Oruc Qafar oğlu Həsənli - Əməkdar elm xadimi, professor, AMEA-nın həqiqi üzvü, ictimai xadim.

 

Bu gün 68 illik ömür zirvəsinə, ömür yoluna və elmi araşdırmalarına son qoyan Oruc Həsənlinin özünəməxsus cəhətləri aydın görünür. Görkəmli pedaqoq Daniel Didro yazır ki, “Əzmlə işləyən insanın günləri qısa, ömrü uzun olur”. Həqiqətən də  günlərin qısa olmasına baxmayaraq Oruc Həsənli bir mütəxəssis alim kimi 24 kitab və monoqrafiyanın, 200-dən artıq elmi əsərlərin müəllifidir. Oruc müəllim pedaqoji psixologiya elminin fədaisi olmuşdur desək heç də yanılmarıq. O, təkcə pedaqoji-psixologiya elminin nəzəri məsələlərini araşdırmaqla kifayətlənməmiş, nəzəriyyə ilə təcrübənin sintezini verməyi də vacib saymışdır. Oruc müəllimin işləyib hazırladığı 35 tədris proqramı bu vəhdətin dəyərli nümunəsi deyilmi? Şeyx Nizami haqlı olaraq deyirdi: “Şöhrətə zəhmətilə ucalıbdır ərənlər”.

 

Yüksək ixtisaslı elmi-pedaqoji kadr hazırlığında yaxından iştirak edən Oruc Həsənlinin rəhbərliyi ilə dissertasiya müdafiə edərək 10 nəfər fəlsəfə doktoru, 1 nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb. Onun rəsmi opponentliyi ilə 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmişdir. Oruc Həsənli 11 nəfər alimin doktorluq, 30 nəfərdən çox dissertantın namizədlik dissertasiyasına genişhəcmli rəylər yazmışdır.

 

Göründüyü kimi, Oruc Həsənli üçün elm ilə məşğul olmaq təkcə həqiqəti axtarmaq deyil, həm də vətənin xeyrinə real fayda vermək olmuşdur. Görkəmli professor-alim Akif Abbasov əbəs yerə demirdi ki, “Oruc Həsənlinin elmi fəaliyyəti humanizm üzərində qurulmuş fəaliyyətdir”. Bu mənada, Oruc müəllimin pedaqoji fəaliyyəti İsveç alimi İohan Henrix Pestalossinin pedaqoji fəaliyyəti ilə eyniyyət təşkil edir desək heç də yanılmarıq. Əgər Pestalossi “insan, vətəndaş, başqaları üçün hər şey, özü üçün heç şey etməyə çalışan” kimi qiymətləndirilmişdirsə, eyni görüş və eyni yanaşmanı biz professor, Əməkdar elm xadimi Oruc Həsənli üçün də deyə bilərik.

 

Pedaqoq alim kimi Oruc müəllimin maraq dairəsi böyük olsa da, tədqiqatçı kimi daha dərindən nüfuz etdiyi bir problem var idi: milli və bəşəri məzmun daşıyan pedaqoji-psixoloji fikrin tədqiqi. Ümumiyyətlə, pedaqoji-psixoloji fikrimizin keçmişi və indisi arasındakı irsiliyin, varisliyin fasiləsizliyi məqsədinə xidmət göstərən Oruc Həsənlinin fəaliyyəti çox zəngin və çoxşaxəli olmuşdur. Onun yaradıcılıq fəaliyyətinə nəzər salarkən görürük ki, o, uşaqların və gəncliyin inkişafında tərbiyəyə böyük yer vermiş, onu nəzəri və praktik cəhətdən səciyyələndirmiş, ümumtəhsil məktəblərinin qarşısında şagird qüvvəsinin və qabiliyyətlərinin ahəngdar inkişafı vəzifəsini qoymuş, təlimin əməklə birləşdirilməsi ideyasını dəstəkləmiş, təlim prosesində uşaqların psixoloji xüsusiyyətlərini hesaba almağı və onların məntiqi təfəkkürünü inkişaf etdirməyi zəruri hesab etmiş, kurikulum fənlərinin xüsusi metodikasını işləyib hazırlamış, öz elmi-nəzəri və təcrübi fikirləri ilə Amerikada,  Rusiyada, Türkiyədə pedaqoji-psixoloji elmin inkişafına təsir göstərmişdir.

 

Təhsilin məzmunu insanın qüvvə və qabiliyyətlərinin müxtəlifliyini özündə əks etdirməlidir - deyən Oruc Həsənli sələflərin yolunu rəhbər tutaraq təlim prosesində müəllimin həlledici rolunu yüksək qiymətləndirirdi. Qeyd edirdi ki, tələbənin və ya şagirdin şəxsi fəallığının artırılması yalnız müəllimin düzgün rəhbərliyi nəticəsində mümkün ola bilər. Hələ vaxtilə alman pedaqoqu Adolf Disterveq deyirdi ki “günəş kainat üçün nə isə, müəllim də məktəb üçün elədir, o bütün maşını hərəkətə gətirən qüvvənin mənbəyidir. Müəllim bu maşına can və hərəkət verməyi bacarmazsa, o, durğunluqda paslanacaqdır, məktəb işi bərbad olan yerdə müəllim müqəssirdir, yaxşı olan yerdə müəllimə minnətdar olmaq lazımdır”. Bu mənada Oruc Həsənli məktəblərin, universitetlərin, institutların bütün nailiyyətlərinin müəllimdən asılı olduğunu maraq dolu mühazirələrində dönə-dönə qeyd edirdi. Müəllim qarşısında qoyulan tələb və fikirləri ümumilikdə aşağıdakı kimi konkretləşdirirdi:

