram və qayğı ilə yanaşmışdır”.
İlkin olaraq onu da qeyd edək ki, Nəriman Nərimanovun ədəbi-bədii, elmi-mədəni irsinin tədqiqində, təbliğində və Azərbaycanda ictimai-tərəqqi ideyalarının yayılmasında, onun xidmətlərinin xalqa çatdırılmasında bir çox tanınmış elm və mədəniyyət xadimlərinin müstəsna əməyi olmuşdur.
Nəriman Nərimanovun müqəddəs, daimyaşar ideyalarının, pak amallarının varisliyinin qorunmasını təmin edən və onun zəngin qiymətli irsinin gənc nəsilə çatdırılması sayəsində fədakar xidmətləri olan tədqiqatçılardan Məmməd Qazıyevin, Cahid Quliyevin, Firudin Köçərlinin, Qulam Məmmədlinin, Vəli Məmmədovun, Nəzər Paşayevin, Xeyrulla Məmmədovun, Teymur Əhmədovun, Firdovsiyyə Əhmədovanın əməli-elmi axtarışları, tərəqqi ideyaları ilə bağlı tədqiqi-nəzəri mülahizələri orijinal cəhətləri ilə mühüm əhəmiyyət kəsb edir. Xüsusən, Nəriman Nərimanovun geniş spektrdən məktəbdarlıq və pedaqoji irsinin öyrənilməsi ilə bağlı akademik Hüseyn Əhmədovun, tədqiqatçılar Əlyar Qarabağlının, Əlisəfa Məmmədovun, Məmməd Qasımovun, Əməkdar elm xadimi Fərrux Rüstəmovun, professor Fərahim Sadıqovun, professor Ramin İsayevin elmi-pedaqoji məzmunlu araşdırmaları olmuş, onun pedaqoji fəaliyyətinin tarixi yaşam dövrünün yaradıcı mərhələləri araşdırılmışdır.
Azərbaycan mədəniyyəti tarixində avanqard mövqeyi olan Nəriman Nərimanovun tarixi-mədəni irsinin geniş oxucu kütləsinə çatdırılmasında və gənclərin bu qiymətli xəzinədən faydalanması işində professor Əliheydər Həşimov, Əjdər Ağayev və Yusif Talıbovun tədqiqatları da qeyd olunmalıdır.
Nəriman Nərimanovun ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti və onun gənc nəsilə aşılanması yollarının mahiyyətini, məna dərinliyini, məzmun tutumunu ehtiva edən bu tədqiqatçıların hər birinin fikir və mülahizələrindən bəhrələnməklə, hazırki dövrdə dilin, məktəbin, mətbuatın və ədəbiyyatın milli məzmun ilə çulğalaşmış elmi-pedaqoji nəticələrindən yeni təfəkkür tərzi ilə istifadə etmək vacibdir.
Ümumilikdə isə Azərbaycan mədəniyyəti tarixində çoxcəhətli fəaliyyəti ilə seçilən, zəngin irsi müxtəlif sahə tədqiqatçıları üçün obyekt olan Nəriman Nərimanovun ömür yolu və qiymətli pedaqoji irsi bu gün də dərin məzmununu saxlayır. Xalqın xoşbəxtliyi, gələcəyi uğrunda əlindən gələni, bacardığını etmiş Nəriman Nərimanov XIX əsrin sonu, XX əsrin əvvəllərində ictimai tərbiyəyə xidmət edən milli mətbuat, xalq təhsili və ictimai-siyasi hadisələrin intibahında qızğın fəaliyyət göstərmişdir.
Onun xalqın maariflənməsi, demokratik mübarizə yolu tapması üçün apardığı geniş ictimai-siyasi fəaliyyəti, səmərəli yaradıcılıq axtarışları, milli tərəqqi kontekstində irəli sürdüyü ideyalar bu gün Azərbaycan mədəniyyəti tarixində öz intəhasız təsirini saxlayır və humanizm, demokratiya baxımı ilə qəlblərə nicat nuru bəxş edir.
N.Nərimanov xalqının tərəqqisini onun maariflənməsində görürdü. Bu yolda onun irəli sürdüyü fikirlər bu gün daha aktualdır. Odur ki, son illərdə bu sahədə aparılan tədqiqi xarakterli hər bir yeniliyin nəzərdən keçirilib öyrənilməsi diqqətəlayiq təşəbbüs sayılmalıdır.
Məqalədə şərh olunan problemlər məhz bu baxımdan nəzərdən keçirilərək ümumiləşdirilmişdir.
N.Nərimanov bütün şüurlu həyatını doğma xalqının azadlığı və inkişafı uğrunda mübarizəyə həsr etmişdir. O, hələ XIX əsrin axırlarında Bakıya gələrək geniş mədəni-maarif, ədəbi-siyasi fəaliyyətə başlamışdır. N.Nərimanov xalqın məşəqqət dolu həyatını, ağır güzəranını gənc yaşlarından görərək yazırdı: “Müsəlman kütlələrinin müstəsna avamlığı və geriliyi, öz ədəbi və ictimai işimlə bu kütlələri oyadıb... hazırlamaq vəzifəsini mənim qarşımda qoyur”.
Bu böyük insan öz həyat idealına, yüksək mənəvi qayəsinə sadiq qalaraq 1894-cü ildə Bakıda müsəlman kütlələri üçün ilk xalq qiraətxana-kitabxanası təşkil etmiş, Şərq ölkələrinin mütərəqqi qəzetləri ilə mütəmadi əlaqə saxlayaraq, həmin regionlardan qiraətxana üçün xeyli ədəbiyyat almış, dövrün ictimai problemlərini əks etdirən “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah”, “Bahadır və Sona” kimi əsərlər, bir çox sosial-mədəni, ictimai-tərəqqi, mənəvi-humanist problemlərə həsr etdiyi publisistik məqalələr yazmış, N.V.Qoqolun “Müfəttiş” komediyasını tərcümə edərək yüksək amallar uğrunda, bu məramla Azərbaycan səhnəsinə gətirmiş, Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər, elmi-pedaqoji müntəxəbatlar tərtib etmişdir.
N.Nərimanovun istər ictimai fəaliyyəti, istərsə də ədəbi-bədii yaradıcılığı xalqa əsl sədaqətlə xidmət etmə nümunəsidir. Vətəninin və xalqının mədəni tərəqqisi, ümidli günləri üçün çalışan N.Nərimanov həyatı boyu bütün imkanlarını səfərbər edərək xalqın mədəni inkişafı üçün zəruri işlərə sərf etmiş və bu cəhətdən çox xarakterik olan mütərəqqi işlər görmüşdür. Onun bu yönümdən əməli xidmətləri xalqı işıqlı gələcəyə səsləyən ictimai-tərəqqi ideyalarında faktik əlamətlərlə daha dolğun zəmində əks olunmuşdur.
N.Nərimanov dövrünün Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə və digər tərəqqipərvər ziyalıları kimi xalqı hər vəchlə ictimai tərəqqiyə səsləmiş, bu yolda Vətənə, xalqa xidmətin başlıca qayəsini ana dilinə məhəbbətdə görmüş, beynəlmiləlçiliyin, bəşəriliyin mayasını millilikdə axtarmışdır. Çünki, “millilik olmayan yerdə bəşərilik yoxdur” - deyə hadisələrə ictimai məzmun verməyə çalışmışdır. Bu yönümdən onun “...Ana dili... nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə” ideyası bu sahədə olan əməli fəaliyyətini təyin etmək üçün qiymətli nümunədir.
Maarifpərvər ədib xalq arasında ictimai-tərəqqi ideyalarının qızğın təbliği üçün ciddi səy göstərərək, “Azərbaycan müəllimlərinin birinci qurultayında (1906) ... gündüz iclasında, tərəqqipərvər maarif xadimlərini Azərbaycan dilinin icbari fənn kimi məktəblərdə yeni proqram əsasında tədrisinə və müəllimlərin hüquq bərabərliyinin qorunmasına çağırırdı”.