 

1. Müəllim elmi səviyyəyə və ixtisas hazırlığına malik olmalıdır;

2. Müəllim öz sənətini sevməli, uşaqlara məhəbbət bəsləməlidir;

3. Müəllim təlim-tərbiyə işinə göstərdiyi yüksək həvəsi ilə şagirdləri sevdiyi hər hansı bir peşəyə istiqamətləndirməyi bacarmalıdır;

4. Müəllim şagirdləri yaxşı tanımalı, düzgün pedaqoji rəftar etməyi bilməlidir;

5. Müəllim həvəs və enerji ilə dərs deməli, yaradıcı mühiti yaratmalı, pedaqoji etikasını gündəlik təcrübəsində inkişaf etdirməlidir;

6. Müəllim, həmçinin əhali arasında mədəni-maarif işlərinin aparılmasında fəal iştirak etməlidir;

7. Müəllim pedaqoji psixologiyanı və metodika sahəsindəki yenilikləri izləməli, həmçinin bütün sahələrdə şəxsi nümunə göstərməlidir.

 

Göründüyü kimi, müəllimi əxlaq tərbiyəsində yeganə nüfuz sahibi hesab edən Oruc Həsənli, həmçinin müəllimin hazırlığına ciddi tələblər verir, onun geniş fəlsəfi, elmi və pedaqoji hazırlıq məsələlərini də diqqətdə saxlayırdı.

 

Oruc müəllimin məziyyətləri çox idi. Ən üstün məziyyətlərindən biri də onun ünsiyyət qurmaq bacarığı idi. Şirin, xoşagələn axıcı nitqi ilə o, ətrafdakılara müsbət təsir etmək gücünə malik idi. Bəzən adi məsələlərə münasibət bildirəndə də o, tanımadığımız adlara, onların yaradıcılığına müraciət etməklə söhbətə yeni əhvali-ruhiyyə gətirirdi. Bu da Oruc müəllimin geniş dünyagörüşə malik olması ilə bərabər, mütaliə qabiliyyətinin hərtərəfliliyindən, öz üzərində daima çalışmasından xəbər verirdi. Oruc müəllim elmi fəaliyyətdə olduğu kimi, həyatda da çevik, işlək və həssas bir insan idi. Öndə gedən, öncül insan idi. Yeni-yeni zirvələr fəth etmək onun həyat amalı idi. Bununla belə, o, sadə və təvazökar bir insan idi. Hamıya hörmətlə yanaşar və buna görə də özünə çoxlu dostlar qazanardı. Oruc müəllim Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən müdafiə şurasına hər dəfə gələndə onun üzündə müdrik bir ifadə öz əksini tapırdı. Xoş təbəssümlə şura üzvləri, qonaqlarla ünsiyyətə girən, baxışları ilə iddiaçılara ürək-dirək verən Oruc müəllimə mən bir aspirantı olaraq xüsusi diqqət yetirir, onun yaradıcılıq potensialına, nikbinliyinə mən və mənim kimilər qibtə edirdilər. Elmi polemikaya meyil psixoloq nəzəriyyəçisi və tarixçisi kimi Oruc Həsənlinin səciyyəvi cəhətlərindən biri idi. İstər tədqiqatlarında, istərsə də elmi məclislərdə onun opponent fikrinə hörmətlə yanaşdığının, bir çoxlarından fərqli olaraq səbir, dözüm nümayiş etdirdiyinin, lakin öz əsaslandırılmış mövqeyindən geri çəkilmədiyinin dəfələrlə şahidi olmuşam.

 

Məhsuldar və səmərəli elmi-pedaqoji fəaliyyət göstərən professor dərsliklərində, dərs vəsaitlərində milli qaynaqları aşkarlamış, milli xarakter və çalarları üzə çıxarmış, Azərbaycan və dünyanın nəzəriyyəçi alimlərinin irsini, nəzəriyyəsini elmi-tənqidi yönümdə şərh etmiş, belə bir ağır mərhələnin öhdəsindən əzmkarlıqla gəlmişdir. Çünki Oruc müəllim qədim və zəngin tarixə malik ədəbiyyatımızın, pedaqoji-psixoloji fikir tariximizin dərin bilicilərindən, təəssübkeşlərindən biri idi.

 

Oruc Həsənlinin - elmin zirvəsini pillə-pillə fəth edən bu müdrik insanın elmi-pedaqoji fəaliyyətini dövlətimiz, ictimai təşkilatlar da yüksək qiymətləndirib.

 

Bu gün aramızdan ayrılan və əbədiyyət məzarında özünə ev quran Oruc Həsənli heç bir zaman unudulmayacaqdır. Çünki bu böyük alimin xatirəsi ariflərin könlündə həmişə yaşayacaq və yaşadılacaqdır!

 

Kamal CAMALOV,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Əməkdar müəllimi