Milli zəminlə yanaşı, ictimai-tərəqqi ideyalarında Nəriman Nərimanov üçün beynəlmiləlçilik, bəşərilik də konkret səciyyə daşımış, onun milli azadlıq, sosial tərəqqi yollarından bəhs edən fikirləri bu əsasda müstəsnalıq kəsb etmişdir. Eyni zamanda onun özünün keçdiyi həyat yolu da bunu deməyə əsas verir ki, ... Nəriman bəy zatən elmə, maarifə maraqlı olduğundan təhsilini gözəlcə ikmal edərək 1890-cı ildə məktəbdən çıxıb müəllim olmuşdur. Hələ məktəb illərində psixologiya və islam tarixinə aid bir çox kitablar oxumuş və bu sahədə məlumatını artırmışdır. O, məktəbdə ikən müsəlmanların geri qaldıqlarını və bu geri qalmanın səbəblərini, tərəqqi yoluna düşmə çarələrini izləyir və fikirləşirdi...”.
Odur ki, görkəmli maarifpərvərin xalqı işıqlı arzulara, yüksək bəşəri qayələrə tuş edən nəcib çağırışları aktuallığını saxlayaraq bu gün də şüurların oyanmasına, həyat hadisələrinin ictimai qavrayışında böyük əhəmiyyət daşıyır.
Böyük humanist Nəriman Nərimanovun ictimai-tərəqqi ideyalarının tarixi əhəmiyyəti və onun gənc nəsilə aşılanması yollarından bəhs edərkən onu da göstərməliyik ki, bu problem ətraflı şərh olunmaya (həm də dolğun və obyektiv bir tərzdə təhlil aparmaq yolu ilə) müqtədir mütəfəkkirlərin həyat hadisələri haqqında fikir və ideyalarına təkzibolunmaz faktlarla yanaşılmalıdır. Xüsusən, böyük humanist-demokratik qayələri, məqsəd və arzuları öz çiynində daşıyan bu tarixi şəxsiyyətin ideya-mənəvi irsinə yeni tədqiqat yanaşmaları, müasir metodoloji prinsiplər, o cümlədən şəxsiyyətyönümlülük, azadfikirlilik, müstəqillik, plüralist ruh və mənəviyyat prizmasından rakurs edilməlidir. Onun xalqın həyatına, varlığına, tarixinə, mənəvi dünyasına, mötəbər pedaqoji irsinə son dərəcə həssas olan qayğıkeş münasibəti yeni təcrübədən aşkarlanmalı və nəcib, yüksək mahiyyəti ideya-nəzəri təsirinin gənc nəsildə sonsuz maraq və məhəbbət hissi oyadan faktorları yeni konseptual elmi-didaktik-məfkurəvi istiqamətlərlə, geniş təhsilləndirici parametrlərlə onlara öyrədilməlidir. Konkret ifadə etsək, ona nail olmaq lazımdır ki, hər bir məktəbli, hər bir tələbə kontingenti bu dəyərdən, bu maarifləndirici irsdən yaradıcılıqla, tədqiqatçılıq səriştəsi ilə, müasir kreativ düşüncə tərzləri ilə bəhrələnsinlər. Birmənalı olaraq demək olar ki, böyüyən hər bir nəsil milli-mənəvi dəyərlər sistemimizin, böyüyə hörmət, ədəb-ərkanlılıq, ailə sədaqətliliyi, xəlqilik, milli adət-ənənələrə bağlılıq kimi pöhrə verən bir irsin nadir incilərini mühafizə edib, onları ağıl və idrak müstəvisinə gətirməklə, yeni mənəvi yaddaşlarda qoruyub saxlamaqla öz istedadı və bacarığı səviyyəsində öyrənib dərk etsinlər.
Xüsusən, elmi-pedaqoji cəbbəxananın flaqmanı sayılan Təhsil İnstitutunun müvafiq əməkdaşlarının bu sahədə uğurlu təşəbbüsləri müzakirələrə rəvac verməli, onların irəli sürdükləri rəy və təkliflər, milli konseptual metodik sistem geniş müzakirə mənbəyinə çevrilməlidir.
Vidadi BƏŞİROV,
Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru